ALLAH NƏ ÜÇÜN ŞEYTANA MÖHLƏT VERDİ? (2)

:

BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM
Bu yazının birinci hissəsində Allahın Şeytana verdiyi möhlətin səbəblərini açıqladıq. Lakin mətləbin daha da dərindən anlamı üçün yazının ikinci hissəsində insanın zehnindən keçən fikirlər haqda danışmaq yerinə düşər ki, bu məsələnin özünün də mövzu ilə birbaşa əlaqəsi var. İnsanın zehnindən keçən fikirlərin Şeytan ilə nə kimi əlaqəsinin olduğunu burada açıqlayacağıq və nəticə alarıq ki, Allahın Şeytana möhlət verməsi insanın zərərinə yox, əksinə xeyrinə oldu.

İNSANIN ZEHNİNDƏN KEÇƏN İLAHİ VƏ ŞEYTANİ FİKİRLƏR
Kəlam elmində tədris olunan elmlərdən biri də bəzən insanın zehnindən keçən yaxşı və pis fikirlərdir ki, insanı savab və günaha sövq edir. Kəlam elmində buna “Xatir” deyilir ki, həmin elmdə bu xatirlərin haradan qaynaqlandığı təhlil olunur. Kəlam alimlərindən bir çoxu Allahın itaətinə sövq edən “xatirləri” Allah tərəfindən, günaha sövq edən “xatirləri” isə Şeytan tərəfindən olduğunu iddia edir.1
Xatirin mahiyyəti haqqında kəlam elmində deyilir ki, Xatir elə həmin gizli səslər və hərflərdir. Həmçinin fəlsəfə elmində də deyilir ki, Xatir, güzgüdə yaranan şəkillər kimi hərf və səslərin təsəvvürüdür.2
Həzrət Muhəmməd Peyğəmbərin (s) mübarək hədisində də bu iki Xatirə işarə olunub. O həzrət bu haqda belə buyurub: Şeytan üçün Adəm övladı ilə bir əlaqə vardır və mələk üçün də (başqa) bir əlaqə. Şeytanın əlaqəsi şərr işlərə vəd və haqqı inkar etməkdir. Mələyin əlaqəsi isə xeyrə dəvət və haqqı təsdiq etməkdir.
Deməli Şeytanın işi yalnız vəsvəsədir və imanlı şəxs onunla bir neçə dəfə mübarizə aparsa ondan sonra mübarizə rahat olacaq. Məhz buna görə hədisdə də olduğu kimi Şeytan həzrət Peyğəmbəri Əkrəmin (s) müqabilində təslim olmuşdu.
İmam Sadiq (ə) buyurub: elə bir qəlb yoxdur ki, iki qulağı olmasın. O qulaqlardan birində hidayət edən mələk, digərində fitnəkar Şeytandır ki, biri onu əmr edir digəri onu çəkindirir. Şeytan onu pisliklərə əmr edir mələk isə o insanı günahlardan çəkindirir.
Həqiqət elə budur ki, insan özünə qayıdıb ciddi təfəkkür edəndə bu iki qüvvəni öz müqabilində hiss edir. Bəzən insan xeyir iş görmək istəyir bəzən də günah. Birinci hiss Allah tərəfindən ikinci isə Şeytanın vəsvəsəsindən doğan hisslərdir ki, Quranda da bu haqqda ayələr mövcuddur.
Nəticə alırıq ki, Allah Şeytanı yaratdı:
1.    İlk olaraq Şeytan yaradılanda pis və şərr yaradılmamışdır.
2.    Şeytan baxmayaraq insanı haqq yoldan azdıraağına and içdi lakin insan onun vəsvəsələrindən uzaq olmaqla sürətlə Allaha doğru irəliləyib kamala çatır.

_______________________________________________________________________________________

1. Xatir haqqında əlavə məlumat toplamaq üçün müraciət edə bilərsiniz: Şeyx Tusi “Təmhidul Üsul”, səhifə 202. Seyid Mürtəza, “Şərhi Cüməlil Elm vəl Əməl”, səhifə 129

2. Fəxri Razinin təfsiri, 5-ci cild səhifə 4

 

 

Tags: SUALLARA CAVAB, ŞÜBHƏLƏRƏ CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!