HƏZRƏT FATİMEYİ ZƏHRANIN (Ə) EVİNƏ HÜCUM OLUBMU?

:

Əbu Bəkr hakimiyyətdə öz yerini bərkitdikdən sonra onunla beyət etməyib etiraz əlaməti olaraq həzrət Fatimeyi Zəhra (ə)-ın evinə yığışan müxalifləri, eləcə də sair müxalifləri tutub, zorla beyət etdirmək qərarına gəldi. Müxalifət edən şəxslər aşağıdakılar idi: Əli (ə), Zübeyr, Təlhə, Səd ibni Əbi Vəqqas, Əbuzər, Miqdad, Əmmar, Peyğəmbərin əmisi Abbas, Abdullah ibni Abbas, Qəsəm ibni Abbas, Hüzeyfə, Xalid ibni Səid, Bərra ibni Azib, Übeyy ibni Kə”b və Bəni Haşim tayfasından bir dəstə adam.
İbni Əbil Hədid Əbu Bəkrin məmurlarının Fatimeyi Zəhra (ə)-ın qapısına getmələri haqda bir neçə rəvayət nəql edib. Onların bəzilərini aşağıda qeyd edirik:

1-Məhəmməd ibni Əbdül Əziz deyir: “Əbu Bəkrlə beyət olunan zaman Təlhə və Zübeyr Əli (ə)-ın haqqı barəsində Əbu Bəkrlə müxalifət edib, Zəhra (ə)-ın evinə yığışmışdılar və orada məşvərət edirdilər. Ömər Fatimə (ə)-ın qapısına gəlib dedi: “Ey Peyğəmbərin qızı! Dünyada bizim üçün atandan əziz bir adam yoxdur. Atandan sonra da bizim üçün səndən əziz bir adam yoxdur! Ancaq Allaha and olsun! Bu məhəbbət sənin evinə yığışan şəxslərə xatir evini yandırmağımızın qarşısını ala bilməz!”
2-Əbu Bəkr Cövhəri, Əbül Əsvəddən belə nəql edir: “Mühacirlərdən bir dəstəsi Əbu Bəkrlə beyətə çox qəzəblənmişdilər. Çünki, bu beyət məşvərətsiz həyata keçmişdi. Əli (ə) və Zübeyr əsəbiləşmiş halda Fatimənin evinə daxil oldular. Ömər Əbdül Əşhəl tayfasından olan Üseyd ibni Hüzeyr və Səlmə ibni Səlamətin də iştirak etdiyi bir qoşunla gəldi.
Fatimeyi Zəhra (ə) onları Allaha and verdi. Onlar isə buna etina etmədən evə soxuldular. Əli (ə)-ın və Zübeyrin qılıncını aldıqdan sonra divara vurub sındırdılar. Sonra isə Ömər Əli (ə)-ı və Zübeyri evdən çıxarıb beyət almaq üçün Əbu Bəkrin yanına gətirdi. Əbu Bəkr ayağa qalxıb, camaata xütbə oxuduqdan sonra dedi: Mənimlə beyət tələm-tələsik oldu, ancaq Allah camaatı bu işin şərrindən saxladı. Fitnə-fəsad törənəcəyindən qorxduğum üçün məcburiyyət qarşısında qalıb onu (xilafəti) qəbul etdim.
Allaha and olsun! Bir günlük olsa belə xilafət düşkünü deyiləm. Elə bir vəzifənin altına girmişəm ki, onu idarə etməyə gücüm çatmır.”
3-Əbdürrəhman deyir: “Əbu Bəkr minbərə çıxdıqda Əli (ə), Zübeyr və Bəni Haşimdən bir dəstə adam Fatimə (ə)-ın evində idilər. Ömər onların yanına gedib dedi: Ömərin canı qüdrət əlində olan Allaha and olsun: Ya bu evdən çıxıb beyət etməlisiniz, ya da evi siz qarışıq yandıracağam!”
4-Səd ibni Əbi Vəqqas və Miqdad ibni Əsvəd Fatimeyi Zəhra (ə)-ın evinə yığışanlardan idi. Onlar Əli (ə) ilə beyət etmək istəyirdilər. Ömər, evi onlar qarışıq yandırmaq üçün oraya gəldi. Zübeyr qılıncını siyirib onlara hücum etdi. Zəhra (ə) ağlar halda evdən çıxıb camaatdan kömək istəyirdi.”
5-Əbu Bəkr Ömərə dedi: “Xalid ibni Vəlid haradadır? Gedib Əli ilə Zübeyri buraya gətirin!”
Ömər Xalidlə birlikdə Əlinin evinə getdilər. Ömər evə daxil oldu, Xalid isə çöldə qaldı. Ömər Zübeyrə dedi: Bu qılınc nədir?
Zübeyr dedi: Əliyə beyət etmək üçün hazırlaşmışam.
Evdə çox adam vardı, Miqdad ibni Əsvəd və Bəni Haşimin hamısı orada idi. Ömər qılıncı götürdü, evdə olan daş parçasına vurub sındırdı. Zübeyrin əlindən tutub onu darta-darta çölə çıxartdı və Xalidə tapşırdı. Xalid onu tutub saxladı.
Əbu Bəkr onlara kömək etmək üçün xeyli adam göndərmişdi. Onlar da evin yanında idilər. Sonra Ömər içəri girib Əliyə “qalx, beyət et!”-dedi. Sonra Əli (ə)-ın əlindən tutub onu yerindən qaldırmaq istədi. Əli (ə) qalxmadı. Ömər ona hücum edib Zübeyri evdən çıxartdığı kimi onu da zorla evdən çıxartdı. Xalid onların hər ikisini (Əli və Zübeyri) tutub, yola düşdülər. Xalid Əlini, Zübeyri və evdə onları qabaqdan çəkir, Ömər isə arxadan qovurdu. Mədinənin küçələrinə yığışan camaat da bunlara baxırdılar.
Fatimə (ə) Ömərin Əli (ə)-a qarşı etdiyi hörmətsizlikləri gördükdə ucadan nalə edib ağladı. Ona qoşulmuş haşimi və sair qadınlar da ucadan ağlayıb, nalə edirdilər. O, öz evindən məscidə açılan qapıdan çıxıb dedi: “Ey Əbu Bəkr! Peyğəmbərin (s) əhlinə nə tez hiylə iş-lətdiniz?! Allaha and olsun, nə qədər ki, sağam Öməri danışdırmayacağam.”
Bu rəvayətdə təəccüblü olan şeylərdən biri də budur ki, sünnü alimləri iddia edirlər ki, Peyğəmbər (s), Əbu Bəkrin qapısından başqa, məscidə açılan bütün qapıların bağlanmasını əmr etdi. Bu hədisdə isə Fatimənin (ə) məscidə açılan qapıdan Əbu Bəkrlə söhbət etdiyinin şahidi oluruq. Sünnü alimlərinin nəql etdiyi bu və sair hədislərdən aydın olur ki, yalnız Əli (ə)-ın evinin qapısı məscidə açılırdı və Peyğəmbər (s) öz həyatında Əli (ə)-ın qapı-sından başqa məscidə açılan bütün qapıları bağlatdırmışdı. Halbuki, “Səhihi-Buxari”, “Tarixi-Təbəri” və “Əs-səvaiqül-muhriqə” kitab-larında bunu Əbu Bəkrin fəzilətlərindən hesab edirlər.
6-Ziyad ibni Lübeyd Ənsari başqa bir şəxslə köməkləşib qılıncı Zübeyrdən almaq istədikdə, qılınc onun əlindən yerə düşdü. Onlar qılıncı götürüb daşa vuraraq sındırdılar. Sonra onları evdən çıxardıb, boyunlarından tutdular və çox kobud hərəkətlə arxadan qovaraq, Əbu Bəkrlə beyət etməyə gətirdilər.

