32-Cİ MÜNAZİRƏ - II hissə

:

HƏZRƏT ƏLİ (Ə) SİDDİQLƏRİN ƏN ÜSTÜNÜDÜR
Fəxri Razi «Təfsiri-kəbir»də, Sələbi «Kəşfül-bəyan»da, Cəlaləddin Süyuti «Dürrül-mənsur»da, Əhməd ibn Hənbəl «Müsnəd»də, İbn Şirəveyh «Firdovs»da, İbn Əbil Hədid «Nəhcül-bəlağənin şərhi»nin 2-ci cildinin 451-ci səhifəsində, İbn Məğazili Şafei «Mənaqib»də, İbn Həcər Məkki «Səvaiq»də həzrət Əlinin (ə) fəzilətləri haqqında rəvayət etdiyi 40 hədisin 30-cu hədisində Buxaridən o da İbn Abbasdan (son cümlədən başqa) nəql edərək həzrət Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu rəvayət etmişdir: Siddiqlər (doğrular) üç nəfərdir:

Firon ailəsinin mömini Hezqil, Yasin ailəsinin mömini Həbibi-Nəccar və onların ən üstünü olan Əli ibn Əbu Talib.
Şeyx Süleyman Bəlxi Hənəfi «Yənabiul-məvəddə»nin 42-ci babının əvvəlində imam Əhmədin «Müsnəd»indən nəqlən, Əbu Nəim, İbn Məğazili və Xarəzmi «Mənaqib»də Əbu Leyli və Əbu Əyyub Ənsaridən nəql edərək, İbn Həcər Məkki «Səvaiq»də 40 hədisin 31-ci hədisində Əbu Nəimdən nəql edərək, İbn Əsakir Əbu Leylidən nəql edərək, Məhəmməd ibn Yusif Gənci «Kifayətut-talib»in 24-cü babında sənədilə Əbu Leyladan rəvayət edir. Rəvayətin sonunda belə deyir: «Mühəddisi-Şam öz «Tarix»ində və Hafiz Əbu Nəim «Hilyətul-övliya» kitabının həzrət «Əlinin (ə) əhvalatının tərcüməsi»ndə həzrət Mühəmmədin (s) belə buyurduğunu rəvayət edir: «Siddiqlər (doğrular) üç nəfərdir: Yasin ailəsinin mömini Həbibi-Nəccar (belə dedi: «Ey qövmüm Allahın elçilərinə itaət edin»), Firon ailəsinin mömini Hezqil (belə dedi: «Görəsən «Allah  rəbbimdir» deyən bir kimsənimi öldürəcəksiniz?!») və onların ən üstünü olan Əli ibn Əbu Talib».
Həqiqətən qəribədir, adət və təəssüb necə də elm və insafınızı məğlub etmişdir! Bilavasitə özünüzün nəql etdiyi bir çox rəvayətlər də Quran ayələri kimi həzrət Əlinin siddiqlərin ən üstünü olduğunu sübut edir, bununla belə başqalarına siddiq deyirsiniz. Lakin bir ayə belə onların siddiq olduğuna dair hədis nəql edilməmişdir.
Görəsən Qurani-kərimin siddiqlərdən olduğunu soylədiyi və ona itaət olunmasını əmr etdiyi bir şəxsin şəhadətinin rədd edilməsi və hətta ona qarşı həqarət edilməsi doğrudurmu? Görəsən Rəsulullahın: «Bu, ümmətin siddiqidir» – deyə şahidlik etdiyi və Qurani-kərimin də sədaqətini təsdiqlədiyi bir şəxsin yalandan şahidlik etməsini ağıl qəbul edərmi?!

