İCTİMAİ ƏLAQƏLƏR - III hissə

:

XƏSİSLİYİN NİŞANƏSİ
İctimai həyatda belə bir hallar çox olur ki, insan bir işi görəcəyinə söz verir, şəri-fiqhi dildə desək, “bir müqavilə əsasında” öhdəlik götürür. Yəni iki şəxs bir-birlərinin qarşısında əhd edirlər. Şübhəsiz ki, bu halda insan öhdəçiliyini yerinə yetirməlidir: “Ey iman gətirənlər, əhdlərə sadiq olun.” (“Maidə” surəsi, ayə: 1)

Amma bəzən bu öhdəçilik birtərəfli olur. İnsan özü bir işi görəcəyini əhd edir. Bu öhdəçiliyin bir növü zəmanətdir. Yəni bir şəxs zəmanətnamə imzalamaqla hansısa işə zamin durur. Bu öhdəçilik birtərəfli öhdəçilikdir. Bu öhdəçiliyin qorunmasına qarşılıqlı şəkildə məsuliyyət daşınmır. Başqa sözlə, əgər siz belə bir öhdəçilik götürsəniz, demək, böyüklük etmiş, hansısa işin nəticələrinə zamin durmusunuz. Bu halda insanın daxilən böyüklüyü ondan tələb edir ki, öz əhdinə vəfa qılsın və verdiyi sözdən qaçmasın.
İctimai əlaqələrdə və dostluq rabitələrində bu kimi hallarla rastlaşırıq. İnsan bəzən belə bir istəklə dostuna üz tutur və onun belə bir iş görməsini istəyir. Şəksiz ki, iki dost arasında səmimi rabitə mövcuddursa, uyğun istək rahatcasına qəbul olunur. Amma həmin istəklə müəyyən şəxsə müraciət etdikdə görsəniz ki, o hansısa bəhanələrlə belə bir öhdəçilikdən boyun qaçırır, demək, sizin rabitələriniz səmimi deyildir. Hətta ola bilər ki, qarşı tərəfin qəlbində hansısa mənfi münasibət var imiş, sadəcə, onu indi büruzə verir. Bəhanə gətirilməsi, adətən, xəsislikdən yaranır.
Bir şəxs sizə üz tutub, kömək istədikdə, onun istəyini cavabsız qoymayın. Çünki səxavət əhli heç vaxt öz bacarığını əsirgəmir. Hətta insan səxavətli deyilsə də, dostluq rabitələri tələb edir ki, o öz dostunun istəyini yerinə yetirsin. Bir sözlə, əgər insan ona müraciət edən şəxsin istəyini hansısa bəhanə ilə yerinə yetirmirsə, demək, mövcud əlaqələr dostluq deyildir.
Hər halda, istək qarşısında bəhanə gətirilməsi xəsislik nişanəsidir. Məhz belə bir xasiyyət səbəbindən çoxları başqalarına yardım etməkdən çəkinirlər. Bəlkə də belə bir məsəl eşitmiş olasınız ki, dostluq hisslərindən uzaq bir şəxsə qonşusu deyir: “İpinizi versəydiniz, yuduğumuz paltarları sərərdik.” Həmin şəxs isə belə cavab verir: “İpə darı sərmişik.”
Məlum məsələdir ki, kimsə ipə darı sərmir və bu sadəcə bir bəhanədir. Hansısa xahişi yerinə yetirmək istəməyən şəxs min bir bəhanə gətirir. Əgər bir şəxs daim müxtəlif xahişlərin qarşısında bəhanə gətirirsə, onun bu hərəkəti xəsislik nişanəsidir. Əgər xəsis olmasaydı, bəhanə də gətirməzdi və açıq qəlblə yardım üçün uzadılmış əli boş qaytarmazdı.

