UŞAQLARIN NAMAZA CƏLB OLUNMALARI ÜÇÜN ƏSAS MƏRHƏLƏLƏR

:

Uşaqların dini təlim-tərbiyəsi üçün ümumi qanunların təyin olunması, eləcə də, onların icrasının zəruriliyinə baxmayaraq, uşaqları namazla tanış etməyin özünəməxsus xüsusiyyət və qaydası vardır ki, onları xatırlatmamaq insafdan deyil.

Uşaqların təlim və tərbiyəsində valideynlərin əsas problemlərindən biri onların təcrübi və praktiki üsulları önə sürməməsidir. Bu qeyri-müəyyənlik və ümumi yanaşma bəzən valideynin heyrət və çaşqınlığına səbəb olur, həmçinin, qarşılaşdığı ümumi üsullardan yanlış nəticə alması heç də ürəkaçan olmur. Buna görə də, təcrübi və təyin olunmuş zaman çərçivəsində icra olunası üsulların irəli sürülməsi zəruri məsələlərdən biri hesab olunur. Hər bir tərbiyəvi planın nəticə verməsi üçün, müəyyən bir müddətə ehtiyac duyulur. Uşaqların namaza cəlb olunmaları üçün keçməli olduqları tərbiyəvi mərhələlər müəyyən bir zaman çərçivəsində həyata keçirilir ki, onu önümüzdəki bəhslərdə qeyd edəcəyik.

1. Təlim mərhələsi.
Hədislərdə uşaqlar və yeniyetmələrə namazı öyrətmək təkid olunmuş məsələlərdəndir. Həzrət Əli (ə) buyurur:

عَلِّمُوا صِبْیانَکُمُ الصَّلاةَ1

"Uşaqlarınıza namazı öyrədin!"

Həmçinin, imam Sadiq (ə) buyurur:

2«فَإِذا تَعَلَّمَ الوُضوءَ وَالصَّلاةَ غَفَرَ اللّه ُ عزّ و جلّ لَهُ و لِوَالِدَیهِ إن شاءَ اللّهُ»

"Bir uşaq dəstəmaz almaq və namaz qılmağı öyrəndiyi zaman, Allah-taala da onun ata və anasını bağışlayar inşaallah."
Təlim-tərbiyə müddətində bir neçə amilə xüsusi diqqət yetirilir:
1. Yaş həddi.
2. İstedad və öyrənmək qabiliyyəti.
3. Şəxsin öyrənməyə olan meyl və marağı.
4. Təlim keçmək və öyrətmək üsulu.
Günümüzdə qeyd olunmuş amillərə əsasən, hər yaş qurupuna aid ayrıca kitablar müxtəlif üslublarla çap olunur. Namazın təlimi də bu məsələlərdən istisna olunmamışdır. Yaş həddi və istedadların ayrıca şəkildə araşdırılması və dəyərləndirilməsi məqsədə çatmaq üçün çox kömək edir. Eləcə də, dini təlimlərdə və namazın öyrədilməsində də uşaqların yaş həddi və sair kimi amillərə xüsusi diqqət yetirilməlidir.
Övladlarımızı hansı yaşdan etibarən namaz qılmağa təşviq etməliyik? Nə zaman ondan namaz qılmasını tələb edək? Namazı hansı yaşlarda öyrətmək daha münasibdir? Övladımız böyüdükcə təlim üsulları da gücləndirilməlidirmi? Hədislərdə bu mərhələlərlə bağlı hansısa bir zaman çərçivəsinə aşkar şəkildə işarə edilibmi?
İmam Baqirin (ə) valideynlərə tövsiyələrində yuxarıdakı suallara da cavab olacaq çox önəmli məsələlərə işarə olunmuşdur. O həzrət buyurur:

«إذا بَلَغَ الغُلامُ ثَلاثَ سِنینَ، یُقالُ لَهُ : قُل (لا إلهَ إلاَّ اللّه) سَبْعَ مَرّاتٍ . ثُمَّ یُترَکُ حَتّى یَتِمَّ لَهُ ثَلاثُ سِنینَ و سَبعَةُ أشهُرٍ و عِشرونَ یَوما، فَیُقالُ لَهُ : قُل : (مُحَمَّدٌ رَسولُ اللّه) سَبعَ مَرّاتٍ . و یُترَکُ حَتّى یَتِمَّ لَهُ أربَعُ سِنینَ، ثُمَّ یُقالُ لَهُ قُل : سَبعَ مَرّاتٍ : (صَلَّى اللّه ُ عَلى مُحَمَّدٍ و آلِهِ). ثُمَّ یُترَکُ حَتّى یَتِمَّ لَهُ خَمسُ سِنینَ ، ثُمَّ یُقالُ لَهُ : أیُّهُما یَمینُکَ و أیَّهُما شِمالُکَ ؟ فَإِذا عَرَفَ ذلِکَ حُوِّلَ وَجهُهُ إلى القِبلَةِ و یُقالُ لَهُ : أسجُد. ثُمَّ یُترَکُ حَتَّى یَتِمَّ لَهُ سَبعُ سِنینَ، فَإِذا تَمَّ لَهُ سَبعُ سِنینَ قیلَ لَهُ : اغسِل وَجهَکَ و کَفّیکَ، فَإِذا غَسَلَهُما قیلَ لَهُ : صَلِّ . ثُمَّ یُترَکُ حَتّى یَتِمَّ لَهُ تِسعُ سِنینَ ، فَإِذا تَمَّت لَهُ عُلِّمَ الوُضوءَ، و ضُرِبَ عَلَیهِ، و اُمِرَ بِالصَّلاةِ، و ضُرِبَ عَلَیها . فَإِذا تَعَلَّمَ الوُضوءَ وَالصَّلاةَ غَفَرَ اللّه ُ عز و جل لَهُ و لِوَالِدَیهِ إن شاءَ اللّه»3)

