BƏHAİLIK - 2

:

BABIN AQİBƏTİ
Babın tövbə etməsi artıq çox gec idi. Çünki o vaxtadək onun tərəfdarları bir çox şəhərləri qarət etmiş və sakinlərini amansızcasına qırmışdılar. Onların işğal etdikləri məntəqələrdə hərc-mərclik baş alıb gedir, heç bir nizam-intizam və əmin-amanlıq hiss olunmurdu.

Qacar hökuməti babilərin qarşısını almaq üçün daim onları təzyiq və nəzarət altında saxlamalı olurdu. Bütün bunları nəzərə alaraq, Qacar şahı getdikcə alovlanmaqda olan iğtişaşların qarşısını almaq məqsədilə Babın edam olunmasına dair hökm verdi. Hökm hicrətin 1266-cı ilində Təbrizdə icra olundu. Edamdan sonrakı aqibəti barədə babilər arasında ixtilaf yaransa da, belə bir iddia irəli sürmüşlər ki, onun cənazəsi 18 ildən sonra Fələstinə aparılmış, dəfn edildikdən ora “məqami-əəla” (uca mıqam) adlandırılmışdır. Edam olunmasının qarşısını almaq məqsədilə Babın tövbə etməsi heç bir fayda vermədiyi kimi, onun edam olunması ilə də tərəfdarlarının üsyan və qarətlərinin qarşısını almaq mümkün olmadı. Əli Məhəmməd edam olunduqdan sonra babilər “bəhailik” adı ilə öz fəaliyyətlərini davam etdirdilər.

