DİNİ KAMİL ETDİM - 3

:

İkinci cavab: Quranın ayələri nazilolunma tərtibi ilə toplanmamışdır, əksinə Peyğəmbərin (s) göstərişinə uyğun olaraq xüsusi üsluba əsasən yazılmışdır. Misal üçün, "Maidə" surəsinin 67-ci ayəsi يا اَيُّهَا الرَّسُولُ بَلِّغْ ما اُنْزِلَ اِلَيْكَ مِنْ رَبِّكَ hökmən, bəhs etdiyimiz ayədən (Maidə: 3) qabaq nazil edilmişdir, amma yazılarkən həmin ayədən sonra yazılmışdır.

Beləliklə, məcburiyyətlə bağlı hökmün "İkmalud-din" ayəsindən əvvəl nazil olmasında və yazılarkən ondan sonra yazılmasında heç bir maneə yoxdur.

İKINCI YOL: İKMALUD-DİN AYƏSİNIN RƏVAYƏTLƏR SAYƏSINDƏ TƏFSIR EDILMƏSI
Bu ayənin nazilolma səbəbi barəsində əlimizə gəlib çatan hədis və rəvayətlər həddindən çoxdur. Mərhum Əllamə Əmini "Əl-Qədir"1 adlı dəyərli və misilsiz kitabında Qədir hadisəsi barədə geniş şəkildə söhbət açmışdır. O, tədqiqat əsəri olan bu kitabında Qədir hədisini Peyğəmbərin (s) yüz on səhabəsindən, bundan əlavə, səksən nəfər "tabeindən"2 həmin dəyərli hədisi nəql etmişdir. Eyni zamanda, bu əsərin qüdrətli müəllifi bənzərsiz və indiyə qədər görünməmiş Qədir hadisəsi barəsindəki hədisləri bir qismi əhli-sünnə və bir qismi də şiəyə məxsus olan üç yüz altmış müxtəlif kitabdan nəql etmişdir. Diqqət olunası məsələ onun Qədir hadisəsi ilə bağlı nəql etdiyi rəvayətlərin hamısının təkcə bizim bəhsə aid olmamasıdır, amma bu ayənin nazil olunması ilə bağlı nəql etdiyi rəvayət bizim bəhslə əlaqəlidir. Həqiqətdə, həmin rəvayətlərin sayı heç də az deyil və Əllamə Əmininin öz kitabında nəql etdiyi həmin rəvayətlər on altı dənədir.3

Bu rəvayətlərin bəzilərinə diqqət edin:
1. Əhli-sünnə alimlərindən olub Misirdə yaşayamış və əhli-sünnə arasında mötəbər şəxs hesab edilən Süyuti aşağıdakı rəvayəti öz kitabında nəql etmişdir:

لَمّا نَصَبَ رَسُولُ اللهِ صلى الله عليه وآله عَلِيّاً عليه السلام يَوْمَ غَديرِ خُمٍّ فَنادى لَهُ بِالْوِلايَةِ هَبَطَ جِبْرَئيلُ بِهذِهِ الاْيَةِ اَلْيَوْمَ اَكْمَلْتُ لَكُمْ دينَكُمْ

"İslam Peyğəmbəri (s) Qədir-Xum günündə həzrət Əlini (ə) öz canişini təyin və onun vilayətini möminlərə elan etdiyi zaman, Cəbrayıl nazil oldu və yuxarıdakı ayəni Peyğəmbərə (s) gətirdi. "4
Əhli-sünnədən nəql edilən bu rəvayətə uyğun olaraq, "əl-yəvm" sözündə məqsəd Qədir-Xum günüdür və bəhs etdiyimiz ayə Əmirəl-mömininin (ə) vilayət və xilafəti barədə nazil olmuşdur.
2. Həmin sünni alimi əhli-sünnə nəzərində qəbul edilən Əbu Hüreyrədən digər bir rəvayəti də nəql edir. Əbu Hüreyrə bu rəvayətə uyğun olaraq deyir:

لَمّـا كان يَوْمَ غَديرِ خُمٍّ وَهُوَ يَوْمُ ثَماني عَشَرَ مِنْ ذِي الْحَجَّةِ قالَ النَّبِيُّ صلى الله عليه وآله
مَنْ كُنْتُ مَوْلاهُ فَهذا عَلِيٌّ مَوْلاهُ فَاَنْزَلَ اللهُ اَلْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دينَكُمْ

