GÜNƏŞİN GERİ QAYTARILMASI VƏ İMAM ƏLİNİN (Ə) FƏZİLƏTİ

:

Sual: Məlum olduğu üzrə, zaman geri dönmür. Digər tərəfdən peyğəmbər və imam namazını ilk vaxtında qılmağa vəzifəli olması haqda bir sıra rəvayətlər nəql olunmuşdur.

Bunu nəzərə alaraq Peyğəmbəri-Əkrəmin (s) duası ilə günəşin imam Əliyə (ə) görə geri qaytarılması mümkündürmü? İmam Əlinin (ə) namazı qəza olduğu halda, günəşin geri dönməsi onun fəzilətinə necə dəlalət edə bilər?
Cavab: Bu sual iki qisimdən ibarətdir:
1. Günəşin geri qaytarılmasının mümkünlüyündə şəkk etmək;
2. Onun imam Əlinin (ə) fəzilətinə necə dəlalət etməsi.
BİRİNCİ QİSMİN CAVABI
Günəşin qürub etdikdən sonra geri qaytarılması möcüzə və “təkvini vilayət”lə əlaqəli bir məsələdir. Burada cavabdan öncə bəzi terminləri şərh etməyi lazım bilirik:
a) Möcüzə: Bu söz acizlik və hər bir şeyin davamı mənasını daşıyan “əcz” sözündən alınmışdır.1 Peyğəmbərlər və vəsilərin möcüzələri hədsiz dərəcədə güclü və möhkəm olduğundan, onlarla mübarizə aparmaq istəyənlər aciz qalırdılar. Odur ki, “ecaz” sözü onların xariqüladə (qeyri-adi) işlərinə aid edilir.
Möcüzə və kəramət nəfsin təsiri ilə əlaqəlidir. Möcüzə sahibləri Allahın izni ilə güclü nəfsə malik olduqlarından hamıya qalib gəlirlər. Allahın peyğəmbər və vəsilərə verdiyi güc-qüvvə maddi deyildir. Çünki hər hansı maddi iş və hadisənin öhdəsindən gələn daha güclü birisinin olması mümkün məsələdir.2
Möcüzə və kəramət təbiət qanunlarına qarşı deyil, əksinə təbiətin fövqündə duran səbəblərə malikdir, yaxud təbii səbəbləri sirlidir. Əlbəttə, bu, o demək deyil ki, sirli səbəbləri kəşf olunduğu təqdirdə, ecazkarlığı aradan qaldırılacaq, əksinə burada möcüzələrin məğlubedilməz səbəbə söykənməsi nəzərdə tutulur.3
Möcüzələr və qeyri-adi işlər qeyri-mümkün sayılan əqli işlər silsiləsindən deyildir. Çünki dünyanın bir çox ağıllı insanları əsrlər boyu möcüzələr müqabilində diz çökmüşlər. Möcüzə bir hadisə kimi təbiətdə baş verən proseslərə qarşı deyil. Buna ölünün dirilməsi və dirinin ölməsini misal göstərmək olar.
Möcüzə ilə təbii hadisələrin fərqi budur ki, maddi aləmində ölüb-dirilmək kimi işlər müəyyən səbəblərin nəticəsi olaraq zaman və məkan şəraitindən vücuda gəlir. Lakin möcüzə səbəblərdən, zaman və məkan şəraitindən asılı deyildir.4
Peyğəmbərlər və övliyaların qeyri-adi işlərinin Allahın iznilə baş verməsi tövhidlə ziddiyyət təşkil etmir.5
b) Təkvini vilayət: “Vilayət” sözü “vəlayət” kimi oxunduqda məhəbbət, “vilayət” kimi oxuduqda isə rəhbərlik, hakimiyyət və tədbir mənalarını daşıyır.6 Bu məqam bir kəsin yaradılış aləmində Allahın izni ilə xilqəti təşkil edən qanunlarda əli olması, eləcə də onları dəyişdirməyə qadir olmasından ibarətdir. O, Allahın izni ilə ixtiyarı çatdığı qədər əlacsız xəstəyə şəfa vermək və ölüləri diriltmək kimi qeyri-adi işləri yerinə yetirə bilər. İnsanların cismində və təbiətdə bir sıra qeyri-adi dəyişikliklər yaratmaq da bura daxildir.
