DİNİ KAMİL ETDİM - 2

:

"DİNİN KAMİLLİYİ"NDƏN MƏQSƏD NƏDİR?
Ayənin bu qisminin  ْ الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُم (bu gün sizin üçün dininizi kamil etdim) təfsiri barədə də üç nəzəriyyə mövcuddur:
1. Dində məqsəd "qanunlar"dır, yəni həmin gündə İslamın qanunları kamilləşdi və bundan sonra İslamda qanunla əlaqədar bir boşluq olmayacaq.

Amma bu nəzəriyyəyə cavab olaraq belə bir sual bəyan edilir ki, görəsən, həmin gündə ilahi qanunların təkmilləşməsi üçün hansı mühüm qanun və hadisə baş vermişdir? (Bu suala cavab ayənin aydınlaşması üçün həlledicidir)
2. Bəziləri ayədəki "din" sözünün "həcc" mənasında olmasını düşünürlər, yəni həmin əzəmətli bir gündə Allah sizin həccinizi kamil etdi.
Görəsən, "din" sözü lüğətdə, doğrudan da, "həcc" mənasındadırmı? Yoxsa, din – etiqad və əməllərin toplusu, həcc isə onun bir hissəsidir? Aydın məsələdir ki, ikinci ehtimal düzgündür. Beləliklə, "din" sözünü "həcc" mənasına təfsir etmək üçün heç bir dəlil yoxdur.
3. Ayənin məzmununun həqiqəti, dinin kamilləşməsi və nemətlərin tamamlanması həmin gündə Allahın müsəlmanları düşmənə qalib edərək onların şərini müsəlmanların başı üzərindən uzaqlaşdırmasında idi. Görəsən, bu söz doğrudurmu?! Hansı düşmən məğlub və məyus olmuşdu? Ərəb müşrikləri hicrətin səkkizinci ilində Məkkənin fəthi ilə müsəlmanlara təslim olmuşdular. İllərlə əvvəl müsəlmanlarla müharibə edən Mədinə və Xeybər yəhudiləri, Bəni-Nəzir, Bəni-Qüreyzə, Bəni-Qəynuqa qəbilələri "Xeybər" və "Əhzab" döyüşlərində məğlubiyyəti qəbul etmiş və ya İslam hökumətinin sərhədlərindən kənara çıxaraq hicrət etmişdilər. Məsihilər də müsəlmanlarla sülh müqaviləsi imzalamışdılar. Nəticədə, bütün İslam düşmənləri hicrətin onuncu ilindən qabaq təslim olmuş idilər. Bununla belə, ən təhlükəli düşmən olan və xəncəri arxadan saplayan münafiqlərin təhlükəsi hələ də qalmaqda idi. Amma necə oldu ki, onlar məğlub və məyus oldular? Bu sual da birinci nəzəriyyədə verilən sual kimidir və nəzəriyyənin müəllifləri tərəfindən hələ də cavablandırılmamışdır.
Amma şiə alimlərinin təfsiri – xatırlatdığımız kimi – bütün bu suallara cavab verərək ayəyə xüsusi bir aydınlıq gətirir. Bəli, Qədir-Xum hadisəsi və Əmirəl-mömininin (ə) "canişinlik" və "vilayət" məsələsi bu ayə üçün ən yaxşı və yeganə düzgün təfsirdir. Nəticədə, bu hadisə ilə münafiqlərin üzərinə məyusluq kölkəsi çökdü və onların ümidləri puç oldu.

