22-Cİ MÜNAZİRƏ - III hissə

:

ÖMƏRİN HÜDEYDİYYƏDƏ RƏSULALLAHIN (S) PEYĞƏMBƏRLİYİNƏ ŞÜBHƏ ETMƏSİ (Hudeybiyyə Məkkə yaxınlığında bir quyunun adıdır)
Məşhur şafei fəqihlərindən olan İbn Məğazili «Mənaqib» və Hafiz Əbu Abdullah Məhəmməd ibn Əbu Nəsr Həmidi də «Cəmun bəynəs-səhihəyn» kitabında belə yazır: «Ömər ibn Xəttab dedi: «Hüdeybiyyədə şübhə etdiyim qədər, Mühəmmədin (s) peyğəmbərliyinə şübhə etmədim».

Xəlifənin sözunün deyilişindən də aydın olduğu kimi, o dəfələrlə Xatəmul-ənbiya həzrət Mühəmmədin (s) peyğəmbərliyinə şübhə etmişdir. Ancaq Hüdeybiyədəki şübhə, digər  şübhələrindən daha qüvvətli imiş».
Nəvvab: «Qibləsahib! Bağışlayın, Hüdeybiyyədə nə olmuşdu ki, Mühəmmədin (s) peyğəmbərliyinə şübhə etməsinə yol açmışdı?».
Dəvətçi: «Hadisənin izahı çox genişdir. Ancaq məclisimizin vaxtını nəzərə alaraq, hadisənin xüsusiyyətini hüzurunuza ərz edərəm.

HÜDEYBİYYƏ VAQİƏSİ
Bir gecə Rəsulullah (s) röyasında əshabıyla bərabər Məkkəyə gedib Ümrə etdiklərini görür. Səhəri gün yuxusunu əshaba danışır. Əshab: «Siz yuxularımızı təbir edənsiniz. Buyurun, görək yuxunuzun təbiri nədir?» – deyirlər. Həzrət (s) belə buyurur: «İnşallah, biz Məkkəyə gedib, əməllərimizi yerinə yetirəcəyik». (Amma nə zaman müşərrəf olacaqlarını bildirmir).
Həmin il Rəsulullah Allahın evinin ziyarəti eşqi ilə əshabla birlikdə Məkkəyə doğru hərəkət edir. Hüdeybiyyəyə çatdıqda Qüreyş kafirləri xəbər tutur. Döyüş təchizatı ilə onların qarşısına çıxaraq, Məkkəyə daxil olmalarına mane olur.
Peyğəmbər gəlişində döyüş qəsdi deyil, sadəcə ziyarət məqsədi olduğundan, Məkkə  kafirləri ilə sülh əldə edərək, müqavilə imzalayıb geri dönür. Bax, bu hadisə əsnasında Ömərin öz etiraf və iqrarına və sizin də böyük alimlərinizin qeyd etdiyinə görə, Rəsuli-əkrəmin nübüvvətinə şübhə edir. Bu səbəbdən Rəsulullahın yanına gələrək belə dedi: «Ya Rəsuləllah! Siz ki, peyğəmbər və sözü doğru olansınız. Bizə demədinizmi ki, Məkkəyə gedəcəyik, orada saçlarımızı qırxdıracağıq... Nə üçün əksinə oldu?!». Həzrət (s) cavabında buyurdu: «Məgər zaman təyin etdimmi? Bu il ziyarət edəcəyimizi dedimmi?». Ömər: «Xeyr, ya Rəsuləllah» - dedi. Peyğəmbər buyurdu: «Elə isə dediklərim doğrudur! Ziyarət edəcəyik, inşallah. Yuxumun təbiri həyata keçəcəkdir; ancaq yuxunun təbiri Allahın iradəsinə bağlıdır; tez və ya gec ola bilər».
Bundan sonra Cəbrail (ə) nazil olaraq «Fəth» surəsindəki bu ayəni oxudu: «Həqiqətən, Allah, Peyğəmbərinin röyasını doğrultdu: Siz, inşallah əmin-amanlıq içində, başınızı qırxmış, saçınızı qısaltmış və qorxusuz halda Məscidül-hərama daxil olacaqsınız. Allah sizin bilmədiklərinizi bilir. O, bundan qabaq tezliklə bir qələbə də bəxş edəcəkdir». (“Fəth” surəsi, ayə 27. Bu fəthdən məqsəd, Xeybər fəthidir)
Bax, bu Hüdeybiyyə hadisəsinin xüsusiyyəti idi. Bu hadisə sabitqədəm möminlər və sarsılan insanlar üçün bir imtahandır».

