İCTİMAİ ƏLAQƏLƏR - IV hissə

:

SAĞLAM İCTİMAİ ƏLAQƏLƏRİN BƏLASI
Vəsiyyətnamənin bu hissəsindəki bəzi ifadələr müxtəlif mənbələrdə fərqli nəql olunmuşdur. Məsələn, “Biharül-ənvar”la digər mənbələr arasında uyğun mətnlərdə fərqlər mövcuddur. Həzrət (ə) buyurur: “Pis işin israrı (təkrarı) əlaqələrin qırılması səbəblərindəndir.” Məsələn, bir mənbədə “pis işin israrı” ifadəsi əvəzində “qadağa” ifadəsi işlədilmişdir.

Hər iki nüsxəni nəzərə alsaq, deyə bilərik ki, insanların başqaları ilə rabitəsinin qırılma səbəbi “pis işin israrı” və “qadağadır”. Əgər bizdən soruşsalar ki, ictimai rabitələrin qırılma səbəbi nədir, cavab verməliyik ki, pis işin israrı və qadağa, yəni istəklərin rədd olunması. Qeyd olunan səbəblər ictimai əlaqələrdə soyuqluq yaradır.
Bunu da qeyd etməliyik ki, uyğun cümlənin mənası bizə bir o qədər də aydın olmadığından izahatlarımız ehtimala əsaslanır. Əvvəlki buyruğun ahəngini nəzərə alsaq, bu ifadədə “pis işin israrı” mənası daha məntiqəuyğun sayılmalıdır. Hər iki məna nəzərə alınsa, daha yaxşı olar. Yəni ictimai əlaqələrin bəlası bəxşişlərin kəsilməsi və pis rəftarın israrıdır. Buyruğun davamından belə görünür ki, sağlam ictimai əlaqələrin digər bəlaları da vardır və Həzrət (ə) bizi bu rəftarlardan çəkinməyə çağıraraq, bir neçə nümunə göstərir: “Qardaşın üz döndərdikdə, özünü onunla yaxınlığa vadar et.”
Əgər başqaları ilə xoş münasibəti qurmaq istəyirsinizsə, qeyri-səmimi rəftarlardan çəkinin. Əgər o sizin dostluğunuzu unudub, üz döndərərsə, sənin vəzifən budur ki, ona xeyirxahlıq əlini uzadasan. Əgər o əlaqələri kəsirsə, sən özünü yaxınlığa daha çox sövq etməlisən. “Sənə arxa çevirsə, mehribanlığını kəsmə.”
Bəli, əgər dostunuz sizi unudub, bir müddət yoxlamırsa, siz hökmən onun görüşünə gedin, hal-əhval tutun. Məbada, belə bir qərara gələsiniz ki, əgər o gəlmirsə, mən nə üçün getməliyəm?! “O sənə xeyirxahlıqdan imtina etmişsə də, sən ona xeyirxah ol. O xəsislik etmişsə də, sən bağışlamağından qalma. Səndən qaçsa, sən yaxınlaşmaqda davam et.” Bu iş çətin olsa da, özümüzü vadar etməliyik. Əgər dost tündlük göstərsə, mülayimliyimizdən qalmayaq. Əgər dost ardıcıl olaraq xoşagəlməz rəftar edirsə, onun hərəkətlərini müəyyən bəhanələrlə üzrlü hesab etməliyik. Məsələn, elə düşün ki, o pis iş görməyə məcbur olmuşdur. Bu yozumlarla onun nöqsanlarını üzrlü bil.
Vəsiyyətnamənin davamından Həzrət (ə) bizə elə bir əməli tövsiyə verir ki, onun icrası bir o qədər də asan deyil. Həzrət (ə) buyurur: “Elə bil ki, onun qulusan və sənə nemət verən odur.”
