BƏHAİLIK - 3

:

BƏHAİLƏRİN MƏRAM VƏ ƏQİDƏLƏRİ
Öncə Bab və Bəhaullahın bütün iddiaları ilə tanış olduq. Məlum oldu ki, onların hər ikisi özlərini yeni şəriət sahibi və intizarı çəkilən imam Zaman kimi qələmə vermişlər.

Bəhailər özləri bu suala cavab verməlidirlər ki, əvvəla, nə üçün aradan çox keçmədən, yəni Babın ölümündən 13 il sonra yeni bir peyğəmbər gəlib özünün başqa bir şəriət sahibi olduğunu bildirir? Bir halda ki, əvvəlki peyğəmbər, yəni Bab hələ öz peyğəmbərliyini başa vurmayıb və onun müqəddəs kitabı olan “Bəyan” natamam qalıb. Onun şəriət və müqəddəs kitabı kənara qoyularaq, bəşəriyyətə başqa bir peyğəmbər göndərilirmi?!! Özü də Bəhaullahın yaşca Babdan böyük olduğu bir halda. Yəni əgər Allah-taala ikinci şəriəti birinciyə hakim etməli olsaydı, onda nə üçün birinciyə zəhmət verib göndərdiyi şəriəti qüvvədən salaraq peyğəmbərliyini natamam qoyardı. Bir haldakı elə əvvəldən Bəhaullahın peyğəmbərliyini təyin edib gətirdiyi şəriəti elan edərdi. Digər tərəfdən, əgər onların hər ikisi bəşəriyyətin intizarında olduğu (imam Zaman) şəxs olmuşlarsa, necə ola bilər ki, firqənin təsis olunmasından bir əsrdən çox keçsə də, yer üzündə haqq-ədaləti bərqərar edə biləcək, bəşəriyyətə zalımların zülmündən nicat verə biləcək bir şəxs zühur etməsin?
Həmçinin necə ola bilər ki, bu müddət ərzində babilər öz ətrafına olduqca az tərəfdar yığa bilmiş və dünyaya hakim ola bilməmişlər? Biz burada yalnız bəhailərin etiqadları ilə tanış olacağıq. Onların əqidə və etiqadları o qədər əsassız və qeyri-məntiqidir ki, bunu sübuta yetirmək üçün heç bir araşdırmaya ehtiyac görmürük.

1. İSLAM ŞƏRİƏTİNİN NƏSX (LƏĞV) OLUNMASI
Bəhailər belə bir əqidədədirlər ki, bəhailik İslam dinini (şəriətini) nəsx edərək həzrət Mühəmmədin (s) peyğəmbərlik dövrünü arxada qoymuşdur. Onlar deyirlər: bizim dövrümüz ilahi məzhərin (mən yuzhirəhullah – O kəs ki, Allah onun vücudunda təcəlli və zühur edir) risalət [peyğəmbərlik] dövrüdür. Bundan sonra da, Allah-taala yer üzündə və onun sakinlərinin vücudunda təcəlli edəcəkdir. Lakin növbəti zühur ən azı min ildən sonra baş verəcək, Allah-taala uzun fasilədən sonra aləmdə təcəlli edəcəkdir.

2. ALLAHIN HÜLUL VƏ TƏCƏLLİ ETMƏSİ
Bəhailər belə bir əqidədədirlər ki, Allah-taala ən azı bir dəfə seçdiyi şəxsin vücudunda hülul və zühur edir. Belə olduqda, həmin şəxs Allahın məzhəri hesab olunur. Bu kimi şəxslərə “mən yuzhirəhullah – “o kəs ki, Allah onun vücudunda zühur etmişdir” deyilir. İlk dəfə belə bir iddiada olan şəxs Babın özü olmuş, daha sonra Bəhaullah və onun digər tərəfdarları da bu kimi fikirlər irəli sürmüşlər.

3. NAMAZ VƏ QİBLƏ
Bəhailərin səhər, günorta və axşam qıldıqları namazlar doqquz rükətdən ibarətdir. Namazların böyük bir hissəsini Bəhaullah onların üzərindən götürmüşdür. Bəhailər, qibləgahın Bəhaullahın dəfn olunduğu “Əkka” şəhərinə tərəf olduğunu hesab edirlər. Bəhaullah demişdir: Namaz qılmaq istərkən Allahın müqəddəs məkanı olan, oradan yer və göy sakinlərinə hökm verilən yerə tərəf üz tutun.

