31-CU MÜNAZİRƏ - II hissə

:

İBN ABBASIN PEYĞƏMBƏRİN (Ə) VƏSİYYƏTİNƏ MANE OLUNMASINA AĞLAMASI
Buna, sadəcə mən və sizlər üzülmürük. Peyğəmbəri-əkrəmin (s) əshabı da bu müsibətə ağlamışdır. Bu səbəbdən Buxari, Müslim və digər böyük və dəyərli alimləriniz də Abdullah ibn Abbasın daim ağladığını və «Cümə axşamı, ah cümə axşamı!» deyərək o qədər ağlıyırdı ki, göz yaşları axıdığını qeyd etmişlər.

Ondan «Cümə axşamı nə olmuşdur ki, belə ağlayırsan?» soruşulduqda deyirdi: «Peyğəmbəri-əkrəm ağır xəstələndikdə, ümmətini yazacağı vəsiyyətlə azğınlıqdan qorumaq üçün qələm-kağız istədi. Amma orada olanlardan bəziləri ona mane oldular. Bundan da ağırı odur ki, ona «sayıqlayır!» dedilər. O gün, cümə axşamı əsla, unudulmayacaq. Peyğəmbərə mane olmaları bir yana qalsın, ədəbsizcəsinə çirkin sözlər də söylədilər!»
Şeyx: «Rəsulullahın (s) vəsiyyətinə kim mane oldu?»
Dəvətçi: «İkinci xəlifə Ömər ibn Xəttab mane oldu».
Şeyx: «Belə açıq şəkildə danışaraq fikrimi rahat etdiyiniz üçün çox məmnun oldum!; çünki bu cür bəyanlardan çox narahatlıq keçirirəm. Bu cür rəvayətlərin şiələrin uydurması olduğunu düşünürəm. Amma ehtiramınızı qoruyaraq bunu sizə qarşı bəyan etmək istəməmişdim. İndi içimdə olanı bəyan edirəm və sizə tövsiyyə edirəm: bu cür uydurma xəbərlərə inanmayın!»
Dəvətçi: «Mən də sizə tövsiyə edirəm ki, düşünmədən o dəqiqə rədd və ya qəbul etməyin! Çünki həqiqətlər ortaya çıxdıqda narahat olarsınız. Həmişə olduğu kimi, bu mövzuda da tələskənliyə yol verdiniz. Heç düşünmədən, köhnə adətiniz üzrə bizə pis baxdığınız üçün təmiz şiə müsəlmanları hədis uydurmaqda ittiham etdiniz. Halbuki dəfələrlə dediyim kimi, biz şiələr hədis uydurmağa heç bir ehtiyac duymuruq! Çünki bilavasitə öz kitablarınızda lehimizə olan və inanclarımızı sübut edən saysız-hesabsız dəlillər vardır.