ƏLİ (Ə) HAQQ VƏ QURANLADIR
Peyğəmbəri-əkrəm (s): «Əli haqq ilədir, haqq da Əli ilə birlikdəlir» – deyə buyurmamışdırmı?
Rəsulullahın (s) buyurduğu: «Əli Quran ilədir, Quran da Əli ilədir; bu ikisi hovuzun başında yanıma gələnə qədər bir-birindən ayrılmazlar» hədisini sizin alimlərinizin bəzisi Ümmü Sələmə, bəzisini Ayişə, bəzisi də Məhəmməd ibn Əbu Bəkrdən nəql edərək yazmışlar. Məsələn: Xətib Bağdadi, «Tarixi-Bağdadi», c. 4, səh. 321; Hafiz ibn Mərdəveyh, «Mənaqib»; Deyləmi, «Firdovs»; Hafiz Heysəmi, «Məcməuz-zəvaid», c. 7, səh. 236; İbn Qüteybə, «Əl imamətu vəs-siyasət», c. 1, səh. 68; Hakim Əbu Abdullah Nişaburi, «Müstədrək» c. 3, səh. 124; İmam Əhməd ibn Hənbəl, «Müsnəd»; Təbərani, «Ovsət», Məhəmməd ibn Yusif Gənci Şafei, «Kifayətut-talib» və s.
Zəməxşəri Ümmü-Sələmə və İbn Abbasdan, həmçinin «Yənabiul-məvəddə» kitabından, Cəlaləddin Süyutinin «Camius-səğir» kitabının 65-ci  babının 185-ci (İstanbul çapı) və eləcə də 116-cı səhifəsi və «Tarixül-xüləfa»dan va eləcə də 358-ci səhifədə, «Feyzül-Qədir»in 4-cü cildindən İbn Abbasdan nəql edərək 237-ci səhifəsində, «Mənaqibus-Səbih»in 44-cü hədisindən «Sahibi-Firdovs»dan nəqlən 283-cü səhifəsində, 59-cu babın əvvəlində «Səvaiq»in 2-ci fəslindən - Ümmü Sələmədən nəql edərək və bəziləri isə bu ibarə ilə rəvayət etmişlər: «Haqq Əli ilədir, Əli də haqq ilə; bunlar, əsla, bir-birlərindən ayrılmazlar».
İbn Həcər «Səvaiq»in 9-cu babının 2-ci fəslin axırının 77-ci səhifəsində Xatəmül-ənbiyanın (s) ölüm yatağında belə buyurduğunu rəvayət edir: «Mən sizin aranızda Allah-taalanın kitabını və itrətim olan Əhli-beytimi qoyuram».
Sonra həzrət Əlinin (ə) əlindən tutub qaldıraraq belə buyurdu: «Bu Əli Quran ilədir və Quran da Əli ilədir; bunlar hovuzun kənarına gələnə qədər bir-birindən ayrılmazlar. Mən onların hər ikisindən xilafət məqamını soruşacağam».
Sibt ibn Cuzi «Təzkirətul xəvassil-ümmə» kitabının 20-ci səhifəsində - Qədir hədisinin əvvəlində Rəsulullahın (s) belə buyurduğunu nəql edir: «Allahım, Əli haraya və necə dönərsə haqqı onunla döndər».
İbn Cuzi qeyd edilən hədis haqqında nəzərini belə deyir: «Bu hədis, Əli ilə əshabdan olan bir kəsin arasında ixtilaf olduqda haqqın Əli ilə olduğuna dəlalət edir».

ƏLİYƏ (Ə) İTAƏT, ALLAHA VƏ PEYĞƏMBƏRƏ (S) İTAƏTDİR
Bu zikr etdiyim kitablardan əlavə, digər mötəbər kitablarınızda da nəql edildiyinə görə Peyğəmbəri-əkrəm (s) bir çox yerdə fərqli ibarələrlə belə buyurmuşdur: «Əliyə itaət edən mənə itaət etmişdir, mənə itaət edən isə Allaha itaət etmişdir. Əlini inkar edən məni inkar etmişdir, məni inkar edən də Allahı inkar etmişdir».
Bu qədər mötəbər kitablarınızda yer alan açıq rəvayətlərə baxmayaraq, Əlini (ə) rədd və ya inkar etmək, ondan üz çevirmək Allah-taala və Rəsulunu (s) rədd və inkar etmək, haqq və həqiqətdən üz çevirmək deyilmi?
Əbülmüəyyid Müvəffəq ibn Əhməd Xarəzmi «Mənaqib»də, Məhəmməd ibn Təlhə Şafei «Mətalibus-süul»da və İbn Əbil Hədid «Nəhcül-bəlağənin şərhi» kitabında Peyğəmbəri-əkrəmin (s) açıq-aydın belə buyurduğunu rəvayət edir: «Əliyə hörmət edən mənə hörmət etmişdir, mənə hörmət edən də Allah-taalaya hörmət etmişdir. Əliyə xəyanət edən mənə xəyanət etmişdir, mənə xəyanət edən də Allah-taalaya xəyanət etmişdir».

