30-CU MÜNAZİRƏ - II hissə

:

HƏZRƏT ƏLİNİN (ə) ƏBU BƏKRƏ DƏLİL GƏTİRMƏSİ
Digərlərinin də yazdığına görə, məzlum həzrət Fatimə (s.ə) məsciddə xütbəsini bitirdikdən sonra həzrət Əli (ə) mühacir, ənsar və müsəlmanların hüzurunda Əbu Bəkrə dönərək belə buyurdu:
–Niyə Fatiməni atasından qalan mirasdan məhrum etdin? Bilindiyi kimi, Fatimə hələ Peyğəmbər həyatda ikən Fədəkin sahibi idi.

Əbu Bəkr cavabında belə dedi:
–Fədək müsəlmanların malıdır, əgər Fatimə Fədəkin onun mülkü olduğuna dair şahid gətirərsə, özünə verərəm; əks təqdirdə, məhrum edərəm!
–Bizim barəmizdə müsəlmanlar arasında hökm etdiyindən başqa bir şəkildə hökm edirsən?! Məgər Peyğəmbər belə buyurmamışdımı?: «İddia edən şahid göstərməlidir; əleyhinə iddia edilən isə and içməlidir».
Sən Rəsulullahın sözünü rədd edir və şəri hökmlərin əksinə olaraq Peyğəmbər zamanından bəri malının sahibi olan Fatimədən şahid istəyirsən?! Kisa əshabından biri olub, haqqında Təthir ayəsi nazil olan Fatimənin əməl və sözü haqq deyilmi?!
Soylə görüm, iki şahid Fatimənin (Allaha pənah aparıram) çirkin iş etmiş olduğuna şahidlik edərsə, ona nə edərsən»?
–Ona digərləri kimi hədd təyin edərəm»!
–O zaman Allah dərgahında kafirlərdən olarsan; Çünki Allah-taalanın Fatimənin təmizliyi ilə əlaqəli şahidliyini rədd etmiş olarsan. Allah-taala belə buyurmuşdur: «Allah, ancaq siz Əhli-beytdən hər cür pisliyi aradan aparmaq və sizi pak etmək istər». Məgər Təthir ayəsi bizim haqqımızda nazil olmamışdırmı»?!
–Bəli, sizin haqqınızda nazil olmuşdur.
–Allah-taalanın pak bir insan olduğuna şəhadət etdiyi Fatimə dəyərsiz bir dünya malı uçün yersiz iddia edərmi?! Pakizə bir insanın şahidliyini rədd edib, “dabanına bövl ifraz edən bir ərəbin şəhadətinimi qəbul edirsən?!”
Həzrət Əli bu cümlələri buyurduqdan sonra qəmgin halda evinə döndü. İmamın bu dəlilli sözləri xalqın narazılığına səbəb oldu. Hər kəs imam Əli və həzrət Fatimənin haqlı olduqlarını söyləyir və Allah-taalaya and içərək Əlinin (ə) düz dediyini, Peyğəmbəri-əkrəmin qızına qarşı edilən bu davranışın haqsız olduğunu dilə gətirirdi.

ƏBU BƏKRİN MİNBƏRDƏ HƏZRƏT ƏLİ (ə) VƏ FATİMƏNİ (əs) SÖYMƏSİ
İbn Əbil Hədidin rəvayət etdiyinə əsasən, həzrət Əli və həzrət Fatimənin dəlil uzrə danışması xalqın etirazına gətirib çıxartdı. Bunu görən Əbu Bəkr böyük bir təhlükənin yarana biləcəyindən qorxub, tələm-tələsik minbərə çıxaraq belə dedi: «Ey insanlar, qopardığınız bu vəlvələ nədir? Hər kəsin sözünə inanırsınız, şəhadətini rədd etdiyimiz üçün bu sözləri bəyan edirlər. Şübhəsiz, o, (Allaha pənah, Əli, bəzi nəqllərə görə Fatimə) quyruğu ona şahid olan tülküdür. O, macəraçı və fitnəçidir; böyük fitnələri kiçik göstərərək xalqı fitnə və fəsada təşviq edir və yaxınlarıyla zina etmək istəyən Ümmü-Təhhal (cahiliyyət dövründə yaşayan fahişə qadın) kimi zəiflərdən və qadınlardan yardım diləyir!»
Siz ağalar söyüş və təhqirə inana bilmirsiniz. Bu sözlər ədəbsizlik, sözlə xəyanət və təhqir deyilmi?! Həzrət Əli (ə) və ya Fatiməni (s.ə) «tülkü», «tülkünün quyruğu» adlandırmaq onlara Peyğəmbəri-əkrəmin (s) əmr etdiyi sevgi, dostluq və ehtiramı göstərməkdirmi?! Siz ağalar nə vaxta qadər təəssübdən xilas olmayacaqsınız?! Amma bilindiyi kimi, zavallı şiələrə gəldikdə pis gözlə baxır, öz kitablarınızda yazılmış həqiqətləri dedikləri üçün onları kafir və rafizi adlandırırsınız!

