31-CU MÜNAZİRƏ - III hissə

:

ÜZRÜ GÜNAHINDAN DAHA PİS
Dəvətçi: «Üzrü günahından daha böyük olan bir söz soylədiniz. Dərs oxuduğum zaman dəyərli, böyük, bütün əqli və nəqli fəzilət dəryasını özündə cəm edən fazil ustadım Hacı Şeyx Məhəmməd Əli Qəzvini belə deyirdi: «Bir xətanı düzəltmək istəyərkən yüz xətanın ortaya çıxması mümkündür».

Eynən siz də; xəlifənin açıq-aydın bir xətasını müdafiə etmək üçün bir çox xətalara yol verdiniz. Söylədiklərinizdən anlaşıldığı kimi, sanki Peyğəmbəri-əkrəm ismət və qeyb aləmiylə əlaqə məqamına sahib olduğu halda ummətin doğru yola yetişmək və hidayəti xüsusunda ümmətin xeyir-zərərini düşünə, anlaya bilmirdi. Yəni dediyinizdən belə çıxır ki, guya Ömər Peyğəmbərin xeyrini düşünürdü! Əgər bu ayə haqqında - «Allah və Rəsulu bir işə hökm verdiyi zaman, heç bir mömin kişi və qadına öz işlərində öz istəklərinə görə seçim haqqı yoxdur. Hər kim Allah və Rəsuluna qarşı çıxarsa, açıq-aydın azğınlığa düşər» (“Əhzab” surəsi, ayə 36) ətraflı düşünsəniz, fikrinizi dəyişər və Ömərin etdiyi əməlləri anlayacaqsınız. Çünki Peyğəmbəri-əkrəmin əmrinə itaət etməmək, vəsiyyətinə mane olmaq və «sayıqlayır!» söyləmək o həzrəti olduqca narahat etmişdi. Nəticədə, Rəsulullah onları yanından çölə çıxarmışdı».
Şeyx: «Xəlifənin Peyğəmbəri-əkrəmin yaxşılığını düşündüyü «Allah-taalanın kitabı bizə kifayətdir» sözündən anlaşılır».
Dəvətçi: «Əksinə! Bilavasitə bu söz Quranı yaxşı bilmədiyindən və ya Peyğəmbəri-əkrəmi incitmək qəsdi ilə müxalif olmasından irəli gəlib. Çünki Quran haqqında kifayət qədər məlumatı olsaydı, bilərdi ki, işlərin idarə olunmasında təkcə Qurani-kərim kifayət etmir. Çünki Quran əhkamın ümumiliyini bəyan edir; hər hökmü ayrı-ayrılıqda, xırdalığı ilə açıqlamağı məsuliyyəti olana həvalə edən, mücməl və mucəz olan sağlam bir kitabdır. Qurandakı o mücməl və ümumi hökmlərin də nasix, mənsux, möhkəm, mütəşabih, ümumi, xüsusi, mütləq, müqəyyəd, mücməl və müəvvəl olanları vardır. İlahi bir feyz və rəbbani bir şəxsin bəyanı olmadan az kəlməli, çox mənalı bir kitab olan Qurani-məciddən istifadə etməsi necə mümkün ola bilər?!
Bundan başqa, əgər təkcə Quran yetərli olsaydı nə səbəbdən müqəddəs kitabda bu ayələr buyurulardı?!: «Rəsulun verdiyini alın və nəhy etdiyindən çəkinin» və ya «Onu Rəsula və ya ozlərindən olan əmr sahiblərinə demiş olsaydılar, əlbəttə, həmin xəbəri onun mahiyyətinə varan kimsələr bilərdilər». (“Nisa” surəsi, ayə 83)
Xülasə, təkcə Quran yetərli deyildir. Qurani-kərimin həqiqi müfəssirləri olan Peyğəmbəri-əkrəmin (s) Əhli-beytinin (ə) açıqlayıcı bəyanları da lazımdır. Bu səbəbdən şiə və sünninin ittifaq etdiyinə görə Rəsulullah dəfələrlə, hətta olüm yatağında olduğu halda belə buyurmuşdur: «Sizlər üçün iki dəyərli əmanət qoyuram: Qurani-kərimi və itrətim olan Əhli-beytimi. Bunlar hovuzun başında yanıma gələnə qədər bir-birlərindən, əsla ayrılmazlar. Onlara sarılın və xilas olun. Bu halda əbədi olaraq azğınlığa düşməzsiniz».
