39-CU MÜNAZİRƏ - Iİ hissə

:

İMAM ƏLİNİN (Ə) ADI AZAN VƏ İQAMƏNİN BİR HİSSƏSİ DEYİLDİR
“Alimlərinizin bu fitvası üzündən azanda da Peyğəmbərin (s) adından sonra Əlinin adı zikr edilir” sözünüzə gəldikdə, əminliklə deyə bilərəm ki, qəsddən səhvə yol verdiniz.

Həzrət Əlinin (ə) adının azan və iqamənin bir hissəsi olduğuna dair nümunə üçün müctehitlərimizin bir fitvasını göstərsəydiniz, çox yaxşı olardı! Halbuki, bütün şiə alimləri öz istidlal və əhkam risalələrində həzrət Əlinin (ə) vilayət şəhadətinin azanın bir hissəsi olmadığını bəyan etmişlər. Həzrət Əlinin adını azan və iqamədə onların bir cüzi olaraq söyləmək haramdır. Əgər niyyət əsnasında hamısını həzrət Əlinin (ə) adıyla birlikdə qəsd edərsə, həm haramdır, həm də əməli batildir. Amma təbərrük məqsədilə Peyğəmbərin (s) adından sonra bir cüzi olmadığı bilib söyləyərsə, eybi yoxdur, gözəldir də. Çünki Allah-taala da, əvvəlcədən zikr etdiyim kimi, Rəsulullahın (s) adını xatırladığı hər yerdə Əlinin (ə) adını xatırladır. Boş yerə çaxnaşmaya salmağa çalışırsınız!
Artıq əsl mövzumuza qayıdaq. Siz ağalar diqqətlə baxsanız görərsiniz ki, səhabədən heç kəs soy və nəsil baxımından həzrət Əli (ə) ilə eyni məqamda deyildir.

HƏZRƏT ƏLİNİN (Ə) ZAHİDLİYİ VƏ TƏQVASI
Təqva və zöhd baxımından da heç kim həzrət Əliyə (ə) çata bilməz. Çünki ümmətin də icma etdiyi kimi Peyğəmbərdən (s) sonra ondan daha təqvalı və zahid bir kimsə tarixdə görülməmişdir. İbn Əbil Hədid “Nəhcül-bəlağənin-şərhi” və Məhəmməd ibn Təlhə Şafei də “Mətalibus-süul” kitabında zamanının ən böyük zahidlərindən olan Ömər ibn Əbdüəzizdən belə rəvayət edir: “Bu ümmətin içində Peyğəmbərdən (s) sonra Əlidən daha zahid və təqvalı bir kimsəni tanımırıq”.
Molla Əli Quşçi bütün təəssüb və inadına baxmayaraq, bir çox yerdə belə deyir: “Ağıllı insanların ağlı Əli (ə) haqqında heyrətə gəlir. Çünki o, gəlmiş və keçmişlərin üzərinə qələm çəkmişdir”. “Şərhi-Təcrid” kitabında yazır: “Əlinin (ə) halını və həyat tərzini eşitmək insanda təəccüb hissi doğurur”.

ABDULLAH RAFEİNİN RƏVAYƏTİ
Abdullah Rafei belə rəvayət edir: “Bir gün həzrət Əlinin (ə) evinə getdim. Ona ağzı bağlı bir torba gətirdilər. Qapağını açdıqda kəpəkli unla dolu olduğunu gördüm. Ondan bir miqdar yedi, üstündən su içdi və Allah-taalaya şükr etdi. Mən belə dedim: “Ey Əbəl Həsən, torbanın ağzını niyə möhürləmisən?” Həzrət Əli (ə) belə buyurdu: “Çünki Həsən və Hüseyn mənə qarşı şəfqətlidirlər; içinə yağ və ya ləziz bir şey tökməmələri üçün və Əlinin nəfsi ləzzət almasın deyə, ağzını bağlayıram”.
(Şübhəsiz, insanın nəfsi, dünyəvi halal ləzzətlər içində get-gedə üsyana düşür və onu Allahın zikrindən uzaqlaşdırır).
Həzrət Əli (ə), bax, bu səbəbdən nəfsə məğlub olmamaq üçün ləzzətli yeməklər yeməkdən çəkinirdi.

