23-CÜ MÜNAZİRƏ - III hissə

:

RƏSULULLAH (S) BÜTÜN PEYĞƏMBƏRLƏRDƏN (Ə) ÜSTÜN OLDUĞU ÜÇÜN ƏLİ (Ə) DƏ ONLARDAN ÜSTÜNDÜR
İmam Qəzalinin «İhyaul-ulum», İbn Əbil Hədidin «Nəhcül-bəlağənin şərhi», imam Fəxri Razi, Carullah Zəməxşəri, Beyzavi, Nişaburi kimi şəxslərin təfsir kitablarını oxuduğunuz zaman onların Rəsuli-əkrəmin (s) bir hədisdə «Ümmətimin alimləri Bəni-İsrailin peyğəmbərləri kimidir» buyurduğunu nəql etdiklərini görərsiniz.

O həzrət (s) digər bir hədisdə də belə buyurmuşdur: «Ümmətimin alimləri Bəni-İsrail peyğəmbərlərindən daha üstündür».
Bu ümmətin alimləri elmlərini Mühəmmədin (s) elm qaynağından alıb Bəni-İsrail peyğəmbərləri kimi və ya onlardan üstün ola bilirlərsə, mötəbər alimlərinizin də Rəsulullahdan nəql etdikləri dəlillərə görə imam Əlinin (ə) bütün peyğəmbərlərdən üstün olması zəruri olur və bunda şəkk və ya tərəddüd əsla yoxdur! Çünki Rəsuli-əkrəm (s) buyurmuşdur: «Mən elm şəhəriyəm, Əli də onun qapısıdır» və ya «Mən hikmət eviyəm, Əli də onun qapısıdır».
İmam Əlinin özündən də bu mövzu haqqında sual edildikdə, üstünlüyünün bəzi yönlərinə toxunmuşdu.

SƏSƏƏNİN HƏZRƏT ƏLİNİN (Ə) PEYĞƏMBƏRLƏRDƏN ÜSTÜNLÜYÜNÜN SƏBƏBİ HAQQINDAKI SUALLARI VƏ ONLARIN CAVABLANDIRILMASI
Hicrətin 40-cı ili mübarək ramazan ayının 20-də, Rəsuli-əkrəmin də əvvəlcədən xəbər verdiyi kimi, zalım, bədbəxt Əbdürrəhman ibn Mülcəm Muradi tərəfindən zəhərli qılınc ilə mübarək başından zərbə alan imam Əli (ə) ölüm nişanələrini bildiyindən, oğlu imam Həsənə (ə) qapı arxasında toplanan şiələrin gəlib onu görmələrinə izn verməsini əmr etdi. Onlar yatağın ətrafında toplaşıb, sakitcə İmam (ə) üçün ağlayırdılar. həzrət Əli (ə) çox halsız bir halda buyurdu: «Məni itirməmiş istədiyiniz sualı soruşun; ancaq suallarınız qısa olsun».
Əshabın hər biri sual verib cavablarını alırdılar. Onlardan biri şiənin böyük şəxsiyyət və ravilərindən olan Kufənin məşhur xətibi Səsəə ibn Suhan idi. Şiə alimləri və arabir sizin böyük alimləriniz, hətta «Səhih» yazıçıları onun rəvayətlərini həzrət Əli (ə) və İbn Abbasdan nəql etmişlər. İbn Əbdülbirr «İstiab», İbn Səd «Təbəqat» və İbn Quteybə «Maarif» adlı kitabında və digər böyük alimləriniz onun həyat və fəaliyyəti haqqında şərhlər yazaraq etibarlı və adil bilib, həzrət Əlinin (ə) alim, fazil, sadiq və təqvalı əshabından biri olduğunu nəql etmişlər.
Səsəə həzrət Əliyə (ə) belə ərz etdi:
–Siz üstünsünüz yoxsa, Adəm peyğəmbər? həzrət Əli (ə) cavabında buyurdu:
–İnsanın özünü tərif və təzkiyə etməsi çirkin bir şeydir; amma «Rəbbinin nemətlərini anlat» baxımından söyləyirəm: mən Adəmdən daha üstünəm.
–Ey Əmirəl-möminin! Hansı dəlilə görə siz Adəmdən daha üstünsünüz?