BAĞIŞLAMAQ QAYDASI
İctimai həyatda zəruri işlərdən biri də bağışlamaq, əl tutmaq kimi xeyirxah fəaliyyətlərdir. Vəsiyyətnamənin bu hissəsində Həzrət Əli (ə) uyğun məsələ ilə bağlı ümumi bir qayda açıqlayır. İnsanlar arasında rabitələrin, iqtisadi fəaliyyətlərin möhkəmlənməsi üçün həmin bu əxlaqi qaydaya əməl etmək kifayətdir.
Əlbəttə, əgər bu əlaqələrin ictimai yönünü bir kənara qoyub, uyğun sözlərə başqa bir prizmadan baxsaq, görərik ki, Həzrət (ə) ictimai əlaqələrdən başqa, iqtisadi xeyirli işlərin üsulunu bəyan edir və buyurur: “Mehribanlıqla imtina, çox olsun ki, qaşqabaqlı şəkildə bağışlamaqdan üstündür.”
Bağışlamaq çox gözəl bir əməl olsa da, ictimai əlaqələrin möhkəmlənməsində müsbət təsir göstərsə də, qaşqabaqla, minnət qoyaraq bağışlamaqdansa, bu işi görməmək daha yaxşıdır. Ətrafımızda bir çox insanlar başqalarına xidmət göstərir və öz səxavətlərini əsirgəmirlər. Təəssüf ki, bu xeyirxahlıq minnət və qaşqabaqla müşayiət olunduqda, onun gözəlliyi itir. Hansı ki, Allah-taala buyurmuşdur: “Ey iman gətirənlər, sədəqələrinizi riyakarlıqla sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi minnət qoymaqla, əziyyət verməklə puça çıxarmayın.” (“Bəqərə” surəsi, ayə: 264)
Demək, kimsəyə bir şey bağışlamadan insanlarla mehriban, mülayim rəftar etmək minnətlə bağışlamaqdan daha yaxşıdır. Aydın məsələdir ki, ictimai əlaqələri qorumaq, xüsusi ilə, iman əhli arasındakı bağlılıqların gücləndirilməsi üçün qarşılıqlı yardım çox faydalıdır. Bir şərtlə ki, bu köməklər minnətlə müşayiət olunmasın. Belə halda qarşı tərəf xəcalət çəkir və özünü alçalmış hiss edir. Qarşı tərəfə hörmətsizlik göstərməklə ona nə isə bağışlamaqdansa, sadəcə xoşrəftarlı olub, mülayim davranmaq daha üstündür. Şübhəsiz ki, ictimai əlaqələrdə, xüsusi ilə, maddi yardım göstərilməsində hamıdan qabaq yaxınlar nəzərə alınmalıdır. İslam dininin təkidli göstərişlərindən biri insanın öz qohum-əqrabasına yardım göstərməsi, onları yoxlaması, yəni “sileyi-rəhm”dir. İctimai əlaqələrin möhkəmlənməsində bu işin xüsusi əhəmiyyəti vardır. Qohumluq əlaqələrinin möhkəmləndirilməsində maddi yardımlar olduqca təsirlidir.
Təəssüf ki, dövrümüzdə bu məsələyə lazım olduğu qədər diqqət yetirilmir. Bir çoxlarımız bu şəri və əxlaqi vəzifələrimizi, ümumiyyətlə yaddan çıxarmışıq. Hansı ki, “sileyi-rəhm”, yəni qohumlarla əlaqələrin möhkəmləndirilməsi onlara maddi yardımlar olduqca təsirlidir. Bu əlaqələrin möhkəmlik dərəcəsi nəzərdə tutulmuş şərtlərə əsasən müəyyənləşdirilir. İstisna hallar da mövcuddur. Hər halda bu mövzular ciddi araşdırılmalıdır. Xalqın bu qaydalara riayət etməsi, onların təşviq olunması xüsusi əhəmiyyət kəsb edir. İnsanlara xatırladılmalıdır ki, uyğun qaydaya riayət etməsələr, hansı zərərlərlə üzləşəcəklər. Xüsusi ilə, xatırladılmalıdır ki, qohumluq əlaqələrinin qırılması “kəbirə”, yəni böyük günahlardandır.
