31-CU MÜNAZİRƏ - I hissə

:

PEYĞƏMBƏRİN (S) VƏSİYYƏTİNƏ MANE OLUNDU (1 şaban, cümə, 1345-ci il).
Dəvətçi: Peyğəmbəri-əkrəm (s) vəfat etdikdə başı ümmül-möminin Ayişənin sinəsinin üstündə deyildi. Çünki Əhli-beytdən (ə) rəvayat edilən səhih və mütəvatir rəvayətlər, şiə alimlərinin icması və böyük alimlərinizin mötəbər kitablarında yer alan rəvayətlər də bu iddianızı rədd edir.

Bütün bunlar Rəsulullah vəfat etdikdə başının Əmirəl-möminin Əlinin sinəsi üzərində olduğu və o saatlarda sinəsinə elm qapılarının açıldığı rəvayat edilir».
Şeyx: «Hansı alimimizin kitabında belə bir şey yazılmışdır?»
Dəvətçi: «Zəhmət olmasa, «Kənzul-ummal»ın 4-cü cildinin 55-ci və 6-cı cildinin 392-ci və 400-cü səhifəsinə, «Təbaqati Məhəmməd ibn Səd Katib»in 2-ci cildinin 51-ci səhifəsinə, «Müstədrəki Hakim Nişaburi»nin 3-cü cildinin 139-cu səhifəsinə, imam Əhməd ibn Hənbəlin «Müsnəd»nin 3-cü cildinə, Hafiz Əbu Nəimin «Hilyətül-övliya», «Təlxisi-Zəhəbi», «Sünənu İbn Əbi Şeybə» və «Kəbiri-Təbərani» və digər bir çox mötəbər kitablarınıza müraciət edin! Hamısında fərqli təbirlərlə ümmül-möminin Ümmü-Sələmə, Cabir ibn Abdullah Ənsari və digərlərindən belə rəvayət edilmişdir: «Peyğəmbəri-əkrəm vəfat etməzdən əvvəl həzrət Əlini yanına çağırdı və ruhu bədənindən ayrılanadək mübarək başı o həzrətin sinəsi üzərində idi».
Bütün bu rəvayətlərdən daha əhəmiyyətlisi, bilavasitə həzrət Əlinin (ə) «Nəhcül-bəlağə»də buyurduğu sözdür. İbn Əbil Hədid ««Nəhcül-bəlağənin şərhi» kitabının 2-ci cildinin 561-ci səhifəsində İmamın belə buyurduğunu qeyd etmişdir: «Rəsulullah vəfat etdikdə başı sinəmin üstündə idi; əlimin üzərində olduğu halda ruhu bədənindən ayrıldı və (təbərrük üçün) əllərimi üzümə sürtdüm».
Eyni cildin 590-cı səhifəsində isə imam Əlinin həzrət Fatiməni dəfn etmək bəhsinin içində Rəsulullaha xitabən belə buyurduğu nəql edilmişdir: «Şübhəsiz, Səni məzara mən qoydum, ruhun sinəmin və boynumun arasında xaric oldu».
Sağlam olan bütün bu dəlillər, Ayişənin rəvayətini rədd edir. Çünki Ayişənin hələ çox-çox əvvəldən Əmirəl-möminin Əliyə qarşı barışmaz kini var idi. İnşallah, qarşıdakı gecələrdə fürsət əldə edə bilsəm, Ayişənin həzrət Əliyə olan düşmənçiliyini də bəyan etməyə çalışacağam.

VƏSİLİK XÜSUSUNDA ARAŞDIRMA
Bütün bu hədislərlə Nəvvab ağanın «Xəlifə olduğu halda vəsiyə nə ehtiyac var?!» etirazına da ikinci cavabı vermiş olduq. Çünki əgər insan bir az olsa belə insafla bu nəql olunmuş hədislərə baxar və xüsusilə də, «Böyük peyğəmbərlərin vəsilərini təyin edən Allah-taala, Əlini mənim vəsim qərar verdi» hədisinə diqqət edərsə, bu vəsiliyin adi bir ailə vəsiliyi olmadığını çox asanlıqla anlayar. Çünki buradakı vəsidən məqsəd, ümmətin fərdi və cəmiyyətlə əlaqəli bütün işlərini idarə edən xilafətdir. Yəni nübüvvət məqamından sonra gələn vəsilik məqamıdır.
Həzrət Əlinin vəsilik məqamı bütün böyük alimlərinizin də qəbul etdiyi bir həqiqətdir. Bunu, sadəcə həzrət Əlinin bütün fəzilətlərini rədd edən bir qrup mütəəssib insanlar rədd etmişdir.
Bu səbəbdən İbn Əbil Hədid «Nəhcül-bəlağənin şərhi» (Misir çapı) kitabının 1-ci cildinin 26-cı səhifəsində belə deyir: «Bizim yanımızda, şübhəsiz ki, Əli (ə) Rəsulullahın (s) vəsisidir. Təkcə inad əhli bunu rədd edir».
Şeyx: «Əgər bu rəvayətlər doğrudursa, nə üçün kitablarda Rəsulullahın (s) Əli (ə) ilə əlaqəli vəsiyyətini görmürük?! Bilindiyi kimi, Əbu Bəkr və Ömərin vəsiyyətləri kitablarda qeyd olunmuşdur».
Dəvətçi: «Həzrət Əlinin (ə) vəsilik mövzusu və Peyğəmbəri-əkrəmin (s) vilayət məqamı ilə əlaqəli əmrləri böyük şiə alimlərinin mötəbər kitablarında Əhli-beyt (ə) mənbəyi ilə təvatür dərəcəsində yer almışdır. Lakin ilk gecədə qərara alındığına görə, öz kitablarımızdan dəlil gətirməmək üçün bilavasitə sizin mötəbər kitablarınızda yer alan və bu anda hafizəmdə qalan bəzi rəvayətləri zikr etmək istəyirəm.

