DİNİ KAMİL ETDİM - 1

:

"İKMALUD-DİN" (DİNİN KAMİLLİYİ) AYƏSİNİN TƏRCÜMƏ VƏ TƏFSİRİ
"Bu gün kafirlər dininizdən (onu məhv edə bilmədikləri üçün) əllərini üzdülər. Onlardan qorxmayın, məndən qorxun! Bu gün dininizi sizin üçün kamil etdim və sizə olan nemətimi (Məkkənin fəthi, İslamın mövqelərinin möhkəmlənməsi, cahiliyyət dövründəki zərərli adətlərin aradan qaldırılması və s.) tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim. " (Maidə surəsi, ayə 3)

الْيَوْمَ يَئِسَ الَّذِينَ كَفَرُواْ مِن دِينِكُمْ فَلاَ تَخْشَوْهُمْ وَاخْشَوْنِ الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي وَرَضِيتُ لَكُمُ الإِسْلاَمَ دِينًا

Bu şərif ayədə müsəlmanlar üçün ən əzəmətli hesab edilən bir gündən bəhs edilir. Elə bir gündən ki, düşmənlərin naümid olması, dinin kamilləşməsi, ilahi nemətlərin tamamlanması, Allahın razılıq və rizayəti onda baş vermişdir. Həqiqətdə, həmin gün hansı gün idi? Gələcək bəhslərimizdə bu suala cavab veriləcəkdir.

NEMƏTLƏRİN TAMAMLANDIĞI VƏ DİNİN KAMİL OLDUĞU GÜN
الْيَوْمَ يَئِسَ الَّذِينَ كَفَرُواْ مِن دِينِكُمْ (Bu gün kafirlər dininizdən (onu məhv edə bilmədikləri üçün) əllərini üzdülər) – Peyğəmbərin (s) besətindən o həzrətin ömürünün sonlarına qədər İslam düşmənləri, inadkar və təəssübkeş kafirlərin müxtəlif döyüşlərdə İslamla qarşı-qarşıya gəlməsi və hər dəfə məğlub olaraq gələcək döyüşlərə ümid bəsləməsinə baxmayaraq, yuxarıdakı ayənin nazil edilməsilə düşmənin bir daha məğlub olması ilə yanaşı, onun gələcək ümidlərinə də son qoyacaq hadisə baş verdi. Nəticədə, kafirlər həmişəlik olaraq dinin məhv və aradan qaldırılmasından məyus oldular.
فَلاَ تَخْشَوْهُمْ وَاخْشَوْنِ (Onlardan qorxmayın, məndən qorxun!) – Belə bir gündə böyük qələbə və nüsrət (yardım) əldə etdiyiniz üçün, artıq kafirlər və düşmənlərinizdən qorxmayın, onlar tərəfdən sizi heç bir təhlükə və xətər gözləmir, əksinə Allahın əmr və göstərişləri ilə müxalifət etməkdən çəkinin, çünki həmin şəraitdə Allahdan üzaq düşmək və nəfsinizdən qaynaqlanan əsl xətərlə üzləşərsiniz.
الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي – "Bu gün dininizi sizin üçün kamil etdim və sizə olan nemətimi (Məkkənin fəthi, İslamın mövqelərinin möhkəmlənməsi, cahiliyyət dövründəki zərərli adətlərin aradan qaldırılması və sair) tamamladım. "Belə əzəmətli və həddən artıq əhəmiyyət kəsb edən bir gündə baş verən hadisə münasibətilə dininiz kamil olmuş və ilahi nemətlər siz müsəlmanlar üçün tamamlanmışdır.
وَرَضِيتُ لَكُمُ الإِسْلاَمَ دِينًا –"Sizin üçün din olaraq İslamı bəyənib seçdim." Bu günün əzəməti və baş verən hadisənin əhəmiyyəti o qədər böyükdür ki, Allah İslam dinini həmişəlik və əbədi bir din olaraq təsbit edərək qəbul etmişdir.

