ŞİƏLƏR NİYƏ PEYĞƏMBƏR (S)-İ VƏ ƏHLI-BEYTİ (Ə) VASİTƏ SEÇİRLƏR?

:

CAVAB

Peyğəmbər (s) və Əhli-beyti (ə) Allahla bəndə arasında münasibətdə vasitə seçmək günah deyil, əksinə hacətləri onların vasitə ilə Allahdan istəməyin xeyri daha böyükdür. Çünki, Allah Quranda buyurur: “Biz hər bir peyğəmbəri, ancaq Allahın izni ilə itaət olun deyə göndərdik.

Onlar (günahkarlar) özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə Allahın tövbələri qəbul edən və mərhəmətli olduğunu bilərdilər.” (“Nisa” surəsi, ayə: 64)

“(Oğlanları ona–Yəqub peyğəmbərə) Bizim üçün günahlarımızın bağışlanmağını dilə. Biz doğrudan da günahkar olmuşuq! Dedilər.” (“Yusif” surəsi, ayə: 97)

“(Yəqub peyğəmbər) Dedi:- Mən tezliklə Rəbbimdən sizin bağışlanmağınızı diləyəcəm. O həqiqətən bağışlayan və rəhm edəndir.” (“Yusif” surəsi, ayə: 98)

Ayələr açıq-aydın göstərir ki, əməli-saleh insanı Allaha vasitəçi seçmək heç də günah deyil. Bütün müsəlmanlar bir-biri üçün dua etməlidirlər. Ancaq əməli-saleh, pak Allahın əziz bəndəsinin duası daha tez qəbul olunar. 

Bir gün kor bir kişi Peyğəmbər(s)- in yanına gəlib dedi: “Allahdan mənim şəfa tapmağımı dilə. “ Peyğəmbər(s) buyurdu ki, iki rəkət namaz qıldıqdan sonra belə dua et: “İlahi mən səndən kömək diləyirəm və mehriban peyğəmbər olan Məhəmmədin vasitəsilə sənin qapına üz gətirirəm! Ey Məhəmməd, mən ehtiyacım haqqında və sənin vasitənlə Allaha üz tuturam ki, mənim hacətimi yerinə yetirəsən. İlahi onu mənə şəfaətçi qərar ver.” (“Müsnəd”, Əhməd ibn Hənbəl, c.1, səh.313, Beyrut çapı; “Sünəni-İbn Macə”, c.1, səh.441; “Ət-təvassül vəl-vəsilə”, İbn Teymiyyə, səh.98, Beyrut çapı.)

Kitаbın аdı: Suallara cavab

 

Tags: PEYĞƏMBƏR (s) , SUALLARA CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!