DÜNYAMİQYASLI ƏDALƏT İMAM MƏHDİNİN (Ə) İNTİZARINDA

:

Sual: Nə üçün dünyamiqyaslı ədalətin icrası Peyğəmbəri-Əkrəm (s) və imam Əliyə (ə) yox, imam Zamana (ə) tapşırıldı?

Cavab: Mütəal Allah bəşəri yaratdığı vaxtdan peyğəmbərləri insanlara doğru yola göstərmək və şəri hökmləri bəyan etmək üçün göndərmiş, onların vücudunda rəhbərə ehtiyac hissi qoymuşdur. Peyğəmbərlərin göndərilməsi və sonuncu peyğəmbərdən sonra məsum imamların təyin edilməsi təkamül yolunun davamı üçündür.1
Allah-Taala hər dövrə hakim şəraitə uyğun olaraq hər bir ümmətə peyğəmbərlər göndərmişdir. Lakin heç bir peyğəmbər öz proqramlarını kamil şəkildə icra etməyə müvəffəq olmamış və ədalətli cahanşümul hökumət təşkil edə bilməmişdir. Çünki camaat dünya miqyasında ədalətli bir hökuməti qəbul etməyə hazır olmamışdır. İlahi peyğəmbərlər camaatı yeganə Allaha pərəstişə dəvət etdikdə, həmişə onların müxalifəti ilə üzləşirdilər. Xüsusilə, eyş-işrətlə məşğul olan sərvətlilər, hakimlər,2 dünyapərəstlər, hətta elm adamları3 ilahi peyğəmbərlərin dəvəti ilə kəskin mübarizə aparır və başqalarını da öz arxasınca çəkərək haqqa itaətdən çəkindirirdilər.4 Məhz bu səbəbdən, ilahi peyğəmbərlərə yalnız kiçik bir qrup iman gətirirdi.5
Tarixdə düzgün əqidələrə və haqq-ədalətə tapınan, Allahın və peyğəmbərlərin əmrlərinə müti olan quruluş çox az olmuşdur. Buna Süleyman peyğəmbərin hakimiyyətini misal çəkmək olar; hərçənd, peyğəmbərlərin bəzi təlimləri tədriclə insanların mədəniyyətinə təsir etmişdir.
Demək, peyğəmbərlərin göndərilməsində ilk hədəf ilahi vəhy və təlimlər vasitəsilə insanın təkamülə çatmasına zəmin və şərait hazırlamaqdır. Onların hədəflərindən biri də bacarıqlı və istedadlı şəxslərin əqli və ruhi-mənəvi təkamülünə kömək etmək idi. Bütün peyğəmbərlər ideal (ilahi) hökumət qurmaq və yer üzünə ədaləti bərpa etmək məqsədini izləmiş və hər biri zamana uyğun gücləri çatdığı qədər bu yolda çalışmışlar. Bəziləri müəyyən məkan və zamanda ilahi hökumət təşkil etsə də, heç bir peyğəmbər üçün dünya miqyasında ədalətli bir hökumət qurmaq şəraiti hazırlanmamışdır. Əlbəttə, şəraitin hazırlanmaması ilahi təlimlərin qüsurlu olması demək deyildir. Çünki ilahi hədəf insanların ixtiyari işlərində şəraitin hazırlanmasından asılıdır. Onlar haqq dini qəbul etmək və ilahi rəhbərlərə tabe olmaqda tam azaddır və bu işdə məcburiyyət yoxdur. “Nisa” surəsinin 165-ci ayəsində buyurulduğu kimi, “Allah-Taala peyğəmbərləri (möminlərə) müjdə gətirən və (kafirləri) əzabla qorxudan kimi göndərdi ki, daha insanlar üçün peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın...”