“Təkvini vilayət” möcüzə sözünün sinonimidir. Keçmişdə möcüzə ifadəsi işlənirdisə, indi isə həmin söz “təkvini vilayət” ifadəsi ilə işlənir[7]. Ümumiyyətlə, vilayət iki qismə bölünür: 1. “təkvini vilayət”; 2. “təşrii vilayət”.
“Təşrii vilayət” qanun çərçivəsində rəhbərlik və hakimiyyətdən ibarətdir. Bəzən o, ata və babanın övladı üzərindəki vilayəti kimi məhdud olur, bəzən də geniş mənada İslam hökuməti və ölkənin bütün işlərini əhatə edir. “Təşrii vilayət” geniş mənada ilahi peyğəmbərlər, vəsilərə aiddir və siyasi rəhbərlik və dini mərcə (alim) kimi iki qismə bölünür.
“Təkvini vilayət”in xarici nümunələrindən biri də, yaradılış aləmində vilayət məqamıdır. Belə ki, Allah-Taala bir bəndəyə, yaxud mələyə aləmdə bir varlıq yaratmağa, yaxud bir varlığın həyatını almağa icazə verir. Sözsüz ki, bu qeyri-mümkün deyildir. Çünki Allah-Taala hər bir şeyə qadirdir və istədiyi qüdrəti istədiyi şəxsə əta edə bilər. Mütəal Allah mələklərə yaradılış aləminin bəzi işlərində qüdrət bəxş etdiyi kimi, insana da əta etmişdir.[8]İmam Əli (ə) ikindi namazını qılmaq üçün günəşin qürub etdikdən sonra geri qaytarılması “təkvini vilayət”in xarici nümunələrindəndir. Günəşin doğub-batması yer kürəsinin hərəkəti ilə əlaqədardır və “təkvini vilayət” məqamına malik olanlar yer kürəsinin hərəkətini geri qaytara bilər. Bu vilayət aşağıdakı dəlillərlə sübuta yetir:
1. Təkamül qanunu: Dünyada bütün işlər öz məqamlarına uyğun təkamül yolunu keçirlər; xüsusilə, insan yüksək təkamül mərtəbəsinə çatmaq bacarığına malikdir və hətta bütün varlıq aləmi məhz onun təkamülə yetməsi üçün yaranmışdır. Qurani-Kərimdə buyurulur:
هُوَ الَّذِي خَلَقَ لَكُم مَّا فِي الأَرْضِ جَمِيعاً
“Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan Odur (Allahdır)...”9
Bir “qüdsi” hədisdə belə buyurulur:
خَلَقْتُ الْأَ شياء لاجلك و خَلَقْتُكَ لاجلي
“Hər şeyi sənin üçün, səni də Özüm üçün yaratmışam.”
İnsan tədriclə təkamülə çatdığı kimi, şəriət, nübüvvət və imamət də tədriclə ələ gəlir. İnsanların ən kamil nümunəsi kimi Peyğəmbəri-Əkrəmi (s) və məsum imamları, şəriətlərin və peyğəmbərliyin isə ən kamil nümunəsi kimi İslam dinini və Peyğəmbəri-Əkrəmin (s) peyğəmbərliyini misal göstərmək olar.[10] Nübüvvət və imamət “təkvini vilayət”lə birgə olmalıdır. Çünki imamət və vilayətin dəlil-sübutlarından biri də Allahın izni ilə möcüzə göstərmək və “təkvini vilayət”dir, yəni xilqəti təşkil edən qanunlarda əli olması və onları dəyişdirməyə qadir olmasıdır. Kamil insan Allahın yer üzündə xəlifəsi və Onun feli sifətlərinin təzahürüdür. Peyğəmbər və onun vəsisi qeyri-adi işləri Allahın izni və onlara verdiyi güc-qüvvə ilə yerinə yetirir. “Günəşin geri qaytarılması” da “təkvini vilayət”in nümunələrindən biridir. Buna əsasən, bu, mümkün bir işdir.
2. Allahın hikməti: Allahın hikmətinə görə, müqəddəs insanlara “təkvini vilayət” məqamı verilməlidir. Dinə qarşı yaranan şəkk-şübhələri aradan qaldırmaq vəzifəsi dini rəhbərlərin öhdəsinə qoyulduğundan, onlar mütləq bu məqama malik olmalıdırlar.