İNSAFLA HÖKM VERMƏK LAZIMDIR!
Niyə həqiqəti görmək üçün haqqı görəbiləcək insaf və bəsirət gözlərinizi açmırsınız? Məgər Peyğəmbəri-əkrəmin (s) mağara yoldaşı olan bir yaşlının belə çirkin sözlər söyləməsi düzgündürmü?! Başıboş gəzən bir avaranın söyməsi ilə, gecə-gündüz məsciddə qalan, ibadət edən bir qocanın söyməsi çox fərqli şeylərdir. Müaviyə, Mərvan və Xalid kimilərii söymələri insanı o qədər narahat etməz. Amma Peyğəmbəri-əkrəmin mağara yoldaşı olan bir insanın ağzından bu sözlərin çıxması insanı narahat edər, qəlbini qırar.
Ağalar, biz də o zamanda yaşamamışıq. Əli, Əbu Bəkr, Ömər, Osman, Təlhə, Zübeyr, Müaviyə, Mərvan, Xalid, Əbu Hüreyrə və başqa kimilərinin, sadəcə adlarını eşitmişik. Heç birinə də xüsusi maraq və düşmənçiliyimiz yoxdur! Sadəcə onların əməl və sözlərinə diqqət edərək hansının Allah-taala və Rəsulunun dostu olduğuna haqq üzrə hökm veririk. Siz ağalar kimi tez inanan insanlardan deyilik; yersiz yerə heç kimə təslim olmarıq, nikbinliklə bir qrup şeyləri görməzliyə vurmarıq. Gördüyümüz pis əməlləri yozmarıq, onları ört-basdır edə bilmərik, hər pis əməli yersiz müdafiə etmərik.
İnsan ağ bir eynək taxarsa, hər rəngi olduğu kimi görər; qara, sarı və qırmızı rəngləri ağ görməz. Siz ağalar da ağ nurlu və insaflı bir eynək taxsanız, sevgi və kininizi bir kənara qoyar, gözəli gözəl, pisi də pis görərsiniz. O zaman da Əbu Bəkr kimi bir insandan bu cür sözlərin çıxmasını yaxşı bir iş kimi qəbul etməzsiniz. Özünü müsəlmanların xəlifəsi bilən və bir zaman Peyğəmbəri-əkrəmin yanında olan bir insanın məqam və mövqe xatirinə belə çirkin sözlər söyləməsini, xüsusən də Allah-taala və Rəsulullahın sevdiyi iki insanı söyməsini, əsla, qəbul etməzsiniz!

İBN ƏBİL HƏDİDİN ƏBU BƏKRİN SÖZLƏRİNƏ TƏƏCCÜBLƏNMƏSİ
Bu cür davranışlara təkcə biz deyil, insaflı alimləriniz də məəttəl qalırlar. Bu səbəbdən İbn Əbil Hədid «Nəhcül-bəlağənin şərhi» kitabının 4-cü cildinin 80-cı səhifəsində belə deyir: «Xəlifənin bu sözlərinə çox təəccüb etdim. Ustadım Əbu Yəhya Nəqib Cəfər ibn Yəhya ibn Əbu Zeyd Bəsridən soruşdum:
–Xəlifənin bu kinayəli sözləri kimə yönəlmişdir?
O belə dedi:
–Bu bir kinayə deyil, açıq-aydın bir kəlamdır.
–Bu qədər açıq olsaydı, soruşmazdım!
–(gülərək) Əli ibn Əbu Talib haqqında söyləmişdir.
–Bu sözlərin hamısını həzrət Əli haqqında söyləmişdir?!
–Bəli, oğlum! Hakimiyyət belədir!
İnsaflı ağalar, ibrət alın və insafla hökm edin. Əgər bir nəfər ana və atanıza «tülkü», «tülkunün quyruğu» və «zinakar» kimi sözlər deyərək söyərsə, narahat olmazsınız?
Əgər bir nəfər bu qədər cəmiyyət içində sizə «Hafiz bəy tülküdür, Şeyx də onun quyruğudur, o filan fahişə qadın kimi danışır!» deyərsə, narahat olub qəzəblənməzsiniz?!
Ağalar, zəhmət olmasa, gözlərinizi bağlamayın!
Əmirəl-möminin Əlinin və məzlum nənəmiz Fatimənin (s.ə) halını artıq özünüz düşünün! Allah-taalaya and olsun ki, bunları nəql edərkən belə bütün bədənim titrəyir. Gördüyünüz kimi, titrəyərək və göz yaşları ilə danışıram.
Görəsən, Peyğəmbəri-əkrəmin (s) yol yoldaşı və xəlifəsi olan bir kəsin haqq sözlər qarşısında bu şəkildə söyməsi və Rəsulullahın əmanətləri və həqiqi möminlər olan şəxsləri təhqir etməsi doğrudurmu?!
Bütün alimləriniz mötəbər kitablarında Peyğəmbəri-əkrəmin (s) imam Əli (ə) haqqında belə buyurduğunu yazmışlar: «Əli haqq ilə, haqq da Əli ilə dolanır».
Belə bir insanı əvvəl söyür, sonra da onu (ə) bütün fitnələrin qaynağı olaraq göstərir!