Bəzi hallarda qohumluq əlaqələrinin qorunması vacib sayılmışdır. Sözsüz ki, heç də bütün qohumlar qohumluq əlaqələrini dərinliyinə görə eyni deyildirlər. Daha yaxın qohumun haqqı daha da böyükdür və qohumlar arasında ehtiyaclı olanlara daha çox diqqət ayrılmalıdır. Məhz bu baxımdan varlı insanlara tövsiyə olunur ki, öz zəif qohumları ilə əlaqəni kəsməsinlər. İmkansız qohum da öz növbəsində varlı qohumlarla yaxınlıq etməlidir. “O mənə möhtac deyil, onun qapısına getsəm, elə bilərlər ki, umacağım var” kimi bəhanələrlə varlı qohumdan üz döndərmək düzgün deyil.
İnsan heç bir şəraitdə “sileyi-rəhm”i tərk etməməlidir. Bu vəzifəyə zəruri həddə əməl olunmalıdır. Sadəcə, hal soruşmaqla da olsa, əlaqələr qorunmalıdır. Əlbəttə ki, bu işdə şəxsiyyət də qorunmalıdır. “Sileyi-rəhm” o demək deyil ki, insan öz hörmətini ayaq altına atsın. İnsan bacardığı qədər hörmət göstərməli və imkanı həddində bağışlamalıdır. Amma heç bir halda “sileyi-rəhm”i tərk etmək olmaz. “Sileyi-rəhm” fəqirlərə kömək etmək deyil. Yoxsullara yardım tamamilə ayrı bir vəzifədir. “Sileyi-rəhm”ə münasibətdə nə varlı insan öz yoxsul qohumunu, nə də yoxsul insan öz varlı qohumunu yaddan çıxara bilər. Şərait nəzərə alınmaqla bu vəzifəyə əməl olunmalı və qohumluq əlaqələrinin möhkəmlənməsi üçün səy göstərilməlidir. Çünki bu rabitə təbii şəkildə ictimai əlaqələri möhkəmləndirir. “Sileyi-rəhm” etmək böyüklük əlamətidir.
Söhbətin davamında Həzrət Əli (ə) “sileyi-rəhm”in, yəni qohumluq əlaqələrinin qırılmasının nəticələri haqqında danışır: “Əgər yaxınlarından üz döndərsən, kim sənə etimad göstərəcək?!” Bu halda kim sənə kömək üçün əl uzadar?! Çünki sənin qohumlarla pis rəftarın onları səndən uzaq salar. Hətta başqaları da insanı öz qohumları ilə pis rəftarını görüb, ondan ümidlərini üzə bilərlər. Düşünərlər ki, əgər bu insan öz yaxınları ilə belə rəftar edirsə, ondan heç bir xeyir iş gözləmək olmaz. Möminlər arasındakı gözəl rabitə tələb edir ki, onlar öz rəftarları ilə başqalarının kömək istəməsinə rahat şərait yaratsınlar. Mömin elə olmalıdır ki, ehtiyaclı şəxs ondan istəməyə çəkinməsin.
Əlbəttə ki, bir şəxsin öz hörmətini qoruyub, kimsəyə ağız açmaması tamamilə başqa bir mövzudur və bu işin möminlər arasındakı rabitə mövzusuna aidiyyatı yoxdur. “İzzəti-nəfs” adlanan gözütoxluq və şəxsiyyətin qorunması xasiyyəti insanı başqalarına əl açıb, özünü sındırmaqdan çəkindirir. Belə insan öz olanları ilə kifayətlənməyə üstünlük verir. Amma bu o demək deyil ki, imkanlı insanlar ehtiyaclıları yaddan çıxarıb, onların problemləri haqqında düşünməməlidirlər. Çünki yuxarıda qeyd olunmuş iki tövsiyə arasında heç bir ziddiyyət yoxdur. Əksinə hər iki sifariş ictimai həyatda bir-birini tamamlayaraq, bir sıra problemləri həll edir.