VƏSİLİK ƏMRİNƏ İŞARƏ
Əgər Rəsulullahın vəsiyyətini və Əmirəl-möminin həzrət haqqındakı əmrləri ilə əlaqəli bütün hədisləri görmək istəyirsinizsə, zəhmət olmasa, bu kitablara müraciət edin: «Təbəqati-İbn Səd», c, 2, səh. 61 və 63; Müttəqi: «Kənzul-ümmal», c. 4, səh. 54, həmçinin c. 6, səh. 155, 393 və 403; «Müsnədi imam Əhməd ibn Hənbəl», c. 4, səh. 164; «Müstədrəki-hakim», c. 3, səh. 59 və 111.
«Sünən» və «Dəlaili-Beyhəqi», «İstiabi İbn Əbdülbirr», «Kəbiri-Təbərani, «Tarixi-İbn-Mərdəveyh» və digər bir çox alimləriniz də müxtəlif dövürlərdə və fərqli təbirlərlə Peyğəmbəri-əkrəmin (s) bu mövzudakı bəyanlarını nəql etmişlər.
Qeyd olunan ibarələrin xülasəsi Xatəmül-ənbiyanın (s) bu sözüdür: «Ya Əli! Sən mənim qardaşım, vəzirim, borclarımı ödəyən, vədlərimə vəfa edən və mənə etibar edilən əmanətləri sahibinə qaytaran kəssən. Sən məni yuyacaq, borclarımı ödəyəcək və məni məzara qoyacaqsan».
Peyğəmbəri-əkrəmdən bu cür açıq rəvayətlər olduqca çoxdur. Hamısı da Rəsulullahın vəsiyyətinə əməl etmə nişanələrinin əlamətləridir. Bu səbəbdən həzrət Əli vəsiyyətə uyğun olaraq Rəsulullaha qüsl vermiş, kəfənləmiş və məzara qoymuşdur. Əbdurrəzzaqın «Cami» kitabında rəvayət etdiyinə görə, Əmirəl-möminin Peyğəmbəri-əkrəmin 500 min dirhəm borcunu da vermişdir.
Şeyx: «Qurani-kərimdə belə bir qanun vardır: «Hər biriniz ölüm vaxtı gəlib çatanda qoyub gedəcəyiniz maldan valideynlərinizə, yaxın qohumlarıaıza ədalətlə [bəyənilmiş surətdə] vəsiyyət edin, [bu iş] təqvalılar uçün bir borcdur». (“Bəqərə” surəsi, ayə 180)
Bu ayəyə uyğun olaraq, Peyğəmbəri-əkrəm (s) vəfat zamanında vəsiyyət etməli və vəsisini təyin etməli idi. O halda, Rəsulullah niyə vəsiyyət etmədi? Halbuki, Ömər və Əbu Bəkr belə vəsiyyət etmişlər».
Dəvətçi: «Əvvəla, «Hər biriniz ölüm vaxtı gəlib çatanda» cümləsindən məqsəd, ölümü görmək (can vermək) anı deyildir. Çünki o anda insan şüurunu itirir və bu vəzifəsinə tam əməl edə bilmir. Ayədən məqsəd yaşlılıq, bədən taqətsizliyi və xəstəlik səbəbindən ölümün əlamətləridir.
İkincisi, bu sözləriniz məni böyuk qəm-qüssəyə qərq etdi və əsla unuda bilməyəcəyim böyük bir müsibəti yadıma saldı. Böyük cəddimiz Rəsulullah (s) vəsiyyət haqqında belə buyurmuşdur: «Kim vəsiyyət etmədən ölərsə, cahiliyyət ölümü ilə ölmüş olur».
Peyğəmbəri-əkrəm ümmətindən heç kimin vəsiyyətsiz ölməsini, öldukdən sonra da yerdə qalanların ixtilafa düşməsini istəmirdi.
Amma bilindiyi kimi, Peyğəmbər 23 il ərzində Allah-taalanın vəsi təyin etdiyi şəxsi ümmətə xatırlatmış və bunu açıq-aydın şəkildə bəyan etmişdir. Ölüm anında da ümmətin savaş, ixtilaf və zəlalətə düşməsinin qarşısını almaq üçün bu müddət içərisində söylədiyi sözləri bu vəsi vasitəsi ilə kamala çatdırmaq istədi. Amma təəssüflər olsun ki, siyasətbazlar ona ilahi vəzifəsini yerinə yetirməsinə mane oldular. Siz də burada Peyğəmbərin ölüm anında vəsiyyət etməməyinə etiraz edirsiniz».