3. Üstünlük anlamı: Üstünlük (fəzilət) anlamından başa düşüldüyü kimi, Allahın kitabından cüzi məlumatı olan Asəf ibn Bərxiya “təkvini vilayət”ə malik idisə, Allahın kitabını kamil şəkildə bilən Peyğəmbər (s) və onun vəsiləri (ə) sözsüz ki, bu məqamın bütün nümunələrinə malik olmalıdırlar. Belə isə “təkvini vilayət” məqamı ilə günəşin geri qaytarılması mümkündür.
4. Ayə və rəvayətlər: “Günəşin geri qaytarılması”na ən aydın dəlil “təkvini vilayət”in baş verməsidir. Bu haqda Qurani-Kərimdə müxtəlif nümunələr göstərilmişdir. O cümlədən:
a) Həzrət Yusifin (ə) öz atasının gözlərini açması:
“Yusif” surəsinin 93-cü ayəsində buyurulur:
اذْهَبُواْ بِقَمِيصِي هَـذَا فَأَلْقُوهُ عَلَى وَجْهِ أَبِي يَأْتِ بَصِيرًا
“Bu köynəyimi aparın və atamın üzünə sürtün, o (yenidən) görməyə başlayar.”
Həmin surənin 96-cı ayəsində buyurulur:
فَلَمَّا أَن جَاء الْبَشِيرُ أَلْقَاهُ عَلَى وَجْهِهِ فَارْتَدَّ بَصِيرًا
“Muştuluqçu gəlib köynəyi (Yəqubun) üzünə sürtən kimi onun gözləri açıldı.”
Bu hadisədə “təkvini vilayət” dedikdə, xilqəti təşkil edən qanunlara əl tapması və onları dəyişdirməyə qadir olması nəzərdə tutulur. Necə ki, həzrət Yusif (ə) öz atasının gözünü aça bildi. Əgər bu iş Allahın iradə və istəyindən qaynaqlansaydı, sözsüz ki, köynəyini göndərməyin lüzumu yox idi, elə duası ilə gözləri açılardı. Demək, bunun həqiqi səbəbi Yusif peyğəmbərin (ə) istəyi, köynək isə onun istifadə etdiyi sadə bir vasitədir.
b) Həzrət İsa Məsihin (ə) qüvvəsi:
“Ali-İmran” surəsinin 49-cu ayəsində buyurulur:
...أَنِّي قَدْ جِئْتُكُم بِآيَةٍ مِّن رَّبِّكُمْ أَنِّي أَخْلُقُ لَكُم مِّنَ الطِّينِ كَهَيْئَةِ الطَّيْرِ فَأَنفُخُ فِيهِ فَيَكُونُ طَيْرًا بِإِذْنِ اللّهِ وَأُبْرِىءُ الأكْمَهَ والأَبْرَصَ وَأُحْيِـي الْمَوْتَى بِإِذْنِ اللّهِ...
“Mən həqiqətən, Rəbbiniz tərəfindən sizə möcüzə gətirmişəm. Sizin üçün palçıqdan quşa bənzər bir surət düzəldib ona üfürərəm, o da Allahın iznilə quş olar. Anadangəlmə korlara və cüzam xəstəliyinə tutulanlara şəfa verərəm! Allahın iznilə ölüləri dirildərəm...”
Bu ayənin möhtəvasına və onun ibarələrindəki təfavütə diqqət yetirdikdə, məlum olur ki, həzrət İsa (ə) quşların yaradılışını Allah-Taalaya, digər üç möcüzəni isə (ölüləri diriltmək, anadangəlmə korlara və cüzam xəstəliyinə tutulanlara şəfa vermək) Allahın əmri və izni ilə özünə nisbət verir. Allahın iznində isə sözlə icazə yox, əksinə batini icazə nəzərdə tutulur. Yəni Allah-Taala insana elə bir qüdrət verir ki, Onun əmrilə yaradılış aləmində təsir qoyaraq adi səbəbləri adlayır, ölünü diriltmək və əlacsız xəstəyə şəfa vermək kimi işlərə qadir olur.
c) “Şəqqül-qəmər” (ayın iki hissəyə bölünməsi):
“Qəmər” surəsinin 1-2-ci ayələrində buyurulur:
اقْتَرَبَتِ السَّاعَةُ وَانشَقَّ الْقَمَرُ وَإِن يَرَوْا آيَةً يُعْرِضُوا وَيَقُولُوا سِحْرٌ مُّسْتَمِرٌّ
“Qiyamət çox yaxınlaşdı və ay (Peyğəmbərin möcüzəsi ilə) parçalandı. Onlar (müşriklər) bir möcüzə görəndə, üzlərini döndərərək deyirlər: “(Bu şəxsin həmişə etdiyi) daimi bir sehrdir.”