ƏLİYƏ (ə) ƏZİYYƏT PEYĞƏMBƏRƏ (s) ƏZİYYƏTDİR
Bütün alimlərinizin kitablarında da yer alan Peyğəmbəri-əkrəmin (s) Əli (ə) və Fatimə (s.ə) haqqında ümmətinə etdiyi tövsiyələrin nəticəsi bu idimi?! Halbuki, bilindiyi kimi, Peyğəmbər onların hər ikisi haqqında belə buyurmuşdur: «Onları incidən məni incitmişdir; məni incidən isə Allahı incitmişdir».
Yenə buyurmuşdur: «Əliyə əziyyət verən, mənə əziyyət vermişdir».

ƏLİNİ (ə) SÖYMƏK PEYĞƏMBƏRİ (s) SÖYMƏK DEMƏKDİR
Bunlardan da ucası, bütün mötəbər kitablarınızda yer aldığı kimi, Peyğəmbəri-əkrəmin (s) buyurduğu bu sözlərdir: «Əlini söyən məni söymüşdür, məni söyən isə Allahı soymüşdür».
Məhəmməd ibn Yusif Gənci Şafei «Kifayətut-talib» kitabının 10-cu babının əvvəllərində İbn Abbasdan sənədiylə uzun bir hədis rəvayət edir. Hədisdə imam Əlini (ə) söyən bir qrup Şam əhlinə qarşı belə buyurmuşdur: «Peyğəmbəri-əkrəmin Əliyə belə buyurduğunu eşitdim: «Səni söyən məni söymüşdür; məni söyən isə Allah-taalanı söymüşdür. Allah-taalanı söyən isə üzü üstə Cəhənnəmə atılacaqdır».
Bu hədisdən sonra sənədi ilə rəvayət etdiyi digər hədislərin hamısı da imam Əlini söyənlərin kafirliyinə dəlalət edir. Bu səbəbdən 10-cu babını «Əlini söyənlərin kafir olması» adlandırmışdır.
Hesab edirəm, bu qədər kifayətdir. Qiyamət, gec də olsa, gələcək. Məzlum anamız həzrət Fatimə (s.ə) səssiz qalıb hesablaşmağı Qiyamət günü ilahi məhkəməyə həvalə etdiyi üçün biz də susuruq! İndi şahid olaraq göstərdiyiniz hədisin (Biz peyğəmbərlər miras qoymarıq...) rəddinə dair gətirdiyim dəlillərə dönək.

