İNSANLAR ARASINDAKI FƏRQLƏRİN SƏBƏBİ NƏDİR?

:

Sual: İnsanlar arasındakı fərqlərin səbəbi nədir və bununla bağlı hansı nəzəriyyə düzgündür?
İnsanlar arasında mövcud həqiqətlərdən biri qəbilə, təbəqə, irq, dil, cinsi, etiqadi və s. müxtəlifliklərdən ibarətdir. Görəsən, bunun əsas səbəbi nədir?

Görəsən, onun (coğrafi sərhədlər kimi) maddi səbəbləri var, yoxsa yaradılış aləmindən qaynaqlanmışdır? Əgər bu fərqlər maddi amillərdən baş qaldırıbsa, nə üçün indiyə qədər bu haqda bir tədbir tökülməyib? Yox, əgər yaradılış aləminin nəticəsidirsə, bəşərin onu kəşf etməkdə acizliyinin səbəbi nədir? Onun bəşər həyatında əbədi səmərəsi nədir?
Bizim bu tədqiqatımızda bu suallar cavablandırılacaqdır. Öncə qeyd etməliyik: sualların zahirindən başa düşülür ki, sual edən irq və dil, bəzən də insanların bir-birinə üstünlüyü kimi zahiri fərqləri nəzərdə tutur. Hər halda, buna cavab vermək üçün öncə Qurani-Kərimə müraciət etməliyik.
1. Qurani-Kərim baxımından insanların arasındakı fərqlərin səbəbi: İnsanlar arasındakı fərqlərin səbəbini vurğulayan və onu yeganə Allaha nisbət verən ən aşkar ayə “Hücurat” surəsinin 13-cü ayəsidir:

يَا أَيُّهَا النَّاسُ إِنَّا خَلَقْنَاكُم مِّن ذَكَرٍ وَأُنثَى وَجَعَلْنَاكُمْ شُعُوبًا وَقَبَائِلَ لِتَعَارَفُوا إِنَّ أَكْرَمَكُمْ عِندَ اللَّهِ أَتْقَاكُمْ إِنَّ اللَّهَ عَلِيمٌ خَبِيرٌ

“Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi böyük və kiçik qəbilələrə ayırdıq. Həqiqətən, sizin Allah yanında ən hörmətliniz ən təqvalılarınızdır. Həqiqətən, Allah çox bilən və xəbərdardır.”
Bu ayənin təfsirində deyilir ki, “şə`b” sözünün cəm forması olan “şüub” (şöbələr) sözü daha geniş mənanı daşıyır. Ərəblərdə ictimai təbəqələri ayıran “qəbail” (qəbilələr) sözü isə qəbilə sözünün cəm formasıdır. Rağibin “Müfrədat” kitabında belə yazılır: “Şöbə böyük və vahid tayfadan ayrılan qəbiləyə deyilir və bu söz “vadi” mənasında da işlənir...”1 Onun bu ayədə işlənməsi sözün kökü ilə əlaqədardır. Keçmişdə ərəblər arasında mövcud olan tayfa-nəsil bölgüsünü təşkil edən ifadələr aşağıdakılardır: “şə`b” (şöbə, millət), “qəbilə”, “əmmarə”, “bətn”, “fəxz” və “fəsilə”. O zaman ərəb milləti iki böyük tayfa və qola – “rəbiə” və “müzər”ə ayrılırdı. Bəzi təfsirçilərin qeydlərinə əsasən, şöbələr də qəbilələrə bölünür. Buna “bəkr”in “rəbiə”dən, “təmim”in də “müzər”dən ayrılmasını misal göstərmək olar...2
Bu ayənin ən aşkar dəlaləti yaradılış aləmi və insan xilqətinin başlanğıcı ilə əlaqədardır. Bu ayə həqiqətdə, Darvin kimi bəzi materialistlərin nəzəriyyəsini rədd edir. Onlara görə, təbiət dəyişikliyi nəticəsində insanın mahiyyəti dəyişilmiş və əslində meymun adlı varlığın təkamül formasıdır. Bu ayəyə əsasən, insan başqa bir varlığın inkişaf etmiş forması deyil, əksinə müstəqil bir varlıq olaraq mütəal Allah tərəfindən torpaqdan yaranmışdır.3
İnsanın zatında və yaxud cəmiyyətin zahirində görünən müxtəlifliklər müəyyən bir hədəfi izləyir. Dinin rəhbərləri və fikir sahiblərinin nəzərinə görə, bacarıqlar, istedadlar və məziyyətlər müxtəlifliyi təbii və “təkvini” əsaslara qayıdır və onu dəyişmək, yaxud onun təsirlərinin qarşısını almaq qeyri-mümkündür. Tarixdə göstərildiyi kimi, bəşər həyatının bugünkü dövrünə qədər bu fərqlər və müxtəlifliklər onların ayrılmaz bir hissəsi olmuşdur.4 Demək, bu müxtəlifliklər insanların dəyər və fəzilətini artırmır, iftixar və üstünlüyünü göstərmir. Halbuki təfsir alimlərin qeydlərinə görə, insanın öyünməsinin kökünü qıran “min zəkərin və ünsa” (bir kişi və bir qadından) ibarəsində həzrət Adəm və Həvva nəzərdə tutulur və onun mənası belədir: “...Biz sizi bir ata və bir anadan yaratdıq. Siz insanlar hamınız – istər ağdərili, istər qaradərili, istər ərəb, istərsə də əcəm – o iki nəfərdən vücuda gəlmisiniz.”5
Təfsirçilərdən biri bu ayənin təfsirində belə yazır: “Bu ayədə mütəal Allah insanların nəsil-nəcabətlə fəxr etməsi və öyünməsini qadağan edir. Əkrəmə, İbn Abbasdan Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğunu nəql edir: “Siz insanlar bir kişi və bir qadından yaranmısınız... Biri digərinə yalnız təqva ilə üstünlük tapır.” Buna əsasən, bu ayənin qarşı tərəfi bütün insanlardır və nizam-intizamı və sabitliyi qoruyan ən mühüm əsasa toxunur, yanlış fikirlər müqabilində həqiqi insanlıq dəyərlərinin meyarını aşılayır.6
Bu zaman “Bəşər arasındakı müxtəlifliklərin səbəbi nədir?” – deyə soruşulduqda, belə cavab vermək olar: “Xoşbəxtlikdən, Qurani-Kərimdə bu suala cavab verilir və səbəbi uyğun ayədə qeyd olunanوَجَعَلْنَاكُمْ شُعُوبًا وَقَبَائِلَ لِتَعَارَفُوا  (Bir-birinizi tanıyasınız deyə, sizi böyük və kiçik qəbilələrə ayırdıq!) – təbiri ilə bəyan edilir. Yəni sizi fərqli yaratmaqda məqsəd bir-birinizi, əsil-nəcabətinizi, qəbilənizi, qohum-əqrəbanızı və ata-babalarınızı tanımaqdır. Böyük təfsir alimi mərhum Təbərsi “Məcməül-bəyan” kitabında yazır: “Əgər belə fərqlər olmasaydı, əsil-nəcabət korlanar, dünya məhv olar və hədis nəqli mümkün olmazdı.”7 Ayədən başa düşülən bu səbəbə digər alimlər də toxunmuşlar. Əllamə Təbatəbai yazır: “Əgər bütün insanların bir formada olduğunu və nəticədə bir-birini tanımadıqlarını fərz etsək, cəmiyyətin kökü kəsilər və insanlıq dəyərləri məhv olardı. Demək, insanların millət və qəbilələrə ayrılmasında məqsəd elə budur, nəinki bir-birlərinə öyünüb, əsil-nəcabətləri və ata-babaları ilə fəxr etsinlər.”8
Bu müxtəlifliklər həqiqi dəyər və meyarlar hesab olunaraq yanlış fikirləri aradan qaldırır. Şübhəsiz, hər bir insan və ya kütlə fitri olaraq üstün olmağa meyl göstərir, var qüvvəsi ilə hər hansı ad-sanı qazanmağa can atır. Lakin dəyərlərdə meyar millətlər arasında formalaşan adət və mədəniyyətlə tam fərqlənsə də, bəzən yanlış adətlər həqiqi dəyərlərin yerini tutur.9
2. Başqa bir səbəb: Bəziləri insanlar arasındakı fərqin əsas səbəbinin gen, vərasət və mühitdən qaynaqlandığını isbat etməyə çalışmışlar. Bu nəzəri irəli sürən ilk şəxs fransız doktor Sezar Lomberzu olmuşdur. O, insan psixologiyası üzərində çoxlu tədqiqatlar apardıqdan sonra fitri cinayətkar və günahkar predmetini irəli sürmüşdür. O deyirmiş: “İnsan cinayətkarlığı irsən alır. Demək, cinayətkarlar “atavizm”ə düçar olaraq tənəzzül edirlər.” Ona görə, bu gen insana pişikdən keçmişdir. O, ilk öncə nəzəriyyəsini ümumi bəyan etsə də, sonradan onu təhlil edərkən dedi: “Bizim boy, üz, burun və xarici görünüş kimi cismani xüsusiyyətlərimiz genlərdən təsirlənmişdir. Bu nəzəriyyə artıq qəbul olunmuşdu. Hal-hazırda isə insanın kəsb etdiyi əxlaqi səciyyələrin gendən yarandığı fikrini heç kim qəbul etmir və yalnız bir nəzər kimi dillərdə dolanır.
Bu fərziyyələr qəbul olunduğu təqdirdə, insan ixtiyarı sual altına düşür. Əgər gen və vərasət insanların cinayətə əl atmasına və yaxud digər müxtəlifliklərə səbəbdirsə, onda onun ixtiyarı məsələsi nə olacaq? Əgər insan xüsusi genə görə, cinayət və digər eybəcərliklərə qurşanırsa, onu mühakimə etmək məntiqsizdir. Səbəbi də budur ki, insan əməllərində məcburdur və cinayətə əl atırsa haqlıdır. Bəs, bu qədər mühakimələr nə üçündür? Buna əsasən, gen və yaxud vərasət bəşəri müxtəlifliklərin əsas səbəbi ola bilməz. Bu gün Sezar Lomberzunun nəzəri rədd edilir və muzeylərdə saxlanır.10 Düzdür, insanın formalaşmasında ab-hava və mühit təsirsiz deyildir. İnsanın bəzi gözəlliklərə malik olması münasib mühitdə yaşaması ilə əlaqədardır. Yemək-içmək və gigiyena qaydaları da bundan istisna deyil və insanın əhval-ruhiyyəsini yüksəldir, ona güc-qüvvə verir. Necə ki, qohum-əqrəbalarla sıx əlaqə və ruhi-mənəvi bağlılıq insanın rəftar və əxlaqının gözəlləşməsində mühüm rol oynayır. Lakin mühit sualda irəli sürülən müxtəlifliklərin yaranmasına, insanların daimi münaqişəsi və köklü ixtilaflarına əsas səbəb deyildir.

