AİLƏDƏ SAZİŞ - 1

:

HƏYAT YOLDAŞININ AİLƏSİ İLƏ SAZİŞ
Mühüm məsələlərdən biri qadının ər evində dil tapmasıdır. Təəssüf ki, bu sahədə bir çox problemlər yaranır. Hətta bu problemlər acı nəticələrə də gətirir. Ərlə arvad qarşı tərəfin ailəsi ilə sazişə gəlməli olsa da, kişinin bu sahədəki müdiriyyəti nəzərə alınmalıdır.

Kişi tədbir və bəsirətlə elə rəftar etməlidir ki, həm həyat yoldaşı, həm də yaxınlarının haqlarını yerinə yetirsin. Hər halda onlardan heç birini digərinə fəda etmək olmaz. Bəzi kişilər analarını çox sevdiklərindən özləri də bilmədən həyat yoldaşlarının haqqını tapdalayırlar. Onlar öz həyat yoldaşlarından analarına qarşı xüsusi bir münasibət umurlar. Hansı ki, qadın yalnız öz vəzifəsini yerinə yetirməli, yersiz tələblərin icrasında üzülməməlidir. Bəziləri isə evləndikdən sonra ana-bacısını, yaxınlarını yaddan çıxarır və onların hüquqlarına biganəlik göstərir. Evləndikdən sonra kişinin öz həyat yoldaşı, yaxınları ilə necə rəftar edəcəyindən çox şey asılıdır. Ailədə isti rabitələrin yaranması, bir çox problemlərin aradan qalxması üçün kişi düzgün müdiriyyət üsulu seçməlidir. Kişi tədbirli və agah olmadıqda ailədə xeyli problem yaranır. Digər tərəfdən, qadın da ərini əziyyətə salacaq rəftarlardan çəkinməli, ərin yaxınları ilə isti əlaqələr qurmağa çalışmalıdır. Cüzi məsələlərdən ötrü dava-dalaş salmaq, səmimi rabitələri pozmaq düzgün deyil.

GÜZƏŞT UYĞUNLAŞMA ŞƏRTİDİR
Uyğunlaşma sözündə bir növ güzəşt, dözüm, göz yummaq mənaları da var. Müdara etmək təbiri də həmin mənanı bildirir. Müdara etmək odur ki, biz kollektiv yaşayışda ətrafdakıların bəzi yersiz hərəkətlərinə dözək, onlara göz yumaq. Məsələn, əgər həyat yoldaşının rəftarında nöqsan varsa və nöqsanı aradan qaldırmaq üçün göstərilən səylər nəticə vermirsə, dava-dalaş salıb ailə rabitələrini süstləşdirmək olmaz. Çünki hər birimizin zəif nöqtəsi var. Bəzən bu nöqtəni islah etmək asan olmur. Bəzi zəif nöqtələrin irsi kökləri olur. Qəbul etməliyik ki, müştərək həyatda bu sayaq çətinliklər labüddür. Axı heç birimiz məsum, günahsız deyilik. Özünü nöqsansız bilən şəxs hamıdan nöqsanlıdır. Əlbəttə ki, hər bir insan öz üzərində çalışıb eyiblərdən yaxa qurtarmalıdır. Belə bir səy mənəvi təkamül səbəbidir. Yalnız çalışmaqla Qurani-kərimin “pak həyat” adlandırdığı sağlam həyata yol tapmaq olar. Hər halda bu sayaq çətinliklər var və müdara edib, keçinməkdən başqa yol yoxdur. Elə bu səbəbdən də İslam təlimlərində müdara etmək təkidlə tövsiyə olunur. İslam peyğəmbərindən nəql olunmuş rəvayətlərdə müdara imanın yarısı kimi təqdim olunur. (“Cameus-səadət”, c. 1, s. 372). Həzrət Peyğəmbərin (s) bu bəyanı insani rabitələrdə əxlaqi fəzilətin əhəmiyyətini göstərir. Bu mövzuda rəvayət çoxdur.