SÜVEYD İBN ĞƏFLƏNİN RƏVAYƏTİ
Süleyman Bəlxi “Yənabiül-məvəddə”nin 51-ci babında Əhməd ibn Qeysdən, Xətib Xarəzmi “Mənaqib”də və Təbəri “Tarix” kitabında Süveyd ibn Ğəflədən belə rəvayət edir: “Bir gün həzrət Əlinin (ə) yanına getdim. İyi mənə yetişən bir qab südü gətirib həzrət Əlinin (ə) önünə qoydular. Həzrət Əlinin (ə) əlində kəpəkli və qurumuş arpa çörəyi var idi. Çörək o qədər bərk idi ki, İmam onu əli ilə yox, dizi ilə qırdı. O, qurumuş çörəyi süddə isladıb yeyirdi. Mənə də təklif etdikdə, oruc olduğumu söylədim. O həzrət belə buyurdu: “Həbibim Rəsulullahdan eşitmişəm ki, buyurub: “Hər kəs oruc tutub, canı istədiyi halda Allahın rizası üçün yeməzsə, Allah-taala ona Cənnət yeməklərini yedirdər”.
Süveyd belə davam edir: “Əmirəl-möminin (ə) halına çox acıdım, yanımda duran xidmətçisinə: “Allahdan qorxmursanmı?! Çörəyi, arpanın kəpəyini ayırmadan bişirmisən?!”-deyərək etiraz etdim. Xidmətçi: “Allaha and olsun ki, onun özü kəpəyi ayırmamağımı əmr etmişdir” - dedi.

HƏZRƏT ƏLİNİN (Ə) HALVA YEMƏMƏSİ
Müvəffəq ibn Əhməd Xarəzmi və Şafei fəqihi İbn Məğazili “Mənaqib” kitablarında belə rəvayət edirlər: “Həzrət Əliyə zahiri xilafəti ərəfəsində bir az halva gətirdilər. O, barmağı ilə bir miqdar alıb iylədi və belə buyurdu: “Necə də gözəl rəngi və iyi vardır. Amma Əli onun dadını bilmir” (Yəni indiyə qədər halva yeməmişəm).
Ondan: “Ey Əli, halva yemək sizə haramdırmı?”, - deyə soruşduqda belə buyurdu: “Allahın halalı haram olmaz. Amma məmləkətdə aclar olduğu halda, mənim qarnım necə tox ola bilər?! Əmirəl-möminin olduğum halda, möminlərin dərd və çətinliklərindən necə uzaq dura bilərəm?!”
Hicri 40-cı ildə Ramazan ayının 19-cu gecəsində, yəni Əbdürrəhman ibn Mülcəm Muradi tərəfindən şəhadət zərbəsinə məruz qaldığı gecə qızı Ümmü-Gülsümün qonağı idi. İftar üçün Əliyə (ə) çörək, süd və duz gətirdilər. Həzrət Əli (ə) qızı Ümmü-Gülsümü o qədər sevməsinə baxmayaraq, narazı halda buyurdu: “Sənin qədər atasına əziyyət edən bir qız görmədim”. Ümmü-Gülsüm: “Atacan mən nə etdim?”. Əmirəl-möminin (ə) belə buyurdu: “Atanın bir süfrədə iki cür yemək yediyini harada görmüsən?”
Daha ləzzətli olan südü götürməyi əmr etdi; sadəcə çörək və duz ilə iftar etdi. Sonra belə buyurdu: “Dünyanın halalında hesab, haramında isə əzab vardır”.

HƏZRƏT ƏLİNİN (Ə) PALTARI VƏ GEYİMİ
İmam Əlinin (ə) paltarı da olduqca sadə idi. İbn Əbil Hədid “Nəhcul-bəlağənin şərhi”ndə, İbn Məğazili “Mənaqib” də, Əhməd ibn Hənbəl “Müsnəd”də, Sibt ibn Cuzi “Təzkirə” də və digər alimləriniz də öz kitablarında belə yazmışlar: “Həzrət Əlinin paltarı 5 dirhəmə aldığı köhnə bir parçadan idi”.
Mümkün olduğu qədər paltarını xurma liflərilə yamayırdı, ayaqqabısı da xurma liflərindən toxunmuşdu.
Məhəmməd ibn Təlhə Şafei “Mətalibus-süul”da, Süleyman Bəlxi Hənəfi “Yənabiül-məvəddə”də və İbn Əbil Hədid Mötəzili “Nəhcül-bəlağənin şərhi”ndə belə yazır: “Xilafəti dövründə həzrət Əlinin (ə) paltarında o qədər yamar var idi ki, əmisi oğlu Abdullah ibn Abbas onu bu vəziyyətdə görüb narahat oldu. O, (ə) bu narahatçılığı duyub belə buyurdu: “O qədər libasıma yamaq vurmuşam ki, artıq yamaqdan utanıram. Amma Əlinin (ə) dünya zinəti ilə nə işi var! Fani olan və əbədi qalmayan nemətlərə necə sevinə bilərəm!”
Bax bunlar, alimlərinizin də yazdığı kimi, həzrət Əlinin (ə) yemək və geyim tərziydi; vaxt  az olduğundan bu qədər ilə kifayətlənirəm, həqiqətən həzrət Əlinin (ə) yaşayışı, ağılları riqqətə gətirən bir həyat tərzidir
Həzrət Əlinin (ə) özü quru arpa çörəyi yediyi halda fəqirlərə, yetimlərə, yoxsullara buğda çörəyi, şəkər, bal və xurma verirdi. Özü yamaqlı paltar geydiyi halda, yetimlərə və dul qadınlara ən gözəl paltarlar verərdi.