–Adəm üçun buğdadan başqa Cənnətdə bütün rəhmət, rahatlıq və nemətlər hazırlanmışdı. O, nəhy edilməsinə baxmayaraq, buğdadan yeyərək Cənnət və haqqın rəhmətindən çıxdı. Amma Allah-taala məni, buğdanı yeməyi qadağan etməməsinə baxmayaraq, öz istək və iradəmlə, dünyanı əhəmiyyətsiz bildiyimdən, buğdadan yemədim.
Bu söz, insanın kəramət və fəzilətinin Allah dərgahında zöhd və təqva ilə olduğuna işarədir. Çünki dünya və onun gözəlliklərindən daha çox pərhiz edənlərin Allah dərgahında dəyər və yaxınlığı daha çoxdur. Bu səbəbdən zöhd və təqvanın son dərəcəsi də qadağan olunmayan halallardan uzaq durmaqdır.
Səsəə:
–Siz daha fəzilətlisiniz, yoxsa Nuh peyğəmbər?
Həzrət Əli (ə):
–Mən Nuhdan daha fəzilətliyəm.
–Hansı dəlilə görə?
–Həzrət Nuh öz qövmünü Allaha dəvət etdikdə onlar itaət etmədilər; üstəlik, o həzrətə çox əziyyət verdilər, zülm etdilər. Sonda onlara qarğış edib dedi: “Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma!” Amma mən Xatəmül-ənbiyadan (s) sonra bu ummətdən qat-qat artıq əzab-əziyyət görməyimə baxmayaraq, onlara qarğış etmədim və təmamilə səbr etdim. (Bu səbəbdən məşhur “Şiqşiqiyyə” xütbəsində belə buyurur: “Gözümdə tikan və boğazımda sümük olduğu halda səbir etdim...”)
Bu söz, bəlalara qarşı səbri çox olan kimsənin haqqa ən yaxın məxluq olduğuna işarədir! Səsəə:
–Siz daha üstünsünüz, yoxsa İbrahim peyğəmbər?
Həzrət Əli (ə):
–Mən İbrahimdən daha üstünəm».
–İbrahimdən (ə) üstün olmağınızın dəlili nədir?
–İbrahim (ə) Allah-taaladan: «Rəbbim, ölünü necə dirildirsən?» – deyə soruşdu. Allah-taala: «İnanmırsan?!» – deyə buyurdu. İbrahim dedi: «İnanıram, ancaq (onu görməklə) qəlbimin əmin olmasını istəyirəm». Amma mənim imanım elə bir yerə çatmışdır ki, hətta, əgər bütün hicablar (pərdələr) qaldırılırsa belə, zərrə qədər yəqinimdə artım olmaz.
Bu söz şəxsin dərəcə və məqam ucalığının “həqqul-yəqin” mərtəbəsinə yetişdiyi üçün onun yəqin məqamına çatdığına işarədir.
Səsəə:
–Siz daha üstünsünüz, yoxsa Musa peyğəmbər?
Həzrət Əli (ə):
–Mən Musadan daha fəzilətliyəm.
–Hansı dəlilə görə?
–Allah-taala həzrət Musanı, Fironu dəvət etmək üçün Misirə göndərdikdə Musa Rəbbinə belə dedi: «Rəbbim, mən onlardan bir nəfər öldürdüm, məni öldürəcəklərindən qorxuram. Qardaşım Harun bəyan və nitq baxımından məndən daha fəsihdir. Onu da mənimlə bərabər, məni təsdiqləyən bir yardımçı olaraq göndər. Çünki onların məni təkzib etmələrindən qorxuram».
Atası, qardaşı, əmisi, dayısı və yaxın əqrabasını öldürdüyüm bir çox insanın olmasına baxmayaraq, Rəsulullah (s) Allah tərəfindən məni «Bəraət» surəsinin ilk ayələrini Məkkədə – Kəbənin üzərində Qüreyş kafirlərinə oxumağım üçün vəzifələndirdikdə, əsla qorxmayıb, əmrə itaət etdim. Təkcə getdim, vəzifəmi yerinə yetirib «Bəraət» surəsinin ayələrini onlara açıqladıqdan sonra geri döndüm.
Bu söz, şəxsin üstünlüyünün Allaha təvəkküllə ola biləcəyinə və təvəkkülü çox olanın da üstün olduğuna işarədir. Musa (ə) öz qardaşına etimad edib, ona güvəndi. Amma Əmirəl-möminin Əli (ə) Allaha kamil bir təvəkkül edib, cəlal sahibi olan Haqq-taalanın geniş kərəm və lütfünə etimad etdi.