Peyğəmbəri-Əkrəmin (s) Allahın sonuncu elçisi kimi, eləcə də imam Əli (ə) və ondan sonrakı imamların vəzifəsi dünyada ədalət nurunu yandırmaq və camaatı İslama dəvət etmək idi. Camaatda ruhi-fikri şərait olmadığından, ədalətli cahanşümul hökumət təşkil edə bilmədilər. Hələ camaatın əqli və fikri səthi elə bir mərhələyə çatmamışdı ki, ədalətli quruluşu tələb edən şəraiti qəbul etsinlər. Həqiqətdə, burada insan inkişafa doğru addımlamaq üçün təlimə ehtiyac duyan və inkişaf mərhələlərini tədriclə keçən uşağa bənzəyir. Odur ki, ilahi rəhbərlər həmin hədəfə çatmaq üçün lazımi şərait olmadan ümumdünyəvi islahat və ədalətli hökumət təşkil etməyə razılıq vermirdilər. Bunun səbəbi isə onların qüsurlu olması deyil, lazımi şərait və camaatda hazırlıq olmaması idi. İslam rəvayətlərinə əsasən, dünyada ədalətli hakimiyyəti qəbul etmək və camaatın düşüncəsini dəyişmək əqli təkamüldən, ictimai və mədəni-ideoloji hazırlıqdan asılıdır. Allahın istəyi ilə imam Zamanın (ə) zühur əsrində bu şərait yaranacaq və nəhayət, dünyaya ədalətli quruluş hökm sürəcəkdir. Biz burada həmin şəraitlərin bir neçəsinə toxunmaqla kifayətlənirik:
1. İctimai hazırlıq: İmam Zamanın (ə) zühuruna səbəb olan şərtlərdən biri ictimai hazırlıqdır.6 O həzrətin zühurundan qabaq yer üzünü zülm və haqsızlıq bürüyəcək, xalqlar və ölkələr arasında qanlı müharibələr baş verəcək və kütləvi qırğınlarla nəticələnəcək. İmam Sadiq (ə) buyurmuşdur: “Xalqın üçdə iki hissəsi öldürülməyincə, imam Zaman (ə) zühur etməyəcək.” O həzrətdən “Xalqın neçə hissəsi qalacaq?” – deyə soruşulduqda, buyurdu: “Məgər istəməzsiniz ki, xalqın üçdə biri qalsın?”7
O zaman insanların canı və malı təhlükəyə düşəcək, əmin-amanlıq aradan qalxacaq, hər yeri qorxu bürüyəcək,8 qəfil ölümlər bəşəri haqlayacaq. İmam Əli (ə) bu haqda buyurmuşdur: “Məhdinin zühurunun bir sıra nişanələri vardır ki, acınacaqlı və kütləvi qırğınlar, tez və ardıcıl ölümlər və “taun” xəstəliyinin yayılması həmin nişanələrdəndir.”9
Rəvayətlərə əsasən, həmin dövrdə günahsız uşaqlar zülmkar hakimlərin əli ilə faciəli işgəncələrə məruz qalacaq,10 ölümlə nəticələnən xəstəliklər (bəlkə də, ölülərin cəsədindən qalxan pis qoxu və yaxud kimyəvi silahlar nəticəsində yaranan xəstəliklər) genişlənəcək.11 Belə çətin bir şəraitdə, bəşəriyyət aləminə ümidsizlik hakim kəsiləcək, insanlar ölümü ən yaxşı ilahi hədiyyə hesab edəcək və ömürlərinin sona yetməsini, gecə-gündüz yırtıcılıqdan və haqqın mənimsənməsindən ölüm arzulayacaqlar.12
Bu zaman insanlar Allaha üz tutacaq, ümumdünyəvi islahat və cahanşümul inqilaba hazırlaşacaq və səmadan belə bir nida eşidəcəklər: “Ey əhli-aləm, zülmkarların hökmranlıq dövrü bitdi və Məhdi zühur etdi.” Bu səmavi nida yenidən insanların ruhsuz bədəninə üfürüləcək və onlar eşq, iman, səfa-səmimiyyət və sevinclə həyat sürəcəklər.
Demək, imam Zamanın (ə) zühurunun səbəblərindən biri ictimai hazırlıqdır. Belə ki, camaat dünyaya hakim nizamdan, zülm və haqsızlıqlardan təngə gəlib, maddi həyatın acılığını daddığı və ümidləri üzüldüyü halda, böyük bir islahatın və cahanşümul inqilabın intizarını çəkəcəklər.