GÖZLƏNİLMƏYƏN SÖHBƏTLƏR
Hafiz: «Qibləsahib! Sizinlə görüşmək və xüsusilə cəzbedici əxlaqınız bizi çox sevindirdi; sizinlə daha çox vaxt keçirmək istərdik. O qədər cəzbedici əxlaqınız var ki, insan özündən asılı olmayaraq, hər hansı bir sözü olsa belə, səssizcə sizi dinləmək məcburiyyətində qalır. Bu səbəbdən, bizim söyləyəcəklərimiz çoxdur; bir çox məsələlər mübhəm qaldı. Amma nə edə bilərəm, vətənə dönmək məcburiyyətindəyik. Orada vaxtı keçən bir qrup şəxsi və umumi işlərimiz vardır. Ümid edirik ki, hüzurunuzdan yetərli dərəcədə istifadə etməyimiz üçün bizi şad edib, evimizə təşrif gətirəsiniz».
Nəvvab: (Hafizə dönərək) «Bizi tərk etməyinizə icazə vermərik. Çünki iş elə indicə bir yerə çatmışdır ki, bu birtərəflik olmalıdır. Ardıcıl olaraq bizlərə deyirdiniz ki, şiələrin heç bir dəlil və bürhanları yoxdur; təkbaşlarına hökm çıxararlar, qarşımıza çıxdıqda isə aciz qalarlar. Biz isə tam əksinə, sizin susub aciz qaldığınızı gördük. Biz dinləyicilər haqqı harada görəriksə, heç şübhəsiz, ona tabe olmağımız lazımdır.
Hafiz: «(Nəvvaba xitabən) Susub və cavab verməkdə aciz olduğumuz zənninə qapılaraq səhv edirsiniz. Xətibin şirin danışması, açıq bəyanı və gözəl əxlaqı bizi susdurdu. Biz də ədəbə riayət edərək, əziz qonağımızı incitmədik. Biz hələ əsl mətləbə keçmədik; gətirəcəyimiz dəlillərlə görəcəksiniz ki, haqq bizimlədir və bizim dəlillərimiz haqqı isbat edir!
Nəvvab: (Hafiza yönələrək) Lap əvvəldən bu ana qədər mövlamız, sərvərimiz, qibləsahib Sultanul-Vaizindən eşitdiyimiz sözlərin hamısı məntiq, dəlil və bürhan üzrə idi. Amma sizi məntiq və dəlil qarşısında səssiz gördük! «Dəlilimiz var» deyirsinizsə, qalmalı və bəyan etməlisiniz! Sizə açıq şəkildə təhlükə olduğunu elan edirəm. Bu gecəki söhbətləri sabah çıxacaq qəzet və jurnallar nəşr edəcək, bir qrup insanın inancı zəifləyib şübhəyə düşəcək. Əgər haqqı layiq olduğu kimi aydınlığa qovuşdurmasanız, heç şübhəsiz, din və şəriət sahibilərinin qarşısında məsuliyyət daşıyacaqsınız.
Hafiz: «(Rəngi qaçmış bir şəkildə Nəvvaba) Bu əziz müsafiri də nəzərə alın. Özünün buyurduğuna görə Məşhəd yolçusudur, vaxtı dəyərlidir. Yola düşmək istəyir, bizə görə qalmışdır. Ona daha artıq zəhmət vermək əxlaq qaydalarına sığmaz».
