“VƏSVƏSƏ”, “ŞƏKK” VƏ “TƏRƏDDÜD”DƏN QURTULUŞ

:

Sual: Üsuli-din (dinin əsasları) araşdırmaqla ələ gətirildiyi üçün məndə etiqadi məsələlərə qarşı şübhə yaranmışdır. Bu da məni vacib əməllər və ibadətlərin yerinə yetirilməsində vasvasılığa salmışdır. Məsləhət verib yol göstərməyinizi xahiş edirəm!

Qeyd etməliyik ki, “yəqin”, “rahatlıq” və “möhkəmlik” ilahi lütf və mərhəmətlərdən olduğu kimi, “vəsvəsə”, “şəkk” və “tərəddüd” də şeytani təhlükələr və nüfuzlardandır. Şeytan Allahın bəndələrini doğru və haqq yoldan sapdırmaq üçün müxtəlif hiylələrdən istifadə edir. O, hiylə və məkr əhli olduğundan, insanları azdırmaq üslubunu onların vəziyyət və məzacına uyğun müəyyən edərək zəlalətə salır. Məsələn, şəri məsələlərə və hökmlərə etinasız yanaşan şəxs heç vaxt dəstəmazda və ya namazda vasvasılığa düçar olmaz. Vasvasılıq şeytani təhriklərdəndir və o, şəri məsələlərə etinasız yanaşan şəxsi narahat etmir. Əksinə, onu şəri vəzifələrdən və ilahi təkliflərdən daha da uzaqlaşdırmaq üçün həmin şəxsin daxili təmayüllərinə uyğun bir yol seçir. Buna əsasən, sizi dinin zəruri məsələlərində şəkkə salan şeytan sizin dini əməllərə qarşı diqqətinizdən xəbərdar olduğu üçün əlini, məhz, həmin nöqtə üzərinə qoyaraq ilahi neməti almaq istəyir.
Bu məsələyə diqqət yetirməklə deyə bilərik:
1. Sizin dinin əsaslarını qəbul etməkdə təqlid etməyib mütaliə və təfəkkürlə səy etməyiniz tərifəlayiqdir. Bu işinizə görə Allah yanında sizin çoxlu savab və mükafatınız var.
2. Əqidələrinizdə şəkkə düçar olduğunuz üçün Allah dərgahında əməllərinizin qəbul olunmayacağını, bunun sizə heç bir fayda verməyəcəyini özünüzə təlqin etməyin. Bunün özü də şeytani hiylələrin davamıdır. Əvvəlcə, əqidələri daxilinizdə süstləşdirir, sonra əməllərinizə irad tutaraq sizdə onlara qarşı şübhə icad edir.
Sizin “Allah bu əməlləri məndən qəbul etməyəcəkdir!” – deməyinizin səbəbi odur ki, siz səmimi qəlbdən Allahı qəbul edir və Onun varlığına şübhə etmirsiniz. Buna əsasən, şeytani istəklərə və vəsvəsələrə düçar olmağınıza baxmayaraq, öz ibadətinizi davam etdirin və digər bəndələr kimi, mehriban və mərhəmətli Allahın dərgahında əməllərinizin qəbul olunacağına ümidvar olun!
3. Bilin ki, şeytan zəifdir, onun hiylə və məkri ağıllı, həqiqət axtaran, Allahı istəyən, Allah zikri ilə yaşayan və Onun əmrinə təslim olanlara təsirsizdir.
Bunlara diqqət yetirməklə bir müddət şeytan və onun vəsvəsələrilə mübarizə aparın. Şeytanla mübarizə aparmağın yolları isə aşağıdakılardan ibarətdir:
Birinci yol: Şeytanın vəsvəsələrinə etina etməyin. O, sizi pis və puç nəsihətlərə dəvət etdikdə, fikrinizi başqa məsələlərlə məşğul edin. Məsumdan nəql olunan bir rəvayətdə buyurulur: “Həqiqətən, o xəbis (şeytan) ona itaət olunmasını istəyir. Əgər ona itaət etməkdən boyun qaçırılsa, sizə tərəf qayıtmaz.”1
İkinci yol: Həyatımızda yerinə yetirmək istədiyimiz hər hansı bir işdə və hər hansı bir çətinliklə üzləşdiyimiz zaman Allahdan, Onun rəhmət və lütfündən yardım diləmək, dua edib yalvarmaqla Allahın diqqətini özümüzə cəlb edək. Allah-Taala bu həqiqəti belə açıqlayır: “De: “Əgər duanız olmasa, Allah yanında nə qədir-qiymətiniz olar?”2 Şeytanın vəsvəsələrindən nicat tapıb qəflət yuxusundan oyanmağımız üçün Allah-Taaladan sonra Peyğəmbər (s) və imamlardan kömək istəməliyik.
