33-CÜ MÜNAZİRƏ - III hissə

:

FATİMƏNİ (əs) İNCİTMƏK, ALLAHI VƏ PEYĞƏMBƏRİ (S) İNCİTMƏKDİR
İmam Əhməd «Müsnəd»də, Süleyman Qunduzi «Yənabiul-məvəddə»də, Mirseyid Əli Həmədani «Məvəddətül-qurba»da, İbn Həcər «Səvaiq»də Tirmizi, Hakim və digərlərindən nəql edərək çox kiçik bir fərqlə Peyğəmbəri-əkrəmin (s) dəfələrlə belə buyurduğunu rəvayət edirlər: «Fatimə mənim bir parçamdır, gozümün nurudur, qəlbimin meyvəsidir və canımdakı ruhumdur.

Onu incidən məni incitmişdir, məni incidən Allahı incitmişdir. Onu qəzəbləndirən məni qəzəbləndirmişdir, ona əziyyət edən mənə əziyyət etmişdir».
İbn Həcər Əsqəlani «İsabə» kitabında Fatimənin (s.ə) tərcümeyi-halını yazarkən Buxari və Müslimdən nəql edərək Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu rəvayət edir: «Fatimə mənim bir parçamdır. Ona əziyyət edən mənə əziyyət etmişdir, onu narahat edən məni narahat etmişdir».
Məhəmməd ibn Təlhə Şafei «Mətalibus-süul»un 6-cı səhifəsində, Hafiz Əbu Nəim İsfahani «Hilyətul-övliya»nın 2-ci cildinin 40-cı səhifəsində və imam Əbu Əbdurrəhman, Nəsai «Xəsaisul-Ələvi»də Rəsulullahın (s) belə buyurduğunu rəvayət edir: «Fatimə mənim qızım və bir parçamdır. Onu narahat edən məni narahat etmişdir, ona əziyyət edən mənə əziyyət etmişdir».
Hafiz Əbu Musa ibn Müsənna Bəsri (ö/t: 252) «Möcəm»ində, İbn Həcər Əsqəlani «İsabə»nin 4-cü cildinin 375-ci səhifəsində, Əbu Yəla Mosuli «Sünən»də, Təbərani «Möcəm»də, Hakim Nişaburi «Müstədrək»in 3-cü cildinin 154-ci səhifəsində, Hafiz Əbu Nəim İsfahani «Fəzailus-səhabə»də, Hafiz ibn Əsakir «Tarixuş-Şam»da, Sibt ibn Cuzi «Təzkirə»nin 175-ci səhifəsində, Muhubiddin Təbəri «Zəxair»in 39-cu səhifəsində, İbn Həcər Məkki «Səvaiq»in 105-ci səhifəsində və Əbul İrfan Səbban «İsafur-Rağib»inin 171-ci səhifəsində, Peyğəmbəri-əkrəmin (s) həzrət Fatiməyə (əs) belə buyurduğunu rəvayət edir: «Ya Fatimə, Allah-taala sənin qəzəbin üçün qəzəb edər, sənin razılığın üçün razı olar».
Məhəmməd ibn İsmail Buxari «Səhih»in «Mənaqibi qərabəti-Rəsulillah» babının 71-ci  səhifəsində (Musəvvər ibi Məhzəmədən nəqlən) və həmçinin 75-ci səhifəsində Rəsulullahın (s) belə buyurduğunu rəvayət edir: «Fatimə mənim bir parçamdır; onu qəzəbləndirən məni qəzəbləndirmişdir».
Şeyx: «Bu rəvayətlər doğrudur. Amma həzrət Əlinin haqqında (ə) nəql olunmuşdur. Çünki həzrət Əli Əbu Cəhlin qızını almaq istədikdə Peyğəmbəri-əkrəm (s) ona hirslənib belə buyurdu: «Hər kim Fatiməni incidirsə, məni incitmişdir; məni incidən də Allahın qəzəbinə gələr». Rəsulullahın bu sözlərdən məqsədi həzrət Əli idi!!!».

