AİLƏDƏ SAZİŞ - 3

:

QADININ İQTİSADİ MÜSTƏQİLLİYİ
Ailə qurumunda mühüm məsələlərdən biri qadının iqtisadi müstəqilliyidir. İslam qanunları qadının iqtisadi müstəqilliyini tanıyır. Qadının iş, xidmət, mülkiyyət hüquqları vardır. Qadının gördüyü iş onun özü üçündür.

İslam dini qadın və onun övladlarının dolanışıq xərcini tam şəkildə kişinin öhdəsinə qoymuşdur. Bu səbəbdən də qadın evdə gördüyü işlərin müqabilində kişidən zəhmət haqqı tələb edə bilər. Adətən, qadınlar böyük həvəslə ev işlərinə məşğul olur, bu sahədə fədakarlıq göstərir və heç bir zəhməthaqqı ummur. Onlar belə bir tələbi ailə birliyinə zidd sayırlar. Əlbəttə ki, ailənin şəni də tələb edir ki, iş səmimiyyət və vəhdət amillərinə əsaslansın. Ailə mühiti iqtisadi mərkəzə çevrilməməlidir. Ərlə arvadın rabitələri sırf işçi rabitəsi olmamalıdır. Burada belə bir sual yaranır ki, əgər qadın bütün haqlarına göz yumub mülkiyyətini kişinin ixtiyarına verərsə, kişi bu fədakarlığa necə cavab verməlidir? Məgər ər əxlaqi baxımdan qadının bu fədakarlığını cavabsız qoya bilərmi? Hər hansı fədakarlığı sadəcə vəzifə hesab etmək nə dərəcədə düzgündür?
Əgər fədakarlıq və isar gözəldirsə, uyğun əməli qiymətləndirmək də gözəldir. Kişinin əxlaqi vəzifəsi budur ki, o, qadının hədiyyəsini cavabsız qoymasın. Kişi qadının hədiyyəsi qədər və ya ondan da artıq bağışlamalıdır. Qurani-kərimdə buyurulur: “Yaxşılığın əvəzi yaxşılıq deyilmi?” (“Ər-Rəhman”, 60); “Sizə salam veriləndə onu olduğu kimi və ya daha yaxşı şəkildə qaytarın. Həqiqətən Allah hər şeyin hesabını çəkəndir.” (“Nisa”, 86). Vəfalı kişilər arasında belə bir qayda var ki, qadının fədakarlıqlarına hədiyyə ilə cavab verilsin. Xüsusi ilə qadın ev işlərindən əlavə başqa bir işlə məşğul olduqda və qazancını ailəyə sərf etdikdə kişinin vəzifəsi onu yetərincə dəyərləndirməkdir. Belə bir qayda həm şəriət və ədalət prinsiplərinə uyğundur, həm də qadının gələcəyini təmin edir.

