ALLAH NƏ ÜÇÜN ŞEYTANA MÖHLƏT VERDİ? (1)

:

BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM
-Allah buyurdu: «Ey İblis, sənə nə olub ki, səcdə edənlərlə birgə deyilsən?»
-Dedi: «Mən əsla Sənin qoxumuş palçıqdan alınmış quru gildən yaratdığın bəşərə səcdə edən deyiləm!»
-Allah buyurdu: «Belə isə, buradan çıx ki, həqiqətən sən qovulmuşsan».
«Və şübhəsiz, cəza gününədək sənə lənət olacaqdır.»
-Dedi: «Ey Rəbbim, elə isə mənə onların dirildiləcəkləri günə kimi möhlət ver».

-Allah buyurdu: «Sən möhlət verilənlərdənsən».
-«Məlum vaxtın gününədək».
-Dedi: «Ey Rəbbim, məni azğınlığa atdığına görə, mən də yer üzündə onlar üçün zinətləndirəcək və onların hamısını azdıracağam».1
Qurani Kərimin yuxarıda zikr olunan ayələrindən göründüyü kimi Allah Təala Şeytanı Öz dərgahından qovandan sonra ona möhlət verir və o da Allaha Onun bəndələrini haqq yoldan azdıracağını and içir.
Bu ayələrin oxşarı Nisa surəsinin 119-cu ayəsində də var:
«Və şübhəsiz onları azdıracaq və arzulara düçar edəcəyəm; onlara əmr edəcəyəm ki, dördayaqlıların qulaqlarını deşsinlər; Allahın xilqətini dəyişdirmələrini əmr edəcəyəm. Kim Allahın yerinə Şeytanı özünə başçı və yardımçı götürsə, doğrudan da aşkar bir ziyana düşmüşdür.
İmam Sadiq əleyhissalam buyurub: elə bir qəlb yoxdur ki, iki qulağı olmasın. Onlardan birində hidayət edən mələk digərində isə fitnəkar şeytan durur. Onlardan biri ona əmr edir o birisi isə çəkindirir. Şeytan onu günaha əmr edir mələk isə onu günahdan çəkindirir.
Hətta Quranda bəzi ayələrdə Allahın Şeytana Adəm övladını günaha təhrik etməsini əmr etdiyini görürük: Və onlardan bacardığın kəsi öz səsinlə (günaha tərəf) təhrik et və öz süvarilərin və piyadaların ilə onların üzərinə fəryad qopar; və onların mallarına və övladlarına şərik ol və onlara vəd ver! Şeytan onlara yalan və hiylədən başqa əsla bir vədə vermir.»2