"Zilhəccənin on səkkizi – Qədir-Xum günü yetişdiyi zaman, Peyğəmbər (s) buyurdu: "Mən kimin mövlasıyamsa, bu Əli (yəni, digər Əli deyil, Əli ibn Əbu Talib) də onun mövlasıdır. "Daha sonra "İkmalud-din" ayəsi nazil oldu."5
Bu rəvayət də barəsində bəhs etdiyimiz məsələyə aşkarcasına dəlalət edir.
3. Beşinci əsrdə 6 yaşamış digər əhli-sünnə alimi Xətib Bağdadi özünün "Bağdad tarixi" adlı kitabında Əbu Hüreyrəyə istinadən belə nəql edir:

قالَ رَسُولُ الله صلى الله عليه وآله
مَنْ صـامَ يَوْمَ ثَمـانَ عَشَرَةَ مِنْ ذِي الْحَجَّةِ كُتِبَ لَهُ صِيـامُ سِتّينَ شَهْراً وَهُوَ يَوْمُ غَديرِ خُمٍّ لَمّـا أَخَذَ النَّبِيُّ صلى الله عليه وآله بِيَدِ عَلِيِّ بْنِ أَبي طـالِب فَقالَ: أَلَسْتُ وَلِيَّ الْمُؤْمِنِينَ قـالُوا: بَلى يـا رَسُولَ اللهِ، قـالَ صلى الله عليه وآله: مَنْ كُنْتُ مَوْلاهُ،عَلِيٌّ مَوْلاهُ فَقـالَ عُمَرُ بْنُ خَطّاب: بَخّ بَخّ لَكَ يَابْنَ أَبي طالِب أَصْبَحْتَ مَوْلاىَ وَمَوْلاى كُلِّ مُؤْمِن وَمُؤْمِنَة، فَأَنْزَلَ اللهُ الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُم

"Peyğəmbər (s) buyurdu:7
"Zilhəccənin on səkkizinci günü kimi oruc tutsa, ona altmış ayın orucunun savabı yazılar."8 Həmin gün Qədir-Xum gündür və Peyğəmbər (s) həzrət Əlinin (ə) əlindən tutaraq camaata dedi ki, mən müsəlman və möminlərə onların özündən övla və üstün deyiləmmi? Hamı "bəli" – deyə cavab verdi. Peyğəmbər (s) bu iqraretmə və təsdiqi onlardan eşitdikdən sonra buyurdu: "Mən kimin mövlasıyamsa, Əli (ə) də onun mövlasıdır." Ömər ibn Xəttab9 təbrik demək üçün həzrət Əlinin (s) yanına gəldi və dedi ki, ey Əbu Talibin oğlu, bu məqam və fəzilət sənə mübarək olsun. Sən mənim və bütün müsəlmanların mövla və rəhbəri seçildin. Daha sonra  الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ ayəsini Allah-taala nazil etdi."
4. Beşinci əsrdəki əhli-sünnə alimlərindən olan Hakim Həskani də bu zəminədə açıq-aşkar bir rəvayəti öz kitabında qeyd etmişdir ki, biz kitabda ixtisarı gözləmək səbəbilə onu nəql etməkdən daşınırıq. 10
5. Hafiz Əbu Nəim İsfahani "Ma nəzələ minəl Quran fi Əli (ə) " adlı kitabında Peyğəmbərin (s) məşhur səhabələrindən olan Əbu Səid Xudridən nəql edir ki, Peyğəmbər (s) Əlini (ə) Qədir-Xumda xəlifə və vəli ünvanında camaata tanıtdırdı və hələ onlar bir-birlərindən ayrılmamış الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ ayəsi nazil edildi və həmin vaxt o həzrət buyurdu:

اَللهُ اَكْبَرُ عَلى اِكْمالِ الدّينِ وَ اِتْمامِ الِنّعْمَةِ وَرِضَى الرَّبِّ بِرِسالَتى وَ بِالْوِلايَةِ لِعَلِىٍّ عليه السلام مِنْ بَعْدى ثُمَّ قالَ مَنْ كُنْتُ مَوْلاهُ فَعِليٌّ مَوْلاهُ اَللّهُمَّ والِ مَنْ والاهُ وَ عادِ مَنْ عاداهُ وَانْصُرْ مَنْ نَصَرَهُ وَاخْذُلْ مَنْ خَذَلَهُ

"Dinini kamilləşdirərək nemətini tamamlayan, mənim risalətim və məndən sonra Əlinin (ə) vilayətinə razı olan Allah böyükdür. O həzrət daha sonra buyurur: "Mən kimin mövlasıyamsa, Əli (ə) də onun mövlasıdır. İlahi! Onu sevəni sev, ona düşmən olanla düşmən ol. Ona kömək edənə yardım et və yardımını əsirgəyəndən öz köməyini əsirgə."" 11
Xatırladılan (və ixtisara riayət etmək səbəbilə qeyd edilməyən) rəvayətdən açıq-aşkar əldə olunan nəticə "İkmalud-din" ayəsinin Qədir hadisəsi ilə əlaqədar nazil edilməsi və Əmirəl-mömininin (ə) imamət, xilafət və vilayəti ilə bağlı olmasıdır.