ƏLİNİN (ə) ƏBU CƏHLİN QIZINA ELÇİLİK ETMƏSİ İDDİASININ CAVABI
Dəvətçi: «İnsan və digər heyvanlar arasında bir çox fərq vardır. İnsanı heyvandan ayıran iki əhəmiyyətli güç ağıl və fikirdir. Yəni heyvandan üstün olanlar həyatlarını ağıl və fikirlə istiqamətləndirirlər. İnsan eşitdiyi hər şeyi qəbul etməməlidir; ağılla araşdırmalı, ağılı qəbul edərsə qəbul etməli, əks təqdirdə rədd etməlidir. Bax, bu səbəbdən Quran belə buyurur: «Sözü eşidən və ən yaxşısına tabe olan bəndələrimi mücdələ. Onlar Allahın hidayətinə yetişənlərdir və onlar təmiz ağıl sahibləridir». (“Zümər” surəsi, ayə 17, 18)
Keçmişdəkilərinizin nəql etdiyi rəvayətləri ağıl süzgəcindən keçirmədən, üzərində düşünmədən, qəbul edib təkrarlayırsınız. Qısaca da olsa sizə cavab vermək məcburiyyətindəyəm.
Əvvəldə söylədiyim kimi, alimlərinizin də dəstəklədiyinə görə həzrət Əli (ə) "Təthir" ayəsinin bariz nümunəsi və misdaqıdır. Onun zati bir paklığı vardır. Yəni hər cür pis əxlaqdan pakdır. Həmçinin “Mübahilə” ayəsində də, əvvəlki axşamlar bəhs etdiyim kimi, Allah-taala həzrət Əlini Peyğəmbəri-əkrəmin (s) nəfsi olaraq qəbul etmişdir. Digər tərəfdən imam Əli Rəsulullahın elm qapısıdır; Qurandan və onun əhkam və göstərişlərindən xəbərdardır. Allah-taalanın belə buyurduğunu da çox yaxşı bilirdi: «Allahın Rəsuluna əziyyət etməniz sizin üçün caiz deyildir». (“Əhzab” surəsi, ayə 53)
Həzrət Əli kimi bir şəxsiyyətin Rəsulullaha əziyyət verəcək, onu narazı salacaq bir əməl etməsini və ya söz söyləməsini ağıl necə qəbul edə bilər? Böyük əxlaq abidəsi olan Rəsulullah kimi bir insanın Allah-taalanın sevimlisinə, həm də Qurani-kərimin istisnasız halal etdiyi bir işdə qəzəblənməsi mümkündürmü? Allah-taala bu xüsusda bir fərq qoymamışdır. Nikah məsələsi bu ayənin hökmünə görə ümumidir: «...Sizə halal olan qadınlardan iki, üç, dörd olmaqla nikah bağlayın..». (“Nisa” surəsi, ayə 3)
Bu ayənin hökmü bütün peyğəmbərlər, övliyalar və bütün ümmət arasında umumidir. Əgər fərz etsək, həzrət Əli belə bir şey istəsəydi, şəri baxımdan caiz olduğu üçün Rəsulullah halal olan bir şey xüsusunda ona qəzəblənməz və bu kəlmələri ona söyləməzdi. (Şiə rəvayətlərindən həzrət Fatimeyi-Zəhra (s.ə) həyatda ikən həzrət Əlinin (ə) başqa bir qadınla evlənməsinin caiz olmadığı anlaşılır. Bu mövzunun münazirə məclisində açılması uyğun deyil.)
Bu halda ağıl və fikir sahibi olan hər kəs bir az araşdırsa, bu hədisin də Əməvilərin uydurması olduğunu anlayar. Böyük və dəyərli alimləriniz də bunu etiraf etmişlər.

