PEYĞƏMBƏRİ-ƏKRƏMİN (S) İSMƏTİ VƏ “TÖVBƏ” SURƏSİNİN 43-CÜ AYƏSİ

:

Sual: Qurani-Kərimin “Tövbə” surəsinin 43-cü ayəsində buyurulur:

عَفَا اللّهُ عَنكَ لِمَ أَذِنتَ لَهُمْ حَتَّى يَتَبَيَّنَ لَكَ الَّذِينَ صَدَقُواْ وَتَعْلَمَ الْكَاذِبِينَ

“Allah səni bağışladı. Nə üçün doğruçular sənə bəlli olmadan, yalançıları tanımadan əvvəl onlara icazə verdin?”

Bu ayə Peyğəmbəri-Əkrəmin (s) ismət və günahsızlığı ilə necə uzlaşır?
İzah: Bu ayə münafiqlər haqda nazil olmuşdur. Onlar heç bir üzr olmadan “Təbuk” döyüşündə iştirak etmək istəmirdilər. Buna görə də Peyğəmbəri-Əkrəmin (s) hüzuruna gəlib, Təbuk cəbhəsinə getməmək üçün bəhanə gətirdilər. Peyğəmbəri-Əkrəm (s) onları tanımadığı, etiqad və imanlarının zəif olduğundan xəbərdar olmadığı üçün onların şəhərdə qalmaqlarına icazə verdi.
Allah-Taala bu ayədə Peyğəmbəri-Əkrəmi (ə) danlayaraq buyurur:

عَفَا اللّهُ عَنكَ لِمَ أَذِنتَ لَهُمْ حَتَّى يَتَبَيَّنَ لَكَ الَّذِينَ صَدَقُواْ وَتَعْلَمَ الْكَاذِبِينَ

“Allah səni bağışladı. Nə üçün doğruçular sənə bəlli olmadan, yalançıları tanımadan əvvəl onlara (cihadda iştirak etməməyə) icazə verdin?”

Bəziləri iddia edirlər ki, Allah-Taalanın Peyğəmbəri-Əkrəmi (s) danlaması o həzrətin münafiqlərə icazə verməsinin xilaf iş olduğunu göstərir. Bu da o həzrətin isməti ilə uzlaşmır. Zəməxşəri “Kəşşaf” adlı təfsir kitabında belə yazır: “Allah-Taala bu ayədə Peyğəmbərə (s) irad tutmuş və onun işindən narazı qaldığını bildirmişdir. Bu isə Peyğəmbəri-Əkrəmdən (s) əfv və güzəştə ehtiyac duyulan bir xəta və günahın baş verdiyini bildirir.”1

Cavab: Bu ayəni iki baxışla izah etmək olar:
1. Həqiqətən, bu ayədə Peyğəmbəri-Əkrəmdən (s) heç də günah və xilaf bir işin baş verdiyinə bir dəlil-sübut görünmür. Hətta ayənin zahirində günah mənasını bildirən bir söz və ibarə yoxdur. Çünki bütün şahidlər göstərir ki, Peyğəmbəri-Əkrəm (s) onlara icazə verib istəklərini qəbul etsəydi də, onların cihadda iştirak etməməyəcəklərini çox yaxşı bilirdi. Bundan əlavə, həmin surənin sonrakı ayələrinə diqqət yetirdikdə, görürük ki, mütəal Allah onların cihadda iştirak etməməsini buyurur. Çünki onların cihadda iştirak etməsi digər mübarizlərin əhval-ruhiyyələrinin zəifləməsinə səbəb olacaq. Allah-Taala buyurur:

لَوْ خَرَجُواْ فِيكُم مَّا زَادُوكُمْ إِلاَّ خَبَالاً ولأَوْضَعُواْ خِلاَلَكُمْ يَبْغُونَكُمُ الْفِتْنَةَ وَفِيكُمْ سَمَّاعُونَ لَهُمْ وَاللّهُ عَلِيمٌ بِالظَّالِمِينَ

“Əgər (münafiqlər) sizinlə birlikdə (cihada) çıxsaydılar, sizin üçün fəsad və iztirabdan başqa bir şey artırmaz və sizi fitnəyə salmaq üçün aranızda pozuculuq etməyə (təfriqə salmağa) tələsərdilər. Sizin içərinizdə casuslar və onların sözlərinə qulaq asan imanı zəiflər vardır. Allah zalımları tanıyandır.”2