Sizin kimi zəkalı insanların nə səbəbdən düşünmədiyinə təəccüblənirəm! Məlum olduğu kimi, Quranın hökmünə əsasən də «Peyğəmbər həva-həvəs üzrə danışmaz, söylədiyi hər şey ona vəhy olunur».
Bilavasitə Quran özünü ümmətin qurtuluş və doğru yola yetişməsi üçün yetərli görmür və bəyan məqamında Əhli-beytlə iç-içə olduğunu ifadə edir. Bu səbəbdən Peyğəmbəri-əkrəm də Qurani-kərim və Əhli-beytə (ə) itaət edildiyi təqdirdə ümmətin azğınlığa düşməyəcəyini açıq-aydın bəyan etmişdir.
Lakin Ömər Qurani-kərimin təkbaşına yetərli olacağını soyləyir. Zəhmət olmasa, insaflı olun və haqqına hökm verin!
Bir tərəfdən Allah-taalanın elçisi Qurani-kərim və Əhli-beytə sarılmağın vacibliyini, bunların bir-birindən ayrılmayacağını və itaət edənləra doğru yola yetişmək vəsiləsi olacağını bəyan edir; digər tərəfdən də Ömər Qurani-kərimin təkbaşına yetərli olduğunu, Əhli-beyti, hətta Peyğəmbəri-əkrəmin yazılı hədislərini qəbul etmədiyini belə açıq-aydın bəyan edir. Bunlardan hansına itaət vacibdir?! Şübhəsiz, ağıl sahibi olan hər bir insan, Allah-taala ilə rabitə halında olan Peyğəmbəri-əkrəmi bir kənara qoyub, Öməri qəbul etməyin vacibliyini söyləməz!
Nə uçün Ömərin sözünü tutub Peyğəmbəri-əkrəmin sözünü bir kənara atdınız? Əgər həqiqətən Quran təkbaşına yetərli olsaydı, niyə müqəddəs kitabda belə buyurulur?: «Əgər bilmirsinizsə, zikr əhlindən soruşun. (“Nəhl” surəsi, ayə 43)
Göründüyü kimi, Quran «zikr əhli»ndən soruşulmasını əmr edir. Bu ayədəki «Zikr əhli» Peyğəmbəri-əkrəm (s) və onun pak Əhli-beytidir (ə). Bu səbəbdən əvvəlki gecələrdə ərz etdim ki, sizin Süyuti kimi bir çox böyük alimləriniz bu ayədəki «Zikr əhli»ndən məqsədin Qurani-kərimin bərabəri olan Əhli-beyt olduğunu bəyan etmişlər.
Zəhmət olmasa, sözlərimizə pis nəzərlə baxmayın və təkcə bu sözləri bizim dediyimizi zənn etməyin. İnsaflı böyük alimləriniz də Ömərin bu sözlərini tənqid atəşinə tutmuşlar.

QUTBUDDİN ŞİRAZİNİN ÖMƏRİN SÖZLƏRİNƏ ETİRAZI
Bu səbəbdən böyük alimlərinizdən olan Qutbuddin Şafei Şirazi «Kəşfül-ğuyub» kitabında belə deyir: «Aydındır ki, rəhbərsiz yolu tapmaq mümkün deyildir. Ömərin: «Allahın kitabı aramızdadır, rəhbərə ehtiyacımız yoxdur» sözünə çox təəccüblənirəm. Ömərin bu sözü «tibb kitabları yanımızdadır, həkimə ehtiyacımız yoxdur» kimi söylənilən bir sözə bənzəyir. Şübhəsiz, ki, bu söz yanlışdır və qəbul edilməz! Çünki hər kəs tibb kitabını anlaya bilməz; mütləq o elmi bilən bir təbibə yanaşması lazımdır.