ƏBU CƏFƏR İSKAFİNİN MÜAVİYƏNİN DÖVRÜNDƏ RƏVAYƏTLƏRİN UYDURULDUĞUNA DAİR BƏYANI
İbn Əbil Hədid Mötəzili «Nəhcül-bəlağənin şərhi» kitabının 1-ci cildinin 358-ci səhifəsində bu mövzuda ustadı Əbu Cəfər İskafi Bağdadidən nəql edərək belə deyir: «Müaviyə ibn Əbu Süfyan əshab və tabeindən bir qrupunu həzrət Əli (ə) haqqında çirkin rəvayətlər uydurmağa vəzifələndirmişdi. İnsanların həzrət Əlidən uzaqlaşması üçün xalq içində ona lənət etmələrini əmr etmişdi. Əbu Hüreyrə, Əmr ibn As, Muğeyrə ibn Şöbə və tabeindən Ürvə ibn Zübeyr kimilərini bu işlə vəzifələnmişdilər.
Əbu Hüreyrə bu mövzuda, həzrət Əlinin (a) Rəsulullah (s) həyatda olduğu vaxt Əbu Cəhlin qızıyla evlənmək istədiyi haqqındakı rəvayəti uydurdu. Guya Rəsulullah ona əsəbiləşərək minbərə çıxıb belə buyurmuşdur: «Allah-taalanın dostuyla düşməninin arasını düzəltmək mümkün deyildir. Fatimə mənim bir parçamdır; ona əziyyət edən mənə əziyyət etmişdir; Əbu Cəhlin qızını almaq istəyən mənim qızımdan uzaqlaşmalıdır».
Sonra Əbu Cəfər İskafi belə deyir: «Bu hədis, “Kərabisi” rəvayəti olaraq məşhurdur. Uydurulan hər rəvayətə «Kərabisi» deyirlər».
İbn Əbil Hədid daha sonra belə deyir: «Bu hədis Buxari və Müslimin «Səhih»lərində Musəvvər ibn Məhzəmədən rəvayət edilmişdir».
Böyük şiə alimi Seyid Mürtəza «Tənzihul-ənbiya vəl-Əimmə» kitabında belə deyir: «Bu rəvayət Hüseyn Kərabisidən rəvayət edilmişdir; bu şəxs Əhli-beyt düşmənlarindən biridir. Bu səbəbdən onun rəvayətləri qəbul edilə bilməz».
Bilmək lazımdır ki, mötəbər kitablarınızda yer alan rəvayətlərə görə də həzrət Əliyə qəzəblənən kəs münafiq, Quranın hökmünə əsasən də cəhənnəm əhlidir. Bu halda onun rəvayəti rədd edilmişdir. Üstəlik, Fatimeyi-Zəhranı (s.ə) əziyyət edənlərin qınanması haqqındakı rəvayətlər, sadəcə Kərabisi və ya Əbu Hüreyrənin rəvayat etdiyi Əbu Cəhlin qızıyla əlaqəli rəvayətlərlə hüdudlanmır. Bu mövzuda bir çox hədis mövcuddur.
Xacə Parsayi Buxari «Fəslul-xitab»da, imam Əhməd ibn Hənbəl «Müsnəd»ində və Mirseyid Əli Həmədani Şafei «Məvəddətül-qurba»nın 13-cü məvəddəsində Salman Məhəmmədidən rəvayət etdiyi bir rəvayətdə Peyğəmbəri-əkrəm (s) belə buyurur: «Fatimənin şəfaəti 100 halda insanın köməyinə çatacaqdır; bunlardan ən çətin vəziyyətə düşdüyü ölüm, qəbir, mizan, sirat və hesabdır. Belə isə qızım Fatimə kimdən razı olarsa, mən də ondan razı olaram; mən kimdən razı olsam, Allah da omdan razı olar; Fatimənin razı olmadığı kimsədən mən də razı deyiləm, mənim razı olmadığım kimsədən Allah-taala da razı deyildir. Bu halda Fatiməyə, onun həyat yoldaşı Əliyə, onların nəslində və şiələrə zülm edənlərin vay halına!».
Dəlil və şahid olaraq zikr edilən bu qədər rəvayət kifayətdir. İndi siz mötəbər ağalar, hər iki firqənin etibarlı kitablarında yer alan bu qədər səhih rəvayətləri, Buxari, Müslim və digər bir çox böyük alimlərinizin də Fatimənin (s.ə) Əbu Bəkrin əlindən qəzəbli olduğu halda dünyadan ayrıldığına dair nəql etdikləri hədisləri necə qiymətləndirirsiz?»
Hafiz: «Bu rəvayətlər doğrudur, bizim mötəbər kitablarımızda daha çox və ətraflı bir şəkildə rəvayət edilmişdir. Həzrət Əlinin (ə) Əbu Cəhlin qızıyla evlənmək istəməsilə əlaqəli Kərabisinin rəvayət etdiyi bu hədisə mən də inanmamışdım. Bu məsələni həll etdiyinizə görə çox məmnun oldum.