Demək, dost səndən üz çevirmişsə, özünü elə aparmalısan ki, sanki onun qulusan və bütün olanları o vermişdir. Həzrətin (ə) bu kəlamı İslamda ictimai rabitələrə verilən əhəmiyyətin dəyərliyini göstərir. İctimai əlaqələrin, xüsusi ilə, dostluq əlaqələrinin qorunması islami cəmiyyət üçün o qədər zəruridir ki, bir müsəlman özünü digər müsəlmanın hətta qulu hesab etməlidir. Yəni iki dost hər biri öz növbəsində özünü o biri dostun qulu saymalıdır. Təbii ki, insan özünü bir şəxsə qul bilərsə, ona xidmət göstərər. Ağa nə qədər pis rəftar etsə də, qul bu rəftarlara görə ondan üz döndərməz. Uyğun buyruqlardan yaranan inam insanı dostluğa hazırlayır. Dostla uyğun şəkildə rəftar edən şəxs öz dostunun islahına nail olur. Amma dostun səhvlərinə onun kimi cavab verilsə, şübhəsiz ki, dostluğun yerini kin-küdurət tutar. Çünki insan daim qəflətdədir və daim səhvə yol verir. Qarşı tərəfin səhvinə eyni tərzdə cavab vermək istəsək, hansı dostluqdan söhbət gedə bilər?! Belə bir yanaşma cəmiyyətdə mövcud olan rabitələri sonadək puça çıxarır. Dostluğu, müsəlman birliyini hifz etmək üçün cəmiyyətin hər bir üzvü özünə deməlidir ki, mənim vəzifəm dostlara və bütün bəşəriyyətə xidmət etməkdir. Qəti qərarınız bu olmalıdır ki, qarşı tərəf necə rəftar edir etsin, siz onun bəndəsisiniz, o sizin ağanızdır.
Bu dürlü kəlamın davamında Həzrət (ə) bəzi yanlış təsəvvürlərin qarşısını almaq üçün, uyğun kəlamlardan kimlərinsə pis məqsədlə istifadə edə bilməməsi üçün istisna bir halı bəyan edir. O qədər xəbis və alçaq adamlar var ki, sanki onların fitrətləri dəyişilmişdir. Əgər belə bir adamla münasibətdə onu ağa, özünüzü qul hesab etsəniz, bu adam fürsətdən istifadə edib, cəmiyyət üçün zərərli hərəkətlərini daha da gücləndirər. Amma bu istisna hal sizdə belə bir fikir yaratmamalıdır ki, istənilən bir adama qarşı laqeyd olasınız. Təəssüf ki, xoş rəftar bir qədər çətin olduğundan belə bir tələsik qərara gəlirik ki, qarşımızdakı şəxs həmin istisna olunmuş şəxsdir. “O, dostluğa layiq deyil ki, özümü ona qul hesab edəm” düşünürük. İçimizdə bir səs baş qaldıraraq, “bu ki heç insan deyilmiş” pıçıldayır. Hansı ki, Həzrətin (ə) istisnası cüzi sayda adamlara şamil edilə bilər. Olsun ki, mində bir insan xoş rəftara layiq olmasın. İctimai rabitələr bütün insanların layiqli olması üzərində qurulmuşdur. Adətən, əksər insanların xoş rəftara ləyaqəti var. Hər halda, istisna olaraq, şər və xəbis insanlarla rastlaşsaq, xoş rəftar etməyimiz onların çirkinliyini daha çox büruzə verəcəkdir. Onların qarşısında nə qədər təvazö etsəniz, onlar bir o qədər özlərini üstün tutacaqlar. Ona görə də, belə insanlarla dostcasına rəftar edilməməlidir. Qarşı tərəfi kamil və dəqiq şəkildə tanımalıyıq. Onun ləyaqətsizliyi sübuta yetdikdən sonra istisna adamlardan hesab etmək olar. Beləcə, Həzrət (ə) bizi uyğun göstərişin dəqiq tətbiqinə çağırır və buyurur: “Məbada, lazımsız, ləyaqətsiz adamlara belə yaxşılıqlar edəsən.” Həzrətin (ə) bütün tövsiyələrdən sonra bu istisnanı qeyd etməsinin səbəbi, olsun ki, dostluğa layiq olmayanların azlığı və layiq olanların çoxluğudur.

Kitabın adı: Əbədi öyüd
Tərcümə edən: M. Turan

 

Tags: AİLƏ VƏ CƏMİYYƏT

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!