38-Cİ MÜNAZİRƏ - I hissə

:

MÜTƏNİN HALAL OLDUĞUNA DAİR DƏLİLLƏR (2 Şaban, şənbə, 1345-ci il)
Dəvətçi: “Vaxtımız dar olduğu üçün, yalnız hamısından əhəmiyyətli bir mövzunu zikr etmək istəyirəm. Bu, Quranda da yer alan “mütə nigahı” (siğə) və “nisa həcci”dir. Qurani-kərimin hökmü və iki firqənin ittifaqilə mütə Peyğəmbər (s) zamanında məşhur və istifadə olunan bir əməl idi.

Əbu Bəkr ərəfəsində və Ömərin xilafətinin ilk illərində də ümmət arasında tətbiq olunurdu. Amma Ömər belə dedi: “Peyğəmbər dövründə olan iki mütəni mən haram edirəm və edənləri cəzalandıracağam”.
Yəni Allahın halalı 13 əsrdir ki, haram edilmişdir. Ömərin bu sözü gücləndi və Qurani-kərimin, Xatəmul-ənbiyanın (s) və əshabın açıq bəyanlarına baxmayaraq, kor-koranə, heç bir dəlil olmadan əmrə itaət edildi. İndi də əhli-sünnə qardaşları şiə müsəlmanların bidəti olaraq adlandırırlar. Hal-hazırda da əhli-sünnə bunu qəbul etmir. Dəlillərini də bəyan etsək, yenə də rədd edirlər. Halbuki, hər iki mütə Peyğəmbər (s) dövründə halal idi. Bilavasitə xəlifənin öz əmri ilə Allahın bu halalı haram edildi.
Quranda bildirilən, Peyğəmbər (s) həyatında istifadə edilən, əshabında qəbul etdiyi və Əbu Bəkr ilə Ömərin özünün də təsdiqi ilə belə açıq ilahi hökm - Quranda və sizin mötəbər kitablarınızda da halal olduğu söyləndiyi halda – sonralar bilavasitə Ömər tərəfindən, heç bir ayə və hədisə əsaslanmadan haram edilmişdir. Bütün bunlara baxmayaraq, siz Əbu Talibin (r.ə) imanını şübhə altına alıb, küfründən danışırsınız!”
Şeyx: “Siz milyonlarla müsəlmanın neçə əsr Qurani-kərimə və sünnəyə zidd əməl etdiyini söyləmək istəyirsiniz?! Halbuki, biz də bütün dünyada sünni kimi tanınırıq. Yəni Peyğəmbərin (s) sünnəsinə bağlıyıq. Şiələr də Peyğəmbərin (s) sünnəsindən üz çevirdikləri üçün rafizi adlandırılmışdır!”