PEYĞƏMBƏRİN (S) ƏMRİNƏ İTAƏT VACİBDİR
Şeyx: «Bu bəyanlarınız, əsla, doğru deyildir! Çünki heç kəsin Xatəmül-ənbiyaya (s) mane ola biləcəyini düşünmürəm. Bu səbəbdən Quran da belə buyurur: «Peyğəmbərin sizə verdiyini alın və nəhy etdiyindən də çəkinin». (“Həşr” surəsi, ayə 7)
Həmçinin, bir çox ayədə də Peyğəmbəri-əkrəmə (s) itaət edilməsi əmr edilərək belə buyurulmuşdur: «Allaha və Rəsuluna itaət edin».
Şübhəsiz, Rəsulullahın əmrinə itaət etməmək küfrdür. Heç bir səhabə Peyğəmbərin vəsiyyətinə mane olmamışdır. Bu cür rəvayətlər din düşmənlərinin ümmətin Rəsulullahın əmrinə etinasızlıq göstərməsini təmin etmək üçün uydurduğu iftira və yalandır.

PEYĞƏMBƏRİN (S) VƏSİYYƏT ETMƏSİNƏ MANE OLUNMASI
Dəvətçi: «Zəhmət olmasa, qəsdli olaraq qəflət etməyin. Bu uydurma bir rəvayət deyildir. Əksinə, müsəlmanların ümumilikdə səhihliyi haqqında ittifaq etdikləri hədislərdir. Hətta müxaliflərin dəlil olaraq göstərə biləcəyi bir rəvayəti nəql etmək xüsusunda olduqca diqqətli davranan Buxari və Müslim belə öz «Səhih»lərində Peyğəmbəri-əkrəmin (s) ölüm anında belə buyurduğunu rəvayət etmişlər: «Mənə kağız-qələm gətirin, əsla azğınlığa düşməyəcəyiniz şeyləri yazım».
Orada olanlardan bəziləri bir siyasi insanın küframiz sözlərinə aldanaraq, bağırıb çığırmaqla vəsiyyətin yazılmasına mane oldular. Rəsulullahın hüzurunda elə gurultu və səs çıxardılar ki, Peyğəmbərin qəlbi qırıldı və narahat olub, onları yanından çölə çıxartdı».
Şeyx: «Mən belə bir şeyə inana bilmirəm! Kim belə cəsarət edə bilər?! Kim Peyğəmbəri-əkrəmin (s) sözünə qarşı çıxıb, itaətsizlik göstərə bilər?! Halbuki, bilindiyi kimi, adi bir müsəlman belə vəsiyyət edərsə heç kim ona mane ola bilməz! O ki, qaldı Rəsuli-əkrəm kimi itaəti vacib və müxalifəti küfrə səbəb olan bir şəxsə mane olsunlar! Çünki böyüklərin vəsiyyəti doğru yola yönəlmə vəsiləsidir və heç kim ona mane ola bilməz! Bu səbəbdən Əbu Bəkr və Ömər də vəsiyyət etdilər və heç kim onlara mane olmadı. Belə bir rəvayətə, əsla, inana bilmərəm!»
Dəvətçi: «İnanmamaqda haqlısınız; sadəcə siz deyil, hər müsəlman təəccüb edir. Hətta bu hadisəni duyan hər kəs təəccüb edir. Peyğəmbəri-əkrəm (s) ömrünün son anlarında ümmətini azğınlıqdan, cəhalətdən, fəlakətdən qurtarmaq və onlara doğru yolu göstərmək üçün vəsiyyət etmək istəmiş, lakin ona mane olmuşlar. Lakin bu hadisə həqiqiləşmiş və müsəlmanları boyük bir qəm və qüssəyə qərq etmişdir.

Davamı var ...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!