ƏLİ (ə) ELM VƏ HİKMƏT QAPISIDIR
«Biz peyğəmbərlər miras qoymuruq» hədisinin mərdudluğu haqqındakı ikinci dəlilimiz isə Peyğəmbəri-əkrəmin (s) buyurduğu və sünni, şiə – bütün müsəlmanların qəbul etdiyi bu hədisdir: «Mən elm şəhəriyəm, Əli isə onun qapısıdır». Həmçinin, «Mən hikmət eviyəm, Əli isə onun qapısıdır».
Ağıl və elmin də zəruri bildiyi kimi, Rəsulullahın (s) elm qapısı olan, ondan qanunları, hədisləri nəql edən bir şəxs, xüsusilə də cəmiyyətin əminliyini təmin edən miras kimi əhəmiyyətli hökmləri hər kəsdən daha yaxşı və kamil bilməlidir. Əks təqdirdə, Peyğəmbəri-əkrəmin elm qapısı olmasının heç bir mənası olmaz və «Elm öyrənmək istəyən qapıdan gəlməlidir» buyurmasına ehtiyac qalmaz.
Mötəbər kitablarınızda yer alan hədislərə görə, Peyğəmbəri-əkrəm həzrət Əlini ümmətin ən yaxşı hökm verəni kimi təqdim edərək belə buyurmuşdur: «Əli sizin ən yaxşı hökm verəniniz, qəzavət edəninizdir».
Həzrət Peyğəmbərin, hökm verməkdə hər kəsdən üstün olduğunu buyurduğu bir şəxsin miras və hüquqdan xəbərsiz olması düşünülə bilərmi?! Rəsulullahın (s) bu mövzudakı hökmləri ona (ə) söyləmədiyi mümkündürmü? Halbuki, bilindiyi kimi, hökm verən bir insanın mirasın da bütün hüquq və fiqh hökmlərini bilməsi lazımdır.
Peyğəmbəri-əkrəmin şəxsi işi sayılan miras hökmünü həzrət Əli kimisinin – o həzrətin elm qapısı olan bir şəxsin eşitməməsi, lakin Övs ibn Hədsan və ya Əbu Bəkr ibn Quhafə kimilərin eşitməsi mümkündürmü?
Görəsən, ağlınız bunu qəbul edirmi ki, adi bir insan tam etibar etdiyi birini özünə vəsi etsin, amma ailəsinə qoyacağı miraslar haqqında ona heç bir şey söyləməsin?! Amma yad bir kəsə miras barədə necə rəftar etməsini əmr etsin?!
Məlum olduğu kimi, Rəsulullahın (s) besəti insanların dünya axirət səadətini təmin etməkdir; Allah-taala da həzrət Əlini Peyğəmbərin vəsisi qərar vermişdir; həzrət Əli bundan başqa Rəsulullahın elm və hikmət qapısıdır. Bütün bunlara baxmayaraq, həzrət Peyğəmbərin cəmiyyətin əmniyyətini pozan belə bir mövzuda həzrət Əliyə bir şey söyləməməsi mümkündürmü?!»
Şeyx: «Bu iki mövzunun heç biri bizim nəzərimizdə sabit deyildir! Çünki «Mən elmin şəhəriyəm» hədisini böyük alimlərimiz qəbul etmirlər. Vəsiyyət mövzusu da əhli-sünnə alimlərinin əksəriyyəti tərəfindən rədd edilmişdir və qəti deyildir. Çünki Buxari və Müslim öz «Səhih»lərində, digərlərinin də böyük alimlərdən sənədi ilə rəvayət etdiyinə görə, Ümmül-möminin Ayişə belə demişdir: «Peyğəmbər xəstə idi. Yatağında yatarkən başı sinəmə söykənmişdi və bu şəkildə də dünyadan köçdü».
Yəni O həzrətin (s) heç bir şey vəsiyyət etmədiyinə şahid olmuşdur. Peyğəmbər bir vəsiyyət etmiş olsaydı, Ümmül-möminin onu mütləq yerinə yetirər və rəvayət edərdi. Buna görə də, vəsiyyət mövzusu, əsla, doğru deyildir!»
Dəvətçi: «Dediyim hədis haqqında yanılırsınız; çünki hər iki firqənin də ittifaq etdiyi bir hədisdir. Hətta təvatür dərəcəsinə yaxınlaşmışdır. Sələbi, Firuzabadi, Hakim Nişaburi,  Məhəmməd ibn Cərir Təbəri, Süyuti, Səxavi, Müttəqi Hindi, Məhəmməd ibn Yusif Gənci Şafei, Məhəmməd ibn Təlhə Şafei, Qazi Fəzl ibn Ruzbəhan, Mənavi, İbn Həcər Məkki, Xətib Xarəzmi, Süleyman Qunduzi Hənəfi, şafei fəqihi İbn Məğazili, Deyləmi, İbn Təlhə Şafei, Mirseyid Əli Həmədani, Hafiz Əbu Nəim İsfahani, Şeyxul-İslam Həmuyini, İbn Əbil Hədid Mötəzili, Təbərani, Sibt ibn Cuzi, imam Əbu Əbdürrəhman Nəsai və başqaları bunu rəvayət etmişlər.
Vəsiyyət mövzusu və Peyğəmbərdən nəql edilən rəvayətlər də təvatür dərəcəsindədir. Daha doğrusu, sadəcə inadkar, qəzəb və təəssüb əsiri olan insanlar onu rədd edə bilər!»
Nəvvab: «Peyğəmbəri-əkrəmin (s) xəlifəsi onun (s) ailə işləri ilə də maraqlanan bir vəsisi məqamındadır. Bu səbəbdən, xəlifələr həmişə bununla maraqlanmış və Peyğəmbərin (s) həyat yoldaşlarının məsrəflərini təmin etmişlər. Bu halda, həzrət Əlini vəsiliyə xüsusi olaraq təyin etdiyi haradan bəllidir?»
Dəvətçi: «Doğru bəyan edirsiniz, şübhəsiz, Peyğəmbərin (s) xəlifəsi və vəsisi birdir. Daha əvvəlki gecələr xilafətin dəlil və nəslərini bəyan etdim. Həzrət Əlinin vəsiliyi olduqca açıq və qətidir.
Başqaları hiyləylə məşğul olduğu halda, həzrət Əli Peyğəmbəri-əkrəmin qüsl, kəfən və dəfn işləri ilə məşğul idi. Daha sonra da Rəsulullahın yanında olan əmanətləri öz sahiblərinə verməyə başladı. Bunlar hər iki məzhəb alimlərinin ittifaq etdiyi şeylərdir!»