Bundan əlavə, digər bir bəyənilmiş rəftar da mövcuddur və bu yuxarıdakı iki tövsiyəni formalaşdırır. Bu gözəl tövsiyədə imkanlı adamlara tapşırılır ki, ehtiyaclıların sıxılmadan müraciət edə bilmələri üçün siz də arabir onlara, gücü daxilində olan bəzi xahişlərlə müraciət edin. Belə etsəniz, onlar səmimi şəkildə öz ehtiyaclarını sizə bildirərlər. Unutmamalıyıq ki, Allah-taala insanların məhz Ona böyük təvəkkül edərək, ehtiyaclarını Onun qərar verdiyi vasitələrdən diləmələrini istəmişdir. Bu vasitələrdən biri də müxtəlif şərtlərə, eləcə də, “izzəti-nəfs” və Allaha təvəkkül şərtlərinə əməl etməklə başqalarından kömək istənilməsidir.
Əslində ictimai əlaqələr müxtəlif ehtiyacların təmin olunması üçün Allah-taalanın qərar verdiyi bir yoldur. İctimai rabitələrin forması, keyfiyyəti, mərtəbələri vardır və bütün bunlara riayət olunmalıdır. Yalnız bu halda cəmiyyət sağlam ola bilər. Qeyri-sağlam ictimai əlaqələrin nişanələrindən biri budur ki, bu cəmiyyətin üzvləri bir-birlərinin köməyindən faydalanmaq istəmirlər. Onlar tanımadıqları adamlara öz yaxın adamlarına nisbətən daha həvəslə müraciət edirlər. Şübhəsiz ki, belə bir rabitə heç vaxt bəyənilə bilməz. Sağlam islami cəmiyyətdə insanlar labüd problemlərin həllində bir-birlərindən faydalanmalıdırlar. Bir cəmiyyətdə ki, insan insanın dərdinə şərik deyil, bu cəmiyyət sağlam hesab oluna bilərmi?! İki qonşunun bir-birinə kömək etməsi nəinki əxlaqa və şəriətə zidd deyil, hətta sağlam islami rabitələr belə bir ruhiyyə tələb edir. Çünki insanlar arasındakı sağlam və mehriban ünsiyyət bu ruhiyyəni zəruri edir. Bəli, sağlam cəmiyyətdə insan insanı həvəslə köməyə çağırır və bir-birinin çağrışına həvəslə cavab verirlər. Əgər cəmiyyətdə bu sayaq səmimi bağlılıqlar mövcud olmasa, onda kimsə öz yaxınlarına müraciət etmək istəməz, onları köməyə çağırmaqda çətinlik çəkər. Beləcə, “izzəti-nəfs”i, şəxsiyyəti qorumaq şərti ilə İslam bizi başqalarının yardımlarından istifadə etməyə çağırır. Digər bir tərəfdən imkanlı insan özü başqalarının köməyinə tələsməlidir. Elə bir şərait yaratmalıdır ki, başqaları ona sıxılmadan müraciət edə bilsinlər. Əlbəttə ki, bu mühüm məsələ səmimiyyət və məhəbbətin ölçüsündən asılıdır.
Unutmamalıyıq ki, bu qarşılıqlı yardımlarda yaxınların və qohum-əqrəbanın payı daha böyükdür. Əgər qohum-əqrəbaya lazımınca diqqət yetirməsək, şəksiz ki, başqaları da bizi məzəmmət edəsidir. Eləcə də, qohumlara kömək etməsək, kim bizə ümid gözü ilə baxar?! Axı, qohum-əqrəbasından üz döndərmiş insana necə etimad göstərmək olar?! Şəksiz ki, belə insanlara kimsə ağız açmaq istəməz.

Kitabın adı: Əbədi öyüd
Tərcümə edən: M. Turan
Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!