Burada ayın parçalanması qiyamət gününə aid deyil; çünki ikinci ayədə müşriklərin etirazı və onun sehr adlandırılmasından söz açılır. Rəvayətlərdə də bu məsələyə təkidlə toxunulmuş və təfsirçilər ayın iki hissəyə bölünməsini yaşadığımız dünya ilə əlaqələndirmişlər.11 “Günəşin geri qaytarılması” da həmin nümunələrdən biridir.
Şiə və sünni rəvayətlərinə əsasən, “günəşin geri qaytarılması” şübhəsiz bir məsələ kimi, iki dəfə baş vermişdir:
İlk dəfə Peyğəmbəri-Əkrəmin (s) dövründə baş vermişdir. Belə ki, bir gün imam Əli (ə) Peyğəmbəri-Əkrəmin (s) hüzurunda ikən vəhy nazil oldu. Peyğəmbəri-Əkrəm (s) adəti üzrə, özündə ağırlıq hiss etdiyi və həyəcan keçirdiyi üçün başını imam Əlinin (ə) dizi üstə qoyub uzandı. Günəş batana qədər Həzrət (s) başını imam Əlinin (ə) dizi üstündən götürmədi. İmam Əli (ə) (o həzrətin başını yerə qoymaq istəmədiyindən) ikindi namazını oturduğu halda qıldı, rüku və səcdələrini işarə ilə yerinə yetirdi. Peyğəmbəri-Əkrəm (s) adi vəziyyətinə qayıtdıqda, imam Əlidən (ə) soruşdu: “İkindi namazın qəzamı oldu?” İmam Əli (ə) dedi: “Sizin ehtiramınıza görə namazı ayaqüstə qıla bilmədim.”
Şeyx Müfidin “İrşad” kitabında nəql olunduğu kimi, Peyğəmbəri-Əkrəm (s) imam Əliyə (ə) buyurdu ki, dua edib Allahdan istəsin ki, günəşi (yer kürəsinin hərəkətini) ikindi namazının vaxtı qədər geri qaytarsın. Allah-Taala o həzrətin duasını qəbul edərək yer kürəsinin hərəkətini geri qaytarır və o həzrət ikindi namazını vaxtında qılandan sonra yer kürəsi günəşin qürub etdiyi vəziyyətə qayıdır.12
Digər alimlərin, o cümlədən, İbn Məğazilinin “Əl-mənaqib” kitabında nəql etdiyi kimi, Peyğəmbəri-Əkrəm (s) belə dua etdi: “İlahi, Sənin və Rəsulunun itaətində olan Əli namazını vaxtında ayaqüstə qıla bilməyib! Belə isə günəşi (yer kürəsinin hərəkətini) geri qaytar.” Ravi deyir: “Mən günəşin batdığını görmüşdüm. Peyğəmbəri-Əkrəmin (s) duasından sonra onun ikindi namazının vaxtına qayıtdığını müşahidə etdim. İmam Əli (ə) namazını qıldıqdan sonra günəş yenidən qürub etdi.”13
Günəşin ikinci dəfə geri qaytarılması isə Peyğəmbəri-Əkrəmin (s) vəfatından sonra Babil şəhərində (Kufənin yaxınlığında) baş vermişdir. Belə ki, bir gün imam Əli (ə) Fərat çayından keçirdi. Səhabələr mal-qaralarını çaydan keçirirdilər. O həzrət bir qrupla ikindi namazını qılmağa başladı. Hələ səhabələr çaydan keçməmişdilər ki, günəş batdı. Çoxlarının namazı qəza oldu və o həzrətlə camaat namazını qılmaq fəzilətindən məhrum oldular. Onlar bu haqda danışarkən, Həzrət onların söhbətlərini eşitdi. Mütəal Allahdan istədi ki, günəşi geri qaytarsın və ikindi namazını birgə qılsınlar. Allah onun duasını qəbul etdi. Bu zaman günəş üfüqdə göründü. Onlar namazın salamını verdikdən sonra günəş yenidən qürub etdi.14
Beləliklə, Quran və rəvayətlərdə “təkvini vilayət”in nümunələri qeydə alınmışdır. Bu da günəşin geri qaytarılmasına ən aydın sübutdur.