SEVİNCİMİZİ HƏYAT YOLDAŞIMIZLA BÖLÜŞƏK
Söhbətimizin əvvəlində toxunduğumuz bəzi nöqtələri bir daha yada salırıq. Belə ki, qadın və kişi üçün ailə həyatı və zövcəlik vəzifələri qədər mühüm bir şey yoxdur. Başqa heç bir iş ərlə arvadı bu vəzifələrdən ayırmamalıdır. Çünki insanın fərdi və ictimai həyatında ailə misilsiz əhəmiyyətə malikdir.
Bəziləri bu nöqtəyə diqqətlə yanaşmır, ailə həyatı və zövcəlik vəzifələrini digər vəzifələrlə eyni tuturlar. Adətən, bu zümrədən olanlar ailə həyatında problemlərlə rastlaşır, ən azı bu həyatdan lazımınca bəhrələnmirlər.
Bu problem qadınlardan çox kişiləri əziyyətə salır. Çünki kişinin evdən bayırda məşğul olması uyğun büdrəmə üçün zəmin hazırlayır.
Təbii ki , hər bir kişinin dostları, həmkarları var. Kişi vaxtının bir hissəsini öz dost-tanışı ilə keçirmək istəyir. Bəzən kişidəki bu istək həddi aşır, öz dostları ilə əyləncəyə başı elə qarışır ki, ailə-övladın hüquqları yaddan çıxır. Təəssüf ki, bir çox kişilərin həyatında bu sayaq problemlə rastlaşırıq. Onlar vaxtını ailə-övlad kənarında keçirmək əvəzinə, adətən, evdən çöldə dostları ilə əylənirlər. Dostlarla görüş, idmanla məşğulluq, səyahətlər kişinin boş vaxtını elə doldurur ki, ailə üçün pay qalmır. Belələri anlamırlar ki, qadın da kişinin evdə olmasına ehtiyac duyur. Qadının heç olmasa həftədə bir saat öz həyat yoldaşı ilə gəzintiyə çıxıb istirahət etməsi onun qanuni haqqıdır. Belə bir gəzinti qadının fiziki və psixoloji yorğunluğunu aradan götürür. Evdarlıqla, övladların tərbiyəsi ilə məşğul olan qadının vaxtı, demək olar ki, evdə keçir. Əgər qadın ev işlərindən əlavə çöldə də məşğuldursa, təbii ki, onun istirahətə ehtiyacı var. Əgər kişi bütün boş vaxtını dostları ilə keçirirsə, ailə-övlad nə etməlidir?!
Şübhəsiz ki, belə bir rəftar xoşagəlməzdir.
Kişi bir şeydən ləzzət almamış həyat yoldaşı üçün də bu şəraiti nəzərdə tutmalı və onu unutmamalıdır. Bu həm insanlıq prinsipidir, həm də kişi ləyaqətinin tələbi.
Həzrət Peyğəmbərdən (s) nəql olunmuş bir rəvayətdə deyilir ki, kişinin öz həyat yoldaşının yanında əyləşməsi Allah üçün onun peyğəmbər məscidində etikafından əzizdir.” (“Tənbihul-xəvatir”, s. 362).
Bəzi kişilər həyat yoldaşının razılığını qazanmamış əyləncə və ziyarət səfərlərinə gedir. Belə vaxtlarda, adətən, qadınlar öz körpələri ilə evdə tək qalırlar. Həmin vaxt ər evdən kənarda xoş dəqiqələr keçirir. Ailə-övladın asayişinə bu sayaq diqqətsizlik İslam prinsiplərinə uyğun deyil. Belə bir hərəkəti ədalətli saymaq olmaz. Belə ki, qeyri-zəruri səfərlərə çıxmazdan öncə həyat yoldaşından razılıq almaq İslam qaydalarındandır. Övliyalarımızın həyatında ailə münasibətləri ilə bağlı ibrətamiz nöqtələr çoxdur. Onların həyatından nümunə götürmək lazımdır. Bu sayaq rəftarlar qadına dərin hörmət hissindən doğur. Və göstərir ki, ərlə arvad arasındakı rabitə, eləcə də, həyat yoldaşının hüququna riayət nə dərəcədə mühümdür. Həyat yoldaşının rifahına, asayişinə və təbii ehtiyaclarına diqqətsizlik din övliyalarının həyatında müşahidə olunmayan bir haldır.
Bu o demək deyil ki, qadın bütün səfərlərdə kişinin yanında olmalıdır. Əsas məsələ budur ki, kişi, əvvəla, öz həyat yoldaşının ehtiyaclarına diqqətsiz olmasın, ikincisi, bu hallarda onun razılığını alsın. Əgər qadın ailə həyatında öz ərindən razı olarsa, onun səfərlərini səmimi qəlbdən qəbul edər və ərinin öz vaxtını xoş keçirməsindən ləzzət alar. Demək, ölçü qadının qəlb razılığıdır. Ər müştərək həyatın bütün mərhələlərində bu razılığı nəzərə almalıdır.
Ailə rabitələrinin davamında ən mühüm amil zövcənin qəlb razılığıdır.
Məhz bu qəlb razılığı sayəsində qadın bir çox problemlərə və məhrumiyyətlərə dözə bilər. Təcrübə göstərir ki, bəzi ərlər evdən kənarda məşğulluq səbəbindən ailə-övlad yanında yetərincə ola bilmirlər. Belə hallarda evin bütün işləri qadının öhdəsində qalır. Qadın bütün bu çətinliklərin öhdəsindən o zaman gəlir ki, kişi ona lazımınca ehtiram göstərsin, hətta etiraf etsin ki, xanımının fədakarlığı olmasaydı, bir bu qədər ictimai vəzifənin öhdəsindən gəlməzdi.

