İZDİVAC, EVLƏNMƏ ASTANASINDA - 3

:

ARAŞDIRMA
İnsanı tanımaq üçün mövcud olan yollardan biri də ona yaxın adamların nəzərdən keçirilməsidir. Hər hansı bir şəxsin dostları, qonşuları və həmkarları ilə tanışlıq onu tanıma yollarından biridir. Dostluq həmrənglik və anlaşma əsasında yarandığından hər bir fərdin dostlarını araşdırmaqla onun şəxsiyyəti haqqında təsəvvür əldə etmək olar.

Adətən, düz və saleh insanlar ləyaqətsiz, avara insanlarla dostluq etmir. Hər bir insanın dostları hansısa dərəcədə onun şəxsiyyətini əks etdirir.
Nəzərdə tutulan şəxslə müştərək əmanətdar və sədaqətli bir dostumuz varsa, bu həmin şəxslə tanışlıqda çox faydalıdır. Çünki həmin dost vasitəsi ilə qarşı tərəfi yetərincə tanımaq mümkündür.

SÖHBƏT VƏ ŞƏRTLƏRİN BƏYANI
Evlənmədən öncə nəzərdə tutulan şəxsi daha yaxşı tanımaq üçün istifadə olunan üsullardan biri də qarşı tərəflə söhbətdir. Bu yolla onun şəxsiyyəti ilə hansısa həddə tanış olmaq mümkündür. Bəziləri müəyyən xasiyyətlərə çox həssasdırlar. Və bu xasiyyətə malik insanla birlikdə yaşaya bilmirlər. Məsələn, bəziləri soyuqqanlı, aram və ya özünə qapılan, guşənişin fərdləri bəyənmir, istiqanlı, qaynar fərdlərə üstünlük verirlər. Bəziləri də çox hissiyyatlı emosional tərəfi münasib saymayıb, məntiq və ağıl əsasında hərəkət edən şəxslərə meyl göstərirlər. Həyat yoldaşı seçimi aparan şəxs hansı xüsusiyyətlərə malik fərdlə yaşaya biləcəyini öncədən müəyyənləşdirməlidir. Nəzərdə tutulan söhbət gedişində hər iki tərəf açıq şəkildə öz xüsusiyyətlərini bəyan edir və müştərək həyatdan nə gözlədiyini açıqlayır. Bu sayaq söhbətlərdə insanın müştərək həyatda necə yaşamaq istədiyi və şərtləri müəyyənləşir.
Həyat yoldaşı seçimi aparan iki fərd uyğun məqsədlə söhbətləşərkən aşağıdakı məsələləri nəzərdən keçirə bilərlər: ailənin idarəçiliyi və bu idarəçilikdə ərlə arvadın hər birinin rolu; tərəflərin sadə və ya dəbdəbəli yaşamaq arzuları; kişinin hicab və örtüklə bağlı düşüncələri, qohumlara get-gəllə bağlı münasibətlər; nəslin davamı və qadının peşə məsələsi; fikir ayrılığı olduqda problemin həll yolu; toy mərasiminin sadə və ya dəbdəbəli keçirilməsi ilə bağlı fikirlər.
Sadalananlardan əlavə hər iki tərəfin diqqət mərkəzində olan suallar aydınlaşdırılmalıdır.
Qadın və kişi müştərək həyatla bağlı şərtlərini açıq bəyan etməlidirlər. Tərəflər öz fizioloji və psixoloji problemlərini qarşı tərəfə bildirməli, eyiblərini gizlətməməlidir. Əlbəttə ki, qadın və kişi rabitəsində mühüm sayılmayan cüzi eyibləri bəyan etmək zəruri deyil. Əgər uyğun söhbətdən, şərtlər bəyan olunduqdan sonra tərəflər razılığa gələrsə, evləndikdən sonra problemləri çoxalmaz.
Təcrübə göstərir ki, bəzi kişilər və qadınlar qarşı tərəfin mühüm əxlaqi xüsusiyyətlərinə diqqətsizlik göstərir, bu nöqsanların aradan qalxacağına ümid edirlər. Belə bir münasibət təhlükəlidir. Həyat yoldaşı seçimində bu sayaq diqqətsizliyə yol verilməməlidir. Əlbəttə ki, bəzən ailə həyatı qurduqdan sonra kişi və ya qadın tamamilə dəyişir və öz qeyri-münasib ruhiyyəsini islah edir. Amma belə bir dəyişiklik əksəriyyətdə müşahidə olunmur. Uyğun nöqsanlara diqqətsizlik sonradan ailənin dağılması ilə də nəticələnə bilər. Ona görə də qadın və kişi prinsipial məsələlərdə ehtiyatlı olmalı, əsassız ümidlərə qapılmamalıdırlar.
Bəzi ailələr bir-birləri ilə tanış olub müştərək həyata razılıq verdikdən sonra ehtimallarının doğruluğuna əmin olmaq üçün müvəqqəti evlənmə müddəti təyin edirlər. Onlar bir növ sınaq müddəti xarakterli bu dövr başa çatdıqdan sonra tam bəsirət və arxayınlıqla daimi müştərək həyata qədəm qoyurlar. Məlum məsələdir ki, belə bir üsul, azad kişi-qadın münasibətlərindən tamami ilə fərqlənir. Əlbəttə ki, uyğun hal ailələrin razılığı ilə həyata keçə bilər.