2. Fikri-mədəni hazırlıq: İmam Zamanın zühuruna zəmin hazırlayan səbəblərdən biri də bəşərin fikri-mədəni hazırlığıdır.13 Bu mərhələyə çatmaq üçün camaat irqindən, millətindən, dilindən və hansı ölkədə yaşamasından asılı olmayaraq vahid günəş nuru, ruhlandırıcı nəsim küləklər, yağdırıcı buludlar və təbiətin digər qüvvələri kimi coğrafi sərhədləri pozub, dünyanı vahid ölkə bilməlidirlər.14 İrqçilik, millətpərəstlik və s. bəşər aləminin heç bir problemini həll etməyə qadir deyildir. İmam Zamanın (ə) zühuru və bu böyük hədəf üçün mənəviyyata söykənən fikri-mədəni hazırlıq lazımdır.
3. Elmi-texnoloji hazırlıq: İmam Zamanın zühuruna zəmin hazırlayan səbəblərdən biri də bəşərin elmi-texnoloji hazırlığıdır. Ayətullah əl-üzma Nasir Məkarim Şirazı bu haqda yazır: “Cahanşümul hökumətin təşkil və idarə olunması üçün bir sıra mütərəqqi təchizat lazımdır ki, onunla dünyanı nəzarət altında saxlamaq və tez bir zamanda hər bir şeydən agahlıq mümkün olsun, ehtiyac zamanı dünyanın bir tərəfindən başqa bir tərəfinə getmək, mühüm və zəruri məlumatları qısa müddət ərzində dünyanın bütün nöqtəsinə çatdırmaq üçün lazımi imkanlar mövcud olsun. Görəsən, bir mesajı dünyanın başqa bir nöqtəsinə çatdırmaq üçün bir il vaxt tələb etsə, dünyanı idarə etmək və ədalətə riayət etmək olarmı? Bu hadisəni müxtəlif yönlərdən araşdıran hədislərin sayı az deyildir. Şübhəsiz, imam Məhdinin (ə) dövründəki sənaye və texnologiya bəşərin dinsizliyinə səbəb olan müasir sənaye və texnologiya ilə fərqlənəcək. O zaman müasir dünyamıza hakim texnologiya məhdudiyyəti aradan qaldırılacaq, bu sahə o qədər inkişaf edəcək ki, müasir insan onu dərk etməkdən acizdir.
Hədislərə görə, zühur əsrində mütərəqqi sənaye və texnologiya ilə dünya sanki bir şəhərə çevriləcək, şərqlilər qərbliləri görüb, danışıqlarını eşidəcəklər. İmam Sadiq (ə) buyurmuşdur: “Məhdinin dövründə şərqdə yaşayan imanlı bir şəxs qərbdə yaşayan qardaşını görəcəkdir.”15
Ayətullah əl-üzma Nasir Məkarim Şirazi yazır: “Zühur əsrində sənaye və texnologiya, xüsusi nəqliyyat və informasiya vasitələri o qədər inkişaf edəcək ki, dünyanın böyük qitələri həqiqətdə bir-birinə yaxın olan şəhərlər, şərq və qərb bir ev kimi görünəcək, zaman və məkan ölçüləri aradan qaldırılacaq... Hər halda, bütün bu dəyişikliklər sənaye və texnologiya sahəsində baş verən inqilabın nəticəsi ehtimalı verilsə də, bir növ həmin əsrə zəmin yaradan elmi dərəcə, yüksək məlumat, ruhi və fikri hazırlıq tələb edir. “Mütərəqqi texnologiya ümumdünyəvi islahat və ədalətli hökumətə mane olmadığı kimi, onsuz bu böyük hədəfə çatmaq qeyri-mümkündür.” 16
4. Elm və biliyin çiçəklənməsi: Zühur əsrində dindarlıq elmlə birgə genişlənəcək və insan dindarlığı elm və texnologiyanın tərəqqisinə zidd bilməyəcək. Rəvayətlərə əsasən, günəşdən başqa enerji,17 sürətli nəqliyyat və informasiya vasitələri,18 canlı səs və görüntülər bütün varlıq aləminə hakim kəsiləcək.19 Hər bir şey əlin içi kimi görünəcək və İmam (ə) bütün dünyaya hökmranlıq edəcəkdir.20 Saleh insanlar tam azadlıqda yaşayacaqlar.21 Bütün bunlar imam Zamanın (ə) misilsiz hökuməti sayəsində gerçəkləşəcək.
Əlbəttə, bu qəribə inkişaf möcüzə ilə baş verməyəcək, əksinə zühur əsrindəki elmi tərəqqinin məhsuludur. Belə ki, bəşər bu aləmdə təbiətə hakim qanunlara uyğun əməl edəcək, möcüzə isə istisna və zəruri hallarda göstəriləcəkdir.