Mətni səsləndirdi: ZÜLFİYYƏ BABAYEVA
You must have the Adobe Flash Player installed to view this player.

Diqqət: Məqalə Peyğəmbərin haqq canişini kitabından götürülmüşdür.

______________________

İSTİFADƏ OLUNAN MƏNBƏLƏR ƏHLİ-SÜNNƏ MƏNBƏLƏRİNDƏN

1- “Tarixul-üməm vəl-müluk” (müəllif: Məhəmməd ibni Cərir Təbəri), Qahirə çapı.
2- “Şəvahidut-tənzil” (müəllif: Hakim Həskani).
3-”Ət-tacul-camiu lil-üsul” (müəllif: Şeyx Mənsur Əli Nasif)
4- “Səhihi-Buxari”, (müəllif: Məhəmməd ibni İsmail Əl-buxari)
5-”Təfsiri-Kəbir” (müəllif: Fəxr Razi)
6-”Şərhi-Nəhcül-bəlağə” (müəllif: İbni Əbil Hədid)
7-”Kəşşaf” təfsiri (müəllif: Carullah Məhmud ibni Ömər Zəməxşəri)
8-”Fəthul-Qədir” (müəllif: Məhəmməd Şovkani)
9-”Ruhul-bəyan” təfsiri (müəllif: Şeyx İsmail Həqqi)
10-”Səhihi-Müslüm” (müəllif: Müslüm ibni Həccac Əl-qüşeyri Nişapuri)

Tags: HƏZRƏT ZƏHRA (s), SUALLARA CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!