SAZİŞ HƏDDİ
Qarşı tərəflə saziş o demək deyil ki, insan qeyd-şərtsiz kiminsə istəyinə və ya mühitin tələblərinə təslim olsun, gerçək meyarlardan əl çəksin. Bəzi əxlaqi keyfiyyətləri o zaman tərk etmək olar ki, bu hərəkət prinsipial üsullara zərər vurmasın və haqq ayaq altına atılmasın.
İnsan fərd və ya mühitlə uyğunlaşmaq üçün nə günaha yol verə bilər, nə də vacib vəzifələrini tərk edə bilər.
İslam Peyğəmbərindən (s) nəql olunmuş bir rəvayətdə belə bir nöqtə aydın şəkildə bəyan olunmuşdur: “Öncə Allaha iman, sonra kimsənin haqqını tapdamadan xalqla müdara düşüncə göstəricisidir.”
Qeyri-prinsipial məsələlərdə ixtilafdan çəkinib müdara yolunu tutmaq olar. Qeyri-mühüm məsələlərdə güzəşt başqaları ilə saziş şərtidir.
Uyğunlaşmaq təslimçilik, ictimai mühitin rəngini götürmək, şəxsiyyəti əldən vermək yox, ixtilaflardan çəkinmək məqsədi ilə güzəştə getməkdir.

UMACAĞIMIZI MƏHDUDLAŞDIRAQ
Ailə həyatında uyğunlaşma şərti budur ki, ərlə arvadın hər biri qarşı tərəfdən umacağında orta həddi gözləsin, imkandan uzaq, qeyri-məntiqi istəklərdən daşınsın. Ailə həyatında bir çox problemlərin kökü istək və umacaqlarda orta həddin gözlənilməməsidir.
Şübhəsiz ki, yalnız ailə həyatında yox, bütün insani rabitələrdə hər birimiz başqalarından nə isə gözləyirik. Əlbəttə ki, qarşı tərəfin də bizdən intizarı var. Ailə həyatımızdakı umacaqları bilmək üçün vəzifə və hüquqlarımızla tanış olmalıyıq. Əgər ailədə haqqımız olmayan bir tələb irəli sürsək, ailə rabitələrinə zərbə vurmuş olarıq. Yəni həyat yoldaşından vəzifəsi olmayan bir iş tələb etmək olmaz. Kişi də ummamalıdır ki, qadın öz ixtiyarında olanları və ya qazancını ailə üçün xərcləsin. Qadın da kişidən həddi aşan tələblər etməməli, eləcə də, onun qeyri-məntiqi istəklərinə təslim olmamalıdır.

ÖZ İSTƏKLƏRİMİDƏ BƏSİRƏTLİ OLAQ
Hətta şəri haqlarımızın tələbində belə bəsirətli olmalı, imkanları nəzərə almalıyıq.
Bəsirətli olmaq, həqiqəti görmək bütün sahələrdə, eləcə də, ailə həyatında mühüm rol oynayan dəyərli bir xüsusiyyətdir.
Həqiqətdən uzaq istəklər rabitələrdə xeyli problemlər yaradır. Unutmamalıyıq ki, imkanı istəyə uyğunlaşdırmaq mümkünsüzdür. İnsan öz istəyini imkana uyğunlaşdırmalı, öz istəklərində gerçəkliyi nəzərə almalıdır. İmkanı nəzərə almadan uzun-uzadı arzularla yaşamaq əslində yuxu və xəyal aləmində seyr etməkdir. Həyatda müvəffəqiyyətin ilkin şərti bəsirətli olmaqdır. Belə bir nöqtəyə diqqət qadınlar üçün xüsusi əhəmiyyət kəsb edir.
Həyəcanlanmış hisslər bəzən həqiqəti görməyə imkan vermir. Hissdən qaynaqlanan və ağıl ölçüsünə sığmayan istəklər də emosiyalardan doğur.
Bu sayaq istəklər, adətən, ailə həyatında çətinliklər törədir. (Qadının diqqət yetirməli olduğu digər bir məsələ həyat yoldaşının proqramı ilə uyğunlaşmaqdır. Bəzi kişilər əmək fəaliyyəti ilə bağlı boş vaxt tapmaqda çətinlik də çəkə bilər. Bəziləri evdə də idarə işi görməyə məcbur olur. Belə məqamlarda həyat yoldaşı vəziyyəti düzgün qiymətləndirməli, öz etirazları ilə ərini sıxıntıya salmamalıdır. Əlbəttə, kişi də imkan həddində öz vaxtının bir hissəsini ailəsinə həsr etməli və bunu özünə vəzifə bilməlidir.)