HƏQİQƏTDƏ SÜNNİLƏR RAFİZİ, ŞİƏLƏR İSƏ SÜNNİDİR
Dəvətçi: “Zahirən siz özünüzü sünni, şiə müsəlmanlarını da rafizi adlandırırsınız. Lakin insafla hökm etsəniz və köhnə fikirlərinizi də kənara qoysanız görərsiniz ki, həqiqətən, Peyğəmbərin (s) sünnəsinə bağlı olanlar şiələrdir, rafizilər isə sizlərsiniz; çünki Quran və sünnədən üz çevirirsiniz”.
Şeyx: “Afərin! Milyonlarla təmiz, pak müsəlmanı rafizi saydınız. Buna dəliliniz nədir?”
Dəvətçi:”Siz də yüz milyondan çox təmiz müsəlmanı və Peyğəmbərin (s) Əhli-beytinə (ə) tabe olan şiə müsəlmanları rafizi, kafir və müşrik sayırsınız. Halbuki, əvvəlki gecələrdə bəyan etdiyim kimi, Rəsulullah (s) Qurani-kərim və Əhli-beytə (ə) tabe olmağı əmr etmişdir. Qəsdən Əhli-beytdən (ə) üz çevirib, başqalarına tabe olursunuz! Peyğəmbər (s) zamanında Quran hökmünə əsasən tətbiq edilən sünnədən çəkinib, ilk iki xəlifənin hökmüylə onları tərk edirsiniz. Peyğəməbərin (s) sünnə və sirəsinə tabe olanları rafizi, müşrik və kafir sayırsınız. Tərk olunan hökmlərin biri haqda Quranda “Ənfal” surəsinin 41-ci ayəsində belə buyurur: “Bilin ki, qənimət olaraq ələ keçirdiyiniz hər hansı bir şeyin xumsu (beşdə biri) Allah-taala, Rəsuluna, onun qohum-əqrabalarına, yetimlərə, yoxsullara və müsafirlərə aiddir...”.
Peyğəmbər (s) həyatda ikən bu hökm tətbiq olunur, qənimətlərin xumsu, yaxınları və qohum-əqrabaları arasında paylanırdı. Amma sonradan bu əməl tərk edildi. Xülasə, əgər hamısına işarə etsəm, söz uzanacaq.
Şiə müsəlmanların Peyğəmbərin (s) sirə və sünnəsinə tabeliyinə və sizlərin Rəsulullahın sünnəsi və əshabın əməlindən uzaqlaşıb rafizi olduğuna ən böyük dəlil mütə mövzusudur.
Mütə Allahın hökmü, Rəsuli-əkrəmin (s) sünnəsi və əshabın əməlidir və Peyğəmbər ərəfəsində Əbu Bəkri xilafətində və Ömərin xilafətinin əvvəllərində halal idi və tətbiq edilirdi. Amma Ömərin siyasətinə görə, söylədiyi bir tək sözlə Allahın halalı haram edildi, Peyğəmbərin (s) sünnəsi tərk olundu. Buna baxmayaraq, özünüzü sünni, Quran və sünnəyə bağlı şiə müsəlmanlarını isə rafizi sayırsınız! Cahil xalqı elə bir şəkildə başdan çıxartdınız ki, tam 14 əsrdir ki, bizi rafizi müşrik sayırlar. Siz sünnilər Ömər öz sözünü isbat etmək üçün heç bir dəlil gətirmədiyi halda, kitablarınızda bir çox dəlil gətirərək Ömərin sözünün haqq və Quran, sünnə və səhabənin əməlinin batil olduğunu bəyan edirsiniz!”
Şeyx: “Mütənin halal olduğu mövzusundakı dəliliniz nədir? Hansı dəlillə Ömərin Allahın sözü və Peyğəmbərin (s) sünnəsinə zidd əməl etdiyini iddia edisiniz?”

MÜTƏNİN HALAL OLDUĞUNA DAİR DƏLİLLƏR
Dəvətçi: “Bunun dəlilləri çoxdur. Əvvəla; Qurani-məcid “Nisa” surəsinin 24-cü ayəsində belə buyurur: “İstifadə etdiyiniz (müvəqqəti evləndiyiniz) qadınların mehriyyələrini vacib (mal) olaraq ödəyin.”
Şübhəsiz, Qurani-kərimin hökmləri, onları nəsx edən (aradan aparan) başqa ayələr olmadıqda, Qiyamətə qədər qüvvədədir. Bu xüsusda nəsx edən başqa bir ayə olmadığı üçün bu hökm əbədi olaraq qüvvədə qalır”.
Şeyx: “Bu ayələrin daimi nigahla əlaqəli olmadığını haradan bilirsiniz? Çünki ayənin davamında onların mehriyyələrinin verilməsi əmr edilir”.
Dəvətçi: “Bu açıqlamanız məntiqsizlikdir. Çünki böyük alimlərinizdən Təbəri “Təfsiri-kəbir”in 5-ci və imam Fəxri Razi “Məfahitul-ğeyb”in 3-cü cildində və digərləri də mötəbər kitablarında bu ayəni öz mütə babında qeyd etmişlər. Müfəssir və alimlərinizin də bəyan etdiyi kimi, “Nisa” surəsi İslamda evliliyin növlərini bəyan edən bir surədir.
Allah-taala daimi nigah mövzusunda “Nisa” surəsinin 3-cü ayəsində belə buyurur: “...Sizin üçün halal olan iki, üç və ya dördə qədər ayrı qadınlarla nigah edin. Əgər onlarla ədalətlə rəftar edə biləcəyinizə əmin deyilsinizsə, təkcə bir nəfər (azad) qadın və ya sahib olduğunuz kənizlə (evlənin!)...”.
“Nisa” surəsinin 25-ci ayəsində cariyələr haqqında belə buyurur: “Sizdən azad və mömin qadınlarla evlənməyə maddi imkanları çatışmayanlar, malik olduqları mömin cavan (kənizlərdən) alsın. Allah imanınızı daha yaxşı bilir, sizlər bir-birinizdənsiniz, (hamınız Adəmdənsiniz). Namusunu qoruyan, zinakarlıq etməyən və gizlində dostu olmayan cariyələrlə sahiblərindən icazə alıb evlənin və mehriyyələrini şəriətə müvafiq şəkildə ödəyin!”
Mütə haqqında “İstifadə etdiyiniz qadınların mehriyyələrini verin” ayəsi nazil olmuşdur. Əgər bu ayə daimi nigah haqqında nazil olmuş olsaydı, o zaman bir surədə daimi nigah təkrarlanmış olardı. Bu da qaydaya zidd bir şeydir. Mütə haqqında nazil olduğu üçün də özü-özlüyündə bir hökm olduğu anlaşılır.
Ayrıca, təkcə şiələr deyil, bütün müsəlmanlar İslamın əvvəllərində mütənin məşhur olduğunu qəbul edir. Böyük əshab da Peyğəmbər (s) zamanında bu hökmə əsasən əməl etmişdir. Əgər bu ayə daimi nigah haqqında idisə, o zaman bütün müsəlmanların inandığı mütə ayəsi hansıdır?
Müfəssirlərin də dediyi kimi, mütə ayəsi budur. Bu mövzuda bir nəsxedici ayə də nazil olmamışdır. Mötəbər kitablarınızda da bu qeyd edilmişdir.