Dəvatçi: «Lütflərinizdən çox şadam. Hərəkətimlə əlaqəli buyurduğunuz söz doğrudur. Ancaq hər nə qədər əhəmiyyətli işim olsa da, dini xidmətdə qarşınızda hazıram. Mənim tərəfimdən heç bir maneə yoxdur. Hətta bir il belə zəhmətə qatlaşsanız, haqqın pərdə arxasından çıxıb aydınlığa qovuşmasını vəzifəm bilirəm, davam etməyə də hazıram. Ayrıca, dəyərli alimlərin arasında olmaq məni daha xoşbəxt edir. Xüsusilə də siz məni gözəl əxlaqınızla şad etdiniz. Sadəcə ev sahibi Mirzə Yaqub Əli Xana çox zəhmət verdiyimizə görə utanıram».
Möhtərəm Qızılbaş şəxsiyyətlərindən olan Mirzə Yaqub Əli Xan, Zülfüqar Əli Xan, Ədalət Əli Xan qardaşlarının hamısı birdən yüksək səslə dedilər: «Biz sizdən belə sözləri bəyan edəcəyinizi gözləmirdik. Biz ev sahibi deyilik, hətta siz ömrünüzün sonuna qədər də burada qalsanız, bizim üçün zəhmət deyil. Biz burada sizlərə xidmətçiyik, sizin vücudunuz iftixarımızdır».
Seyid Məhəmməd Şah (Pişəvərin şəriflərindən) və Ağa Seyid Ədil Əxtər (Pişəvərin şiə alimlərindən) buyurdular: «Bir neçə gecə də bu məclislərin şərəfini bizim evdə təşkil olmasına izin verin».
Mirzə Yaqub Əli Xan da onların bu sözünə qarşılıq olaraq, «Xeyr! Qibləsahib Sultanul-Vaizinin Pişəvərdə olduğu müddətdə və bu toplantılar davam edənə qədər burada olması lazımdır» dedilər».
Dəvətçi: «Ümumilikdə ağaların hamısına, xüsusən də ev sahibinə təşəkkür edirəm».
Hafiz: «(Bir az sükut etdikdən sonra) heç bir maneə yoxdur. Madam ki, ağalar istəyirlər, bir neçə gün də qalaram. Amma qibləsahibin buyurduğu kimi, ev sahiblərinə çox zəhmət oldu. Ən yaxşısı, bundan sonra toplantının yeri bizdə olsun, beləcə ədalətə riayət olunar».
Dəvətçi: «Mən israr etmirəm. Amma bura daha genişdir və böyük bağçası və imarəsi də vardır, toplantı üçün daha uyğundur. Həm də özünüz buranı seçmisiniz. Yenə də ərz edirəm ki, mənim üçün fərq etməz; hara əmr etsəniz, xidmətinizdəyəm».
Mirzə Yaqub Əli Xan: «Ev baxımından və Qızılbaş camaatı tərəfindən heç bir çətinlik yoxdur. Hafiz qardaş buralara təzə gəldiyi üçün bizi yaxşı tanımaya bilər. Amma xalq bizi çox yaxşı tanıyır. Qızılbaşlar qonaqpərvər insanlardır, xidmət etməkdən yorulmazlar.
Xüsusilə, bu ev qonaq qarşılamaq üçün nəzərdə tutulmuşdur; bu cür elmi toplantıların, dini və məzhəbi münazirələrin iştirakçısı və təşkilatçısı olduğumuz üçün həqiqətən şad olduq nə qədər istəsəniz qala bilərsiniz hamınızın xidmətində durmağa hazırıq».
Hafiz: «Mənim üçün Pişəvərdə qalmaq çox çətindir; çünki görüləcək bir qrup işlərim vardır. Yenə də ağaların dəvətini qəbul edərək, bir neçə gün də qalaram. İnşallah, sabah gecə görüşmək ümidi ilə ayrılırıq».

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!