FƏXRI RAZIDƏN MARAQLI BIR ETIRAF
Əhli-sünnənin savadlı və məşhur təfsirçisi Fəxri Razi deyir:

قال اصحاب الآثار انّه لمّا نزلت هذه الاية على النّبى (صلى الله عليه وآله) لم يعمر بعد نزولها الاّ احداً و ثمانين يوماً او اثنين و ثمانين يوماً و لم يحصل فى الشّريعة بعدها زيادة ولا نسخ ولا تبديل البتّة

"Tarixçi və hədissöyləyənlər (mühəddislər) bu ayənin nazil olmasından sonra İslam Peyğəmbərinin səksən bir və ya səksən iki gündən artıq (hətta, üç ay belə çəkmədi) yaşamadığı barədə fikir birliyinə malikdirlər. Həmin müdət ərzində (üç aydan az bir vaxtda) İslamın hökmlərinə nə bir şey əlavə edildi, nə də ondan azaldıldı (nəsx edilmədi)1. Beləliklə, qanun təyinedilməsi sona çatdı."2
Fəxri Razinin dediklərinə uyğun olaraq, bu ayə rəhmət Peyğəmbərinin (s) kədərli vəfatından səksən bir və ya səksən iki gün əvvəl nazil edilmişdi. Deyilənləri diqqətə alaraq ayənin hansı zamanda nazil edildiyini hesablamaq olar. Bu mətləbin aydınlaşması üçün Peyğəmbərin (s) vəfat etdiyi tarixi bilmək lazımdır və əhli-sünnə Peyğəmbərin (s) Rəbiül-əvvəlin on ikisində dünyaya gəldiyinə və elə həmin gündə də (Rəbiül-əvvəlin on ikisində) vəfat etdiynə inanır.
Əlbəttə, şiə alimləri arasında bu nəzəriyyənin tərəfdarları vardır, şiə arasındakı məşhur nəzərə əsasən, o həzrətin doğulduğu tarixin Rəbiül-əvvəlin on yeddisi olmasına baxmayaraq, mərhum Kuleyni Peyğəmbərin (s) vəfatının Rəbiül-əvvəlin on ikisində olması fikrindədir.3 Rəbiül-əvvəldən səksən bir və ya səksən iki gün geriyə qayıtmalıyıq. Bir-birinin ardınca olan üç ayın (təqvimdə ərəb ayı ilə) nə otuz gün, nə də iyirmi doqquz gün olmadığına diqqət etməli və iki ayı otuz gün, bir ayı isə iyirmi doqquz günlə, yaxud iki ayı iyirmi doqquz gün və bir ayı otuz günlə hesablamalıyıq. Əgər Məhərrəm və Səfər ayını iyirmi doqquz günlə hesablasaq, birlikdə əlli səkkiz gün edəcək və on iki gün əlavə etməklə Rəbiül-əvvəl ayı yetmiş günə çatacaq.
Həmçinin, Zilhəccə ayını otuz gün hesablamalı olduğumuzu nəzərə alsaq, on iki gün geri qayıtmalıyıq ki, səksən iki gün etsin və Zilhəccədən on iki gün azaltmaqla, bu ayın on səkkizinə – Qədir-Xum hadisəsi baş verən günə yetişəcəyik. Əhli-sünnə alimlərinin nəzəriyyəsinə uyğun olan bu hesablamalara əsasən, ayə Qədir hadisəsinə aiddir, nəinki, Ərəfə gününə. Əgər meyar və ölçünü səksən bir gün belə müəyyən etsək, Qədir hadisəsindən sonrakı günə uyğun gələcək və Ərəfə günü ilə onun fasiləsi həddən artıq çox olacaq ki, ayə ilə heç bir münasibətə malik deyil. Əgər Məhərrəm və Səfər aylarının hər ikisini otuz günlə, Zilhəccə ayını isə iyirmi doqquz günlə hesablasaq, səksən iki günə uyğun olaraq Zilhəccənin on doqquzu və səksən bir günə uyğun olaraq Zilhəccənin iyirmisi və ayənin nazil olduğu günə təsadüf edəcək, yəni ayə Qədir hadisəsinin baş verməsi və həzrət Əlinin (ə) canişin seçilməsindən ya bir, ya da iki gün sonra nazil olmuşdur ki, həmin əhəmiyyətli hadisə ilə əlaqədardır və Ərəfə günü ilə heç bir rabitəsi yoxdur. Nəticədə, ayənin həzrət Əmirəl-möminin Əlinin (ə) imamət və canişinliyi ilə bağlı nazil olduğunu göstərən müxtəlif qərinələrin olması aydın olacaq.