Quran ayələrini tilavət etmək və ya eşitmək, yaradılış və bu kimi digər məsələlər haqda nazil olan ayələr üzərində düşünmək insanın vücudunda hazırlıq ruhiyyəsi yaradır. İlahi cəzb nuru onun sorağına gələrək onu qəflət yuxusundan, xəyallardan və şeytan vəsvəsələrindən xilas edib öz həqiqətinə qaytarır. Diqqət yetirin ki, Qurani-Kərim hər bir bölümündə insan üçün hidayət, xatırlama, xəbərdarlıqlar və qorxutmalar qərar vermişdir. Hər kəs səmimi qəlblə Qurandan yapışıb haqq olan Allahın kəlamları üzərində düşünsə, bu (ilahi kəlamlar, işarə və rəmzlər) onu həqiqətə çatdırar.
Üçüncü yol: Bütün hallarda “qəflət”dən uzaq olub, Allahı yad edin. Şeytan həmişə insanı qaflətə çəkməyə çalışır və bu yolla insanı şəkkə düçar edir. Buna görə də özünüzü (xətalardan) qoruyub-saxlamaq əzmində olun. Hər zaman “qəflət”ə düçar olsanız, dərhal Allahı, Onun əzabını, nemət və mərhəmətini xatırlayın, Ona pənah aparıb tövbə edin. “Əraf” surəsinin 200-201-ci ayələrində bu həqiqətə işarə ilə buyurulur: “Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, Allah eşidən və biləndir. Allahdan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman onlar (Allahın əzabını, lütfünü və mərhəmətini) xatırlayıb düşünərlər və dərhal (bəsirət gözləri açılar və) görən olarlar.”
Doğrudan da, insanı şeytanın tələsinə və vəsvəsələrinə salan qəflətdir. Onun əlamətlərindən biri də şəkk, tərəddüd və iztirabdır. Başqa sözlə, haqdan qafil olub onu unutmağın mənası odur ki, insan öz batinində Allahı unudub Ondan qafil olsun, çaşqın və sərgərdan vəziyyətdə qalaraq, nə edəcəyini bilməsin. Şeytan, məhz bu yollarla insanın qəlbinə daxil olub vəsvəsə edir, onu doğru yoldan uzaqlaşdırır. İmam Sadiq (ə) buyurmuşdur: “Həqiqətən, qəflət şeytanın ovlağı, hər bir bəlanın, bədbəxtliyin başlanğıcı və bütün hicabların səbəbidir.”3
Qəflət şeytan tərəfindən olduğu üçün bu zaman insanın dostu və ürək yoldaşı da yalnız şeytandır. İnsanı qəflətə çəkən və Allahı yad etməyi unutduran, məhz odur! Qurani-Kərimdə buyurulur: “Şeytan onlara hakim olmuş və Allahı zikr etməyi onlara unutdurmuşdur...”4
Bu ayənin qeybi mesajı budur ki, insanın fikri, qəlbi və batini tamamilə Allahdan uzaqlaşıb xəyallar və gümanlara qərq olsa, şeytan ona hakim kəsilər, fikri, qəlbi və vücudunu özünə cəlb edərək Rəbbini yad etməkdən çəkindirər.
Bu ayəni həmişə oxuyun və onun haqqında fikirləşin: “Hər kəs Rəhmanın zikrindən boyun qaçırsa, Biz ona şeytanı hakim edərik və o, şeytanın yaxın dostu olar. Şeytanlar onları doğru yoldan çıxarar, onlar isə özlərinin haqq yolda olduqlarını güman edərlər.”5
Ümid edirik ki, qeyd edilənlər üzərində düşünüb, onlara əməl etməklə şəkkiniz rahatlıq və sabitqədəmliyə çevriləcək! Həyatda həmişə müvəffəq və şad olmağınızı arzu edirik!
Kitabın adı: Tövhid və ilahi ədalət
Tərcümə edən: Rza Şükürlü


1. “Fürui-Kafi”, 3-cü cild, səh. 357.
2. “Furqan” surəsi, ayə 77.
3. “Misbahuş-şəriət”, 24-cü bölmə.
4. “Mücadələ” surəsi, ayə 19.
5. “Zuxruf” surəsi, ayə 36-37.

 

Tags: SUALLARA CAVAB, İSLAMIN ƏSASLARI

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!