ALUSİDƏN TƏƏCCÜB DÖĞURACAQ SÖZLƏR
Bu şərif ayə ilə bağlı aşkar qərinə və şahidlərin (onların şərhini verdik) olmasına və sünni və şiədən çoxlu sayda rəvayətlərin nəql edilməsinə baxmayaraq, bəzi kəslər inadkarlıq və təəssübkeşliyin təsiri ilə həmin məsələlərə göz yumaraq onu öz istəklərinə uyğun şəkildə təfsir etmiş və məntiqi bəhsdən xaric olmuşlar. O cümlədən, həmin kəslərdən biri əhli-sünnənin tanınmış alim və təfsirçisi, həmçinin, geniş şərhlər yazılan "Ruhul-məani" təfsirinin müəllifi Alusidir. O, "Maidə" surəsinin 67-ci ayəsinin təfsir və şərhində Qədir hadisəsinə yetişdiyi zaman deyir: "İbn Cərir Təbəri – əhli-sünnənin tanınmış tarixçisi Qədir hədisləri ilə bağlı iki cildlik kitab yazmışdır. Sonra Alusi (həmin kitabı nəzərə almadan və ondakı rəvayətləri tədqiq edib araşdırmadan rahatlıqla) deyir: "Bu iki kitabda səhih və zəif olan hədislər bir-birinə qarışdırılmışdır." Daha sonra ibn Əsakirin Qədir hədisləri və xütbələri ilə əlaqədar çoxlu hədis nəql etmədiyinə toxunur və qeyd edir ki, biz təkcə onun hədislərini qəbul edirik və həmin hədislərdə də Əlinin (ə) xilafətindən danışılmır." 12 Bu sözlər insaflı olan hər bir şəxsdə təəccüb doğurur. Görəsən, biz "hər iki kitabda zəif və səhih hədislər bir-birinə qarışmışdır" – bəhanəsilə bütün kitabı etibarsız hesab edərək kənara qoymalıyıqmı? Əhli-sünnənin mötəbər kitablarında zəif hədislər mövcud deyilmi? Siz həmin bəhanə ilə o kitablardan əl çəkirsinizmi?
Həqiqətdə, bu cür sözlər çox gülməlidir. Amma bundan da betər və ən pisi İbn Əsakirin nəql etdiyi rəvayətlər barədəki sözlərdir. Çünki həmin sözlər onun haqq və Peyğəmbər (s) Əhli-beyti (ə) və sünnəsi ilə düşmənçiliyi və inadının son həddini göstərir. Dünyanın hansı bir yerində "mənim meyl və istəklərimlə uyğun olan sözləri qəbul edir, digərlərini isə qəbul etmirəm" – kimi deyilən belə sözlər qəbul ediləsidir?! Belə bir söz hansısa adi bir insandan qəbul edilmişdirmi?! Bəs, Alusi kimi bir alimdən necə?!
Əziz oxucular! Bəlkə də, Alusi kimi bir alimin belə əsassız sözlər deməsi sizi həddən artıq təəccübləndirir. Amma cavabında deməliyik ki, qəzavət etmək istəyən, lakin özünü tələskənliklə rəy və nəzər verməkdən qorumayan kəslər asanlıqla bu cür vəziyyətlə üzləşməli olurlar.