ƏHLİ-SÜNNƏT QAYNAQLARINDA MÜTƏNİN HALAL OLDUĞUNA DAİR HƏDİSLƏR
“Səhihi-Buxari” və Əhməd ibn Hənbəlin “Müsnəd”ində Əbu Rəcadan, o da İmran ibn Həsindən belə nəql edilir: “Mütə ayəsi Allahın kitabında nazil oldu. Biz də Rəsulullah (s) vəfat edənə qədər ona əməl etdik. Peyğəmbər onu nəhy etmədi və Quran da haram bilmədi. Adi bir adam öz nəzəri ilə istədiyini söylədi”. Buxari də: “Bu adam Ömər ibn Xəttabdır” – deyir.
Müslim ibn Həccacın “Səhih” kitabının 1-ci cildinin 535-ci səhifəsində “mütə” nigahı babında belə yer almışdır: “Həsən Həlvayi Əbdürrəzzaqdan, o da İbn Cürehydən, o da Ətadan belə rəvayət edir: “Abdullah Ənsari ümrə üçün Məkkəyə gəldi. Onun evinə getdim. İnsanlar ondan bəzi məsələ və hadislər haqda soruşurdu. Söz mütəyə gəldikdə belə dedi: “Bəli, biz həm Rəsulullah (s), həm Əbu Bəkr və həm Ömər zamanında mütə edirdik”.
Həmçinin, eyni kitabın (Misir çapı, hicri 1306-cı il) 1-ci cildinin 467-ci səhifəsində “Mütə” babında Əbu Nəzrədən belə rəvayət edilir: “Mən Cabir ibn Abdullahın yanında idim. Bir nəfər gəlib belə dedi: “Abdullah ibn Zübeyr və İbn Abbas iki mütə (həcc və qadın mütəsi) haqqında ixtilafa düşüblər”.Cabir belə dedi: “Rəsulullah (s) zamanında biz də onları edirdik. Lakin Ömər qadağan edəndən sonra etmədik”.
Həmidi isə “Cəmun-beynəs-səhiheyn” kitabında Abdullah ibn Abbasdan belə nəql edir: “Biz Peyğəmbər (s) zamanında mütə edirdik. Amma Ömər, xilatəti zamanında belə dedi: “Allah-taala Rəsuluna istədiyini halal edirdi. Amma o indi həyatda yoxdur. Quran da öz yerində qalsın. Həcc və ya ümrəyə başladıqda Allahın buyurduğu kimi sona çatdırın. Qadınlarla mütə etməyə tövbə edin. Hansı kişi mütə edərsə və onu mənim yanıma gətirsələr, onu daşqalaq edərəm”.
Bu cür rəvayətlər mötəbər kitablarınızda olduqca çoxdur. Bunlar mütənin Peyğəmbər (s) zamanında mövcud və məşhur olduğunu, əshabın da əməl etdiyini və sonradan öz xilafəti dövründə Ömərin qadağan etdiyini isbat edir.
Ayrıca, bir qrup əshab və başqaları da məsələn; Übeyy ibn Kəb, İbn Abbas, Abdullah ibn Məsud, Səid ibn Cübeyr və s. “mütə” ayəsini belə qiraət edərdilər: “Fəstəmtəhum bihi minhunnə ila əcəlin musəmmə” (Bəlli bir zamana qədər mütə edincə).
Bu səbəbdən Zəməxşəri “Kəşşaf” da İbn Abbasdan nəql edərək, Məhəmməd ibn Cərir Təbəri “Təfsiri-kəbir” də (sözü gedən ayənin təfsirində), imam Fəxri Razi “Məfatihul-ğeyb”in 6-cı cildində (bu ayənin təfsirində) və imam Nəvəvi “Nikahul-mutə” kitabının 1-ci babında Məzəridən Qazi Əyyazın sözünü “Şəhri-səhihi-Müslim”dən nəql edərək vəhy katibi Abdullah ibn Məsudun bu ayəni eyni şəkildə qiraət etdiyini rəvayət edir.