Sual: "Maidə" surəsinin üçüncü ayəsinin əvvəlində haram ətlərdən4, ayənin sonunda isə onun hökmü, məcburiyyət və iztirari (ekstermal) hallardan danışılır və bu iki mətləbin ortasında "imamət" və "vilayət" məsələsindən bəhs edilir. Belə olan halda, Peyğəmbərin (s) canişini, "imamət" və "vilayət" məsələsi ilə haram ətlər, ekstermal və zəruri vəziyyətlərdə onların hökmü arasında hansı münasibət və bağlılıq mövcuddur? Görəsən, bunun özü ayə barədə bəhs edilən cümlələrin "vilayət" məsələsi ilə rabitəsinin olmadığına və onun (ayənin) başqa bir mətləbi izlədiyinə dəlil və şahid deyilmi?

Cavab: Quran ayələri klassik bir kitab şəkilində tənzimlənməmiş, əksinə Peyğəmbərin (s) göstərişi ilə nazil oduğu kimi (bəzən dəyişiklik və yerbəyer olunma ilə) yazılmışdır.
Ola bilsin ki, barəsində bəhs edilən ayənin əvvəli Qədir hadisəsindən qabaq Peyğəmbərə (s) haram ətlər barəsində verilən suallara görə və bir müddət sonra da Qədir hadisəsi baş verdiyi üçün onun barəsində nazil edilmiş və vəhy katibləri də ayəni həmin tərtiblə haram ətlərin hökmünün ardınca yazmış olsun. Daha sonra məcburiyyət və iztirari hallar meydana çıxmış və onun hökmü nazil edildikdən sonra, ayənin ortasında yerləşən Qədir hadisəsinin ardınca yazılmışdır. Həmin məsələrə diqqət etməklə, ayələrin bir-birinə nisbətdə xüsusi münasibətə malik olması zəruri deyil. Bu məsələni nəzərə aldıqda, Quranın ayələri barəsindəki bəyan edilən irad və şübhələrin çoxu həll edilərək aradan qalxır.
Digər bir sual: Əvvəlki bəhslərdə "Maidə" surəsinin üçüncü ayəsinin Peyğəmbərə (s) nazil olan sonuncu ayə olduğu və bu ayənin nazil edilməsilə dinin kamilləşdiyi və Peyğəmbərə (s) zəruri olan bütün qanun və göstərişlərin tamamilə bəyan edildiyi bildirildi. Əgər məsələ belədirsə, bəs onda, nə üçün həmin ayə barəsində "məcburiyyət və iztirari halla bağlı" hökm bəyan olunur? Əgər "İkmalud-din" ayəsi sonuncu, həmçinin, din və qanunların kamilləşməsini bildirən ayədirsə, bəs, ondan sonra nazil edilən yeni qanun nədir?
Cavab: Bu irada iki cür cavab vermək olar:
Birinci cavab: Aclıq və qıtlıqla bağlı olaraq nazil edilən məcburiyyət və iztirari məsələ yeni və təzə bir hökm deyil, əksinə üzərində təkid edilən bir hökmdür. Belə ki, həmin hökm yuxarıdakı ayədən qabaq Quranın üç ayəsində nazil edilmişdir:
a) Məkki surələrdən olan "Ənam" surəsinin 145-ci ayəsində:

قُلْ لا أَجِدُ فِي مـا اُوحِيَ إِلَىَّ مُحَرَّماً عَلى طـاعِم يَطْعَمُهُ إِلاّ أَنْ يَكُونَ مَيْتَةً أَوْ دَماً مَسْفُوحاً أَوْ لَحْمَ خِنْزير فَاِنَّهُ رِجْسٌ أَوْ فِسْقاً اُهِلَّ لِغَيْرِ اللهِ بِهِ فَمَنِ اضْطُرَّ غَيْرَ بـاغ وَلا عـاد فَاِنَّ رَبَّكَ غَفُورٌ رَحِيمٌ