DİNİN KAMİLLİYİ GÜNÜ HANSI GÜN İDİ?
Barəsində şərif ayənin bəhs etdiyi gün dörd mühüm xüsusiyyətə malikdir:
Birinci: Düşmənlərin naümid və məyus olmasına səbəb olmuşdur.
İkinci: Dinin kamil olduğu bir gündür.
Üçüncü: Allahın müsəlmanlara öz nemətini tamamladığı gündür.
Dördüncü: Allahın İslam dininin camaatın əbədi və həmişəlik dini olmasına razı olduğu bir gündür.
Doğrudan da, həmin dörd xüsusiyyətə malik olan gün hansı gündür? Bu sualın cavabını əldə etmək üçün iki yol vardır:
Birinci yol: Ayənin öz məzmunu barədə dərindən düşünüb-daşınmaq və onun barəsində əlimizə gəlib çatan rəvayət və hədislər haqqında alim, təfsirçi və mühəddislərin rəy və fikirlərini, eyni zamanda, digər xarici şahidləri nəzərə almadan onun barəsində mütaliə etmək.
İkinci yol: Ayəni onun nazilolma səbəbilə (şəni-nüzul) bağlı nəql edilən rəvayətlər, həmçinin, təfsirçilərin rəy və nəzərlərindən istifadə etməklə təfsir etmək.
Birinci yol: Ayəni xarici qərinə və şahidlər olmadan təfsir etmək
Bu ayə Peyğəmbər (s) zamanında baş verən hansı hadisə ilə uyğundur? Sualın cavabında Fəxri Razi iki nəzəriyyəni, mərhum Təbərsi isə üçüncü bir nəzəriyyəni bəyan etmişdir. Biz Allahdan yardım diləyə və təəssübçülükdən uzaq, eynilə elmi bəhslərdə olduğu kimi, məntiq və ağıla əsaslanaraq bu üçlük təşkil edən nəzəriyyəni dünya müsəlmanlarının vəhdətinə zərbə dəyməyəcək şəkildə araşdırırıq.
Birinci nəzəriyyə: Fəxri Razinin ayənin təfsiri ilə əlaqədar bəyan etdiyi nəzəriyyələrdən biri ayədə işlədilmiş olan "əl-yəvm" (bu gün) sözünün öz həqiqi mənasında deyil, əksinə məcazi mənada işləndiyini deməsidir. Belə ki, həmin söz (əl-yəvm) ayədə "dövr" və "zamandan bir müddət" mənasındadır, nəinki, "zamanın qısa bir hissəsi" mənasında. Bu nəzəriyyəyə əsasən, ayə xüsusi bir gün və hadisə ilə bağlı deyil, əzəmətli İslam dövrünün başlanması və kafirlərin naümid və məyus olacaqları günün yetişməsindən xəbər verir. Eyni zamanda, "yəvm" sözünün məcazi mənada işlənməsi camaat arasında daha məşhurdur. Misal üçün, bir nəfərin "dünən cavan idim, bu gün isə qocalmışam" – deməsinə bənzəyir, yəni həqiqətdə, "cavanlıq dövrü keçmiş və qocalıq dövrü yetişmişdir" mənasını verir.
Amma bu nəzəriyyəyə cavab çox aydındır. Məcazi və qeyri-həqiqi məna məlum və aşkar bir qərinəyə (şahidə) ehtiyaclıdır. Fəxri Razi bu məcazi olan mənaya hansı aşkar qərinəni təqdim edir?
İkinci nəzəriyyə: Ayədəki "əl-yəvm" (bu gün) sözünün həqiqi, xüsusi və müəyyən bir mənası var və həmin gün Ərəfə günü – Zilqədə ayının səkkizidir. Ərəfə günü "Həccətül-vida" və İslam Peyğəmbərinin (s) son həcc səfəridir ki, hicrətin onuncu ilində baş vermişdir.
Bu nəzəriyyə də qaneedici və qənaətbəxş deyil. Görəsən, hicrətin səkkiz və doqquzuncu ilindəki Ərəfə gününün hicrətin onuncu ilindəki Ərəfə günü ilə nə fərqi vardı ki, onu digərlərindən ayırırdı? Əgər onda əzəmətli bir hadisə baş verməmişdirsə, nə üçün o, belə əhəmiyyətli bir gün olaraq xatırlanır? Bir sözlə, bu nəzəriyyə də sağlam, təəssüb və hissiyyatdan uzaq olan əqlə uyğun gəlmir və qəbul ediləsi deyil. Nəticədə, Fəxri Razinin iki nəzəriyyəsinin heç biri ayənin batinində gizlənmiş olan sirri aşmaq üçün kifayət eləmir.
Üçüncü nəzəriyyə: Şiənin savadlı və böyük təfsirçilərindən biri mərhum Təbərsi Fəxri Razinin iki nəzəriyyəsini nəql və onu rədd etdikdən sonra, həmin ayə barədə bütün şiə alim və təfsirçilərinin qəbul etdiyi Əhli-beytin (ə) təfsirini nəql edir. Bu nəzəriyyənin tərəfdarları kafir və İslam düşmənlərinin naümid və məyus olması, ilahi razılığın cəlb edilməsi, din və nemətlərin tamamlanmasına səbəb olan həmin günün hicrətin onuncu ilindəki Zilhəccənin on səkkizinci günü – Qədir-Xum hadisəsi (bayramı) – olması fikrindədirlər. Həmin gündə Peyğəmbər (s) ilahi fərmanı yerinə yetirərək Əli ibn Əbu Talibi (ə) vilayətə təyin etdi və o həzrətin xəlifəliyini bütün müsəlmanlara elan elədi.