HƏYAT YOLDAŞI SEÇİMİNDƏ TƏLƏSMƏK OLMAZ
Həyat yoldaşı seçiminin əhəmiyyətini, insan həyatında bu seçimin təyinedici rolunu nəzərə alaraq problemlərlə üzləşməmək üçün uyğun seçimdə tələsməmək zəruridir. Dərin araşdırma aparmadan, ehtimallar əsasında seçim aparmaq peşmançılıqla nəticələnir.
Hər hansı bir səbəbdən qarşı tərəfin ləyaqəti müəyyənləşmədikdə və ortada şübhələr qaldıqda ailə həyatı qurmaqdan çəkinmək lazımdır.
Həyat yoldaşı seçimində qızlar daha çox diqqətli olmalıdır. İslam dini kişilərlə ünsiyyət təcrübəsi olmayan qızların hissə qapılacağını nəzərə alaraq ərə gedərkən onların atalarından razılıq almalarını zəruri buyurmuşdur. Əlbəttə ki, qızların da razılığı olmadan onları ərə vermək olmaz. Ailə təşkilində son qərar zövcələrin ixtiyarındadır. Oğlan və qızın razılığı yoxdursa, izdivac əqdi düzgün deyil. Ata da öz növbəsində qızının xeyirini nəzərə almalı, məsləhətsiz qərar çıxarmamalıdır.
Oğlan və qızın, xüsusi ilə qızın məcbur edildiyi izdivacın sonu yaxşılıqla bitmir. Araşdırmalar göstərir ki, hələ də cəmiyyətimizdə, hətta şəhərlərdə gənclər izdivaca məcbur edilir və məcburi ərə verilən qadınların sayı məcburi evləndirilən kişilərin sayından çoxdur. (Tehranın 20 məntəqəsində aparılan araşdırmalar göstərdi ki, sorğuda iştirak edən 880 nəfər arasında izdivaca məcbur edilən qadınların sayı kişilərin sayından iki qat artıqdır.)

