İCTİMAİ ƏLAQƏLƏR - II hissə

:

İCTİMAİ ƏLAQƏLƏRİN TƏNZİMLƏNMƏ ÖLÇÜSÜ
Əgər bütün insanlar münasib təkamül şəraiti arzusunda olsalar, sağlam ictimai əlaqələrin bərpa olunması üçün çalışmalıdırlar. Cəmiyyətin fərdləri o zaman sağlam əlaqələr qura bilirlər ki, həyat məhəbbət və səmimiyyət üzərində möhkəmlənmiş olsun.

Əgər bir cəmiyyətdə kin-küdurət, düşmənçilik, eqoistlik, hiyləgərlik hakim olsa, belə bir cəmiyyət heç vaxt xoş gün görməyəcək və təkamül yolunda bir addım da ata bilməyəcək. İnsanlar bir-birlərinə münasibətdə nə qədər mehriban və səmimi olarlarsa, cəmiyyət bir o qədər sağlam olar və təkamül üçün şərait yaranar. Cəmiyyət kin-küdurət artdıqca bu cəmiyyətdə fəsad qazanı qaynayır. Aramlıqdan uzaq olan cəmiyyətdə xeyir və savabdan söhbət gedə bilməz. Eləcə də, bu cəmiyyətdə inkişaf etmək bir problemə çevrilər.
Demək, ictimai həyat o zaman xoşbəxtlik üçün münbit olur ki, bu cəmiyyətdə məhəbbət və səmimiyyət bərqərar olsun. Ona görə də, İslamın bütün ictimai-əxlaqi göstərişləri insanları səmimi əlaqələr qurmağa çağırır.
Əvvəlki buyruqların davamı olaraq Həzrət (ə) bu sözləri ən hikmətli sözlər adlandırır: “Bu sözlər cəmiyyət üçün necə də hikmətlidir.”
Doğrudan da, cəmiyyətin möhkəmlənməsi və islahı üçün bundan yığcam söz tapmaq çətindir: “Özün üçün istədiyini xalq üçün də istə.” Yəni özünə qıymadığını başqalarına da qıyma. Başqalarını də özün kimi bil və özünü onların yerinə qoyub düşün. İdeal və bəyənilmiş əlaqələrin qurulması üçün yeganə meyar budur ki, özümüzü başqalarının yerində təsəvvür edə bilək. İnsan məsələyə belə yanaşdıqda, davranış qaydalarını anlayır və sağlam münasibətlər qura bilir. Bu qayda və göstərişi hamı nəzərdə saxlamalı, istənilən bir ünsiyyətdə ondan istifadə etməli, ailə münasibətlərində və ətrafdakılarla ünsiyyətdə ona riayət etməlidir.
Əgər ailə mühitində həyat yoldaşınız, övladınız, ata-ananızla necə rəftar etməli olduğunuzu bilmək istəyirsinizsə, nəzərdə saxlamalısınız ki, siz onların yerinə olsaydınız sizinlə necə rəftar edilməsini istəyərdiniz? Əgər onların yerində özünüzü təsəvvür edə bilsəniz necə rəftar etmək lazım gəldiyini anlayarsınız. Demək, ideal davranış ölçüsünə yiyələnmək üçün özümüzü qarşı tərəfin yerinə qoymalı və bu yolla rəftarımızın necəliyini təyin etməliyik. Bu yolla yaxşı və pis rəftarınızı fərqləndirə bilərsiniz. İstər ata-ana, istər ailə-övlad, istər ər-arvad, istər iki qardaş, istər qonşular arasındakı rəftarın necəliyinin təyinində uyğun meyar işlək və faydalıdır. Məsələn, ata öz oğlu ilə necə rəftar edəcəyini bilmirsə, özünü bir anlıq övladının yerində təsəvvür etməlidir. Bu yolla rəftar qaydasını müəyyənləşdirmək olar. Eləcə də, qonşu ilə düzgün rəftar etmək üçün özümüzü bir anlıq onun yerində təsəvvür etməliyik.
Demək, başqaları ilə ünsiyyətdə vəzifəsinə düzgün əməl etmək istəyən insan özünü onların yerinə qoymalıdır. Uyğun məsələdə yeganə meyar məhz budur. Bu qaydanı nəzərdə tutaraq, insan bütün ictimai təbəqələrlə necə rəftar etməli olduğunu müəyyənləşdirə bilər. Yəni hiss etdiniz ki, nə üçün uyğun buyruq hikmətli adlandırılmışdır. Çünki ictimai əlaqələrin tənzimlənməsində bundan yığcam ifadə nəzərə çarpmır.
Bəzi rəvayətlərdə başqaları ilə belə bir rəftar müsəlmanlıq və imanlılıq hüquqlarından sayılmışdır. Bu qaydanın izahında müxtəlif meyarlar göstərilmişdir. Həzrət Sadiq (ə) bir rəvayətdə buyurur: “Müsəlmanın müsəlman qarşısındakı haqqı budur ki, onunla xeyirxah olsun.” (“Kafi” 2-ci cild, səh.171)
Digər bir yerdə isə belə buyurulur: “Möminin mömin qarşısındakı haqqı budur ki, onunla özünə rəva gördüyü kimi rəftar etsin.” (“Biharül-ənvar” 7-ci cild, səh.238)