HƏZRƏT FATİMƏNİN (Ə) QƏZƏBİNİN DİNİ OLMAMASINA DAİR İRAD VƏ ONUN CAVABI
Hafiz: Həzrət Fatimə (ə) haqqında söylədiyiniz bu rəvayətlərdə deyilən qəzəb, şəxsi mənafedən irəli gələn ötəri bir qəzəb deyil, dini bir qəzəbdir. Amma bizim bütün Səhih kitablarımızda yazıldığına görə həzrət Fatimənin Əbu Bəkr və Ömərə olan qəzəbi, dini bir qəzəb deyildi; yəni həzrət Fatimə bu hökmün dini əmrlərin əksinə olduğunu zənn etmişdi. Bu səbəbdən onlara qarşı qəzəblənmişdi. Əlbəttə, hər kim həzrət Fatiməni dini baxımdan qəzəbləndirərsə, Allahın və Peyğəmbərin qəzəbinə gələcək. Ancaq Fatimeyi-Zəhranın bu qəzəbi hədəfinə çatmadığına görə demək olar ki, hər bir insanın qarşılaşdığı, hadisələr müqabilində göstərdiyi təbii bir qəzəb halıdır.
Fədəki istədikdə, xəlifə də qaytarmadığına görə, təbii olaraq Fatimə (ə) də narahat oldu və qəzəbləndi. Amma bilindiyi kimi, sonralar bu təbii qəzəb qəlbindən çıxdı və xəlifənin hökmü ilə razı oldu. Onun (ə) razı olduğunu göstərən ən boyük dəlil sonradan Fədəki tələb etməməsi və sakit qalmasıdır! Hətta Əli xilafətə gəldikdə əlindəki bütün güc və imkana baxmayaraq Fədəki geri almadı, bu da onun (ə) xəlifələrin hökmündən razı olduğuna qəti bir dəlildir!»
Dəvətçi: «Buyurduğunuz bu mövzuların hər birinin ayrı bir cavabı vardır. Sizin üzünüzdə bir yorğunluq görməsəm də, artıq vaxt keçib. Xahiş edirəm, bu məsələlərin ətraflı cavabını, sabah axşama qoyaq.
(Məclisdə olanlar hamı bir ağızdan belə dedilər: «Xeyr! Qəbul etmirik, çox mühüm bir yerə yetişdik, bu böyük məsələnin nəticəsi bəlli olmayınca bir yerə getməyəcəyik!)
Sizin istəyinizə görə, qısa da olsa, imkan daxilində mövzunun xırdalığına gedib, xas bir cavab vermək istəyirəm.

FATİMƏNİN (əs) QƏLBİ VƏ BÜTÜN ƏZASI İMANLA DOLU İDİ
Bir də ki, həzrət Fatimənin (ə) qəzəbinin dini deyil, təbii olduğunu söyləməkdə yanıldınız; düşünmədən və araşdırmadan hökm verdiniz. Çünki Qurani-kərim və hadislərdə də deyildiyinə görə, kamal sahibi olan bir mömin, əsla, belə bir qəzəbə düçar olmaz. O ki, olsun "Təthir", “Mübahilə” ayəsi və “İnsan” surəsində mədh edilən Fatimə (s.ə) kimi bir şəxs belə bir qəzəbə mübtəla olsun.
Mötəbər kitablarınızda da yazıldığı kimi, həzrət Fatimənin imanı kamal dərəcəsinə çatmışdı. Bu səbəbdən Peyğəmbəri-əkrəm (s) belə buyurmuşdur: «Allah-taala, qızım Fatimənin qəlbini və bütün əzalarını imanla doldurmuşdur».

Ardı var ...

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!