MÜQAYİSƏ APARMAYAQ
Tərbiyə sahəsində təkidlə qeyd olunmuş gerçəkliklərdən biri fərqli səviyyənin mövcudluğudur. Öncə də işarə etdik ki, hər fərdin digər fərdlərdən fərqli xüsusiyyətləri var. İnsanların tutumları, qabiliyyətləri, gücləri eyni deyil. Buna görə də hamıya qarşı eyni tələb irəli sürmək olmaz. Belə ki, kişi öz həyat yoldaşını başqa qadınlarla müqayisə edə bilməz. Qadından başqa qadınların gördüyü işi tələb etmək yersizdir. Əgər qadın kişinin bəzi istəklərini yerinə yetirə bilmirsə, kişi ondan inciməməli, məhəbbətini əskiltməməlidir. Bəzən kişilər öz həyat yoldaşlarına başqa qadınların aşbazlığından, dərziliyindən ağız dolusu danışırlar. Bu sayaq söhbətlər təkrarlandıqda qadın tərəfindən təhqir kimi qəbul olunur. Başqa qadınların həddi aşan tərifi dilxorçuluq, bəzən isə kin-küdurət yaradır. Bəziləri bir az da qabağa gedərək yeri gəldi-gəlmədi həyat yoldaşlarını başqaları ilə müqayisə edirlər. Onlara elə gəlir ki, bu yolla həyat yoldaşlarını təşviq edirlər. Belə bir üsul daha çox zərər gətirir. Adətən, fərdlərin bir-biri ilə müqayisə olunması yanlış olur və pis nəticələrlə sonuclanır. Ümumiyyətlə, fərdlərin müqayisəsində diqqətli olmaq, fərdi keyfiyyətləri nəzərdən qaçırmamaq lazımdır. Başqa bir şərt bu müqayisənin təhqirə çevrilməsinə yol verməməkdir. Başqalarının üstünlüyü haqqındakı söhbət qarşı  tərəfin alçaldılması ilə müşayiət olunmamalıdır.
İnsani rabitələrdə bir çox incə nöqtələrə diqqət yetirmək və ölçülü hərəkət etmək lazımdır.
Həyat yoldaşının başqa qadınlarla müqayisə edilməsinin digər mənfi nəticələri də var. Bu nəticələrdən biri qadında başqa qadınlara qarşı mənfi emosiyaların yaranmasıdır. Qadın üçün ərin ətrafdakı qadınlara diqqətli olub, onların haqqında xoş sözlər deməsi cansıxıcıdır. Qadına elə gəlir ki, haqqında danışılan qadınlar onun ərinin diqqətini ondan yayındırırlar. Bir sözlə, yersiz müqayisələr ailənin ictimai rabitələrində xeyli problem yaradır və bu problemlər bəzən ciddi qarşıdurmalarla nəticələnir.