"Oğlan uşağı üç yaşına çatdığında, ona deyilməlidir ki, (La ilahə illəllah) cümləsini yeddi dəfə təkrarlasın, daha sonra isə onun 3 il, 7 ay və 20 günü kamil olanadək azad buraxmaq lazımdır, sonra isə yenə ona demək lazımdır ki, yeddi dəfə desin (Muhəmmədun rəsulullah) və bir daha onun 4 yaşı tamam olanadək gözləsinlər, bu zaman ona deyilməlidir ki, yeddi dəfə (Səlləllahu əla Muhəmmədin və alih) desin, bu dəfə də 5 yaşınadək gözləsinlər və 5 yaşına çatdığında, ondan hansı əlinin sağ əl və hansının sol əl olduğunu soruşsunlar, əgər düzgün cavab versə, üzünü qibləyə tərəf çevirərək ona desinlər ki, səcdə et və bundan sonra onun 7 yaşı tamam olanadək gözləsinlər. 7 yaşı tamam olduğunda, ona desinlər ki, üzünü və iki əlini yu, üzünü və əllərini yuduqdan sonra, ona desinlər ki namaz qıl. Sonra 9 yaşınadək gözləsinlər. Elə ki, 9 yaşı tamam oldu, ona dəstəmaz almağı öyrətsinlər və onu tərk etdiyi hallarda tənbih və namaz qılmağı tələb etsinlər. Əgər namazı tərk edərsə, tənbih etsinlər. Elə ki, dəstəmaz və namazı öyrəndi, Allah-taala onun ata və anasını bağışlayar inşaallah."

Həmçinin, imam Sadiq (ə) də namazın öyrədilməsi üçün müəyyən bir zamana işarə edərək buyurur:

إنّا نَأمُرُ صِبیانَنا بِالصَّلاةِ إذا کانوا بَنی خَمسِ سِنینَ، فَمُروا صِبیانَکُم بِالصَّلاةِ إذا کانوا بَنی سَبعِ سِنینَ، و نَحنُ نَأمُرُ صِبیانَنا بِالصَّومِ إذا کانوا بَنی سَبعِ سِنینَ بِما أطاقوا مِن صِیامِ الیَومِ إن کانَ إلى نِصفِ النَّهارِ أو أکثَرَ مِن ذلِکَ أو أقَلَّ، فَإِذا غَلَبَهُمُ العَطَشُ و الغَرَثُ أفطَروا، حَتّى یَتَعَوَّدُوا الصَّومَ و یُطیقوهُ، فَمُروا صِبیانَکُم إذا کانوا بَنی تِسعِ سِنینَ بِالصَّومِ مَا استَطاعوا مِن صِیامِ الیَومِ، فَإذا غَلَبَهُمُ العَطَشُ أفطَروا4

"Bizim övladlarımız 5 yaşını tamamladıqda, onları namaza əmr edirik, amma siz övladlarınız 7 yaşını tamamladıqda onları namaza əmr edin. Biz övladlarımız 7 yaşını tamamladığı zaman ohdəsindən gəldikləri həddə bəzən günün yarısını, bəzən də ondan çox və ya az bir miqdar onları oruc tutmağa əmr edirik, aclıq və susuzluq onları əhatə etdiyi zaman iftar edirlər, beləliklə, oruc tutmağa adət edərək ona dözüm əldə edirlər. Sizsə öz övladlarınızı 9 yaşını tamamladığı zaman, onların dözə bildikləri miqdarda onları oruc tutmağa vadar edin və susuzluq və aclıq onlara qalıib gəldikdə isə iftar etsinlər."