Qurani-kərim də belədir; öz fikri ilə ondan istifadə edə bilməyənlər də, Quran elminə sahib olanlara müraciət etməlidirlər. Bu səbəbdən Kitabi-məciddə açıq-aydın belə buyurulur: «Onu Rəsula və ya özlərindən olan əmr sahiblərinə demiş olsaydılar, əlbəttə, həmin xəbəri onun mahiyyətinə varan kimsələr bilərdilər».
Həqiqət kitabı elm əhlinin qəlbidir. Bu səbəbdən Quran da belə buyurur: «Bu Quran özlərinə elm verilənlərin sinələrində (yer edən) açıq-aydın ayələrdir». (“Ənkəbut” surəsi, ayə 49)
Həzrət Əli (ə) buyurmuşdur: «Mən Allah-taalanın danışan, bu Quran isə Allah-taalanın susan kitabıdır». (Qutbuddinin sözünün sonu)
İnsaf, elm, ağıl və elm sahibi olan hər kəs Ömərin sözünü rədd edib və Peyğəmbəri-əkrəmin (s) vəsiyyətinə mane olmaqla çox böyük bir zülm etdiyini təsdiq edir.

ƏBU BƏKRİN ÖLÜM ANINDA VƏSİYYƏTİNƏ MANE OLUNMAMASI
Sizin dəfələrlə «Əbu Bəkr və Ömərin vəsiyyətinə mane olunmamışdır» dediyiniz sözə gəlincə, bu doğrudur. Bax, buna görə bu çox qəribə və heyrətləndiricidir. Bütün tarixçi və hədisçilərin yazdığına görə, Əbu Bəkr ölüm ayağında ikən Osman ibn Əffana belə dedi: «Dediklərimi yaz, bu mənim xalqa olan vəsiyyətimdir...». Osman da Əbu Bəkrin dediyi hər şeyi yazdı.
Ömər və başqaları da orada idi, heç kim onun vəsiyyət yazdırmasına mane olmadı; xüsusilə də Ömər. Bu nə hikmətdirsə, «Bizə Allahın kitabı kifayətdir, Əbu Bəkrin vəsiyyətinə ehtiyacımız yoxdur» – demədi! Amma məlum olduğu kimi «Allahın kitabı bizim üçün kifayətdir!» bəhanəsiylə Peyğəmbəri-əkrəmin (s) vəsiyyətinə mane oldular və özlərinə sərf edəni söylədilər. Elə isə ibrət alın, ey bəsirət sahibləri!
Xatəmül-ənbiyaya edilən bu xəyanət və təhqiri və ümmətin zəlalətə düşəcəyini bəhanə edib vəsiyyətin yazılmasına mane olan kəsləri əsla qəbul etməz, onlara itaət etmərik! Ağıl, elm və insaf əhli olan hər kəs bütün bunların dəlil və məntiqə əsaslanmadığını, nəfsani istəklərə görə olduğunu bilir!

BÖYÜK MÜSİBƏT: ÖLÜM ANINDA PEYĞƏMBƏRƏ (S) TƏHQİR EDİLMƏSİ VƏ HİDAYƏT YOLUNU GÖSTƏRMƏSİNƏ MANE OLUNMASI
Ümmətin alimi olan İbn Abbas ağlamaqda haqlı idi. Hətta bütün müsəlmanların qan ağlamaları lazım gəlir. Çünki Peyğəmbəri-əkrəmin (s) vəsiyyət edib, ümmətin vəzifəsini bildirməsinə mane oldular; risalətinin mükafatı olaraq ömrünün son anında o həzrətə xəyanət və söyüş yağdırdılar. vəsiyyət etməsinə mane olmasaydılar, xilafət işi daha çox inkişaf edər, müsəlmanlar saədətə qovuşar, Rəsulullahın xilafətlə əlaqəli əvvəlki sözləri təsdiqlənmiş, qüvvətlənmiş olardı. Amma bilindiyi kimi, hiyləgər siyasətçilər bunu başa duşüb, Peyğəmbərin vəsiyyət yazmasına mane oldular».