Bildirilir ki, hər bir müsəlmanın başqa müsəlmanlar qarşısında haqqı onunla özlərinə rəva bildikləri tərzdə rəftar edilməsidir. Deyilən fikirlərin ən yığcam forması odur ki, hər bir insan başqa insanlara qarşı uyğun mövqeni tutmalıdır. İnsanlar arasındakı rabitələr müxtəlif mərtəbələrə malikdir. Bu rabitə növlərindən biri möminlər arasındakı rabitədir. Bu rabitə xüsusi bir məhəbbət və ülfətlə müşayiət olunur. Digər bir rabitə növü müsəlmanlar arasındakı rabitədir. Bu rabitənin də özünəməxsus tələbləri vardır. Müsəlmanlar arasındakı rabitələrin əhatə dairəsi möminlər arasındakı rabitə dairəsindən daha genişdir. İnsanlar arasındakı rabitə isə bütün bu rabitələrdən əhatəlidir. Uyğun rabitələrdə əməl ediləsi ölçü isə yuxarıda diqqətinizə çatdırıldı. Yəni hər bir insan özünü qarşı tərəfin yerinə qoyub, necə rəftar etməli olduğunu müəyyənləşdirməlidir.
Özümüzü qarşı tərəfin yerində təsəvvür etdikdən sonra müəyyənləşdirilməlidir ki, dostluq və məhəbbət hansı həddə izhar edilməlidir. Şübhəsiz ki, dostluq və ülfət ölçüsü həmişə eyni olmur. Bəs, başqalarına münasibətdə göstərəsi olduğumuz məhəbbətin qədərini necə təyin edək?
Bu dostluq və məhəbbətin ölçüsü həmin şəxslə rabitəmizdən asılıdır. Yəni bu ölçü əlaqələrin dərinliyi ilə müəyyən olunur. Əgər əlaqələr dərindirsə, onda məhəbbət və dostluq da dərin olasıdır. Rəftarınızın ünvanlandığı şəxs müsəlmandırsa, ona qeyri-müsəlmana nisbətən ikiqat məhəbbət göstərməlisiniz. Qarşı tərəf mömin olduqda isə göstəriləcək məhəbbət və dostluğun dərəcəsi bir dərəcə də yuxarı qalxır. Qonşuluq əlaqələri də belədir. Qonşu ilə rabitənin möhkəmliyinə uyğun olaraq ona qarşı məhəbbət də dərəcə-dərəcə yüksəlir. Qarşı tərəf ata-ana olduqda isə məhəbbət və dostluğun ölçüsü daha dərin və daha dəqiq olur. Demək, meyar yeganə olsa da, müxtəlif mərtəbələrə malikdir.
Həzrət Əli (ə) sözünün davamında buyurur: “Az olar ki, biri haqqında hövsələsizlik edib, salamat qalasan.” Həzrət (ə) nəzərimizə çatdırır ki, ictimai həyatda və başqaları ilə ünsiyyətdə elə məqamlar yaranır ki, insan üçün xoşagələn deyil. Nəzərimizə çatdırılır ki, bir şəxs qarşı tərəfin rəftarını xoşlamadığı üçün onunla tünd rəftar etmiş olsa, ümumi rəftar qaydasına əməl etməmişdir. Çünki həmin qaydada buyurulurdu ki, yalnız özünüz üçün istədiyinizi başqaları üçün də istəyin. Sual olunur ki, siz həmin qarşı tərəfin yerinə olsaydınız tələsik, tünd rəftar arzulayardınız? Sözsüz ki, qarşı tərəfin səbir edib, ciddi araşdırma aparmaqla həqiqəti tapmasını istəyərdiniz. Əgər belə düşünsəydiniz, çox olsun ki, daha mülayim rəftar edərdiniz. Əgər tələsiklik göstərib, uyğun qaydanı pozaraq, tünd rəftar etmisinizsə, necə güman edirsiniz, nəticə yaxşı ola bilərmi? İnsan sərt rəftar etdikdə, iş təsadüfən salamatlıqla qurtara bilər. Adətən, belə rəftarlar insan üçün problemlər yaradır. Amma əgər qarşı tərəfin xoşagəlməz rəftarı qarşısında onun bütün hörmətsizliklərinə baxmayaraq, böyüklük göstərsəydiniz, onun kobudluğuna mülayimliklə cavab versəydiniz, onun səhvinə göz yumsaydınız, mümkün ki, qarşı tərəf peşman olar və öz pis rəftarından əl çəkərdi.
Adətən, belə hallarda qarşı tərəfin hərəkətinə eyni qaydada cavab verilməsi onun islahı ilə nəticələnir. Əksinə, çox olsun ki, sizin tələsik, ölçü-biçisiz, tünd cavabınız qarşı tərəfin inadkarlığına səbəb olsun və o, tərsliyini daha da şiddətləndirsin. Heç şübhəsiz ki, xətakar insanla pis rəftar etməklə onun peşmanlığına nail olmaq mümkünsüzdür. Amma siz qarşı tərəfin kobud hərəkətinə mülayimliklə, mərhəmətlə cavab versəniz, çox güman ki, peşman olar, öz əvvəlki əməllərindən əl çəkər.

Kitabın adı: Əbədi öyüd
Tərcümə edən: M. Turan
Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!