İNSAF VƏ ƏDALƏTLƏ QƏZAVƏT EDİN
İnsaflı ağalar, baş verən hadisələri öz kitablarınızda mövcud olan bu qədər rəvayət və hədislərlə müqayisə edərək ədalətlə hökm edin və günahsız şiələrə pis nəzərlərlə baxmayın.
«Xəlifə şəriətin zahirinə görə hökm etməyə məcbur idi və "şahidlik" ayəsi ümumi olduğu üçün də şəriətin qəbul etdiyi şahidlər olmadan sadəcə bir iddiaya görə müsəlmanların malını Fatiməyə verə bilməzdi» sözünüzə gəlincə; əvvəl də söylədiyim kimi, bu mal müsəlmanların malı deyildi. Həzrət Fatiməyə bağışlanmış, onun sərəncamında olan bir mülk idi. Xəlifə bir az ehtiyat edib nurlu şəriətimizin qanunlarına zidd getməyərək malı əlində olan şəxsdən şahid istəməməli idi.
İkincisi, əgər xəlifə həqiqətən şəriət hökmlərini icra edən idisə, bir tük qədər şəriət hökmlərinə zidd davranmaması lazım gəlirdi. Bu halda nəyə görə ayrıseçkilik edərək bəzi şəxslərə, şahidləri olmadan, müsəlmanların malından onlara verirdi? Bu hökm və xəlifənin ehtiyatı təkcə Peyğəmbəri-əkrəmin (s) əmanəti olan məzlum Fatimə (s.ə) haqqında idimi?! Halbuki, həzrət Fatimənin sözünün doğruluğu və həzrət Əlinin şahidliyi hamı üçün aydın və bəlli idi.
İbn Əbil Hədid «Nəhcül bəlağənin şərhi»nin 4-cü cildinin 105-ci səhifəsində belə deyir: «Bağdadın qərb mədrəsəsinin ustadı Əli ibn Fariqidən: «Fatimə doğru danışandırmı?» – deyə soruşdum. Cavabında: «Bəli» – dedi. Mən: «Əgər doğru danışandırsa, bu halda xəlifə nə səbəbdən Fədəki ona vermədi?» – deyə soruşduqda, təbəssümlə edərək söz ustası olmadığı halda gözəl bir söz söylədi: «Əgər o gün Fatimənin iddiasına görə Fədək ona qaytarılsaydı, sabahı gün gəlib əri üçün xilafəti tələb edəcəkdi. Belə olduqda, xəlifə haqqı haqlıya verməyə məcbur olacaqdı. Çünki əvvəldən onun sədaqətini bilirdi».
Bu mövzu alimlərinizin nəzərində qaranlıq deyil; insafı olan hər kəs həqiqəti olduğu kimi təsdiq etmişdir. İlk gündən haqq məzlum Fatimə (s.ə) ilə idi. Ancaq siyasi məqamlarını qorumaq üçün bilərəkdən həzrət Zəhranı öz haqqından məhrum etdilər».
Hafiz: «Xəlifə kimə şahidi olmadan müsəlmanların malını vermişdi?»

