ORUCUN İNSAN HƏYATINDA MÜXTƏLİF TƏSİRLƏRİ

:

İslam dini ali hədəf və məqsəd üzündən nazil olmuş bir dindir. Ona görə də hər bir qanununda bir fəlsəfə və hikmət yatır. Bu sonuncu ilahi dinin qanunlarından biri də (istər Ramazan ayında olsun, istərsə də hər hansı bir ayda) oruc tutmaqdır. Oruc tutmağın bir çox fəlsəfə və hikməti vardır ki, həm dünyamızda və həm də axirətimizdə həmin hikmətlərin təsirini görmək mümkündür. Burada onlardan bir neçəsinə işarə edəcəyik.

1.Orucun mənəvi təsiri
Oruc tutmaq insanın iradəsini möhkəmlətməklə yanaşı onda ilahi təqvanın yaranmasına da səbəb olacaqdır. Necə ki, Allah-Taala Qurani-Kərimdə belə buyurub:
“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, bəlkə təqvalı olasınız” (Bərərə surəsi, 183-ayə.)
İslam şəriətinə uyğun oruc tutmaq, insanın imanını və mənəviyyətini möhkəmlədirər və günahların qarşısında iradəsini gücləndirər. Çünki oruc günah, fitnə və fəsadın qarşısında möhkəm bir sipərdir. Necə ki, insan döyüş meydanında öz düşməni qarşısında qalxandan istifadə edir, şeytani vəsfəsələr və nəfsi istəklər də insanın düşməni olduğu üçün təqva qalxanından istifadə edərək bir çox günahlardan uzaq qalar. Bu haqda həzrət Əli (ə) belə buyurmuşdur:
“Ramazan ayının orucunu tutun, çünki Ramazan ayının orucu cəhənnəm odunun qarşısında möhkəm bir qalxandır.”1

2.Orucun İctimai təsiri

Oruc tutmaq müsəlmanlar arasında qardaşlığın möhkəmlənməsinə səbəb olacaqdır. Qanun əsasında tutulan oruc, insanlar arasında həmdərdlik hissini dərk etməyə və əxlaqi rəzaləti, o cümlədən cinayət, fəsad və günahın məhv olmasına zəminə yaradır. Bundan əlavə yetərli mal-dövlət sahibi olanların qəlbində kasıb və fəqirə əl uzatma duyğusunu da oyadır. Çünki, insan özü ac qalmayınca acların halından xəbəri olmaz. Bununla da oruc səbəb olar ki, insan həmişə fəqirə ehsan və infaq əli uzatsın. İmam Həsən Əskəridən (ə) orucun vacib olma səbəbi haqqında soruşulduqda İmam (ə) belə buyurdu: “Oruc vacib oldu ki, sərvət sahibləri aclığın dərdini duyaraq fəqirlərin dadına çatsın”.2

3.Orucun iqtisadi təsiri

Oruc tutmaq israf qarşısında böyük bir divardır. Bəzi insanlar gündəlik ailə və yaxud fərdi xərclərində yersiz xərclərə yol verirlər. Demək olar ki, oruc bu cür xərclərin qarşısını alaraq, israfa yol vermir. Bundan əlavə İslam dini insanları infaq və ehsan etməyə rəğbətləndirmişdir. Bu əməlin nəticəsində insanlar arasında səviyyələr bərabərləşərək dünyada fəqirlərin sayını minimum səvəyyəyə endirə bilər. Fəqirliyin çox çətin bir vəziyyət olduğu demək olar ki, hamıya məlumdur. İmam Əlinin (ə) nəzərində fəqirlik böyük və faciəli bir ölümdür.3 Çünki ölmək bir dəfə olar, fəqirliyin çətinliyi isə saysız-hesabsızdır. Oruc tutmaq elə bir vacib əməldir ki, insanı maddiyyatda qərq olmaqdan, maddi ləzzətlərdən uzaq durmaqdan, yersiz məsrəflərdə rəqabət aparmaqdan və cismin qulluğunda durmaqdan çəkindirir. Bu əməllərin əvəzinə başqalarının fikrində olmağa, cismani və nəfsani istəkləri cilovlamağa, qənaətə və israf etməməyə səsləyər.

4.Orucun gigiyenik təsiri

Oruc tutmaq bədənin sağlamlığında, xüsusilə, mədənin sağlam qalmasında çox böyük rol oynayır. Demək olar ki, orucun mədəyə mənfi təsir bağışlayan bir çox qidaların təmizlənməsində inanılmaz təsiri vardır. Eyni zamanda bədən üzvləri içərisində ən çox fəal olan məhz mədədir. Gündəlik üç növ yeməyi təhlil və həzm etməklə məşquldur. Oruc tutmaq isə insan mədəsinin yetərincə istirahət etməsinə səbəb olar və il boyunca topladığı zərərli piyləri əridib məhv edər. Elə buna görə də İslam Peyğəmbəri Həzrət Muhəmməd (s) buyurubdur ki, oruc tutmaqla sağlam qalın.4

5.Orucun əxlaqi və psixoloji təsirləri

Daima tox olan insanda tüğyan, qürur və özünü bəyənmə duyğuları baş qaldırar. Nəticə etibarı ilə belə insan pis və xoşagəlməz işlərə əl atar. Şəhvət hissləri daha çox oyanaraq Rəbbinin əmrlərindən də çıxmağa başlayacaqdır. Bu vəziyyət daha çox cavanlarda müşahidə olunur. Bunlardan əlavə mədə dolu olduqda yuxu daha çox insana güc gələrək bir çox işlərinin təxirinə səbəb olur. O cümlədən, insanın Allah qarşısında olan ibadəti və şəxsi təhsilini nümunə göstərmək olar. Necə ki, əziz İslam Peyğəmbəri (s) bu haqda belə buyurmuşdur: “Çox yemək və mədəni doldurmaqdan çəkinin. Çünki, çox yemək bədənin zərərinə, həzmin pisləşməsinə, bir çox xəstəliklərin yaranmasına və Allah-Təalanın qarşısında ibadət etmək üçün bədənin süstləşməsinə səbəb olar”
Buna görə də, oruc insanın nəfsi istəkləri və şəhvətini azaldaraq onun böyük günahlara düçar olmasının qarşısını alar. Ac olan insan yata bilmədiyi halda daima oyaq qalar. Oyaq zamanında həyatda fərdi və ictimai vəzifələrinin, təhsilinin və Allah qarşısında olan vəzifələrinin öhdəsindən layiqincə gələcək. İnsan oruc tutub ac qalmaqla bir çox əxlaqi xüsusiyyətlərə də, o cümlədən, təvazö xüsusiyyətinə yiyələnər. İnsanda əgər təvazö yaranarsa, qəlbi Rəbbi qarşısında aram olar və xuşu tapar.
Hikmət və fəlsəfə dolu maarifə malik olan İslam dini, orucu insanlara vacib edərək onları dünya və axirət səadətinə qovuşdurur. Şəriətimizdə ruhumuzun axirət və dünya səadətində böyük rolu olduğu üçün elə cismimiz də bu iki dünya səadətində böyük rol oynayır. Buna görədə oruc tutmaq axirət və dünya xoşbəxtliyini qazandıracaqdır.

Mahir Məmmədov


1 Əllamə Məclisi, Biharül-ənvar, c 93, səh 368
2 Şeyx Kuleyni, Əl-kafi, c 4, səh 181
3 Rey şəhri, mizanül-hikmə, c7, səh 504
4 Əbulqasim Payəndə, Nəhcül-fəsahə, səh 547

Tags: MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!