AYƏNİN VERDİYİ MESAJLAR
1. "Vilayət" düşmənləri naümid edəndir
Əgər düşmənlərinizin sizdən naümid olmasını istəyirsinizsə, hər zaman vilayətdən yapışaraq ona sarılın və onu (vilayəti) dirçəldin. Həmin gündə (Qədir-Xum) vilayət məsələsi düşmənlərin ümidsizliyinə bais olduğu kimi, bu gün də ondan yapışaraq vilayəti canlandırmaq münafiq və düşmənlərin məyus olmasına səbəb olacaq.
Bu gün hamımızın diqqəti gözlərdən qaib, amma qəlblərdə hazır olan həzrət Höccət ibnil Həsən Əsgəridə (ə) (imam Mehdi (ə)) olmalı və onun barəsində düşünməliyik. Çünki o həzrətin vilayəti müxtəlif xüsusiyyətlərə malik olan bütün şiələrin birləşdiyi zəncirin bir həlqəsidir. Nəticədə, ixtilaf və pərakəndəlik bədbəxtlik və məhv olmağın qaynağı hesab edildiyi kimi, vilayəti canladırıb dirçəltmək vəhdət və birliyə yenilik bağışlamaq, xoşbəxtliyin başlanğıcı və azadlıq ümidinin bir parıltısıdır. Əgər bütün İslam ölkələri təkcə bu əsaslı məsələyə əməl etmiş və əl-ələ verərək vəhdət təşkil etmiş olsaydılar, Fələstin hadisələri tez-tez təkrarlanmaz və həmin məzlum müsəlmanlar dünya ictimaiyyətinin gözləri önündə pis vəziyyətə düşmüş olmazdılar. Beləliklə, kafirlərin naümid və məyus olmaları üçün yeganə yol vilayətə söykənməkdir.
2. Vilayət sayəsində "dinin tamamlanması" və "nemətlərin kamilləşməsi"
Ayədən də başa düşüldüyü kimi, dinin tamamlanması və nemətlərin kamilləşməsi həmin gün "vilayət" sayəsində gerçəkləşdi. Bu gün də nemətlərin – istər maddi olsun, istərsə də mənəvi – kamilləşməsi və dinin tamamlanması özünün bütün xüsusiyyət və cəhətləri ilə "vilayət" sayəsində həyata keçmişdir. Vilayət olmadan dinin zahirinə əməl olunsa və onun sadəcə ibadət və əməli forması saxlanılsa da, şübhəsiz, Allah dərgahında qəbul mərhələsinə yetişməyəcəkdir. Deməli, dinin tamamlanması və nemətlərin kamilləşdirilməsi bütün əsr və zamanlarda vilayətə əsaslanmaqla əməldə özünü doğruldacaqdır.

Kitabın adı: İmamət və vilayət ayələri
Tərcümə edən: R. Şükürlü

Ardı var...


1. "Əl-Qədir" kitabının mövzusu ilə bağlı "Əbqatul-ənvar", "Əl-müracat", "Ehqaqul-həqq" və s. kimi digər kitablar yazılmasına baxmayaraq, həmin kitablar "Əl-Qədir" kitabının yerini vermir. Çünki mərhum Əllamə Əmini rəvayət barədə daha dəqiq və münəzzəm olaraq bəhs edir.
2. "Səhabə" ilə "tabein"in fərqi səhabələrin Peyğəmbərin (s) həyatı dövründə yaşayaraq onu ziyarət etmiş olmaları, tabeinin isə o həzrətin yaşadığı dövrdə olmadıqları və onun ziyarət və görüşünə yetişmədikləri, amma o həzrətin səhabələri dövründə yaşayaraq onları (səhabələri) görmələrindədir.
3. "Əl-Qədir fi kitab vəs-sünnə vəl ədəb", c.1, səh. 230.
4. "Durrul-mənsur", c.2, səh. 259.
5. "Durrul-mənsur", c.2, səh. 259.
6. Hicri beşinci əsrdə Qədir hədisinə nisbətdə daha artıq diqqət göstərilmiş və bu zəminədə çoxlu sayda kitablar qələmə alınmışdır.
7. "Bağdad tarixi", c.8, səh. 290.
8. Aydın məsələdir ki, Zilhəccənin on səkkizinci günü oruc tutmaq vilayət nemətinə şükr etmək üçündür və fəziləti o qədərdir ki, onun savabı altmış ayın orucuna bərabərdir. Bunun özü həmin mühüm hadisəyə digər bir dəlildir, əgər belə olmasaydı, o günün orucu üçün belə savab nəzərdə tutulmazdı.
9. İnsanların vilayət yolundan çıxaraq azmasının əsasını qoyanlardan biri olan Ömər ibn Xəttabın Qədir hadisəsindəki "vəli" sözündən "rəhbər" mənasını anlaması çox təəccüblüdür. O, "sən mənim və bütün müsəlmanların rəhbəri seçildin" – deyir. Yoxsa ki, Əlinin (ə) Ömər və digər müsəlmanlarla dostluğu məsələsi heç də yeni bir məsələ deyildi. Amma bununla belə, Ömərin tərəfdarları və hətta, Ömərdən də elmli və savadlı olan alimlər müxtəlif əsrlər boyu həmin sözün mənasını təəssübkeşlik və tərslik üzündən başqa bir mənaya təfsir etmişlər.
10. "Şəvahidut-tənzil", c.1, səh. 157.
11. "Təfsire-nümunə", c.4, səh. 266.
12. "Ruhul-məani", c.6, səh. 195.

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!