İCTİMAİ ƏLAQƏLƏR - I hissə

:

İMAM ƏLİ(ə)NİN OĞLU İMAM HƏSƏN(ə)Ə VƏSİYYƏTNAMƏSİNDƏN
İmam Əli (ə) oğlu imam Həsənə (ə) vəsiyyət edərkən belə buyurur: “Yaxşılıqla bağışla. Xalqla gözəl surətdə danış. Bu söz cəmiyyət üçün necə də hikmətlidir. Özün üçün istədiyini xalq üçün də istə. Özün üçün xoşlamadığını, onlar üçün də xoşlama.

Az olar ki, birinə münasibətdə hövsələsizlik edib, salamat qalasan və ya ehsan edib peşman olasan. Həqiqətən də, əhdə vəfa böyüklükdür. Üz döndərmək kin-küdurət nişanəsidir. Bəhanə axtarmaq xəsislik əlamətidir. Mehribancasına imtina, olsun ki, qaşqabaqlı halda əta etməkdən üstündür. Yaxınları yoxlamaq (“sileyi-rəhm”) böyüklükdəndir. Əgər yaxınlarından üz döndərsən, kim sənə etimad göstərəcək?! Pis işin israrı (təkrarı) əlaqələrin qırılması səbəblərindəndir. Qardaşın üz döndərdikdə özünü onunla yaxınlığa vadar et. Sənə arxa çevirsə, sən mehribanlığını kəsmə. O xəsislik etsə, sən bağışlamaqdan qalma. Səndən qaçsa, sən yaxınlaşmaqda davam et. Əgər tündlük göstərsə, mülayimliyindən qalma. Günaha yol versə, üzrünü qəbul et. Elə bil ki, onun qulusan və sənə nemət verən odur. Məbada, lazımsız, ləyaqətsiz adamlara belə yaxşılıqlar edəsən.” (“Nəhcül-bəlağə”)
Əqlə görə ictimai həyat qəti zərurətlərdəndir və insanın belə bir həyat tərzindən boyun qaçırmaq imkanı yoxdur. İnsanı ictimai həyata səsləyən qüvvə və bu həyat tərzini onun üçün asanlaşdıran amillər insanı ictimai əlaqələrin tənzimlənməsinə dəvhət edir. İlahi məqsədlərə yalnız bu yolla çatmaq mümkündür. Qanunsuz və pərakəndə cəmiyyət məqbul sayılmır. Ağıl belə bir ictimai həyatı qəbul etmir və insanları bu cəmiyyətin mənfiliklərindən qorumaq üçün ondan kənarlaşmağa çağırır. Ona görə də, deyə bilərik ki, yalnız sağlam ictimai əlaqələrin hakim olduğu bir cəmiyyət normal sayıla bilər. Ağıl yalnız belə bir həyatı tövsiyə edir. Əqli zərurətlərdən əlavə, dövrün praktiki ənənələri də bizi ictimai həyata vadar edir. Məsələnin mühümlüyünü nəzərə alaraq, belə bir həyatın bəzi mühüm əsaslarını və onun tənzimlənib möhkəmləndirilmə yollarını araşdıraq.