Səsəə:
–Siz daha üstünsünüz, yoxsa İsa peyğəmbər?
Həzrət Əli (ə):
–Mən İsadan (ə) daha üstünəm.
–Hansı dəlilə görə?
–Cəbrail Məryəmə üfürdükdən sonra o, Allahın qüdrəti ilə hamilə oldu. Doğum zamanı gəldikdə Məryəmə belə vəhy olundu: «Bu evdən (Beytül-müqəddəsdən) bayıra çıx; çünki bu ev ibadət evidir, doğum evi deyil!».
Bax, bu səbəbdən də Beytül-müqəddəsdən bayıra çıxıb, çöldə – quru bir xurma ağacının altında İsanı dünyaya gətirdi. Amma anamın – Əsəd qızı Fatimənin Məscidül-həramda doğuş sancısı başladıqda Kəbənin Rəbbinə yalvararaq belə ded: «İlahi, bu evin və bu evi bina edənin haqqı hörmətinə bu doğum sancısını mənim üçün asanlaşdır». Bax, o an evin divarı aralandı və anamı: «Ey Fatimə, evə gir!» – deyə qeybi bir nida ilə evin içinə dəvət etdilər. Daha sonra anam içəri girdi və mən Allahın evi olan Kəbədə dünyaya gəldim».
Bu söz, insanın şərəfinin ilk mərhələdə əsalət, soy və doğumun təmizliyinə görə olduğuna, ruhu, nəfsi və bədəninin daha təmiz olanın da daha üstün olduğuna işarədir.
Fatimə binti Əsədin Kəbəyə daxil olmasının və Məryəmin də doğum üçün Beytül-müqəddəsdən çıxarılmasına, Məkkənin Beytül-müqəddəsə, Fatimə binti Əsədin Məryəmə və həzrət Əlinin (ə) də həzrət İsaya (ə) nəzərən daha üstün olduğu Allah-taalanın bu əmrindən görülür.

«TƏŞBİH HƏDİSİ» ƏTRAFINDA ŞEYX MƏHƏMMƏD YUSİF GƏNCİ ŞAFEİNİN AÇIQLAMASI
Şamın mühəddis və fəqihi olan Sədrul-Hüffaz Şeyx Məhəmməd ibn Yusif Gənci Şafei hədisi nəql etdikdən sonra qısaca olaraq belə bəyan edir: «Əlinin elmdə Adəmə təşbihinin (bənzətmə) səbəbi, Allah-taalanın Adəmə hər şeyin elm və sifətini öyrətməsiydi. Bu səbəbdən «Bəqərə» surəsində belə buyurur: «Adəmə adların hamısını öyrətdi...». (“Bəqərə” surəsi, ayə 31)
Elmi, idrakı və mənasının istinbatı (hökm və nəticəsi) həzrət Əlinin (ə) yanında olmayan heç bir hadisə yoxdur. Çünki həzrət Adəm (ə) bu ilahi elmi vasitəsi ilə Allah tərəfindən xilafətə təyin olundu. Allah-taala «Bəqərə» surəsinin 30-cu ayəsində belə xəbər verir: «Mən yer üzündə bir xəlifə yaradacağam». Bax, həzrət Adəm bu ilahi elm vasitəsilə xilafət məqamına yetişmiş oldu.
Həzrət Əlinin elmdə həzrət Adəmə olan təşbihini dərindən düşünən hər bir insan, elm səbəbilə mələklərin Adəmə səcdə etməyindən həzrət Əlinin elm səbəbilə məxluqatın ən üstün və fəzilətlisi və Rəsulullahdan (s) sonra xilafət məqamına sahib olduğunu anlayacaqdır.
Əmirəl-möminin imam Əlini (ə) hikmətdə Nuha (ə) bənzətmənin səbəbi onun kafirlərə şiddətli və sərt, möminlərə isə şəfqətli olduğunu anlatmaq istədiyindəndir. Bu səbəbdən Allah-taala Qurani-kərimdə onu (ə) belə vəsf etmişdir: «Onunla bərabər olanlar kafirlərə qarşı şiddətlidirlər, öz aralarında isə mərhəmətli...».