CABİRƏ BAĞIŞLANAN MAL, AĞIL SAHİBLƏRİNİN İBRƏT ALMASINA SƏBƏB OLDU
Dəvətçi: «Məsələn: Cabir; «Peyğəmbəri-əkrəm mənə Bəhreynin beytül-mala aid büdcəsindən bir miqdar pul verəcəyini vəd etmişdi» – deyə iddia etdikdə, etiraz belə edilmədən, şahid belə istənilmədən ona müsəlmanların malından 1500 dinar verildi».
Hafiz: «Əvvəla, bu xəbəri mən heç yerdə görməmişəm! Ola bilsin sizin kitablarınızda var. İkincisi, haradan məlumdur ki, şahid istənilməyib?»
Dəvətçi: «Görməməyiniz çox qəribədir. Çünki alimlərinizin adil bir səhabənin rəvayət etdiyi xəbəri-vahidin qəbul ediləcəyinə dair gətirdikləri dəlil Cabir ibn Abdullah Ənsarinin xəbəridir. Şeyxul-İslam Əsqəlani «Fəthül-Bari fi şərhi Səhihil-Buxari» də belə deyir: «Bu xəbər, səhabədən adil olanların verdiyi xəbərin qəbul edilə biləcəyinə dəlalət edir; bu, onun mənfəətinə də olsa fərq etməz. Çünki Əbu Bəkr Cabirdən, iddiasının səhihliyi haqda şahid istəmədi».
Bu xəbəri Buxari öz «Səhih»ində daha ətraflı nəql etmişdir. «Xüms» kitabının «Ma Qətəən-nəbiyyu min əl Bəhreyn» babında belə yazmışdır: «Bəhreynin beytül-malı Mədinəyə gətirildikdə Əbu Bəkrin çağırcısı belə dedi: «Hər kimə Peyğəmbəri-əkrəm bir şey vəd etmişsə və ya Rəsulullahdan bir alacağı varsa gəlib alsın». Cabir gələrək: «Rəsulullah Bəhreynin beytül-malından mənə bir miqdar mal verməyi vəd etmişdi» – dedi.
Bəhreyn fəth edilib müsəlmanların hakimiyyəti altına keçdikdə, şahid istənilmədən Cabirə təkcə iddiasına görə 1500 dinar verildi.
Ağalar, indi Allah rizasına söyləyin, görəsən, bu əməl ayrıseçkilik deyilmi? Əgər Əbu Bəkr “şahidlik” ayəsinin xilafına şahid istəmədən müsəlmanların malının iddiasına görə Cabirə bir miqdar pul vermişsə və bundan bir azda olsa belə narahat olmamışsa, (fərz edək ki, Fədək müsəlmanların ümumi mülkiyyətinə aiddir) onda Rəsulullahın (s) əmanəti və doğru danışan qızı olan həzrət Fatimənin (s.ə) qəlbini qırmaması və sözünü yerə salmaması lazım gəlirdi!
Hafiz: «Əbu Bəkrin Cabirdən şahid istəməsinin səbəbi, Cabirin Peyğəmbəri-əkrəmin (s) yaxın əshabı olduğuna və onun tərbiyə etdiyinə görə idi. Bilmək lazımdır ki, Cabir «Kim bilərəkdən mənə qarşı iftira və yalan istinad edərsə, Cəhənnəmdə yerini hazırlamalıdır» hədisini mütləq eşitmişdi. Bu şiddətli təhdid qarşısında Rəsulullahın yaxını və onun tərbiyə etdiyi mömin bir səhabə qətiyyən iftira və yalan söyləməz, bu dəyərsiz dünya üçün axirətini əldən verməz və Peyğəmbərə istinad edərək yalan söz nəql etməz!».
Dəvətçi: «Cabir Peyğəmbəri-əkrəmə (s) daha yaxındır, yoxsa həzrətin tərbiyə etdiyi həzrət Əli (ə) və həzrət Fatimə (s.ə)?»
Hafiz:»Şübhəsiz, Əli (ə) və Fatimə (ə) Peyğəmbəri-əkrəmdən (s) tərbiyə almış və o Həzrətə hər kəsdən daha yaxın olmuşlar».
Dəvətçi: «O halda, həzrət Əli və həzrət Fatimənin belə şiddətli bir təhdid qarşısında həzrət Peyğəmbərə iftira və yalan istinad etməyəcəklərini qəbul edin. Onlar Fatimeyi-Siddiqənin iddiasını qəbul etməliydilər; çünki onlar da sizin etiraf etdiyiniz kimi, həzrət Əli və Fatimeyi-Zəhranın Cabirdən, hətta bütün əshabdan daha üstün olduğunu bilirdilər. Bu səbəbdən həzrət Əli və həzrət Fatimə Təthir ayəsinin misdaqı olmuş məsum şəxslərdir. Təthir ayəsi açıq-aydın Mühəmməd (s), Əli (ə), Fatimə (s.ə), Həsən (ə) və Hüseynin (ə) məsumluğuna dəlalət edir.
Alimləriniz də onların sədaqət və doğruluğunu təsdiq etmişlər. Bu səbəbdən Peyğəmbəri-əkrəm həzrət Əlini ümmətə «Ümmətin siddiqi və doğru olanı» kimi tanıtmış, Allah-taala da Quranda onu «Sadiq» adlandırmışdır.
Həzrət Fatimə haqqında isə hədis olduqca çoxdur. Məsələn: Hafiz Əbu Nəim İsfahani «Hilyətul-övliya» kitabının 2-ci cildinin 42-ci səhifəsində Ayişədən belə rəvayət edir: «Atası istisna olmaqla, Fatimədən daha doğru danışan bir kəs görmədim».

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!