TƏKAMÜLDƏ İCTİMAİ ƏLAQƏLƏRİN ROLU
Əmirəlmöminin (ə) imam Həsən Müctəbaya (ə) vəsiyyətinin bu hissəsinin əsasını ictimai əxlaq və insanlar arasındakı münasibətlər təşkil edir. Əqidəmizcə, Allah-taalanın bu dünyada yaratdıqları, heç şübhəsiz, bütün insanlar üçün nemət sayılmalıdır.
Əlbəttə ki, biz varlıq aləminin hadisələri arasındakı əlaqələri tam şəkildə dərk edə bilmirik. Amma elmin inkişafı və günbəgün artan biliklər hadisələr arasındakı əlaqələrin daha yaxşı dərk olunmasında xeyli rol oynayır. Məsələn, biz bilmirik ki, hər hansı bir ulduz sisteminin günəş sistemi ilə hansı əlaqəsi vardır. Amma elmi nailiyyətlər isbat edir ki, varlıq aləmindəki bütün mövcudlar arasında nizamlı bir bağlılıq vardır. İlk baxışdan, varlıq aləmində olanlar pərakəndə görünür. Amma bəşəriyyətin elm və biliyi artdıqca bu mövcudlar arasındakı əlaqələr açıq-aşkar şəkildə isbata yetir. Artıq sübut olunmuşdur ki, günəşin işığı, ulduzların hərəkəti, meteoroidlərin sıçrayışı, küləklər və digər təbiət hadisələri yer üzərindəki mövcudlara təsir göstərir. Eləcə də, yerdə və göydə baş verən hadisələr, təbiət örtüyünün inkişafı, canlıların təkamülü, göy cisimlərinin hərəkəti bir-birinə təsir göstərən amillərdir. İnsan hələ də bu hadisələri tam dəqiqliyi ilə öyrənə bilməmiş, onların qarşılıqlı təsirini təsdiq edib, başa çatdırmamışdır.
Elmi tərəqqi nəticəsində məlum olmuşdur ki, hətta insanların zərərli bilib məhv etmək istədiyi həşəratlar da ictimai və fərdi həyat üçün faydalıdırlar. Bütün bunlar çox vaxt insanın sağlamlığı üçün istifadə olunur. Məsələn, hal-hazırda ilan və əqrəb zəhərindən müxtəlif xəstəliklərin müalicəsində geniş istifadə olunur. Təbiətdən hazır şəkildə alınan bir çox maddələri hazırlayıb əldə etmək ya çox çətin, ya da mümkünsüzdür. Hansı ki, insanın son dövrlərədək zərərli hesab etdiyi bir çox canlıların misilsiz faydaları aşkarlanmaqdadır. Beləcə, elmin inkişafı ilə bir çox zərərli mövcudların əslində xeyirli olduğu aşkarlanmışdır. Yəni bir vaxt zərərli hesab etdiyimiz bu canlılar nəinki zərərli deyilmiş, hətta onların misilsiz faydaları varmış. Bütün bunları nəzərə alaraq, bildirilir ki, varlıq aləminə vahid bir nizam hakimdir. Varlıq aləmində olan bütün mövcudlar bu nizam sayəsində bir-birlərini tamamlayırlar. Demək, təkcə insan insan üçün yox, bütün varlıq aləmi bir-biri üçün faydalıdır.
Əlbəttə ki, bu toplumda insan başqa mövcudlardan fərqlənir. Belə ki, mövcudların bir-birinə faydası və zərəri təkvini və təbii bir zərurətdir. Amma insanların bir-birinə münasibəti onların istəklərinə əsasən formalaşır. Xüsusi ilə, insanın mənəvi inkişafı onun istək və iradəsindən asılıdır. İnsanın başqaları üçün faydalı olmasında da onun iradəsi mühüm rol oynayır. Beləcə, insanlar elə bir formada yaşaya bilərlər ki, bir-birləri üçün faydalı olsunlar.
Təəssüf ki, bir-biri üçün nemət olası insanlar bəzən bir-birləri üçün əzab-əziyyət yaradırlar. İctimai münasibətlərin, insanlar arasındakı əlaqələrin necəliyi insanın öz əlindədir. İnsan təkcə bu neməti yox, Allahın digər nemətlərini də özü üçün bədbəxtliyə çevirə bilər: “Məgər Allahın nemətini küfrə dəyişənləri və ümmətini fəlakətə çəkənləri görmürsənmi?!” (“İbrahim” surəsi, ayə: 28)
Dünyadakı mövcudlar arasında insan səciyyəvi bir xüsusiyyətə malikdir. İnsan yeganə mövcuddur ki, onun ətrafdakılara münasibətdə xeyirli və ya zərərli olması öz iradəsindən asılıdır. Allah-taala insanı azad (muxtar) yaratmışdır. Eləcə də, insana göstəriş verilmişdir ki, ideallar əsasında hərəkət edərək başqaları üçün faydalı olsun. İnsan təkamülə çatmaq üçün Allaha pərəstiş etməli olduğu kimi, ictimai həyatda da başqaları üçün faydalı şəkildə hərəkət etməlidir. Daha dəqiq desək, İslamın son ictimai göstərişi budur ki, insanlar bir-birləri üçün faydalı olsunlar. Belə olacağı təqdirdə onlar Allahın maddi və mənəvi nemətlərindən daha səmərəli istifadə edib Allaha doğru təkamül yolunda irəliləyə bilərlər.
İnsan sağlam mühitdə öz təkamülü haqqında daha yaxşı düşünə bilir və daha sürətli hərəkət edir. Amma mühit bulaşıq olduqda, ailə üzvləri bir-birləri ilə didişdikdə, qonşularla münasibətlər pozulduqda, bir şəhər o biri şəhərlə müharibə apardıqda insanın təkamül şəraiti məhv olur. Belə mühitlərdə insan bütün enerjisini problemlərin həllinə sərf edir. İdeala doğru hərəkət üçün isə fürsət lazımdır. Aludə mühitlərdə yalnız gerilikdən söhbət gedə bilər.
Demək, insanların təkamülə çatması üçün cəmiyyət aram, ədalətli, nizamlı və onun fərdləri möhtərəm olmalıdır. Əlbəttə ki, Allah-taala insanı elə xəlq etmişdir ki, o hətta qovğalı bir şəraitdə də qərar qəbul edə bilir. Amma intizamsız cəmiyyətdə bütün insanların belə iradəsi olmur. İnsan istənilən bir şəraitdə Allaha diqqətli olub, vəzifələrini icra edə bilər. Amma hər insanda belə bir qüvvə yoxdur ki, qovğalı şəraitdə də adi şəraitdə olduğu kimi, qəlbini Allaha doğru istiqamətləndirə bilsin. Təsadüf insanlar hətta müharibə vəziyyətində də sülh vəziyyətində olduğu kimi mənəvi təkamül yolunu gedə bilirlər.

Kitabın adı: Əbədi öyüd
Tərcümə edən: M. Turan
Ardı var ...

ARDINI BURADAN OXUYUN

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!