DİQQƏT VƏ AYIQLIQ İCTİMAİ HƏYATIN ZƏRURƏTİDİR
Təcrübə göstərdi ki, qapalı mühitdə yaşamış, ictimai hadisələrdən yetərincə xəbər tutmamış, ailələri də lazımınca agah olmayan qızlar həyat yoldaşı seçimində məlumatsız və sadəlövh addım atırlar. Bu addım onlar üçün qarşıda xeyli problem yaradır. Gözünü və qəlbini təqva və paklıqla bəzəmiş pak xarakterli qızlar həyat yoldaşı seçimində ailələri və gözüaçıq yaxınları ilə məsləhətləşməlidirlər. Onlar bu məsələyə sadəlövhlüklə yanaşmaqdan ciddi çəkinməlidirlər. Çünki pak insanlar, adətən, hamını özləri kimi pak bilirlər. Belə bir yanaşma insanı öz seçimində yanlışlığa apara bilər. Bu səbəbdən dinimizdə diqqət və ayıqlıq məsələsi önə çəkilmiş, pak və imanlı insanların riyakar şəxslərə aldanmamasına səy göstərilmişdir. İmanlı insanlar saxta fərdlərin məkr və qurğusuna düçar olmamalıdır. Məşhur bir hədisdə həzrət Peyğəmbər (s) buyurmuşdur: “Mömin agahlıq sahibidir.”
Övladları sağlam mühitdə tərbiyə almış və təbii şəkildə ictimai rabitələrdə məhdudiyyətlə üzləşmiş pak və nəcib ailələr övladlarını hökmən vaxtında zəruri bilgilər və ictimai gerçəkliklərlə tanış etməlidirlər. İmkan vermək olmaz ki, övladlar gözü-qulağı bağlı qalıb, asanlıqla hiyləgərlərin toruna düşələr və həyatda uğursuzluğa düçar olalar.

İSTİXARƏ
Bəzi fərdlər və ailələr məsləhətli yolu təyin etmək üçün istixarəyə müraciət edirlər. Amma istixarə həddini düzgün bilmədiklərindən onu yeri gəldi-gəlmədi işə salırlar. Məlum məsələdir ki, istixarə ağıl, təcrübə, məsləhət və bu kimi yardımları əvəz etməməlidir. İstixarənin ağılın yerini tutması düşüncəni zəiflədir, insanın əqli inkişafına mane olur. İnsan öz həyat problemlərini ağıl və təcrübə vasitəsi ilə həll etməlidir. Öz ağılı ilə hər hansı məsələni həll edə bilməyən şəxs başqalarının ağıl və təcrübəsindən faydalanmalıdır. (Məlumatlı və mütəxəssis şəxslərlə məsləhətləşmək lazımdır.) Bütün bu mərhələlərdən sonra son qərar çıxarmaq olar. Amma deyilən tədbirlərdən sonra mövcud şübhələr aradan qalxmasa, insan tərəddüddə qalsa və seçim aparmağa məcbur olsa, Allaha üz tutub tərəddüdlü vəziyyətdən çıxmaq üçün istixarə edə bilər. İstixarə bir növ duadır. İstixarə edən şəxs Allahdan istəyir ki, ona doğru yol göstərilsin və tərəddüdlü vəziyyətə son qoyulsun. İstixarə edən insan Allahın lütf və yardımlarına ümidli olmalı, hər bir duada hüsn-zənn və xoşbinliyi tərk etməməlidir. Xoş gümanla istixarə edib onun nəticəsini boşlamaq tərbiyəvi baxımdan düz deyil. Eləcə də, düzgün deyil ki, bir şəxs dua etdiyi halda duasının qəbul olmayacağını düşünsün. Belə bir münasibət duada hüsnü-zənnə ziddir. Əslində istixarənin nəticəsi şəri dəlil deyil və hansısa iş istixarə ilə vacib olmur. Böyük alimlərdən biri “istixarə edib onun nəticəsini boşlamaq olarmı” sualına belə cavab vermişdir: “İstixarə vaciblik gətirmir.” (“İstiftaat”, c. 2, s. 29)
İzdivac məsələsində lazımi araşdırmalar aparmadan istixarə yolunu seçmək şəri və islami ölçülərə uyğun deyil.

Kitabın adı: Gənc ailələr üçün göstərişlər
Tərcümə edən: M. Əmin
Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!