Şeyx: «Həzrət Peyğəmbərin (s) xilafət haqqında yazdırmaq istədiyini haradan bilirsiniz?»
Dəvətçi: «Əvvəla, məlum olduğu kimi, o zaman artıq ümmətin hidayətinə vəsilə olacaq açıqlanmamış əhkam və dini qanunlar qalmamışdı. Çünki dinin tamamlandığını bəyan edən ayə nazil olmuşdu. 23 il müddət ərzində söylədiyi xilafət mövzusunu yenidən bəyan etmək istəyirdi. Bu səbəbdən imam Qəzzali «Sirrül-aləmin»in kitabının 4-cü məqaləsində belə deyir: «Mənə kağız-qələm gətirin, müşküllərinizi aradan aparım və məndən sonra ona (xilafətə) kimin layiq olduğunu xatırladım» və xüsusilə də «məndən sonra, əsla, azmayasınız» cümləsindən ümmətin hidayəti ilə əlaqəli mətləblərin yazılacağı aydın olur. Digər tərəfdən ümmətin hidayəti mövzusunda xilafət və rəhbərlikdən başqa bir şeyin qalmadığını da bilirik».
Tutaq ki, biz də Peyğəmbəri-əkrəmin xilafət haqqında nə isə yazdırmaq istədiyini israr etmirik. Amma, şübhəsiz, ümmətin hidayətini və onları zəlalətdən xilas edə biləcək müəyyən mətləbləri yazdırmaq istəyi qətidir. Bu halda niyə mane oldular? Belə fərz edək ki, anlamadıqları üçün mane oldular. Bəs niyə təhqirlə, söyüşlə xəyanət etdilər?
Uzun-uzadı danışdığım üçün üzr istəyirəm. Qəlbimdə qübarlanan dərdlərdən bir qismini bu naqis dilimlə nəzərinizə çatdırmağa çalışdım.
Bütün bunlardan anlaşıldığı kimi, Əmirəl-möminin imam Əli həzrət Peyğəmbərin vəsisi idi və bu mövzuda, qisməndə olsa fikrimizi bildirmişəm. Amma ölüm yatağında vəsiyyəti tamamlamaq üçün onu yazmaqla ümmətin vəzifəsini təyin etmək istəyirdi. Lakin hiyləgər siyasətçilər, Rəsulullahın (s) nə yazacağını çox yaxşı anladıqlarına görə hay-haray salıb, buna mane oldular.
Xüsusilə höccəti tamamlamaq və şübhələri ortadan qaldırmaq üçün bəzi hədislərdə o həzrət (s) belə buyurmuşdur: «Allah-taala Adəm, Nuh, Musa və İsa üçün bir vəsi təyin etdiyi kimi, mənim üçün də Əlini vəsi təyin etdi».
Yenə buyurmuşdur: «Əli məndən sonra Əhli-beytim və ümmətim arasında vəsimdir».
Bütün bunlar, vəsilikdən məqsədin xilafət olduğunu açıq-aydın aşkar edir. Bu halda həzrət Əli Peyğəmbəri-əkrəmin xəlifəsidir».
Şeyx: «Bu rəvayətlər səhih olsalar belə, mütəvatir deyillər. Bunları necə sənəd qəbul edirsiniz?»