İKİNCİ QİSMİN CAVABI
Sualın ikinci qismi bundan ibarətdir: “Peyğəmbər və imam namazlarını ilk vaxtında qılmalıdır. İmam Əlinin (ə) namazı qəza olduğu halda, günəşin geri qaytarılması onun fəzilətinə necə dəlalət edə bilər?
1. Mərhum Şeyx Müfidin rəvayətinə görə, imam Əli (ə) namazını oturduğu yerdə, özü də vaxtında qılmış və namazı qəza olmamışdır. Lakin günəşin geri qaytarılmasından sonra namazını yenidən ayaqüstə qıldı.
2. Nübüvvət dinin əsası, namaz isə fəri məsələ olduğu üçün nübüvvət məqamına ehtiram namaza ehtiramdan üstündür. Qeyd etdiyimiz kimi, vəhy nazil olduqda, Peyğəmbəri-Əkrəmin (s) iztirab və həyəcandan halı dəyişilir, bədəni ağırlaşırdı. Həmin vaxt istirahətə ehtiyac duyurdu. Mübarək başını imam Əlinin (ə) dizi üstə qoyduqda, imam Əli (ə) namazını qılmaq üçün o həzrətin başını yerə qoya bilməzdi. Buna görə də namazını oturduğu halda qılaraq nübüvvət məqamına ehtiramını qoruyub-saxladı.
3. Günəşin geri qaytarılması istər o həzrətin öz duası ilə, istərsə də həzrət Peyğəmbəri-Əkrəmin (s) duası ilə baş versin, imam Əlinin (ə) fəzilətini göstərir. Əgər günəş imam Əlinin (ə) duası ilə geri qaytarılıbsa, “təkvini vilayət”in xarici nümunəsi kimi, onun nəfsinin kamalını göstərir və əgər Peyğəmbəri-Əkrəmin duası ilə baş veribsə, yenə də o həzrətin fəzilətinə dəlalət edir. Çünki Peyğəmbəri-Əkrəm (s) ona görə dua etdi və Allah-Taala imam Əlinin (ə) haqqında o həzrətin duasını qəbul etdi. Bu da o həzrətin (ə) Allah-Taala və Peyğəmbəri-Əkrəmin (s) yanında sevimli şəxs olduğuna bir sübutdur.

NƏTİCƏ
Ayə və rəvayətlərə əsasən, günəşin geri qaytarılması mümkündür və “təkvini vilayət”in bir nümunəsi kimi, bu hadisə baş vermişdir. Qurani-Kərimdə “təkvini vilayət”in nümunələri bəyan edilir və günəşin geri qaytarılması “təkvini vilayət”in nəticəsi olaraq imam Əlinin (ə) fəzilətinə bir sübutdur. Çünki bu, nəfsin təkamülünü aşılayır və insan Allaha yaxınlıq nəticəsində elə bir lütf və mərhəmətə şamil olur ki, Onun əmrilə yaradılış aləmində təsir qoyaraq adi səbəbləri adlayır. Şübhəsiz, möcüzə və kəramətlər onun nəfsinin qüvvəti və yüksək dərəcəsindən doğur. Vilayətin bütün mərhələləri aləmlərin Rəbbinə yaxınlaşmağın nəticəsidir. Bir “qüdsi” hədisdə mütəal Allah bu həqiqəti belə bəyan edir:
قان الله عزّ و جلّ: ما تقرّب إلى عبد بشىء أحبّ ممّا إفترضت عليه و إنّه ليتقرّب إلى بالنافلة حتّى أحببته كنت سمعه الّذى يسمع به و بصره الّذى يبصر و لسانه الّذى ينطق به و يده الّذى يبطش بها إن دعانى أجبته و إن سألنى أعطيته
“Heç bir bəndə Mənə vacibi əməllər qədər daha sevimli bir vasitə ilə yaxınlaşmamışdır. Həqiqətən, Mənim bəndəm vacib etmədiyim müstəhəb əməllərin dərgahımda sevimli olduğunu nəzərə alıb, onları yerinə yetirərək Mənə yaxınlaşır ki, sevimli olsun. Mənə sevimli olan vaxtdan Mən onun eşidən qulağı, görən gözü, danışan dili, işləyən əli olaram. Dua etsə, qəbul edərəm və hacət istəsə, əta edərəm.”15
Əgər günəşin geri qaytarılması Peyğəmbəri-Əkrəmin (s) duasının nəticəsi olsa da, yenə imam Əlinin (ə) fəzilətinə dəlalət edir. Burada Peyğəmbəri-Əkrəmin (s) imam Əli (ə) barəsində duası qəbul olunduğu üçün o həzrətin namazı qəza olmur; ilk növbədə namazını dinin əsası sayılan peyğəmbərlik məqamına ehtiram məqsədilə oturduğu yerdə, ikinci dəfə isə ayaqüstə qılır.