PEYĞƏMBƏRİN (S) VƏSİYYƏTİNƏ MANE OLUNDUĞUNU BİLDİRƏN HƏDİSLƏRİN MƏNBƏLƏRİ
Bu mövzuda da mötəbər alimlərinizin kitablarına nəzər salsanız, boyük alimlərinizin bir az əvvəl söylədiklərimi rəvayət etdiklərini görərsiniz. Məsələn: Buxari «Səhih»in 2-ci cildinin 118-ci səhifəsində, Müslim «Vəsiyyət»in sonunda, Həmidi «Cəmun beynəs-Səhiheyn»də, imam Əhməd Hənbəl «Müsnəd»in 1-ci cildinin 222-ci səhifəsində, İbn Əbil Hədid «Nəhcül-bəlağənin şərhi»nin 2-ci cildinin 563-cü səhifəsində, Kermani «Şərhi Səhihi-Buxari»də, Nəvəvi «Şərhi Səhihi-Müslim»də, İbn Həcər «Səvaiq»də, Qazi Əbu Əli, Qazi Ruzbəhan, Qazi Əyyaz, imam Qəzzali, Qutbuddin Şafei, Məhəmməd ibn Əbdulkərim Şəhristani, İbn Əsir, Hafiz Əbu Nəim İsfahani, Sibt ibn Cuzi və xülasə, bir çox böyük və dəyərli alimləriniz sözügedən ağrılı hadisəni təsdiq edərək belə demişlər: «Peyğəmbəri-əkrəm (s) vida həccindən qayıtdıqdan sonra xəstələndi və bir qrup səhabə Rəsulullahı ziyarət etməyə gəldikdə həzrət: «Mənə kağız-qələm gətirin, sizə məndən sonra əsla aza bilməyəcəyiniz şeyləri yazım».
İmam Qəzzali «Sirrul-aləmin»in 4-cü məqaləsində Sibt ibn Cuzi də «Təzkirə» kitabının 36-cı səhifəsində ondan rəvayət etmişdir və digər  alimləriniz də öz kitablarında Rəsulullahın belə buyurduğunu nəql etmişlər: «Mənə kağız-qələm gətirin, məndən sonra işlərin çətinliklərini qaldıran və sizə lazımlı olan şeyləri yazım».
Bəzi rəvayətlərdə isə belə yer almışdır: «Sizə məndən sonra ixtilafa düşməyəcəyiniz şeyləri yazım». Ömər isə belə dedi: «Buraxın bu adamı. Şübhəsiz, o, sayıqlayır! Allahın kitabı bizə kifayət edər!»
Orada olan əshab iki yerə bölündü; bəziləri Öməri, bəziləridə Peyğəmbəri-əkrəmi müdafiə etdi. Daha sonra aləm bir-birinə dəydi, bir-birlərinə səslərini yüksəltdilər. Böyük bir əxlaq abidəsi olan Rəsulullah narahat olaraq buyurdu: «Çıxın yanımdan, mənim yanımda dava etmək düzgün deyil!»
Bu, bilavasitə Peyğəmbəri-əkrəmin hüzurunda baş verən müsəlmanların ilk fitnəsi idi və bu fitnə həzrətin 23 illik o qədər zəhmətlərindən sonra baş verdi. Bu fitnə və bölünməyə Ömər səbəb oldu; nifaq və ixtilaf toxumlarını əkdi, müsəlmanları iki yerə böldü. Bu günə qədər də belə davam etmiş və bu anda da, bax, burada müsəlman qardaşları bir-birinə qarşı qoymuşdur».
Şeyx: «Sizin kimi ədəbli və əxlaqlı bir insandan ikinci xəlifə haqqında bu cür sözlər söyləyəcəyənizi heç gözləmirdim!»
Dəvətçi: «Allah xatirinə, yersiz sevgi və nifrətinizi bir kənara qoyun! Pis baxan gözlərinizi bağlayın və insaf üzrə danışın! Görəsən, inkarınız qarşısında bilavasitə öz kitablarınızdan tarixi həqiqətləri nəql etməklə mən ədəbsizlik etdim, yoxsa Xatəmül-ənbiyaya qarşı cəsarət edib bu şəkildə ağır danışan Ömərmi? Ömər vəsiyyətin yazılmasına mane oldu, fitnə və fəsad yaratdı, Peyğəmbər kimi xəstə bir insanın yanında səsini yüksəltdi və adətinə uyğun söyərək belə dedi: «Buraxın bu adamı, o, sayıqlayır!».
Halbuki, Allah-taala Qurani-məciddə belə buyurur: «Mühəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Fəqət o, Allahın rəsulu və peyğəmbərlərin sonuncusudur». (“Əhzab” surəsi, ayə 40)
Yəni Peyğəmbəri adı ilə çağırmayın; Ona «Rəsulullah» deyin. Amma bilindiyi kimi, Ömər ədəb və ilahi əmrə riayət etmədi. Adı ilə çağırmaq bir yana, O həzrətə işarə edərək: «bu adam» – dedi. İnsafla söyləyin, ədəbsizlik edən mənəm, yoxsa Ömər?»
Şeyx: «Məgər «La yəhcur» kəlməsinin mənası «sayıqlamaq»dır ki, cəsarət və ədəbsizlik sayılsın?!»