BƏHAİLİYİN YARANMASI
Bab edam edildikdən sonra, ölümündən bir il əvvəl canişin təyin etdiyi “Sübhi-Əzəl” ləqəbini daşıyan Mirzə Yəhya Nuri Mazandarani (1246-1330 h.) babilər üzərində rəhbərliyi öz əlinə keçirdi. Lakin Mirzə Yəhyanın Bəhaullah ləqəbi ilə məşhur olan qardaşı Mirzə Hüseynəli onun canişin olması ilə tam müxalif idi. Bu səbəbdən də, Sübhi-Əzəl qardaşını vəkil təyin edir. Bundan belə, tərəfdarları onunla əlaqə saxlamaq istədikdə, Mirzə Hüseynəliyə müraciət etməli idilər. Belə bir təklif onun üçün gələcək hədəflərinə çatmaqda münasib şərait yaradırdı. Məhz bu məqsədlə o, Sübhi-Əzəlin təhlükəsizliyini təmin etmək bəhanəsi ilə onu hamıdan gizlədərək bütün işləri öz əlinə alır.
Babilərin camaata qarşı törətdiyi cinayət və qırğınlar hələ də davam etməkdə idi. İran dövləti öz təzyiqlərini gücləndirdiyi bir halda, hicrətin 1268-ci ilində gözlənilmədən Nəsrəddin şaha sui-qəsd olunur. Dövlət məmurları babilərə qarşı apardıqları geniş əməliyyatda onların böyük bir hissəsini ələ keçirə bilirlər. Mirzə Hüseynəli və tərəfdarları da onların arasında idilər. Lakin Rusiya səfirliyi bu məsələyə birbaşa qarışaraq onların edam olunmasının qarşısını alır. Bu səbəbdən də, Mirzə Hüseynəli və qardaşı Sübhi-Əzəl tərəfdarları ilə birlikdə İraqa sürgün olunurlar. Sürgün olunmalarına baxmayaraq, babilər üzərində rəhbərlik uğrunda mübarizə hələ də davam edirdi. Yaranmış ixtilafın qarşıdurmaya gətirib çıxaracağını görən Osmanlı dövləti (o zaman İraq Osmanlı imperatorluğuna tabe idi) onları müxtəlif məntəqələrə – Sübhi-Əzəli Kipirə, Bəhaullahı isə Fələstinə sürgün edir. Bəhaullahın Fələstinə sürgün olunması onun babilər üzərində hakim olmasına münasib şərait yaratdı. Çünki Sübhi-Əzəl Kipirə sürgün olunarkən tərəfdarlarının çox az bir hissəsi onunla getdi və orada “Əzəliyyə” firqəsinin bünövrəsini qoydular. Hicrətin 1330-cü ilində Sübhi-Əzəlin vəfatından sonra Mirzə Yəhya Dövlətabadi Tehranda Əzəliyyə firqəsinin rəhbərliyini öz üzərinə götürsə də, əksəriyyəti təşkil edən Kipirdəki tərəfdarlarına nicat verə bilmədi. Beləliklə, “Əzəliyyə” çox tez bir zamanda zəifləyib aradan getdi.
Digər tərəfdən də Bəhaullah qardaşını aradan götürdükdən sonra tərəfdarların əksər hissəsini öz ətrafına yığaraq geniş təbliğata və yeni-yeni dəstələr yaratmağa başladı. Nəhayət, bəhailik əməli olaraq babilik üçün canişinlik rolunu ifa etdi.
Bəhaullah ləqəbi ilə məşhur olan Mirzə Hüseynəli Nuri Hicrətin 1285-ci ilində Fələstinin Əkka məntəqəsində bəhailik firqəsini təsis etdi. O, hicrətin 1233-cü ilində Mazandaran vilayətinin Nur şəhərinin ətraf kəndlərinin birində dünyaya gəlmişdir. O dövrün adəti üzrə ibtidai oxu-yazı mərhələsini başa vurur və dövlət idarələrinin birində işə girir. Qeyri-adi xasiyyət və əhval-ruhiyyəsi onu dərvişlərə qoşulub, onlara xass olan uzun və gen paltarlar geyinməyə sövq edir. Hörüklərini uzadıb, dərviş məclislərində iştirak etməyə başlayır. Əli Məhəmməd Babın dəvətindən xəbərdar olub, qardaşı Mirza Yəhya və onun qohumları ilə birlikdə babilik cərəyanına qoşulur.
Bəhaullah bəhailik firqəsini təşkil etdikdən sonra Əli Məhəmməd Babın canişini olmağa can atmışdır. Canişinlik məqamından babilik məqamına çatdı. Sonra zəmanənin imamı, daha sonra isə mütləq hakimiyyət iddiası etdi. Bir neçə müddətdən sonra peyğəməbrlik iddiası edərək özünün yeni şəriət sahibi olduğunu elan etdi. Bütün bunlarla kifayətlənməyib, Allahın onun vücuduna “hülul” etdiyini və özünün Allahın yer üzündəki məzhəri olduğunu iddia etdi. Allahlıq iddiası Bəhaullahın son iddiası oldu.
Bəhaullah neçə cild kitab yazmış, orada öz iddia və əqidələri barədə ətraflı məlumatlar vermişdir. Kitablarının ən məşhuru bəhailərin ən müqəddəs hesab etdikləri “Əqdəs” və “İqan” adlı kitablardır. Bəhaullah kitabdakı bütün mənbələrin ona vəhy olunduğunu iddia etmişdir.
Hicrətin 1310-cu ilində Bəhaullah Əkka şəhərində vəfat edir və elə oradaca dəfn olunur. Hal-hazırda onun qəbri bəhailərin qibləgahı hesab olunur.