ZİRARIN MÜAVİYƏ İLƏ SÖHBƏTİ
Həzrət Əlinin (ə) dünyaya xitabən söylədiyi sözlər, onun zöhdünü, təqvasını və dünyaya etimadsızlığını göz önündə canlandırır. Bu səbəbdən böyük alimlərinizdən İbn Əbil Hədid “Nəhcül-bəlağənin şərhiə”ndə, Hafiz Əbu Nəim İsfəhani “Hilyətül-övliya”nın 1-ci cildinin, 84-cü səhifəsində, Abdullah ibn Amir Şəbravi Şafei “Kitabul-ihtaf bi hubbil-əşraf”ın 8-ci səhifəsində, Sibt ibn Cuzi “Təzkirə”nin 5-ci babının 69-cu səhifəsinin sonunda və digər alim və tarixçiləriniz də öz əsərlərində Müaviyə ilə Zirar ibn Zərurə arasında olan söhbəti təfərrüatı ilə rəvayət etmişlər. Söhbətin sonunda Zirar, Müaviyənin yanında həzrət Əlini (ə) belə vəsf etmişdir: “Qaranlıq bir gecədə Əlini gördüm. Saqqalını tutub ilan vurmuş adam kimi qıvrılırdı, hüzünlü bir halda ağlayaraq belə deyirdi: “Ey dünya, məndən başqasını aldat, mən sənə aldanmaram, mən sənə üç dəfə talaq verib boşadım”.
Artıq sənə tərəf dönmərəm; çünki sənin ömrün qısa, təhlükən çox böyük, ləzzətin çox azdır. Ey vay olsun ömrə, uzun yolçuluğa və təhlükəli yola”.
Müaviyə həzrət Əliyə (ə) qarşı o qədər daşqəlbli olmasına baxmayaraq, Zirarın bu sözləri qarşısında ağlayaraq belə dedi: “Allah Əliyə rəhmət etsin, Allaha and olsun ki, o, belə idi”.
Başqa bir yerdə isə Müaviyə belə demişdir: “Dünya qadınları Əli kimi birini doğmaqdan məhrumdur”.

ZÖHDƏ GÖRƏ PEYĞƏMBƏRİN (S) ƏLİYƏ (Ə) MÜJDƏSİ
Həzrət Əlinin (ə) zahidlik həyatı Peyğəmbrin (s) müjdələdiyi ilahi bir feyzdir. Bu səbəbdən Məhəmməd ibn Yusif Gənci Şafei “Kifayətut-talib”in 46-cı babında sənədilə Əmmar Yasirdən nəql edərək Peyğəməbrin (s) belə buyurduğunu qeyd etmişdir: “Ey Əli, dünyadakı zöhdün səbəbilə Allah-taala səni, insanlardan heç kimi zinətləndirmədiyini bir zinətlə zinətləndirməmişdir. Çünki Allah-taala dərgahında zöhddən daha sevimli bir şey yoxdur. Nə sən dünyəvi ləzzətlərdən faydalandın və nə də dünya səni ağuşuna ala bildi. Allah-taala səni yoxsullarla dostluqda müvəffəq etmişdir. Onlar sənin imamətinə inanmışlar. Mən də onların sənə itaətindən xoşhal oluram. Səni sevənlərin, imamətini təsdiq edənlərin xoş halına! Sənin düşmənlərinə, sənə iftira və yalan atanların vay halına. Səni sevənlər və imamətini təsdiq edənlər Cənnətdə sənin qonağın olacaq və sənin əzəmətli sarayında səninlə birlikdə olacaqlar. Allah-taala sənin düşmənlərini, Qiyamət günü yalançıların olduğu yerdə cəzalandıracaqdır”.
Həzrət Əli (ə) o qədər təqvalı və zöhd əhliydi ki, dost-düşmən hər kəs onu “İmamul-müttəqin” (Təqvalıların-imamı) adlandırırdı. Həzrət Əlinin (ə) bu sifətlərini də cəmiyyətə tanıdan ilk kəs, bilavasitə Peyğəmbər (s) idi. Vaxtımız dar olduğundan bunlardan sadəcə bir neçəsinə işarə etmək istəyirəm.