ƏRDƏN MADDİ TƏMƏNNA
Qadının öz ərindən təmənnalarından biri də maddi təmənnadır. Şübhəsiz ki, qadının dolanışıq xərcləri ərin öhdəsinədir. Kişi qadının şəni, öz imkanları ölçüsündə qadına həyat şəraiti yaratmalıdır. Onun həm rahatlığı təmin olunmalı, həm də şəxsiyyəti qorunmalıdır. Təəssüf ki, bu sahədə də bəzən orta hədd gözlənilmir, qadının təmənnaları ailənin və ərin imkanlarından çox-çox yuxarı olur.
Ailələrdəki durumun araşdırması göstərir ki, ərlə arvad arasındakı bir çox problemlərin səbəbi maddiyyatdır.
İslami rəvayətlərdə kişilərə tövsiyə olunur ki, imkanları daxilində qadının rifah və asayişini təmin etsinlər. İmkanı olduğu halda ailənin ehtiyaclarını təmin etməyən kişidə bir növ xəsislik görünür. Onlar unudurlar ki, var-dövlət ailənin ehtiyaclarının ödənməsi, şəxsiyyətin qorunması, xeyir işlər yolunda sərf olunduqda fayda verir. Əgər imkanlar sadalanan istiqamətdə yönəlməsə, onların heç bir dəyəri yoxdur. Rəvayətlərdə tövsiyə olunur ki, Allah sizin var-dövlətinizə bərəkət verdikdə siz də həmin artıma uyğun olaraq ailə-övladınızın şəraitini genişləndirin, açıq əl və ürəklə onların ehtiyaclarını təmin edin.
Bundan əlavə, kişi ailə ehtiyaclarının təmini üçün öz fəaliyyət dairəsini genişləndirməlidir. Bu yolla ailənin üzləşdiyi maddi problemlər aradan qaldırılmalıdır. Bəzi kişilər ailə-övladın ehtiyaclarını təmin etmək üçün lazımınca çalışmırlar. Bu səbəbdən onlar öz fəaliyyətlərini genişləndirməyə cəhd göstərmirlər.
Başqa bir tərəfdən, dini rəvayətlərdə qadınlardan istənilir ki, həyat yoldaşlarının imkanlarını nəzərə alsınlar. Qadın həddi aşan istəklərdən çəkinməlidir. Təəssüf ki, bəzi qadınlar bu məsələyə biganədirlər. Onlar öz xoşbəxtliklərini yalnız maddiyyatda axtarırlar. Belə qadınların təmənnasının həddi-hüdudu yoxdur, onlar hər gün yeni bir istəklə ərlərinə üz tuturlar. Belə qadınlar nə ərin imkanlarını, nə gələcəyi və nə də ailənin məsləhətini nəzərə alırlar. Onlar öz istəkləri üzərində möhkəm dayanıb təkid edir, müsbət cavab almadıqda ailə mühitini zəhərləyirlər. Belə qadınların itirdiyi ilkin şey ailə həyatındakı xoşbəxtlik hissləridir.
Bəzi qadınlar maddi istəklərin gerçəkləşməsi üçün o qədər səy göstərirlər ki, sanki pul xərcləmək üçün yaranmışlar. Ağır xərcli, adətən, bu kimi səriştəsiz qadınlar ailə iqtisadiyyatını ağır yükləyirlər. V. Dorantın təbirincə: “Ər məcburdur ki, can qoyub, əsəb çürütsün, acı da olsa, qadına bir qul olduğunu qəbul etsin.” (“Fəlsəfənin ləzzətləri”, s. 160). Bu hal dəbdəbəli həyat keçirən kübar ailələrdə daha çox müşahidə olunur. Belə ailələrin bərbəzək geyim, əyləncə xərcləri ağılsız həddədir və üzücüdür. Adətən, belə ailələrdə həqiqi xoşbəxtlikdən əsər-əlamət olmur.
Xoşbəxtlik var-dövlətdə, bər-bəzəkdə, güc və məqamda yox, eşq və aramlıqdadır.
Bu zümrədən olanlar elə bir yol tutmuşlar ki, bu yol onları daim aramlıqdan, xoşbəxtlik və həzdən uzaqlaşdırır.