Kitabın adı: Həqiqət sorağında
Tərcümə edən: Rza Şükürlü


1. “Müfrədat”, Rağib İsfahani, səh.547.
2. “Əl-Mizan”, Əllamə Məhəmmədhüseyn Təbatəbai, Ayətullah Nasir Məkarim Şirazinin tərcüməsi, 2-ci çap, 1364-cü il, “Bünyade elmi və fikriye Əllamə Təbatəbai”, 1-ci cild, səh.100.
3. “Əl-Mizan”, Əllamə Məhəmmədhüseyn Təbatəbai, Ayətullah Nasir Məkarim Şirazinin tərcüməsi, 2-ci çap, 1364-cü il, “Bünyade elmi və fikriye-Əllamə Təbatəbai”, 1-ci cild, səh.102; “Peyami-Quran”, 5-ci çap, 1381-ci il, Tehran, “Darul-kutubil-İslamiyyə” nəşriyyatı, 7-ci cild, səh.276.
4. “Əl-mizan”, 1-ci cild, səh.92-93.
5. “Peyami-Quran”, 7-ci cild, səh.276-281.
6. “Məcməül-bəhreyn”, Türeyhi, 4-cü cild, səh.553; “Lisanul-ərəb”, İbn Mənzur, 1-ci cild, səh.401.
7. “Əl-İmamətu vəl-qiyadətul-muctəmə”, Kazim Hairi, səh.119.
8. “Qurani-Kərimdə imamət və canişinlik” (“Peyami-Quran”, 9-cu cild), Ayətullah Nasir Məkarim Şirazi, səh.161-163. (“Feyz vasitəsi mənasını daşıyan vilayət” və “xeyirli işlərin gerçəkləşməsi üçün dua xarakterli vilayət” də “təkvini vilayət”in xarici nümunələrindəndir. Bu haqda əlavə məlumat əldə etmək istəyənlər “Qurani-Kərimdə imamət və canişinlik” kitabının 121-122-ci səhifələrinə müraciət etsinlər.)
9. “Bəqərə” surəsi, ayə 29.
10. “Ənvarül-hidayət”, Qulamrza Baqiri Nəcəfi, səh.421-422.
11. “Məcməül-bəyan”, 5-ci cild, səh.186; “Məfatihul-qeyb”, 1-ci çap, Misir, 8-ci cild, səh.748, “Qəmər” surəsinin təfsiri.
12. “İrşad”, Şeyx Mufid, 1-ci cild, səh.345.
13. “Tarixi-Dəməşq”, 2-ci cild, səh.286-305; “Kifayətüt-talib”, səh.380; “Əl-Mənaqib”, Xarəzmi, səh.306; “Təzkirətül-xəvass”, səh.55.
14. “Əl-İrşad”, Məhəmməd ibn Nöman Mufid, tərcümə və şərh: Seyid Haşim Rəsuli Məhəllati, Tehran, “İslam mədəniyyəti” nəşriyyatı, 1378-ci h.ş. ili, 2-ci cild, səh.504-506.
15. “Şərhi üsuli-Kafi”, 9-cu cild, səh.424.

 

Tags: PEYĞƏMBƏR (s) , İMAM ƏLİ (ə), SUALLARA CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!