ŞABAN AYININ FƏZİLƏTİ VƏ ƏMƏLLƏRİ

:

Şaban ayı hicri qəməri təqviminin çox şərafətli aylarındandır. Bu ay, peyğəmbərimiz Həzrət Məhəmməd(s)ə nisbət verilmişdir. Hz. Rəsulullah (s) Şaban ayını oruc tutar, mübarək Ramazan ayının orucuna birləşdirərdi və buyurardı: Şaban ayı, mənim ayımdır. Mənim ayımdan bir gün oruc tutana cənnət vacib olar.

İmam Sadiq(ə)dən nəql olmuşdur: “Şaban ayı çatanda Hz. Zeynulabdin (ə) əshabını ətrafına yığıb buyurardı: Ey mənim əshabım, bilirsiniz bu nə aydır? Bu Şaban ayıdır. Allahın elçisi Hz. Məhəmməd (s) buyururdu, Şaban mənim ayımdır. Elə isə bu ayda Peyğəmbər(s)in məhəbbətini qazanmaq və Allaha yaxınlaşmaq üçün oruc tutun. Əli ibni Hüseyn(ə)nin varlığı əlində olan Allaha and olsun ki, atam Hüseyn ibni Əli(ə)dən eşitdim ki, dedi, atam Əmirəl-möminin(ə)dən eşitdim ki, Peyğəmbər(s)in sevgisi və Allaha yaxınlaşmaq məqsədi ilə oruc tutan şəxsi Tanrı sevər, qiyamət günündə ona kəramətindən nəsib və cənnəti ona vacib edər.”

Şeyx Tusi (rəh.) Səfvan Cəmmaldan nəql etmişdir:
İmam Cəfər Sadiq (ə) buyururdu, ətrafınızdakı insanları Şaban ayının orucuna şövqləndir. Soruşdum: Sizə qurban olum, onun hansısa fəziləti vardır? İmam buyurdu: Bəli, Rəsulullah (s) ilk axşam Şaban ayını görən kimi, carçıya əmr edərdi car çəksin:
“Ey Mədinəlilər! Mən Rəsulullah(s)ın sizə göndərilən elçisiyəm. Həzrət (s) buyurur: Bilin və agah olun, Şaban mənim ayımdır. Allah  mənim ayımda oruc tutmaqla mənə yardım edənlərə rəhmət edəcəkdir.”
Hz. Sadiq (ə) vasitəsi ilə İmam Əli (ə)dan nəql olmuşdur:
Rəsulullah(s)ın carçısının sözlərini eşidəndən Şaban ayının orucunu tərk etməmişəm və tərk də etməyəcəm, nə qədər ki, ömrüm vardır.

Mümkün qədər sədəqə vermək, çoxlu salavat, “əstəğfirullahə və ətubu iləyh” (استغفر الله و اتوب الیه) deyib Allahdan bağışlanmaq istəmək Şaban ayında Allahın bəyəndiyi əməllərdir.
Şaban ayının ilk üç gecələrində 2 rükətli məxsus namazın hədsiz  savabı vardır. Sözügedən namaz Şaban ayının namazı niyyəti ilə sübh namazı kimi, azansız və iqaməsiz, hər rükətdə Fatihə surəsindən sonra 11 dəfə İxlas surəsini oxumaqla qılınır.
Hər gün 70 dəfə - “Əstəğfirullahəlləzi la ilahə illa huvər-Rəhmanur-Rəhim, əl-Həyyul-Qəyym və ətubu iləyh” (استغفر الله الذی لا اله الا هو الرحمن الرحیم الحی القیوم و اتوب الیه) – deməklə Şaban ayında Allahdan bağışlanmaq diləmək, digər aylarla müqayisədə sanki 70 min dəfə istiğfar etməkdir.
Şaban ayı boyunca 1000 dəfə “La ilahə illəllahu və la nə'budu illa iyyahu muxlisinə ləhud-dinə və ləv kərihəl-muşrikun” (لا اله الا الله، لا نعبد الا ایاه، مخلصین له الدین و لو کره المشرکون) deyən mömin min ilin ibadətinin savabını qazanar.
Şaban ayının 3-cü günü Hz. Əba əbdillah İmam Hüseyn(ə)in, 4-cü günü Qəmərə Bəni Haşim Hz. Əbəlfəzl(ə)in və 5-ci günü İmam Səccad Hz. Əli ibni Huseyn(ə)nin doğum günləri və (2014) İyun ayının 1, 2 və 3-ü ilə müsadifdir. 11-ci günündə Seyyidüş-Şühəda, İmam Hüseyn(ə)in sevimli oğlu Cənab Əli Əkbər (9 iyun 2014) dünyaya gəlmiş, Şaban ayının 15-ci (13 iyun 2014) günü zamanımızın imamı, mövlamız, sahibimiz Allahın yer üzündə Höccəti Həzrət Məhdi(əc) mövlududur.
Mövlud gecəsi (12 iyun 2014) qüsl etmək, ibadət edib gecəni sübhədək oyaq qalmaq tövsiyə olunmuş əməllərdir. Mövlud günü Kumeyl duasını oxumaq və İmam Hüseyn(ə)i (uzaqdan belə ən qısa formada) ziyarət etmək və 100 dəfə (سبحان الله) “Subhanəllah”  100 dəfə (الحمد لله) “Əl-həmdulillah”, 100 dəfə (لا اله الا الله) “La ilahə illəllah” və 100 dəfə (الله اکبر) “Allahu əkbər” demək Məsumlar (ə) tərəfindən tapşırılmışdır. Ümid vardır ki, bu əməlləri yerinə yetirəni Allah Taala bütün istəklərinə çatdırsın.

* Qeyd edirik ki, yazı “Məfatihul-cinan” kitabının materialları əsasında hazırlanmışdır. Fürsətdən istifadə edib bu yazının ərsəyə gəlməsində xidməti olan bütün xeyirxah insanlara təşəkkür edirik. Allah razı olsun.

- KUMEYL DUASI

 

 

Tags: MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!