BƏS NƏ ÜÇÜN ALLAH TƏALA ŞEYTANA MÖHLƏT VERDİ?
Bura qədər dediklərimiz mətləbin başa düşülməsi üçün müqəddimə idi. Ayələrdən gördük ki, Şeytan möhlət istədi ki, bəndələri azdırsın Allah Təala da ona möhlət verdi. Sual yaranır görəsən doğurdan Allah öz bəndələrinin azğınlığını istəyirmi? Yaxud əgər Allah möhlət verməsə idi yer üzündə bu qədər fitnə-fəsad da olmazdı bəs nə üçün bu möhləti o lənətlənmiş Şeytana verdi?
Cavabında deyirik: Allah insanı yaratdıqdan sonra ona ixtiyar və azadlıq seçimi verdi. Yəni insan xeyir və şərr işi seçməkdə azaddır. O Peyğəmbərlərin (ə) yolunu da gedib əbədi səadətə çata bilər, Allah və Peyğəmbərlərdən (ə) üz döndərməklə azğınlıq yolunu da seçib əbədi əzaba düçar olan bilər. Deməli əgər insan seçim etməkdə ixtiyar sahibidirsə Allah da haqq olan peyğəmbər və asimani kitablar göndərirsə o zaman lazım və zəruridir ki, şərr qüvvə də olsun ki, insan məcbur qalıb ixtiyarsız haqqa tərəf getməsin. Çünki təkcə haqq olan peyğəmbərlər olsaydı və şərr qüvvə insanları haqqa tərəf getməkdən çəkindirməsəydi o zaman insanlar hamısı ixtiyarsız haqqa tərəf gedəcəkdi. Bu zaman insan kamilliyə çata bilməz və mənəvi cəhətdən inkişaf edə bilməz mələklər kimi bir məqamda qalardı. Məhz buna görə də Şeytanın vəsvəsəsi mömin insanlar üçün ziyanverici yox əksinə onların kamilliyə doğru sürətlə addımlamasında bir vasitədir. Deməli insan nəfsi ilə mübarizə yolunda şeytanın da vəsvəsələlərinə məhəl qoymadan öz bütün əzm və iradəsini xərcləsə tez bir zamanda Allahın rəhməti ona şamil olacaq və kamilliyə çatar ki, elə yaradılışın əsas hədəfi də insanın kamilliyə çatmasıdır.
Qeyd etmək lazımdır ki, Şeytan vəsvəsəsi bu anlamda deyil ki, o insanı hansısa işə məcbur edir o sadəcə günah işə təhrik edir və insan onun sözünə qulaq asmaqda ixtiyar sahibidir. Əgər onun sözünə qulaq asıb günah edərsə bu o demək deyil ki, Şeytan onu məcbur edib o işə, sadəcə ona vəsvəsə verib baxmayaraq ki, bu vəsvəsəsindən ötrü Allah Şeytana da əzab verəcəkdir.
Bu haqda mühüm olan başqa bir məsələ də budur ki, əgər Şeytan insanı bir neçə dəfə vəsvəsə edib onu azdıra bilməzsə bundan sonra günah etməmək insan üçün asanlaşır və Şeytan onu azdırmaqdan aciz qalır. Məhz buna görə də hədisdə vardır ki, Şeytan İslam Peyğəmbərinin (s) müqabilində təslim olmuşdur (Biharul Ənvar c17, s44). Yəni o həzrət o qədər Şeytanın vəsvəsələrinə aldanmamışdır ki, daha Şeytan onu vəsvəsə etməkdən əl çəkmişdi. Qurani Kərimdə də Şeytanın möminlərə nüfuz edə bilmir:
- Qur’an oxuyan zaman, qovulmuş Şeytandan Allaha pənah apar.
-Çünki, onun iman gətirən və özlərinin Rəbbinə təvəkkül edən kəslər üzərində bir hökmranlığı yoxdur
-Onun hökmranlığı ancaq onu dost və başçı tutan kəslər və Allaha şərik qoşanlar üzərindədir.3
Həmçinin başqa yerdə buyurulur ki, Qiyamət günü Şeytan onu aldatdığını deyənlərin cavabında Şeytan belə deyəcək: (Qiyamət günü) iş tamam olduqda Şeytan deyər: «Həqiqətən, Allah sizə haqq vəd verdi. Və mən sizə vəd verdim və vədimə xilaf çıxdım. Mənim (dünyada) sizin üzərinizdə, sizi dəvət etməkdən başqa heç bir hökmranlığım yox idi və siz mənim dəvətimi qəbul etdiniz. Odur ki, məni məzəmmət etməyin, özünüzü məzəmmət edin. İndi nə mən sizin dadınıza yetişənəm və nə siz mənim dadıma yetişənsiniz ... .»
Nəticə alırıq ki, insan Şeytanın vəsvəsələrinə qulaq asmaqda ixtiyar sahibidir və Allah Təala Şeytana möhlət verməsi heç də insanın zərərinə yox əksinə xeyirinədir.
Bu haqda maraqlı bəhslərdən biri də insanın zehnindən keçən yaxşı və pis fikirlərdir ki, bu haqda müxtəlif nəzərlər var. Bu nəzərləri məqalənin ikinci hissəsində sizinlə bölüşərik inşallah.
Ardı var...

ARDINI BURADAN OXUYUN

_____________________________________________________________________________
1. Hicr surəsi, 32-39-cu ayələr
2. İsra surəsi 64-cü ayə
3. Nəhl surəsi 98-100-cü ayələr

 

 

Tags: SUALLARA CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!