"(Ey Rəsulum!) De: Mənə edilən vəhylər içərisində murdar olduqları üçün ölü hüyvan, axar qan, dönuz əti və ya Allahdan başqasının adı ilə (bismillah deyilmədən) günah olaraq kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər içərisində haram buyururlan bir şey görmürəm. Bununla yanaşı, kimsə məcburiyyət qarşısında qalsa, həddi aşmadan zəruri ehtiyyacını ödəyəcək qədər bunlardan yesə, Allah ona cəza verməz, çünki sənin Rəbbin, həqiqətən, bağışlayan və mehribandır. "
Diqqət etdiyiniz kimi, bu ayə Peyğəmbərin (s) Mədinəyə hicrətindən qabaq nazil olmuş və məcburiyyət hökmünü bildirməkdədir.
b) Bir qismi Məkkədə, bir qismi isə Mədinədə nazil olan "Nəhl" surəsinin 115-ci ayəsində belə buyurulur:

اِنَّمـا حَرِّمَ عَلَيْكُمُ الْمَيْتَةَ وَالدَّمَ وَلَحْمَ الْخِنْزير وَما اُهِلَّ لِغَيْرِ اللهِ بِهِ فَمَنِ اضْطُرَّ غَيْرَ بـاغ وَلا عـاد فَاِنَّ اللهَ غَفُورٌ رَحيمٌ

"Allah sizə ancaq ölü heyvanı, qanı, donuz ətini və Allahın adı çəkilmədən (bismillah deyilmədən) kəsilmiş heyvanı haram buyurmuşdur. (Özgənin malına əl uzatmamaq şərtilə) başqa bir şey tapa bilməyib zəruri ehtiyacını ödəyəcək qədər bunlardan yeməyə məcbur olan şəxsə (günah yazılmaz). Çünki Allah (bəndələrini) bağışlayan, rəhm edəndir. "
Barəsində bəhs edilən yuxarıdakı ayədən əvvəl nazil olan bu ayədə də məcburiyyətlə bağlı hökm qeyd edilmişdir.
c) Hicrətin əvvəllərində Peyğəmbərə (s) Mədinədə nazil olan "Bəqərə" surəsinin 173-cü ayəsində də məcburiyyətlə bağlı hökm qeyd edilmişdir və yuxarıdakı ayə ilə eyni və oxşar olduğundan (əlbəttə, azacıq fərqə malikdir), biz onun təkrarından daşınırıq. Əldə edilən nəticə həmin hökmün üç ayədə gəlməsi5 və bəhs edilən ayədə həmin hökmün yeni bir hökm olmadığı və "İkmalud-din" ayəsi ilə heç bir ziddiyyət təşkil etməməsidir. Eyni zamanda, Peyğəmbərə (s) bu ayədən sonra yeni bir qanun nazil olmamışdır.

Kitabın adı: İmamət və vilayət ayələri
Tərcümə edən: R. Şükürlü
Ardı var ...