Sual: Görəsən, bu nəzəriyyə ayənin məna və məzmunu ilə uyğun gəlirmi?

Cavab: Əgər insaf və ədalətlə qəzavət etsək, görərik ki, bu şərif ayə Qədir hadisəsilə tamamilə uyğundur, çünki:
Birincisi: İslam düşmənləri planlarının alt-üst olması, döyüşlərdə məğlubiyyət və təfriqə salmalardan, xülasə, İslamı aradan aparmaq üçün etdikləri bütün təlaşlardan sonra, təkcə bir şeyə – Peyğəmbərin (s) dünyadan getməsinə və o həzrətin vəfatından sonra, oğlunun yoxluğu səbəbilə canişini olmayacağına və indiyə qədər də kimi isə rəsmi olaraq canişin ünvanında təyin etməməsinə və bu yolla öz arzularına çataraq İslama sonuncu zərbələrini vuracaqlarına bel bağlayırdılar. Amma hicrətin onuncu ili Zilhəccənin on səkkizində həzrət Peyğəmbərin (s) Qədir-Xum səhrasında və müsəlmanların indiyə qədər müşahidə olunmamış izdihamlı cəmiyyəti arasında İslam dünyasının ən üstün, ən güclü və məlumatlı fərdini özündən sonra canişin seçdiyini gördükləri zaman, öz arzularının puç olduğunu başa düşərək İslamın məhv edilməsi üçün son ümid qapısının üzlərinə bağlandığını anladılar və naümid oldular.
İkincisi: İmam Əlinin (ə) seçilməsi ilə nübüvvət məsələsi sona yetmədi, əksinə özünün təkamül yolunu davam etdirdi. Nəticədə, imamət nübüvvətin təkmilləşdiricisi və dinin kamilliyinə səbəbdir. Beləliklə, Allah Peyğəmbərdən (s) sonra ən üstün, elmli və məlumatlı şəxsi "müsəlmanların xəlifəsi" ünvanında təyin etməklə öz dinini kamilləşdirdi.
Üçüncüsü: İlahi nemətlər Peyğəmbərdən (s) sonra imam və rəhbərin təyin edilməsilə tamamlandı.
Dördüncüsü: Şübhəsiz, İslam dini imamət və rəhbərin təyin olunmaması ilə bütün dünyaya yayılan sonuncu din ünvanında mövcud ola bilməzdi, çünki sonuncu din bütün zamanlarda insanların ehtiyyaclarına cavab verməli idi və bu, təkcə hər bir zamanda mövcud olan məsum imamın varlığı ilə reallığa çevrilə bilərdi. Nəticədə, ayənin "Qədir" hədisi ilə bağlı təfsir edilməsi, həqiqətdə, qəbul oluna bilən yeganə təfsirdir.

Kitabın adı: İmamət və vilayət ayələri
Tərcümə edən: R. Şükürlü
Ardı var ...

ARDINI BURADAN OXUYUN

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!