VƏSİLİK HAQQINDAKI RƏVAYƏTLƏRİN NƏQLİ
Cənab Şeyxin bir daha «Alimlərimiz bu hədisi rədd etmişlər» deməməsi üçün bu mənanın isbatı haqqında qısa olaraq bir neçə hədis nəql etmək məcburiyyətindəyəm:
1. İmam Sələbi «Mənaqib» və «Təfsir»ində, şafei fəqihi İbn Məğazili «Mənaqib»də və Mirseyid Əli Həmədani «Məvəddətül-qurba» kitabının 6-cı məvəddəsində II xəlifə Ömər ibn Xəttabdan belə rəvayət edir: «Rəsulullah (s) əshabı arasında qardaşlıq əqdi etdikdə belə buyurdu: «Bu Əli dünya və axirətdə qardaşımdır. Əhlim yanında xəlifəm, ümmətim arasında vəsim, elmimin varisi, borclarımın ödəyicisidir. Onun malı mənim malım, mənim malım da onun malıdır. Onun xeyri mənim xeyrim, zərəri də mənim zərərimdir. Onu sevən məni sevmişdir. Ona qəzəblənən mənə qəzəblənmişdir».
2. Şeyx Süleyman Bəlxi Hənəfi «Yənabiül-məvəddə» kitabının 15-ci babını bu mövzuya ayırmış və imam Sələbi, Həmuyini, Hafiz Əbu Nəim, Əhməd ibn Hənbəl, İbn Məğazili, Xarəzmi və Deyləmidən Əlinin (ə) vəsiliyini isbat edən 20-dən çox rəvayət nəql etmişdir. Bu rəvayətlərdən yalnız bəzisini ağalar üçün aydın olsun deyə nəql etmək istəyirəm. Əhməd Hənbəlin «Müsnəd»indən rəvayət etdiyi kimi, Ənəs ibn Malik belə deyir: «Salmana, Peyğəmbərdən (s) vəsisinin kim olduğunu soruşmasını söylədim. Salman da: «Ya Rəsuləllah, vəsin kimdir?» – deyə soruşdu. Rəsulullah buyurdu: «Ey Salman, Musanın vəsisi kim idi?» Salman: «Yuşa ibn Nun idi» – dedi. Peyğəmbər buyurdu: «Mənim vəsim, varisim, borclarımı ödəyən və vədimə vəfa göstərən Əli ibn Əbu Talibdir».
Həmçinin Sibt ibn Cuzi də «Təzkirətul-xavassil-ümmət»in 26-cı səhifəsində və İbn Məğazəli Şafei də «Mənaqib» kitabında bu rəvayəti nəql etmişlər.
3. Müvəffəq ibn Əhməd xətiblər xətibi Xarəzmidən o da Bureydədən Rəsulullahın (s) belə buyurduğunu rəvayət edir: «Hər nəbinin bir vəsi və varisi vardır. Şübhəsiz, Əli də mənim vəsim və varisimdir».
4. Şeyxul-İslam Həmuyinidən, o da Əbuzərdən Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu rəvayət edir: «Mən peyğəmbərlərin üstünüyəm. Ey Əli! Sən də Qiyamətə qədər vəsilərin üstünüsən».
5. Xətib Xarəzmidən, o da Ümmü-Sələmədən Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu rəvayət edir: «Allah-taala hər peyğəmbərə bir vəsi seçmişdir; Əli də məndən sonra Əhli-beytim, itrətim və ümmətim arasında vəsimdir».
6. İbn Məğazili Şafei «Mənaqib» kitabında Abdullah ibn Məsuddan nəql edərək Rəsuli-əkrəmin (s) belə buyurduğunu nəql edir: «Dəvət (risalət) mən və Əli ilə sona çatdı; ikimiz də, əsla, bütə tapınmadıq. Allah-taala məni peyğambər, Əlini də vəsi qərar verdi».