İmam Sadiq (ə) buyurmuşdur: “Elm iyirmi yeddi hərfdən ibarətdir və peyğəmbərlər onun yalnız iki hərfini gətirmişlər. İnsanlar hələ də həmin iki hərfdən başqasını bilmirlər. Bizim Qaimimiz (imam Məhdi (ə)) zühur edərkən, digər iyirmi beş hərfi üzə çıxaracaq, onu insanlar arasında yayacaq və iki hərfi də əlavə etməklə, iyirmi yeddi hərfi onlara çatdıracaqdır.”22
Bu hədisdən başa düşülür ki, bəşər elmi baxımdan inkişaf etsə də, imam Məhdinin (ə) dövründə birdəfəlik on iki dəfə tərəqqi edəcək. Azacıq diqqət etdikdə, zühur əsrində elm və texnikanın qeyri-adi sürətlə inkişaf edəcəyini başa düşəcəyik.
5. Əqlin təkamülü: Zühur əsrində camaat əqli baxımdan yüksək mərhələyə çatacaq. İmam Baqir (ə) buyurmuşdur: “İmam Zamanın (ə) zühuru zamanı Allah-Taala rəhmətini bütün bəndələrinə şamil edərək, onların əqli təkamülə çatacaqdır.”23
İmam Zaman (ə) İslam göstərişlərini kamil şəkildə icra etdiyindən insanların düşüncə qabiliyyəti artacaq və Peyğəmbəri-Əkrəmin “Əxlaqi gözəllikləri təkamülə çatdırmaq üçün göndərilmişəm!”24 – deyə buyurduğu hədəfi həyatda gerçəkləşəcək. İmam Zamanın (ə) hökuməti elmin tərəqqisini, əqlin təkamülünü, bəşərin gizli istedadlarının çiçəklənməsini ərməğan gətirəcək. Bəşər uzun təcrübələrdən sonra, ilahi lütf və mərhəmət sayəsində dərk edəcək ki, insani tədbirlər bəşəriyyətin problemlərini həll etməyə qadir deyildir. Odur ki, hamı tam razılıqla imam Zamanın (ə) inqilabını qəbul edəcək.
6. Əxlaqi və mənəvi təkamül: Hədislərə görə, imam Zaman (ə) zühur edərkən, insanlar əxlaqi və mənəvi baxımdan da təkamülə çatacaqlar. O həzrətin dövlətinin spesifik xüsusiyyətlərindən biri də yer üzünü zülm və haqsızlıqdan təmizləyib, haqq-ədalətlə doldurmaqdır. Bunu Peyğəmbəri-Əkrəmdən nəql olunan hədis də sübuta yetirir:
يَمْلَاُ الاَرْضَ قِسْطاً وَعَدْلاً كَما مُلِئَتْ ظُلْماً وَجَوْراًً
“O, yer üzünü zülm və haqsızlıqla dolduğu kimi, haqq-ədalətlə dolduracaqdır!”25
Başqa bir hədisdə buyurmuşdur: “Məhdi qiyam etdiyi zaman Allah-Taala bəndələrini ehtiyacsız edəcək; belə ki, Həzrət elan edib deyəcək: “Hər kəsin mal-dövlətə ehtiyacı varsa, gəlsin (aparsın).” Lakin (yoxsul) bir şəxs tapılmayacaq.”26
Rəvayətlər zühur əsrində dünyanı sivilizasiya, texnologiya, elm, əxlaq, mənəviyyat və əqlin inkişaf dövrü tanıtdırır ki, müasir zamanımızdakı mütərəqqi elmi-texnologiya ilə fərsənglər fasiləsi olacaqdır. Əlbəttə, zühur əsrinin çağdaş dünyamızla əsaslı fərqi odur ki, bu gün elm və texnologiya bəşərin əxlaq və mədəniyyətini süquta sürükləyir, insanlar bu sahədə tərəqqi etdikcə, fitnə-fəsada və kütləvi qırğınlara əl atır və insanlıqdan uzaqlaşırlar. İmam Zaman (ə) zühur etdiyi zaman dünyaya hakim kəsilən şərait müasir dünyamıza hakim kəsilən şəraitlə tamamilə fərqlənəcək; yəni bəşər elmi-texnoloji sahədə hər nə qədər inkişaf etsə, bir o qədər də əxlaq normalarına və insani keyfiyyətlərə yaxınlaşacaqdır.