İmam Fəxri Razi də Übeyy ibn Kəbə İbn Abbasın sözünü rəvayət etdikdən sonra belə deyir: “Ümmət bu qiraət mövzusunda bu iki nəfəri inkar etməmişdir”. O halda, bizim zikr etdiyimizin səhihliyi mövzusunda icma vardır!”.
Başqa bir səhifəsində də cavab olaraq belə deyir: “Bu qiraət mütənin məşhur olduğuna dəlalət edir və bu mövzuda ixtilafımız yoxdur”.
Şeyx: “Rəsulullah (s) zamanında məşhur olsa da, sonradan nəsx edilmədiyi mövzusundakı dəliliniz nədir?”.
Dəvəçi: “Nəsx edilmədyi və məşhur olduğu haqqında bir çox dəlil vardır. Ən əhəmiyyətli Peyğəmbərin (s) dövründə Ömərin xilafətinin ortalarına qədər məşhur olmasıdır; daha doğrusu, nəsx edilməmisidir. Əshabın böyükləri də bilavasitə buna əməl etmişdir.
Qeyd edim ki, ən böyük dəlil, bilavasitə alimlərin də rəvayət etdiyi kimi, Ömərin minbərə çıxaraq belə deməsidir: “Peyğəmbər dövründə mövcud olan iki mütəni mən haram edirəm və buna əməl edənləri də cəzalandıracağam”. Bəzi rəvayətlərdə isə; “Mən nəhy edirəm” şəklində yer almışdır”.
Şeyx: “Sözünüz doğrudur. Peyğəmbər (s) dövründə bir çox şey ilk mərhələdə istifadə edilirdi. Amma sonradan qadağan edilmişdir. Bu mütə də ilk əvvəl məşhur idi, amma sonradan nəsx edilmişdir”.
Dəvətçi: “Dinin təməli Qurandır. Quranda yer alan hər hökmün nəsxi də, bilavasitə Quranda olmalı və Peyğəmbər (s) tərəfindən ifadə edilməlidir. Söyləyin, Qurani-kərimin hansı surəsində, hansı ayəsində bu hökm nəsx edilmişdir?”
Şeyx: “Möminun” surəsinin 6-cı ayəsi bunu nəsxidir ki, belə buyurur: “Ancaq zövcələri və malik olduqları kənizləri istisnadır. Onlar buna görə, əsla, qınanmazlar”.
Bu ayə halal olmanın iki səbəbini bəyan edir: 1. Zövciyyət (ər-arvad); 2. Cariyə sahibi olmaq. Daha doğrusu, bu ayə mütəni nəsx etmişdir”.
Dəvətçi: “Bu ayədə mütənin nəsx edildiyinə dair heç bir dəlil yoxdur. Əksinə, təyid və təsdiq vardır. Çünki mütə də zövciyyət hökmündədir. Mütə nigahında olan qadın kişinin həqiqi zövcəsidir. Əgər bu şərtlə qadın həqiqi zövcə olmasaydı, Allah-taala mütə ayəsində mehriyyələrinin verilməsini əmr etməzdi!
Bundan əlavə, “Möminun” surəsi “Məkki”, “Nisa” surəsi isə “Mədəni”dir. Daha doğrusu, Məkki olan ayədən əvvəldir. Mütə nigahından əvvəl nazil olduğu halda bu ayə necə nəsxedici ola bilər? Sizin iddianıza görə isə nasix (nəsx edən), mənsuxdan (nəsx olunmuşdan) əvvəl nazil olmuşdur!
Ey bəsirət əhli, ibrət alın!

Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!