Əllamə Təbatəbai “Əl-Mizan” kitabında yazır: “Bu məsələ ilə bağlı bütün uyğun məsləhət və pozuntuları nəzərə almaqla, Peyğəmbəri-Əkrəmin (s) siyasəti ən münasib bir iş idi.”3
Yeri gəlmişkən, Peyğəmbəri-Əkrəm (s) münafiqlərə icazə verməklə müsəlmanların xeyir və məsləhəti aradan qalxmadı. Amma o həzrət icazə verməsəydi, onların iç üzləri tez bir zamanda açılacaq və tez tanınacaqdılar. Deməli, Peyğəmbəri-Əkrəm (s) heç bir xəta və günaha düşməmiş və nəticədə o həzrətin ismətinə xələl gətirən bir iş baş verməmişdir.

2. Allah-Taala bu ayədə azğın münafiqləri incə və kinayəli sözlərlə vəsf edərək buyurur: “Ey Peyğəmbər! Əgər münafiqlərə icazə verməsəydin, onların iç üzləri tez bir zamanda aşkar olunar və camaat onların kimliyindən daha tez xəbərdar olardı.” Həqiqətdə, “Allah səni bağışladı!” – təbiri Allah-Taalanın lütf və mərhəmətini aşılayır. Necə ki, birinin başqasına “Allah sənə xeyir versin, bu nə işdir ki, görübsən?” – deyə müraciəti onun məhəbbətini, ürəkyananlığını bildirir. Mütəvəkkil Abbasi şairlərdən birinin sürgün edilməsinə əmr verdikdə, həmin şair ona belə dedi: “Allah səni bağışlasın...” Aydındır ki, şair bu ibarəni deməklə Mütəvəkkilin günahkar olduğunu sübut etmək istəmir. Çünki bu zaman Mütəvəkkil daha da qəzəblənər və onun üçün ağır cəza tədbiri nəzərdə tutardı.
İmam Rza (ə) “Allah səni bağışlasın...” – ayəsi ilə bağlı Məmunun sualının cavabında belə buyurmuşdur: “Bu ayə “İyyakə əni vəsməi ya carəhu!” (Qızım sənə deyirəm, gəlinim sən eşit!) – kimi məşhur məsələ bənzəyir və Allah-Taala Peyğəmbəri-Əkrəmə (s) xitab etməklə, həqiqətdə onun ümmətini nəzərdə tutmuşdur.”
Qurani-Kərimdə bu məzmunu çatdıran başqa ayələr də vardır. Buna “Zümər” surəsinin 65-ci ayəsini misal çəkmək olar. Bu ayədə buyurulur:

وَلَقَدْ أُوحِيَ إِلَيْكَ وَإِلَى الَّذِينَ مِنْ قَبْلِكَ لَئِنْ أَشْرَكْتَ لَيَحْبَطَنَّ عَمَلُكَ وَلَتَكُونَنَّ مِنَ الْخَاسِرِينَ

“(Ya Peyğəmbər!) Sənə və səndən əvvəlkilərə (keçmiş peyğəmbərlərə) belə vəhy olunmuşdur: Əgər (Allaha) şərik qoşsan, bütün əməlin puça çıxacaq və mütləq ziyan çəkənlərdən olacaqsan.”
Beləliklə, “Allah səni bağışlasın...” – ibarəsi Peyğəmbəri-Əkrəmin (s) günahkar olduğunu yox, Allah-Taalanın o həzrətə lütf və mərhəmətini göstərir.

NƏTİCƏ
Bu ayə Peyğəmbəri-Əkrəmin (s) günaha düşməsinə və müsəlmanların xeyir və məsləhətinə əks bir iş görməsinə dəlalət etmir. Allah-Taala “Əfəllahu ənkə” (Allah səni bağışladı!) – təbiri ilə o həzrətə məhəbbət və qayğısını bildirmək istəyir. Demək, bu ayə Peyğəmbəri-Əkrəmin (s) ismət məqamı ilə ziddiyyət təşkil etmir.

Kitabın adı: Həqiqət sorağında
Tərcümə edən: Rza Şükürlü


1. “Əl-kəşşaf”, 2-ci cild, səh.247.
2. “Tövbə” surəsi, ayə 47.
3. “Əl-mizan fi təfsiril-Quran”, 9-cu cild, səh.285.

 

Tags: PEYĞƏMBƏR (s) , SUALLARA CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!