Dəvətçi: «Bizə görə Qurani-kərimin bərabəri olan Əhli-beytdən (ə) gələn rəvayətlər qəti və etibarlıdır. Əvvəlki gecələrdə bəyan etdiyim kimi, alimləriniz də xəbəri-vahidi höccət bilirlər. Daha doğrusu, bundan da başqa əgər bu rəvayətlərdə ləfzi təvatür olmasa da, mənəvi təvatür vardır. Vaxt az olduğu üçün bu anda hamısını yadıma sala bilmədim. Ancaq nəql etdiyim bu bir neçə rəvayətdən də anlaşıldığı kimi, Peyğəmbəri-əkrəm həzrət Əlini xilafət mənasında vəsilik məqamına təyin etmişdir.
Qeyd edim ki, siz təvatürə çox önəm verirsiniz. Bizə cavab verdiyiniz hər yerdə təvatürü irəli çəkirsiniz. Bu halda «Biz peyğəmbərlər miras qoymuruq» hədisinin təvatürünü necə isbat edə bilərsiniz? Sizin dediyinizə görə, bu hədisi Əbu Bəkr və ya Övs ibn Hədsan rəvayət etmişdir və bir neçə nəfər halı məlum mənfəətçilər də bunu təsdiq etmişlər. Amma milyonlarla müvəhhid müsəlmanlar bunu hər zaman rədd etmişlər. Xüsusilə də Xatəmül-ənbiyanın (s) elm qapısı olan həzrət Əli (ə) və Qurani-kərimin bərabəri sayılan Əhli-beyt (ə) imamlarının inkarı bu hədisin ləğvi üçün ən böyük dəlildir. Bunların hamısı məntiqli dəlillərlə bu hədisin uydurma olduğunu isbat edir. Bu səbəbdən biz də sadəcə bəzisinə işarə etdik.
Dəlillərin ən böyüyü həzrət Əli (ə) və həzrət Fatimənin (s.ə) bilavasitə Əbu Bəkrin hüzurunda bu hədisi inkar etmələridir. Əlbəttə, Rəsulullahın elm qapısı və vəsisi olan həzrət Əli bu hədisi rədd etmişsə, artıq höccət tamamlanmış və bu hədisin uydurma olduğu məlum olmuşdur. Əgər peyğəmbərlərin və xüsusilə də Xatəmül-ənbiyanın miras qoymaq səlahiyyəti yoxdursa, bu halda özlərinə necə varis təyin etmişlər?
Əvvəldən də söylədiyim kimi, Peyğəmbəri-əkrəm (s) belə buyurmuşdur: «Hər peyğəmbərin bir vəsisi və varisi vardır; Əli də mənim vəsim və varisimdir». Maldan mirası olmadığı bir vəsi və varisin heç bir mənası yoxdur. Əgər maldan mirası olduğunu isbat edən bu qədər elmi və əqli dəlillərə baxmayaraq, elmi-mirasın qəsd edildiyini bəyan edirsinizsə, onda bu iddiamız daha yaxşı isbat olur. Çünki Peyğəmbəri-əkrəmin (s) elmi varisi, bu elmə sahib olmayanlardan xilafət məqamına daha layiqdir!
İkincisi, Allah-taalanın həzrət Əlini bu məqama təyin etdiyi, Peyğəmbəri-əkrəmin də onu vəsi və varis qərar verdiyi, alimlərinizin də bu hədisləri nəql etdiyi bir halda, necə ola bilər ki, belə bir hədisi ixtilaf düşməsin deyə, məhz vəsisinə yox, başqalarına söyləmiş olsun?
Çox qəribədir, həzrət Əli hər hansı bir məsələdə qəzavət etdikdə, Ömər və Əbu Bəkr hökmlərdən xəbərsiz olduqları halda, onun sozünü təsdiq edərək, dediklərinə əməl edirdilər.
Möhtərəm alimləriniz və tarixçiləriniz də həzrət Əlinin Əbu Bəkr, Ömər və Osmanın xilafəti dövründə verdiyi hökmləri nəql etmişlər. Amma nə üçünsə bu xüsusda həzrət Əlinin sözünü qəbul etmədilər, hətta təhqir edib insanın dilinə gətirməyə belə utandığı sözləri söylədilər».