7. Mirseyid Əli Həmədani Şafei «Məvəddətül-qurba» kitabının 4-cü məvəddəsində Utbə ibn Amir Cəhənidən belə rəvayət edir: «Rəsulullaha Allah-taalanın birliyi, Mühəmmədin peyğəmbərliyi və Əlinin vəsiliyi üzrə beyət etdik. Daha doğrusu, bu üçündən hər birini tərk etsək, kafir olarıq».
8. «Yənabiül-məvəddə» kitabının sahibi Muvəffəq ibn Əhməd Xarəzminin «Mənaqib» kitabından Əbu Əyyub Ənsarinin belə dediyini rəvayət edir: «Rəsulullah (s) xəstələndikdə Fatimə (s.ə) həzrətin yanına gəldi. O xanım ağlayırdı. Peyğəmbəri-əkrəm onun ağladığını gördükdə belə buyurdu: «Ey Fatimə, Allah-taalanın sənə olan kəraməti hər kəsdən əvvəl İslamı seçən, elmi hər kəsdən daha çox olan və helmi hər kəsdən böyük olan birini sənə həyat yoldaşı seçməsidir. Allah-taala yer üzünün əhlinə baxdı, onların arasından məni seçdi və məni peyğəmbər olaraq göndərdi. Yenə yer üzünün əhlinə baxdı, onların arasından yoldaşın Əlini seçdi və onu səninlə evləndirməyi və özümə vəsi təyin etməyi mənə vəhy etdi».
Şafei fəqihi İbn Məğazili «Mənaqib» kitabında bu rəvayətin davamında bu cümlələri də artıraraq nəql edir: «Ey Fatimə, biz Əhli-beytə kimsəyə verilməyən və bizdən sonra da kimsənin dərk edə bilməyəcəyi yeddi xüsusiyyət verilmişdir: ən böyük nəbi bizdəndir, o da sənin atandır. Vəsimiz ən üstün vəsidir, o da sənin yoldaşındır. Şəhidimiz ən xeyirli şəhiddir, o da əmin Həmzədir. Cənnətdə istədiyi yerə uçan iki qanadlı da bizdəndir, o da əmin oğlu Cəfərdir. Cənnət əhlinin iki sərvəri də bizdəndir, onlar da sənin oğullarındır. Nəfsim əlində olan Allah-taalaya and olsun ki, İsa ibn Məryəm onun arxasında namaz qılacağı bu ümmətin Məhdisi də sənin övladlarındandır».
İbrahim ibn Məhəmməd Həmuyini də «Fəraid» kitabında dediyim hədisi nəql etdikdən sonra bu cümlələri əlavə edərək zikr etmişdir: Məhdi (ə.c) sözündən sonra: «Yer üzü zülmlə dolduqdan sonra Məhdi yer üzünü ədalətlə dolduracaq. Ey Fatimə, üzülmə, ağlama; şübhəsiz ki, Allah-taala sənə məndən daha mərhəmətli və şəfqətlidir. Bu da qəlbimdə olan yerin və məqamın səbəbiylədir. Allah-taala səni soy baxımından ən böyük, xalqa ən mərhəmətli, bərabər bölmədə ən ədalətli və hökmləri ən yaxşı bilən bir insanla evləndirmişdir».
Zənn edirəm, Nəvvab ağanın yəqinliyini təmin etmək və Şeyxin yanlışlığını düzəltmək üçün Peyğəmbəri-əkrəmdən (s) rəvayət etdiyim bu qədər hədislər kifayətdir. Əks təqdirdə, həzrət Peyğəmbərdən imam Əlinin vəsiliyini ifadə edən çox sayda hədis mövcuddur.

Ardı var ...

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!