ARDINI BURADAN OXUYUN


1. Hazırkı dövrdə məlumatsız və qərəzli olanlar tərəfindən müxtəlif şübhələr bəyan edilir. Həmin şübhələrdən biri İslamın malik olduqlarına nisbətdə heç də məhdud olmadığı və düşünmək və təfəkkür etməklə ona əlavə qanun və mətləblərin əlavə edilməsidir. Əgər İslam Peyğəmbəri (s) daha artıq yaşasaydı, digər qanunlar da vəhy qəlibində o həzrətə nazil olacaqdı. Nəticədə, İslam kamil bir din deyil və onu təkmilləşdirmək lazımdır.
Cavab: Fəxri Razinin cümlələrində qeyd edilənlərə əsasən, bu şübhəyə cavab aydınlaşır. Əgər belə olsaydı, Peyğəmbərin (s) dinin kamilliyi ilə bağlı ayənin nazilindən sonra yaşadığı son səksən iki gün müddətində o həzrətə ayə və qanunlar nazil edilməli idi. Nəticədə, heç bir ayənin o həzrətə nazil olmamasından, deyilməli olan bütün məsələlərin deyildiyi və əgər o həzrət bundan sonra da yaşamış olsaydı belə, İslama heç bir qanun əlavə edilməyəcəyini anlamaq mümkündür. İslamla kifayət qədər tanışlığa malik olmayan bəzi kəslərin belə nəzərlər irəli sürməsindən təəssüfləndiyimizi bildirməliyik. Nə üçün bəzi məsələlərdə nəzər söyləmək üçün ixtisasa malik olmağın zəruriliyini  qəbul edirlər, amma dinlə bağlı məsələlərdə isə mütəxəssis olmadığı halda, yerindən duran hər kəs nəzər bildirir?
2. "Ət-Təfsirul-kəbir", c.11, səh. 139.
3. "Üsuli-kafi" kitabının tərcüməsi, c.2, səh. 323 ("kitabul-höccət, əbvabut-tarix, məvlidun-nəbi" bölməsi).
4. Xatırladılan ayənin əvvəli belədir:

حرّمت عليكم الميتة والدَّم ولحم الخنزير وما اهلَّ لغير الله به والمنخنقة والموقوذة والمتردِّية و النَّطيحة وما أكل السَّبع إلاّ ما ذكَّيتم وما ذبح على النُّصب وأن تستقسموا بالأزلاَم ذلكم فسق

“Ölmüş heyvanın əti, qan, donuz əti və Allahdan başqasının adı çəkilərək kəsilən, boğulan və buynuzlu heyvanların vurub öldürdüyü, hündürlükdən düşüb ölən və yırtıcı heyvanların ovlayaraq parçaladıqları (can verməmişdən qabaq başı şəriətə uyğun olaraq kəsilənlər istisnadır) və ya bütlərə qurban edilərək kəsilən heyvanların əti haramdır. Eyni zamanda, fal və qumar alətləri ilə heyvanların ətlərinin bölüşdürülməsi də günahdır.”
Bəhs edilən ayənin sonuncu hissəsi isə aşağıdakı kimidir:

فمن اضطرَّ في مخمصة غير متجانف لإثم فإنّ الله غفور رحيم

“Amma günaha meyl olmadan və əlləri digər halal yeməklərə çatmayan və ac olan kəslərin ehtiyyacları miqdarda haram ətlərdən yeməsində heç bir maneə yoxdur. Allah bağışlayan və mehribandır.”
5. İztirar və məcburiyyətlə bağlı olan dörd ayənin məzmunu insanın məcburiyyət və ya canının sağlamlığını qoruması səbəbilə qadağan edilmiş ətlərdən ehtiyyacı miqdarında (nəinki artıq) istifadə edə bilməsidir. Əlbəttə, bu hökmün bizim dövr və əsrimizdə çox az nümunə və misdaqı vardır, amma xarici səfərlərdə və şəriətə uyğun olaraq kəsilmiş ət tapmadıqda gerçəkləşir. Nəticədə, belə ölkələrə səfər edən kəslər əgər ət və protein məhsullarından istifadə etmədikləri təqdirdə, sağlamlıqları təhlükə və xətərə düşəcəksə, məcburiyyət və iztirar səbəbilə təhlükə aradan qalxsın deyə, onlara ehtiyyacları miqdarda həmin məhsullardan istifadə etməyə icazə verilir. Fəqət ehtiyyacları miqdarda istifadə etmələrinə icazə verildiyinə bir daha təkid edirik.

 Ardı var...

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!