ALLAH VƏ PEYĞƏMBƏRİ, ƏLİNİ (TƏQVALILARIN İMAMI) DEYƏ İNSANLARA TƏQDİM EDİR
İbn Əbil Hədid “Nəhcül-bəlağənin şərhi”nin 2-ci cildinin 45-ci səhifəsində, Hafiz Əbu Nəim İsfəhani “Hilyətül-övliya”da, Mirseyid Əli Həmədani “Məvəddətül-qurba”da, Məhəmməd ibn Yusif Gənci Şafei “Kifayətut-talib”in 54-cü babında Ənəs ibn Malikdən belə rəvayət edirlər: “Peyğəmbər (s) bir gün mənə: “Ey Ənəs, mənə dəstəmaz suyu gətir” – deyə buyurdu. Mən də  dəstəmaz suyu gətirdim. Peyğəmbər (s) dəstəmaz aldıqdan sonra iki rəkət namaz qıldı və ardınca mənə belə buyurdu: “Ey Ənəs, bu qapıdan ilk gələcək kəs, təqvalıların imamı, müsəlmanların ağası, möminlərin mövlası, vəsilərin sonuncusu, əl və ayaqları (dəstəmaz əzaları) nurlu olanların qabaqcılıdır”.
Ənəs sözünün davamında belə deyir: “Mən qəlbimdə bu gələcək kişinin ənsardan biri olmasını istədim. Amma elə bu an qapıdan Əli içəri daxil oldu və Rəsulullah (s) belə buyurdu: “Gələn kimdir?” Dedim: “Əbu Talib oğlu Əlidir”. Peyğəmbər (s) sevinc içində qalxıb, həzrət Əlini qarşıladı, əlini boynuna salıb tərini sildi.
Həzrət Əli belə dedi “Ya Rəsuləllah, bu gün mənimlə qeyri-adi davranırsan; əvvəl davrandığından fərqli olaraq”. Peyğəmbər (s) belə buyurdu: “Niyə görədə belə etməyim. Çünki sən mənim tərəfimdən risalətimi xalqa çatdıracaqsan, onlara səsimi xatırladacaqsan və məndən sonra ixtilafa düşdükləri mövzuları bəyan edəcəksən”.
Hakim “Müstədrək”in 3-cü cildinin 138-ci səhifəsində, Buxari və Müslim isə “Səhih”lərində Peyğəmbərin (s) belə buyurduğunu rəvayət edirlər: “Əli haqqında mənə üç şey vəhy edilmişdir; O, müsəlmanların mövlası, təqvalıların imamı, əl, ayaq və üzü nurlu olanların qabaqcılıdır”.
İmam Əhməd ibn Hənbəl də “Müsnəd” kitabında Rəsuli-əkrəmin (s) həzrət Əliyə belə buyurduğunu rəvayət edir: “Ey Əli, sənin üzünə baxmaq ibadətdir. Şübhəsiz ki, sən müttəqilərin imamı və möminlərin mövlasısan; səni sevən məni sevmişdir və məni sevən Allahı sevmişdir. Sənə qarşı üsyan edən mənə qarşı üsyan etmişdir və mənə qarşı üsyan edən də Allaha üsyan etmişdir”.
Əgər həzrət Əlinin (ə) təqva və zöhd dünyasını hər incəliyi ilə anlatmaq istəsək, onda üst-üstə yığılan cildlərlə kitablar meydana gəlmiş olar”.
Şeyx: “Mövlamız Əli (ə) haqqında söylədikləriniz azdır hələ. Həqiqətən, Müaviyənin də dediyi kimi: “Qadınlar Əli ibn Əbu Talib kimi bir kəsi doğmaqdan qısırdır”.
Dəvətçi: “O halda həzrət Əlinin (ə) əshab arasında təqva əhlinin abidəsi olduğu və Peyğəmbərin (s) Allahın əmrilə onu müttəqilərin imamı qərar verdiyi aşkar oldu. Həzrət Əlinin (ə) əsil-nəcabət üstün olduğu kimi, təqva baxımından da hər kəsdən üstündür. Burada bir söz ağlıma gəldi, icazənizlə sizə bir sual verim”.
Şeyx: “Rica edirəm, buyurun”.
Dəvətçi: “Görəsən, əshab arasında təqva əhli olan həzrət Əli kimi bir kəs, məqam düşkünü, dünyapərəst və nəfsinə uyan ola bilərmi?”
Şeyx: “Əsla! Əli (ə) haqqında belə bir şey düşünmək olmaz. Dediyiniz kimi, dünyaya üç dəfə talaq verib ona əlaqəsizliyini göstərən bir kəs necə dünyaya meyilli ola bilər?! Həzrət Əlinin (ə) məqamı vəsf edilənlərdən daha ucadır. Həmçinin, düşünüləsi belə mümkün deyildir”.
Dəvətçi: “Bu halda o təqva abidəsinin bütün əməlləri Allah-taala üçündür, Ondan başqası üçün bir adım belə atmamışdır. Harada haqqı görsə, onu qəbul edərdi”.
Şeyx: “Aydındır ki, həzrət Əli (ə) haqqında bundan başqa bir şey bilmirik”.

Ardı var ...

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!