TƏƏSSÜB İNSANI KOR VƏ KAR EDİR
Dəvətçi: «Bütün ədəbiyyatçılar, müfəssirlər və xüsusilə də böyük alimləriniz, məsələn; İbn Əsir «Camiul-üsul»da, İbn Həcər «Şərhi Səhihi-Buxari»də, «Səhih» yazarları və digərləri də bu kəlmənin «sayıqlamaq» mənasına gəldiyini qəbul etmişlər.
Bəli ağalar, insan açıq-aydın həqiqətləri görə bilmək və yersiz müdafiyəyə qalxmamaq üçun təəssüb və inaddan uzaq durmalıdır. Görəsən, Qurani-kərimin «Ona Rəsulullah və Xatəmül-ənbiya deyin» əmrinə baxmayaraq, «Bu adam sayıqlayır!» deyərək Peyğəmbəri-əkrəmin məqamını alçaldan bu insan müqəddəs kitaba və ədəbə zidd davranmamışdımı? Xüsusilə Peyğəmbərin son nəfəsinə qədər nübüvvət və ismət məqamından ayrılmadığı hamıya məlumdur. Xüsusilə də təbliğ və doğru yola yönəltmək istiqamətində sayıqlamamışdır. Bunun əksini iddia edən onu tanımamış və iman gətirməmişdir!»
Şeyx: «Ömər kimi bir şəxsi imansızlıqda ittiham etmək doğrudurmu?»
Dəvətçi: «Əvvəla, niyə Ömərin Peyğəmbəri-əkrəmə (s) «Bu adam sayıqlayır!» dediyini eşitdikdə narahat olmadınız? Halbuki hər bir müsəlman bu sözləri eşitdikdə narahat olmalıdır. Amma məqamı təkcə Rəsulullahın əshabı olmaqdan ibarət olan və sonralar bəzi insanlar tərəfindan yüksək məqam kürsüsünə yüksələn birinə qarşı bir söz söyləndikdə narahat olursunuz?! Məlumunuz olsun ki, bu söz təkcə mənim düşüncəmdən irəli gəlmir, hər ağıllı bir insan, təmizqəlbli müsəlman bu hadisəni eşitdikdə «İman gətirmiş bir insan Peyğəmbəri-əkrəmə belə sözlər söyləməz» – deyə düşünər.

ƏHLİ-SÜNNƏT ALİMLƏRİ DƏ «SAYIQLAYIR» KƏLMƏSİNİ SÖYLƏYƏNİN RİSALƏT MƏQAMINA İNANMADIĞINI ETİRAF EDİRLƏR
Bu səbəbdən Qazi Əyyaz Şafei «Kitabuş-şəfa»da, Kermani «Şərhi Səhihi-Buxari»də, Nəvəvi «Şərhi Səhihi-Müslim»də və bir çox insaflı və təfəkkürlü alimləriniz öz kitablarında belə demişlər: «Bu sözü hər kim söyləmişsə, Peyğəmbəri-əkrəmə (s) iman gətirməmiş və onun uca risalət məqamını tanımamışdır. Çünki məzhəb imamlarına görə, peyğəmbərlər insanları doğru yola çatdıran və hidayət məqamında qeyb aləmi ilə əlaqədədirlər. Qətiyyətlə deyə bilərəm ki, xəstə olduğu halda da əmrlərinə itaət edilməsi vacibdir. O həzrətə bu cür nisbət verməklə müxalifət etmək, onun böyük məqamını tanımamaqdır!».

