HÖCCƏTİN TAMAMLANMASI

:

İTMAMÜ HÖCCƏT NƏ DEMƏKDİR?
CAVAB: “Höccətin tamamlanması” dedikdə hər hansı bir həqiqətin yetərli şəkildə sübuta yetirilməsi, bəhanəyə yer qoyulmaması nəzərdə tutulur. Aşura qiyamında İmam Hüseyn (ə) xalqı qəflət yuxusundan oyatmaq üçün müxtəlif təbliğat üsullarından istifadə edirdi.

Bu təbliğat üsulları həm qiyama əbədilik verib, onu yanlış düşüncələrdən qoruyur, həm də mücahid müsəlmanları ruhlandırıb, Kufə qoşununu tərəddüdə salırdı. Höccətin tamamlanması İmamın (ə) təbliğat üsullarından biri idi. İmam bu üsul vasitəsi ilə ağı ağ, qaranı qara yerində oturdur, bütün bəhanələrin qarşısını alırdı.
Bu üsulu imam Hüseyn (ə) Əhli-beyt (ə) məktəbindən öyrənmişdi. O görürdü ki, İslamın təbliğində elm və məntiqin yerini kobudluq və zor tutur. Ona görə də İmam (ə) öz məntiqi dəlilləri ilə həqiqi İslamın ayinlərini xalqa çatdırırdı.
İmam Hüseyn (ə) Kərbəladakı müraciətlərindən birində buyurur: “Məgər mən sizin Peyğəmbərinizin (s) qızının, əmisi oğlu və birinci müsəlman Əlinin oğlu deyiləmmi?! Məgər Həmzə və Cəfər Təyyar mənim əmilərim deyilmi?! Eşitməmisinizmi Peyğəmbər (s) qardaşımla mənim haqqımda belə buyurub: “Bu iki gənc Behişt cavanlarının ağasıdırlar.”?! Əgər məni yalançı sayırsınızsa, Cabir ibn Abdullah Ənsari, Əbu Səid Xidri, Səhl ibn Səd Saidi, Zeyd ibn Ərqəm, Ənəs ibn Malikdən soruşun! Mən sizlərdən kimi öldürmüşəm ki, qanını almağa gəlmisiniz?! Kimin malına zərər vurmuşam ki, əvəzini istəyirsiniz?! Kimi yaralamışam ki, qisas tələb edirsiniz?!“ Müraciət edilənlər susdular. İmam (ə) əvvəlcə onu qiyama dəvət edib, sonra düşmənə qoşulanlara üz tutdu: “...Siz yazmamışdınız ki, meyvələr yetişib, bağlar səfalanıb, tələs hazır qoşuna tərəf? Yox, and olsun Allaha, heç vaxt alçaq adamlara beyət əlini uzadıb, qullar kimi qaçmaram.” (“Tarixi-Təbəri”, c. 5, s. 424-427)
İmam öz məntiqli cümlələri ilə həqiqətləri işıqlandırır, bütün bəhanələri kəsir və beləcə, höccəti tamamlayırdı.

Kitabın adı: Şübhə doğuran suallar

 

Tags: SUALLARA CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!