ZİL QƏDƏ AYINDA TÖVBƏ NAMAZI

:

Allah Taalanın mərhəmətindən naümid olmaq dinimizdə qətiyyətlə pislənən xüsusiyyətlərdəndir. Dinin təlimlərinə əsasən ibadəti hər kəsə fərz olan Tanrının lütfündən məyus olmaq Pərvərdigara nisbət itaətsizlikdən daha böyük günah sayılır.

Buna görə günahkar insanların Rəbbin dərgahından uzaq düşməməsi və şeytanın vəsvəsələrinə daha artıq uymamaları üçün müqəddəs dinimiz tövbə qapısını açmışdır. Təbii ki, pis əməlindən peşman olmuş bəndə bir daha qəbahətini təkrar etməzsə bu əsil tövbə sayılacaqdır. Lakin bu dönüşün özündə də Peyğəmbərimiz (s) və İmamlarımız (ə) müsəlmanlara müəyyən yollar göstərmişlər ki, öz növbəsində tövbənin gözəlləşmə və kamilləşməsinə xidmət göstərir.
O cümlədən, rəvayətdə var ki, Peyğəmbərimiz Həzrət Mühəmməd Mustafa (s) Zil-qədə ayının ikinci bazar günündə insanlara üz tutub soruşdu:
Ey camaat! Sizlərdən kim tövbə etmək istəyir?
Dedilər: Hamımız tövbə etmək istəyirik.
Peyğəmbər (s) buyurdu:
Bazar günü qüsl edin, dəstəmaz alın, dörd rəkət namaz qılın (Tövbə niyyəti ilə iki rəkətli iki namaz). Hər rəkətdə bir “Həmd” surəsi, üç dəfə “İxlas” (Qul huvəllah...) surəsi, bir “Fələq” (Qul əuzu bi Rəbbil-fələq...) surəsi və bir “Nas” (Qul əuzu bi Rəbbin-nas...) surəsi oxuyun. Namazdan sonra 70 dəfə istiğfar (Əstəğfirullahə rəbbi və ətubu iləyh) edib, bir dəfə “La həvlə və la qüvvətə illa billah əl-Əliyyül-Əzim” dedikdən sorna bu duanı oxuyun:
Ya Əzizu, ya Ğəffar! İğfir li zunubi və zunubə cəmiil-mumininə vəl-muminat. Fə innəhu la yəğfiruz-zunubə illa Ənt.
(Ey izzətli, ey günahlardan keçən Allah! Bağışla mənim və bütün möminlərin günahlarını. Həqiqətdir ki, Səndən qeyri bağışlayan yoxdur).

Mirzə Məliki Təbrizinin “Liqaullah” kitabına əsasən (səh. 81)

 

Tags: HƏDİS, DUA

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!