İSLAMDA PEYĞƏMBƏRİN (S) HÜZURUNDA BAŞ VERƏN İLK FİTNƏ
Ömərin fitnə və nifaq yaratdığını söyləyən təkcə mən deyiləm; bilavasitə insaflı alimləriniz də bunu təsdiq etmişlər. Misal üçün: böyük alim Hüseyn Meybudi «Şərhi Divan»da belə deyir: «İslamda baş verən ilk fitnə Peyğəmbəri-əkrəmin (s) hüzurunda oldu. Rəsulullah xəstə ikən yatağında vəsiyyət etmək istəyəndə, Ömər ona mane oldu və beləcə, müsəlmanların arasında fitnə və ixtilaf çıxmasına səbəb oldu».
Şəhristani «Miləl və Nihəl» kitabının 4-cü müqəddiməsində belə deyir: «İslamda baş verən ilk ixtilaf Ömərin, Peyğəmbəri-əkrəmin (s) kağız-qələm istəyərək vəsiyyət yazmasına mane olmasıdır».
Şeyx: «Əgər Ömər bu sözü söyləmişsə də, hörmətsizlik etmək fikri ilə söyləməmişdir. Bu cür vəziyyətdə hər bir insan sayıqlaya bilər, bu insanın orqanizminin bir xüsusiyyətidir. Bu halda Peyğəmbəri-əkrəm ilə digər insanlar arasında heç bir fərq yoxdur».
Dəvətçi: «Sizin də bildiyiniz kimi Peyğəmbəri-əkrəmin (s) xüsusi sifətlərindən biri ismətdir (məsumiyyət) və ölənə qədər də ondan ayrılmaz. Xüsusilə də insanları irşad və doğru yola hidayət etmək məqamında «Azğınlığa düşməməyiniz üçün sizə bir neçə sətir yazılı surətdə vəsiyyət etmək istəyirəm» deməsinə diqqət yetirin.
Doğru yola hidayət etmək və irşad məqamında olduğu üçün də ismət məqamında və Allah-taala ilə əlaqədə idi. Bu səbəbdən Quran belə buyurur: «Peyğəmbər həvayi-nəfsinə (nəfsani arzularına) görə danışmaz, o, (söz) vəhy edilən bir vəhydir»; və yaxud «Rəsulun sizə verdiklərini alın»; və ya «Allaha və Rəsuluna itaət edin».
Bu və bənzəri ayələr həqiqətləri göstərir. Bilməlisiniz ki, ümmətin hidayəti üçün istənilən kağız və qələmə mane olmaq Allah-taalaya müxalifət etməkdir və heç şübhəsiz, «sayıqlamaq» kəlməsi açıq-aydın təhqirdir! «Bu adam» təbiri də açıq-aşgar xəyanətdir!
Zəhmət olmasa, insaflı olun. Əgər bir kəs bir cəmiyyət arasında sizə işarə edərək «Bu adam sayıqlayır» deyərsə, nə düşünərsiniz?! Üstəlik bizlər məsum da deyilik, sayıqlaya da bilərik. İndi deyin görək, bu kəlməni siz ədəb və hörmət kimi qəbul edərsiniz, yoxsa xəyanət və təhqir? Əgər ədəbsizlik və hormətsizlik sayırsınızsa, Peyğəmbərə nisbət daha böyük ədəbsizlik və hörmətsizlikdir! Daha doğrusu, bu kəlməni Peyğəmbəri-əkrəmə söyləyəndən uzaq durmaq hər bir müsəlmanın vəzifəsidir. Çünki Allah-taala Quranda açıq-aydın Peyğəmbəri-əkrəmi «Rəsulullah» və «Xatəmun-nəbiyyin» olaraq xatırladır. Zəhmət olmasa, hər şeyi kənara qoyaraq deyin: Peyğəmbəri-əkrəmi «Rəsulullah» və «Xatəmun-nəbiyyin» deyə çağırmayan, Ona hörmət göstərməyən və hətta «Bu adam sayıqlayır!» deyən bir kəs haqqında ağıl və insafınız nəyi hökm edir?»
Şeyx: «Fərz edək ki, xəta etmişdir. Peyğəmbərin (s) xəlifəsi olduğuna görə dini qorumaq üçün ictihad etmişdir. Bu səbəbdən, əfv edilə bilən bir xətadır».
Dəvətçi: «Əvvəla, Peyğəmbəri-əkrəmin xəlifəsi olduğu üçün ictihad etdiyini söyləməklə haqsızlıq edirsiniz. Çünki Ömər bu kəlməni söylədikdə xəlifə deyildi. Hətta xilafət röyasını belə görməmişdi!
Peyğəmbəri-əkrəm vəfat etdikdə tələm-tələsik bir şəkildə bildiyiniz bir yolla Əbu Bəkr xəlifə seçildi. Sonra da təhdid, ölümlə hədələmək, evinə od vurmaq və başqa yollarla hər kəs təslim olmağa məcbur edildi. 2 il 3 ay müddət keçdikdən sonra Əbu Bəkr ölüm ayağında ikən Öməri xəlifə təyin etdi.
İkincisi, sizin xəlifənin ictihad etdiyini söyləməyiniz çox qəribədir. Məgər bilmirsiniz ki, nəss (aşkar hökm), dəlil qarşısında ictihad etməyin mənası yoxdur! Bu əfv edilməyəcək bir xətadır!
Üçünçüsü, dini qorumaq üçün mane olduğunu söyləməyiniz də çox qəribədir. Elm və insafınız təəssüb və inadınızın əsiri olmuşdur!
Ağalar, dini qorumaq Rəsulullahın vəzifəsi idi, yoxsa Ömər ibn Xəttabın? Məgər Rəsulullah ümmət üçün yazmaq istədiyi bir vəsiyyətin yazılmasının dinə zidd olub-olmadığını bilmirdi, amma Ömər ibn Xəttab bildiyinə görə dini qorumaq üçün o vəsiyyətin yazılmasına mane oldu?! Ağlınız bunu qəbul edirmi? Ey bəsirət sahibləri ibrət alın!!!
Siz də, biz də yaxşı bilirik ki, dinin zəruriyyəti xüsusunda yol verilən xəta əfv edilməyəcək böyük bir xətadır!»
Şeyx: «Hər halda Ömər Rəsulullahın (s) vəsiyyət yazdıracağından ixtilaf çıxacağını anlamışdı. Bu səbəbdən Peyğəmbərin istəyinin əksinə olaraq, kağız və qələm gətirilməsinə mane oldu».

Davamı var ...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!