Yuxarıdakı hər iki hədisdə elə dəqiq məqamlara işarə olunmuşdur ki, onlara riayət etmək kifayət edər:
1. Namazın təlimi mərhələ ilə başa vurulmalıdır.
2. Namazın təlimi üçün həyata keçirilən mərhələlər "La ilahə illəllah" demək kimi asan mərhələlərdən ibarət olmalıdır.
3. Namazın təlimi, namazın üzü qibləyə dayanmaq kimi şərtlərilə yanaşı həyata keçirilməlidir.
4. Namazın təlimi az yaşlarından etibarən və tədrici olaraq başlanmalıdır.
5. Namaz və onun mərhələlərinin təlimi uşaqların yaş həddi ilə mütənasib və onların bacardığı həddə olmalıdır.
6. Namazın təlimi uşaqların marağı və ixtiyarı ilə olmalıdır.

 2. Asanlaşdırıcı mərhələlər.
Allahı tanımaq və onun yeganəliyinə iman gətirməyin fitri məsələlərdən olmasına əsasən5, uşaqların ruhən Allahı tanımaq və namaz qılmağa olan meyl və rəğbəti təbii görünür. Uşaqların Allaha imanı və pak fitrəti dini təlimləri asanlaşdırır. Həm valideyn öz övladına dini təlimləri asanlıqla öyrədə bilir və həm də uşaqlar həmin təlimlərin onların fitrətlərinə uyğun olduğunu dərk edərək o təlimləri mənimsəyirlər.

Əlbəttə, əziz valideynlər övladları təklif yaşına çatmazdan əvvəl onları elə formada namaza vadar etməlidirlər ki, bu rəğbət və maraq hissi onlarda üns və ülfətə çevrilsin. Namaz qılmaq formalaşıb adət halına düşərək övladlarının munisi olsun. Elə bir munis ki, onunla söhbət etmək asan və onu tərk etmək qat-qat çətin olsun. Həmçinin, imam Sadiq (ə) də uşaqların vaxtından tez namaz və oruca vadar edilməsinin onların adət etmələri üçün olduğunu bəyan etmişdir:  7«حتى یتعودوا» Uşaqları buna adət etdirmək üçün təşviqetmədən bəhrələnmək olar.

Uşaqların fitri olaraq Allaha olan imanlarına baxmayaraq, övladların bəziləri artıq yuxarı yaşlarda namaz qılmağa maraq və rəğbət göstərmirlər. Bu məsələnin başlıca səbəbi onların yaşadığı mühit və bir şəxsin fitrətini öz yolundan inhirafa uğradan amillərlə əlaqədardır.

Təlim və tərbiyənin asanlaşdırılması üçün lazım olan vasitələrdən biri də mühitin həmin tərbiyə növü ilə uyğunluğudur. Əgər uşaq tövsiyə olunduğu təlimin nümunələrini yaşadığı mühitdə müşahidə etsə, onu qəbul etmək uşaq üçün daha asan olacaqdır. Bunun üçün valideynin, ətrafdakıların, eləcə də, dostların namaz qılması daha çox kömək edə bilər. Məhz buna görədir ki, böyüklərin namaz qıldığı bir ailədə çox nadir halarda uşaq namaza laqeyd yanaşır.

Mühitin uşaqlarda qoyduğu təsirlər şübhəsiz ki, onları özünə doğru cəzb edəcəkdir. Onlar düşünmədən hansısa bir yaxşı və ya nalayiq rəftarı təkrarlayırlar. Buna əsasən də uşaqlar dini və məzhəbi məkanlarla münasibətdə biganə olmamalıdırlar. Uşaqları arasında bu kimi məclislər vasitəsilə rabitə yaradan valideynlər onların tərbiyəsində az bir miqdarda zəhmətə düşürlər. Həmçinin, onların övladları da dini təlimlərin intizarındadırlar.

3. Baxış və hədəf mərhələsi.
Allah-taala öz bəndələrinə hidayət yolunu göstərmiş və bəndələr öz yollarını seçməkdə ixtiyar sahibidirlər, möminlərin yolunu seçmək istəyən bu yolu seçir və eləcə də, küfr yolunu seçmək istəyən də o yolu seçir (60). İman meyl və maraqla yanaşı olan ruhi bir məsələdir. İkrah hissinin qəlbdə kök salmış və sarsılmaz olan imanın yanında yeri yoxdur. Allah-taala Quranda buyurur:

8أَ فَأَنْتَ تُکْرِهُ النّاسَ حَتّى یَکُونُوا مُؤْمِنینَ

"İman gətirsinlər deyə, sən camaatı məcbur edəcəksənmi?!"