NƏTİCƏ
Elm, sənaye, texnologiya, əql, mənəviyyat, əxlaq və s. səciyyələrin tərəqqisini ərməğan gətirən ümumdünyəvi islahat və cahanşümul quruluşun bərpası peyğəmbərlərin və digər məsum imamların dövründə qeyri-mümkün idi. Çünki onların dövründə bu quruluşa səbəb olan şərait yox idi. İmam Zamanın (ə) zühur əsrində isə buna şərait yaranacaq. Məhz bu səbəbdən də, dünyaya hakim acınacaqlı vəziyyət, qanlı müharibələr və amansız kütləvi qırğınlar o həzrətin hökumətinin qəbuluna səbəb olacaq. Demək, insanlar dünyanın mövcud nizamlarından, zülm və haqsızlıqlardan yorulub, ümidsizliyə qapıldıqdan sonra iman üzərində qurulan inqilaba, böyük islahata hazırlaşacaqlar. Belə bir şəraitdə, imam Zaman (ə) zühur edəcək. İrqçilik və millətpərəstlik bəşərin problemlərini həll etməyə qadir olmadığı kimi, elm, sənaye, texnologiya, əql, mənəviyyat, əxlaq və s. səciyyələrin tərəqqisini ərməğan gətirən dünyamiqyaslı ədalət ilahi əxlaq və mənəviyyata söykənən fikri və mədəni hazırlıq da tələb edir.

Kitabın adı: Həqiqət sorağında
Tərcümə edən: Rza Şükürlü
1. “Əqidə üsulları haqda əlli dərs”, Ayətulllah Nasir Məkarim Şirazi, “İmam Əmirəlmöminin (ə) mədrəsəsi”, 1376-cı h.ş. ili, səh.154-166; “Amuzeşi-əqaid”, Ayətulllah Məhəmmədtəqi Misbah Yəzdi, 2-ci cild, səh.226-227.
2. “İbrahim” surəsi, ayə 9; “Muminun” surəsi, ayə 44.
3. “Qafir” surəsi, ayə 83; “Qəsəs” surəsi, ayə 78; “Zümər” surəsi, ayə 49.
4. “Əhzab” surəsi, ayə 67; “Səbə” surəsi, ayə 31-32.
5. “Hud” surəsi, ayə 27-36.
6. “Məhdi - böyük inqilab”, Ayətullah Nasir Məkarim Şirazi, səh.83.
7. “Biharul-ənvar”, Əllamə Məclisi, Beyrut, “Əl-vəfa” müəssisəsi, 52-ci cild, səh.207, hədis: 44.
8. Yenə orada, səh.145.
9. “Əl-Hidayətül-kübra”, Hüseyn ibn Həmdan Hüseyni Həsini, “Əl-bəlağ” müəssisəsi, səh.31.
10. “Əş-Şiətü vər-rəcət”, Şeyx Məhəmmədrza Təbəsi Nəcəfi, Nəcəf, 1385-ci hicri qəməri ili, 1-ci cild, səh.155.
11. Yenə orada.
12. “Biharul-ənvar”, Məhəmədbaqir Məclisi, 52-ci cild, səh.348.
13. “Məhdi - böyük inqilab”, Ayətullah Nasir Məkarim Şirazi, səh.82.
14. Yenə orada, səh.82.
15. “Biharul-ənvar”, Əllamə Məclisi, 52-ci cild, səh.391.
16. “Məhdi – böyük inqilab”, səh.245.
17. “Biharul-ənvar”, 52-ci cild, səh.337.
18. Yenə orada, səh.321.
19. Yenə orada, səh.391.
20. Yenə orada, səh.328.
21. Yenə orada, səh.390.
22. Yenə orada, səh.336.
23. Yenə orada, 52-ci cild, səh.327.
24. “Müstədrəkül-vəsail”, Mirzə Hüseyn Təbərsi, Qum, “Alül-beyt li-ehyait-türas” müəssisəsi, 2-ci cild, səh.282.
25. “Ət-Tacul-came lil-üsul”, 5-ci cild, səh.343.
26. “Biharul-ənvar”, 52-ci cild, səh.337.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!