Aşağı və ya orta imkana malik bir çox ailələr qənaət və şükür səbəbindən olduqca xoşbəxtdirlər. Bu xoşbəxtlik kübar ailələrin dəbdəbəli saraylarda , ağır xərcli qonaqlıqlarda və səfərlərdə axtardıqları xoşbəxtlikdir. Onlar heç vəchlə bu xoşbəxtliyi əldə edə bilmirlər. Elə bu səbəbdən də qəm-qüssə, əxlaqsızlıq, boşanma kimi bir çox psixoloji və ictimai problemlərlə üzbəüzdürlər.
Çox təəssüf ki, orta təbəqədən olan bəzi qadınlar kübar zümrəni özü üçün ideal götürür və min bir əzab-əziyyətlə onlarla bir cərgədə dayanmağa səy göstərirlər. Onların imkanları kübar imkanlarla uzlaşmadığından üzüntüyə düçar olur, ailə həyatını özləri və ailələri üçün zəhərə döndərirlər. (Bu qadın zümrəsi ölkəmizə qərb mədəniyyətinin töhfəsidir. Xüsusi ilə ikinci dünya müharibəsindən sonra qərbə təqlidçilik cərəyanı gücləndi və cəmiyyətdə qərbpərəst bir zümrə formalaşdı.)
Bu tip qadınlar anlamalıdırlar ki, ailə xoşbəxtliyi bərbəzəkdən, dəbdəbəli həyatdan asılı deyil. İnsanın xoşbəxtliyi hər şeydən öncə onun ruhundan və qəlbindən asılıdır. Ruhunda və qəlbində aramlıq olmayan insan nə qədər dəbdəbəli yaşasa da, həyatdan ləzzət almır. İnsan onu addım-addım bədbəxtliyə aparan yol seçməməlidir. Bu yolun sonunda üzüntü və bədbəxtlikdən başqa bir şey yoxdur. Düşünməliyik ki, həyatdan nə istəyirik? Başqaları ilə dəbdəbə yarışına girmək bizi xoşbəxtliyə aparırmı? Axı imkanlar fərqlidirsə, bu yarışda hansı səmərə ola bilər?! Hər birimiz ixtiyarımızda olan imkanları nəzərə alaraq, proqram hazırlamalı, imkanca bizdən yuxarı olanlarla rəqabətə girməməliyik. İnadkar, tələbkar qadınlarla yanaşı şəxsiyyətli, düşüncəli qadınlar da var. Onlar ailənin iqtisadi mənbələrini hifz edir, israfdan çəkinir, ailənin imkan çərçivəsindən kənar addım atmırlar. Xoşbəxtlikdən bu növ qadınlar cəmiyyətimizdə kifayət qədərdir. Onlar hər zaman həyat yoldaşları ilə çiyin-çiyinə ailənin gələcək həyatı üçün proqram cızırlar. Yaxşı olar ki, ata-analar öz qızlarını ər evinə yola salmazdan öncə onları bəzi həqiqətlərlə tanış etsinlər.
Xoşbəxtlik çox pul xərcləməkdə, ölçüsüz arzularda, azğın istəklərdə yox, həyat yoldaşı ilə qəlb bağlılığında, təkamül və yüksəlişə doğru səydədir.
Bu xoşbəxtliyi qiymətli libaslara, bər-bəzəyə satmaq olmaz. Qızlar öz analarının ağuşunda bu böyük dərsi yetərincə öyrənməlidir.
Bu məqamda həzrət Fatiməni (s) bir ideal kimi xatırlamaq yerinə düşər. Bu xanımın fəzilət və təqva dolu həyatının qadınlarımıza ilham verəcəyinə ümid bəsləyirik. Həzrət Fatimənin (s) öz həyat yoldaşı, Həzrət Əliyə (ə) xitabən söylədiyi dəyərli bir kəlamı ilə sözlərimizi zinətləndiririk. Xanım buyurmuşdur: “Ya Əli! Mən öz Rəbbimdən həya edirəm ki, səndən imkanın çatmayan bir şey istəyəm.” (“Kəşfül-Ğummə”, c. 1, s. 465).

Kitabın adı: Gənc ailələr üçün göstərişlər
Tərcümə edən: M. Əmin
Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!