CİNSİ EHTİYACLARIN TƏMİN OLUNMASININ ƏHƏMİYYƏTİ
İzdivac yolu ilə təmin olunası ehtiyaclardan biri də cinsi ehtiyacdır. Yaxınlıq ehtiyacı ailə həyatının əsas ehtiyaclarındandır. Çünki bəşər nəslinin davamı bu ehtiyacın təmin olunmasından asılıdır. Bu ehtiyac o qədər güclüdür ki, bütün problemlərə baxmayaraq, insan ailə həyatına can atır.
Nəfslə bağlı ləzzətlər arasında ən böyük ləzzət yaxınlıqdan duyulan ləzzətdir. (“Vəsailüş-şiə”, c. 14, s. 10) Bu, sadə bir meyl deyil. Onun həm fizioloji, həm də psixoloji yönümləri var. Bu meylin başqa meyllərlə qatışması ona tamam başqa bir mahiyyət vermişdir. Əgər bu meyl düzgün yolla təmin olunmazsa, bəşər həyatında bir çox problemlər yaranar. Bu meyl ailə həyatı çərçivəsində təmin olunmalıdır. Prinsipcə, ailənin həll edəcəyi əsas məsələlərdən biri də bu məsələdir.
Bəziləri bu meyli çirkin saymış, onunla mübarizə aparmışlar. Amma islami təlimlər baxımından bu meyl nəinki çirkin deyil, hətta ilahi bir yönümə malikdir. Bu istək ailə çərçivəsində təmin olunduqda müqəddəs bir iş olur. Uyğun yaxınlıqda ilahi məqsədlər nəzərdə tutularsa, o, ibadət sayılar. Bu səbəbdən də, ailə həyatında tərəflərdən hər biri yaxınlıqdan bəhrələnməli və qarşı tərəfin fiziki və ruhi təmini üçün çalışmalıdır.
Bəzən məhz bu ehtiyacın ödənməməsi müştərək həyatda problemlər yaradır. Əgər bu yaxınlıqdan hər iki tərəf lazımınca bəhrələnərsə, müştərək həyat daha cazibəli olar. Tərəflərin uyğun məsələ ilə bağlı vəzifələrdən xəbərsizliyi onların bu yaxınlıqdan lazımınca bəhrələnməməsinə səbəb olur. Yaxınlıqdakı yetərsizlik isə ciddi problem yaradır. Bu nöqsanları aradan qaldırmaq üçün tərəflər ailə həyatı qurduqdan sonra elmi mənbələrdən lazımi məlumatlar əldə etməlidirlər. Bilməliyik ki, qadın və kişidə haqqında danışılan meyl eyni deyil. Əgər kişi qadının bu meyllə bağlı xüsusiyyətlərini bilməsə, qadın məhrumiyyətə düçar olar. Bəzən iş o yerə gedib çatır ki, qadın bu təbii meylə nifrətlə yanaşır. Hansı ki, kişi öncədən məsələyə agahlıqla yanaşıb, hansısa nöqtələri nəzərdən qaçırmasa, iş bu yerə gəlib çatmaz. İslami təlimlərdə uyğun məsələ ilə bağlı göstərişlər mövcuddur. Bu məqsədlə kitablar tərtib olunmuş, geniş oxucu kütlələrinin ixtiyarına verilmişdir. Xüsusi ilə kişilərin bu göstərişlərdən xəbərdar olması zəruridir.
Burada bir nöqtəni də nəzərdən qaçırmaq olmaz ki, yaxınlıq münasibətlərində ifrata varmaq olmaz. Bu meylin təminində ifratçılıq həyat qüvvəsini azaldır, insanın fiziki və ruhi sağlamlığına zərbə vurur. Hətta ifratçılıq səbəbindən insan tez qocalır, onda fiziki və ruhi baxımdan taqətsizlik yaranır. Bu səbəbdən də İslam təlimlərində tövsiyə olunur ki, uzun ömür istəyənlər yaxınlıq münasibətlərində həddi aşmamalıdırlar. (“Bihar”, c. 6, s. 262)

EV MÜHİTİNDƏ QADININ BƏZƏNMƏSİ
Dini təlimlərdə tapşırılır ki, qadın ev mühitində özünü əri üçün bəzəsin, cazibəli görünsün. Kişi də zahiri görkəminə fikir verməlidir. Zahirə bu sayaq diqqətin səbəbi tərəflərin bir-birinə daha çox rəğbətli olmasıdır. Bəzi qadınlar və bir çox kişilər bu məsələyə lazımınca diqqət yetirmir. Hətta qadının tələblərinə baxmayaraq bəzən kişi öz səliqəsinə fikir vermir. Zövq əhli üçün bu nöqtəyə diqqətsizlik dözülməzdir. Bu nöqtələrə etinasızlıq qadın və kişi arasındakı rabitələrə mənfi təsir göstərir. İmam Rizadan (ə) nəql olunmuş bir rəvayətdə deyilir ki, nə qədər ki Bəni-İsrail kişiləri zahirlərinə diqqət yetirirdi, Bəni-İsrail qadınları yolunu azmamışdı.
İslam təlimlərində ümumi şəkildə tövsiyə olunur ki, zahiri görkəmə diqqət yetirilsin. Həzrət Əlidən (ə) nəql olunmuş bir rəvayətdə deyilir: “Özünü bəzəmək mömin əxlaqındandır.” (“Qürərul-hikəm”). Bu zəruri nöqtəyə diqqət ictimai rabitələrə təsir göstərir, insan ruhunun ehtiyaclarından birinə cavab verir. (Qadın özünü bəzəməklə yanaşı, ev mühitini təmiz saxlamalıdır. Təəssüf ki, bəzi qadınlar səliqəyə fikir vermir, onların ev mühiti daim tör-töküntü olur.)

Kitabın adı: Gənc ailələr üçün göstərişlər
Tərcümə edən: M. Əmin
Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!