Daha əvvəl də ərz etdiyim kimi bu ayə, həzrət Əlinin (ə) mədhi haqqında nazil olduğuna bir dəlildir. Nuh (ə) da kafirlərə qarşı çox şiddətli idi. Bu səbəbdən Allah Quranda belə buyurur: «Nuh dedi: «Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma!». (“Nuh” surəsi, ayə 26)
Həzrət Əlini (ə) helimdə həzrət İbrahimə (ə) bənzətmənin səbəbi, onun Quranda bu sifətlə xatırlanmasıdır: «Həqiqətən, İbrahim yalvarıb-yaxaran və həlim bir zat idi». (“Tövbə” surəsi, ayə 114)
Bu bənzətmələr, həzrət Əlini (ə) əxlaqda peyğəmbərlərin əxlaqı ilə əxlaqlandığını və sifətlə də vəsilərin sifətlərilə vəsfləndiyini göstərir. Elə isə möhtərəm ağalar, əgər bir az insafla diqqət etsəniz, şiə və sünninin ittifaq etdiyi bu hədisin dəlalət və mənasından həzrət Əlinin mümkün olan bütün uca sifətlərə sahib olduğunu və o sifətlərin peyğəmbərlərin üstün sifətlərilə eyni olduğunu anlayacaqsınız. Bax, bütün sifətlərə sahib olma baxımından da o Həzrətin butün peyğəmbərlərdən üstün olması aydın olur.
Bu Təşbih (bənzətmə) hədisi də, Xatəmül-ənbiya (s) istisna olmaqla, həzrət Əlinin (ə) bütün peyğəmbərlərdən üstün olduğuna başqa bir dəlildir. Çünki böyük peyğəmbərlərə məxsus olan xislət və sifətlərdə onlarla ortaq olması və başqalarının sifət və fəzilətlərinin də onda cəmlənməsi İmamın bütün peyğəmbərlərdən üstün olduğunu zəruriləşdirir.
Bu səbəbdən Şafei olan Məhəmməd ibn Təlhə «Mətalibus-süul» adlı kitabında zikr olunmuş hədisi nəql etdikdən sonra bu mənanı sübut etmiş və açıq şəkildə belə demişdir: «Rəsulullah (s) bu hədisi-şərifdə həzrət Əli üçün Adəmin elmi kimi bir elm, Nuhun təqvası kimi bir təqva, İbrahimin helmi kimi bir helim, Musanın heybəti kimi bir heybət, İsanın ibadəti kimi bir ibadət sabit etmişdir».
Daha sonra əlavə edir: «Bu sifətlər həzrət Əlini ən uca məqama qaldırmışdır. Çünki Rəsuli-əkrəm (s) zikr olunan bu sifətlərlə Onu mürsəl peyğəmbərlərə bənzətmişdir».
Görəsən, bu mənanı böyük alimləriniz qəbul etdiyi halda, Əmirəl-möminin həzrət Əlidən (ə) başqa, səhabə və tabein də daxil olmaqla, ümmət arasında böyük peyğəmbərlərin sifət və gözəl əxlaqlarını özündə cəmləşdirən birini tapmağınız mümkündürmü?!
Bu səbəbdən Hənəfi olan Şeyx Süleyman Bəlxi «Yənabiül-məvəddə»nin 40-cı babında Xarəzminin «Mənaqib» kitabından nəql edərək Məhəmməd ibn Mənsurdan belə nəql edir: «Əhməd ibn Hənbəlin belə dediyini eşitdim: «Səhabədən heç kimə Əli ibn Əbu Talibə nəql edilən fəzilətlər kimi fəzilətlər nəql edilməmişdir».
Həzrət Əlinin (ə) üstünlüyü haqqında deyilənlər təkcə imam Əhməd ibn Hənbələ aid deyildir; insaflı alimlərinizin əksəriyyəti bu mənanı təsdiq etmişlər. Bu səbəbdən Mötəzəli olan İbn Əbil Hədid «Şərhi-Nəchül-bəlağə» kitabının 1-ci cildinin 46-cı səhifəsində belə deyir: «Həzrət Əli fəzilət baxımından vilayətə daha üstün və daha layiq idi. Çünki o, Rəsulullahdan sonra insanların ən üstünü və vilayət məqamından da xilafətə bütün müsəlmanlardan daha layiq idi».

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!