Valideynlər də uşaqlarının maraq və düçüncə ilə iman və namaza üz gətirmələri üçün zəmin yaratmalıdırlar. Məcbur etmək və zorakılıq istənilən nəticəni verməyəcək. Ola bilsin ki, uşaqlar tənbeh olunmağın qorxusundan namaza dursunlar, lakin bu kimi tərbiyənin davamı olmayacaqdır. Zaman ötdükcə və məcburiyyət ortadan götürüldükcə artıq bu rəftarın davamını gözləmək yersizdir. Buna əsasən də valideynlər öz övladlarının düşüncəli surətdə bu təlimləri mənimsəmələrinə xüsusi diqqət yetirməlidirlər.
Uşaqların kiçik yaşlarda ətrafdakıların diqqətini cəlb etməkdən başqa, digər hədəflərinin olmamasına baxmayaraq, onlar böyüdükcə və düşüncələri artdıqca, elə həmin uşaq diliylə ona Allah, ilahi nemətlər, onların şükrünü etmək və namazın fəlsəfəsi barədə söz açmaq lazımdır. Ola bilsin ki, ibtidai mərhələlərdə təşviq etmək onlarda azacıq da olsa belə namaz qılmağa meyl yaratmış olsun, amma onun düşüncələri inkişaf etdikcə bu təşviq ona kifayət etməyəcəkdir. Bundan əlavə, təşviq müəyyən həddə məhduddur. Təşviq etməkdə ifrata vardığımız zaman uşaqlar onu bir şərt kimi qəbul edir və təşviq olunmadıqda daha namaz qılmağa maraq göstərmirlər.
İlk mərhələdə təşviq etmək, rəğbətləndirmək, hədiyyə almaq, onunla birgə namaza durmaq, başqalarının yanında onun namaz qıldığını deyərək tərif etmək və sair kimi vasitələrlə uşaqlarda namaz qılmağa maraq hissi və məhəbbət yaratmaq mümkündür.

Nəticə
Namaz İslam dinində həddən artıq əhəmiyyətli bir göstərişdir. Namaz insanı çirkinliklərdən uzaqlaşdırır və onun üçün təkamül yolunu asanlaşdırır. Namaz İslamda üstün əhəmiyyətə malik olduğundan, məsumların (ə) həyatında belə tövsiyə olunmuşdur ki, övladlarınızı hətta azyaşlı çağlarından namaza əmr edin. Uşaqları namaz əhli etmək daha çox diqqət tələb edən bir növ tərbiyə üsuludur. Namazın öyrədilməsi təşviq və mehribanlıqla olmalıdır. Uşaqların yaşı ötdükcə və böyüdükcə onların təfəkkürü məhz tərbiyə üsulları üzərində qurulur. O, nə üçün namaz qıldığını bilməlidir. Bu məsələ onun tərbiyəsinin həmişəlik olmasına səbəb olur.
Biz uşaqları namaz əhli etmək üçün, üç məsələni diqqətinizə çatdırırıq:
1. Namazın sözlərini deyərək və həmçinin, onu icra edərək praktiki surətdə namazı öyrətmək.
2. Təkrarlamaq və təşviq etmək və sair kimi vasitələrlə namaz qılmağı asanlaşdırmaq və onu çətinləşdirməmək.
3. Namazla uşağın Allaha iman gətirməsinə fikri dəstək vermək.

makarim.ir


1. "Mumtəhinə" surəsi, ayə 4.
2. "Camiu əhadisiş-şiə", c. 4, səh. 46.
3. "Vəsailuş-şiə", c. 3, səh. 13.
4. "Məkarimul-əxlaq", Təbərsi, səh. 222.
5. "Təhzib", c. 20, səh. 380, babus-sibyan məta yəmurunə bis-səlah. və "Mən la yəhzuruhul-fəqih", c. 1, babul-həddilləzi yuxəzu fihis-sibyan bis-səlah, hədis. 861.
6. "Rum" surəsi, ayə 30.
«فَأَقِمْ وَجْهَکَ لِلدِّینِ حَنِیفاً فِطْرَتَ اللَّهِ الَّتِی فَطَرَ النَّاسَ عَلَیْها لا تَبْدِیلَ لِخَلْقِ اللَّهِ ذلِکَ الدِّینُ الْقَیِّمُ وَ لکِنَّ أَکْثَرَ النَّاسِ لا یَعْلَمُون»
"(Ey Peyğəmbər!) haqqa tapınaraq üzünü bu dinə (İslam dininə) sarı döndər. Allah həmin fitri din əsasında insanları yaratmışdır. Allahın yaratdıqlarında (fitrətdə) əsla bir dəyişiklik ola bilməz (və Onun dinində də olmamalıdır). Sabit və möhkəm olan din budur. Lakin insanların əksəriyyəti (bunu) bilmir".
 7. "Təhzib", c. 20, səh. 380, babus-sibyan məta yəmurunə bissəlah. və "Mən layəhzuruhul fəqih", c. 1, babul həddulləzi yuxəzu fihis-sibyan bissəlah, hədis. 861.
8. "İnsan" surəsi, ayə. 3.
9."Yunis" surəsi, ayə 99.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!