Hafiz: «Xəlifələrin dini hökmləri bilmədiklərini və hökmləri onlara Əlinin (ə) xatırlatdığını söyləməyiniz çox gülüncdür».
Dəvətçi: «Təəccüblü bir şey yoxdur, bütün hökm və qaydaları qavramaq, həqiqətən çox çətindir. Peyğəmbər (s) və ya onun elm qapısından başqa, normal bir insanın bütün hökm və bəndləri kamil bir şəkildə bilmək imkanı yoxdur. Bunu təkcə mən demirəm, sizin alimləriniz də mötəbər kitablarında nəql etmişlər. Xəyanət etdiyimizi sanmasınlar deyə, mövzunun aydınlaşması üçün bu hadisələrdən sadəcə bir nümunə zikr etmək istəyirəm.

ALTIAYLIQ UŞAQ DOĞURAN QADIN HAQQINDA HƏZRƏT ƏLİNİN (Ə) VERDİYİ HÖKM
İmam Əhməd Hənbəl «Müsnəd»də imamül-Hərəm Əhməd ibn Abdullah Şafei «Zəxairul-üqba»da, İbn Əbil Hədid «Nəhcül-bəlağənin şərhin»də, Şeyx Süleyman Hənəfi «Yənabiul-məvəddə»nin 56-cı babında, Əhməd ibn Abdullah, Əhməd ibn Hənbəl, Qəlii və İbn Səmandan belə rəvayət edirlər: «Ömər altıaylıq bir uşaq doğan qadını daşqalaq etmək istəyirdi. Bunu görən Əli (ə) belə buyurdu: «Allah-taala Quranda buyurur: «Hamiləlik və süddən kəsilmə müddəti 30 aydır. Süddən kəsilmə 2 il, hamiləlik müddəti isə 6 aydır». (Yəni uşaq altıaylıq doğula bilər. Çünki hamiləliyin ən qısa müddəti 6 aydır) Buna görə Ömər o qadını daşqalaq etməkdən daşındı və belə dedi: «Əli olmasaydı, Ömər həlak olardı».
Eyni babda Əhməd ibn Hənbəlin «Mənaqib»indən belə rəvayət edir: «Ömər ibn Xəttab bir çətinliklə qarşılaşdıqda hökmü həzrət Əlidən öyrənirdi».
Bu cür hadisələr Əbu Bəkr, Ömər və Osmanın xilafəti dövründə olduqca çox olmuşdur. Qarşılarına bir müşkül məsələ çıxdıqda həzrət Əlinin (ə) verdiyi hökmə görə əməl edirdilər.
Ağalar bir az düşünün. Sizcə qəribə deyilmi? Başqa hər hökmü qəbul etdikləri halda həzrət Əlinin miras haqqındakı hökmünü qəbul etmədilər; hətta təhqirə yol verdilər. Hay-küy salaraq, məzlum Zəhranın (s.ə) haqqını əlindən aldılar.
Bu hədisin uydurma olduğunun üçüncü dəlili də bilavasitə Əbu Bəkrin öz əməlidir. Əgər bu hədis doğru olmuş olsaydı, Peyğəmbəri-əkrəmdən qalan hər şeyin toxunulmazlığı təmin olunardı. Amma bildiyimiz kimi, xəlifə Fatimənin (s.ə) hücrəsini özünə verdi, Ayişə və Həfsənin hücrələrini də miras babından özlərinə verdi. Bu ziddiyyətli deyilmi? Bəzisinə inanıb, bəzisini inkar etmək deyilmi? Əgər bu hədis səhih idisə və Rəsulullahın söylədiyinə qəti inanmışdılarsa, o halda nəyə görə Əbu Bəkr Fədəki müsadirə etdikdən sonra məktub yazaraq Fədəki Fatiməyə (ə) qaytardı? Amma Ömər mane olaraq həmin məktubu alıb cırdı».(ardı 32-ci münazirədə)

Davamı 32-ci münazirədə ...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!