BƏHAULLAHDAN SONRAKI BƏHAİLİK
Bəhaullahın ölümündən sonra onun “Qusnu-Əzəm” kimi tanınan oğlu Mirzə Abbas Əfəndi atasının yerini tutaraq bəhailərə rəhbərliyi öz üzərinə götürdü. Bəhailərin yeni rəhbəri özünə Əbdül-Bəha təxəllüsünü götürdü.
Bəhaullah Əbdül-Bəhadan sonra Məhəmməd Əli Mirzə adlı başqa bir oğlunun onun canişini olmasını vəsiyyət etsə də, vəfat etdikdən sonra canişinlik məsələsi üstündə qardaşları Əbdül-Bəha və Məhəmməd Əli Mirzə arasında böyük rəqabət meydana gəldi. Bəhailərin böyük bir hissəsi Əbdül-Bəhanın rəhbərliyini qəbul etdi, çox az bir qismi də Məhəmməd Əli Mirzəyə meyl etdikləri üçün Bəhaullahın davamçıları tərəfindən küfr etməkdə ittiham olundular.
Lakin bəhailiyin əsas qolunu təmsil edən Əbdül-Bəha və onun tərəfdarları xarici dövlətlərin, xüsusilə İngiltərənin himayəsi ilə fəaliyyətlərini daha da geniş şəkildə aparmağa başladılar.
Birinci dünya müharibəsindən sonra İngilis hökuməti Əbdül-Bəhanı bu ölkəyə göstərdiyi xidmətlərinə görə, ən yüksək dərəcə və “Ser” ləqəbi ilə mükafatlandırdı.
O, atasının canişinliyinə dair etdiyi vəsiyyətə əhəmiyyət vermədən Bəhaullahın “Rəbbani” ləqəbini daşıyan qız nəvəsi Şövqi əfəndini öz canişini təyin etdi.
Şövqi ömrünün çox hissəsini qərb ölkələrində keçirmiş və kanadalı bir qadınla evlənmişdi. Bu səbəbdən də, Asiya əhalisindən daha çox Avropa və amerikalılara meyl edirdi. Belə ki, həyat yoldaşının məsləhəti ilə amerikalı Çarliz Meyson Reymi öz canişini təyin edərək ona “vəliyyi əmri sani” (ikinci hakim) ləqəbini verdi.
Şövqinin gördüyü işlərdən biri də Bəhaullah və Əbdül-Bəhanın yazılarında işarə olunan “Beytul-ədl”i təsis etmək oldu. Beytul-ədl, bəhailərin ibadətgah, yığıncaq və dini mərasimlər keçirdikləri yerə deyilir. İlk olaraq böyük Beytul-ədli təsis edir və “vəliyyi əmri əvvəl” (birinci hakim) kimi tanınan səkkiz nəfər bəhai təbliğatçısını öz başçılığı ilə oraya rəhbər təyin edir. Sonra isə tərəfdarları üçün ümumi Beytul-ədlin təsis olunmasına dair göstəriş verir. Miladın 1957-ci ilində, Şövqi vəfat etdikdən sonra Əkkada yerləşən böyük Beytul-ədl Meysan Reyminin ixtiyarına keçdi və Avropa, Amerika bəhailəri onun rəhbərliyini qəbul etdilər. Lakin digər məntəqələrdə yaşayan bəhailər Meysonun belə bir məqama təyin olunmasına razı olmayıb, bir neçə hissəyə bölündülər.
Şövqinin ölümündən sonra bəhai firqəsində baş vermiş parçalanma başqa dövrlərdəkindən daha çox olmuşdur. Onun ölümündən sonra bəhailərin elə bir nüfuzlu rəhbəri olmamışdır və onlar hal-hazırda işğal olunmuş Fələstin ərazilərində (İsrail) yerləşən böyük Beytul-ədl tərəfindən idarə olunurlar.
İşğal olunmuş Fələstin ərazisində təsis olunan İsrail dövləti ilk gündən Şövqi Rəbbaninin rəhbərliyi ilə bəhailiyi rəsmi din kimi tanıdı və öz etiraflarına görə, sonralar onların arasında səmimi dostluq əlaqələri yarandı.1

Kitabın adı: İslam məzhəbləri ilə tanışlıq
Tərcümə edən: Ağabala Mehdiyev


1  İran bəhailərinin əsasları, 16-cı nömrə, 1331-ci hicri-şəmsi.

 Ardını buradan oxuyun

Tags: DİNLƏR VƏ MƏZHƏBLƏR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!