NƏTİCƏ
Bəşəriyyət arasında mövcud müxtəlifliklər təbii olsa da, təbii amillərdən yox, əsasən, etiqadi və əməli amillər, müxtəlif səliqə və mənfəətlərdən qaynaqlanmışdır. Lakin onlara tutarlı dəlilləri olmadığından, bu haqda dəqiq nəzər söyləmək çətindir. Mütəal Allahın Qurani-Kərimdə buyruğu isə məsələyə son qoyur.
Demək, insanlar arasındakı zahiri təfavüt və fərqin səbəbkarı mütəal Allahdır. Qurani-Kərimdə açıq-aşkar bəyan olunduğu kimi, bu fərqlər zəruri olaraq müəyyən məqsədi izləyir; yəni burada əsas məqsəd insanların bir-birini tanıması və nəticədə həyatda bir sıra çətinliklərdən qurtulmaq üçün bir-birlərilə əlaqə yaratmasıdır. İnsan varlıq müstəqilliyinə malik olmadığı tərzdə yarandığı üçün hər bir sahədə bir-birinə möhtacdır. Əgər insanların yalnız birrəngli olmasında bir-birinə ehtiyacını nəzərə alsaq, həyata hakim nizamın pozulmasına səbəb olacaq və bir sıra ağır çətinliklərlə üzləşəcəyik. Bunun üçün də, belə bir məsləhət tədbir görülmüşdür.

Kitabın adı: Həqiqət sorağında
Tərcümə edən: Rza Şükürlü


1. “Əl-müfrədatu fi qəribil-Quran”, Hüseyn ibn Məhəmməd Rağib İsfahani, “Darul-elm” nəşriyyatı, Dəməşq, Beyrut, birinci çap, 1412-ci h.q. ili, səh.455.
2. “Ayatul-əhkam”, Seyid Əmir Əbülfütuh Hüseyni Cürcani, “Nəvid” nəşriyyatı, Tehran, 1-ci çap, 1404-cü h.q. ili, 2-ci cild, səh.372.
3. “Əl-Mizan fi təfsiril-Quran”, Seyid Məhəmmədhüseyn Təbatəbai, tərcümə: Məhəmmədbaqir Musəvi Həmədani, Qum, “İslam nəşriyyatı dəftəri”, beşinci çap, 1374-cü h.ş. ili, 2-ci cild, səh.169.
4. Yenə orada, 4-cü cild, səh.537.
5. Yenə orada, 18-ci cild, səh.488.
6. “Təfsiri-Nümunə”, 22-ci cild, səh.196.
7. “Məcməül-bəyan fi təfsiril-Quran”ın tərcüməsi, 23-cü cild, səh.223.
8. “Əl-Mizan”ın tərcüməsi, 18-ci cild, səh.488.
9. “Təfsiri-Nümunə”, 22-ci cild, səh.198.
10. “Rəvanşenasiye cinayi”, Mehdi Kiniya, “Rüşd” nəşriyyatı, Tehran, beşinci çap, 1384-cü h.ş. ili, 1-ci cild, səh.47.

 

 

Tags: SUALLARA CAVAB, MƏQALƏLƏR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!