4. TƏQVİM VƏ ÖLÇÜ
Bəhailərin ili on doqquz ay və on doqquz gündən ibarətdir. (Bəhailər on doqquzu müqəddəs rəqəm hesab edirlər). On doqquz ay bunlardan ibarətdir: Bəha, Cəlal, Cəmal, Əzəmət, Nur, Rəhmət, Kəlimat, Kəmal, Əsma, İzzət, Məşiyyət, Elm, Qüdrət, Qovl, Sail, Şərəf, Soltan, Mülk və Əla. Hər bir günəş ilinin 361 gündən ibarət olduğunu hesab edir, 361 günü 19 aya bölür və yerdə qalan 4 günü (Kəbisə illərindən 5 gün) isə bəhailərin azad günü hesab edirlər. Bu günlər ərzində bəhailərin üzərinə heç bir məsuliyyət düşmür və onlar eyş-işrət etməkdə tamamilə azaddırlar.
Bəhailər həftənin günlərinə də müəyyən adlar qoymuşlar.
Cəlal (çərşənbə axşamı);
Cəmal (çərşənbə);
Kəmal (şənbə);
Fuzal (bazar);
Əlal (cümə axşamı);
İsticlal (cümə);
İstiqlal (bazar ertəsi).
Babın qiyamını ilin əvvəli, ilin bir illik dövrünü isə şəmsi, qəməri və ya miladi əvəzinə “Bədi” adlandırmışlar.

5. HƏCC
Əli Məhəmməd Şirazda dünyaya gəldiyi evi Kəbə hesab elib, öz tərəfdarlarını oraya həcc ziyarətinə gəlməyə sövq etmişdir. O, “Bəyan” kitabında yazır: Beytul-harama gəldikdə, bunu bilmək lazımdır ki, Allahın müəyyən məkanı olmamışdır və heç vaxt da olmayacaqdır. Özünə aid etdiyi hər bir yer Onun evidir.
“...O evə [Kəbəyə] aid olan bütün hökmlər, bu gün bu evə [Şirazdakı yaşadığı evə] şamildir...” Başqa bir yerdə yazır: “Kim orada [Şirazda] və ya onun 66 kilometrliyində olarsa və əgər iyirmi doqquz yaşı haqlayarsa, həmin il oraya [Babın evinə] daxil olub, on doqquz gün həmin məhəldə [Şirazda] qalmalıdır. Özünü [mənəvi baxımdan] saflaşdıraraq, orada beş rükət namaz qılmalıdır. Kimin buna taqəti yoxdursa, niyyətində buna əməl etsin. Burada sakin olmayanlara güzəşt edilmiş və onlar bağışlanmışlar. Bəhaullah qibləni Əkkaya (yaşadığı və dəfn olunduğu yerə) dəyişərək oranı Beytul-haram qərar vermişdir. O deyir: Həqiqətən, Allah sizlərdən imkanı olan hər bir şəxsə həcc (Əkkadakı dəfn olunduğu yeri) hökmünü vermişdir. Lakin qadınlar bu hökmdən azaddırlar. Bu, Onun tərəfindən insanlara bəxş olunan bir rəhmətdir. Həqiqətən, O bol-bol nemətlər verəndir. Bəhailər hər iki yeri, yəni həm Kəbəni, həm də Babın dəfn olunduğu yeri müqəddəs hesab edirlər.

6. TƏHARƏT VƏ NƏCASƏT
Əli Məhəmməd Bab siçanın, gecə quşunun, qaranquşun ifrazatının və spermanın pak olduğuna hökm vermiş, İslam dininin murdar hesab etdiyi digər şeyləri o da murdar bilmişdir. O, atəşi, havanı, suyu, torpağı və Allahın kitabını (“Bəyan”ı) pakedici hesab etmişdir. Əşyaların “Bəyan”la pak olmasını belə izah edir: Babın adı nə qədər mümkünsə və təthir (paklıq) ayəsi 66 dəfə murdarlanmış şeyə oxunsa, həmin  şey pak olur. Paklıq ayəsi isə bundan ibarətdir: “Allahu əthər.” (Allah pakdır)
Bu ayəni nəcis olmuş şeyi qalan dörd pakedici ünsürlərlə pak etdikdə də oxumaq lazımdır.
Lakin Bəhaulla istisnasız olaraq, bütün murdar şeyləri pak hesab etmişdir. O deyir: Allah natəmizlik hökmünü bütün şeylərdən və hər bir millətdən götürmüşdür. Bu, Allah tərəfindən insanlara verilən bir bəxşişdir. Həqiqətən, Allah bağışlayan və günahlardan keçəndir.

7. SƏLƏMÇİLİYİN HALALLIĞI
Bab hər iki tərəfin razılığı ilə edilən müamilələrin, o cümlədən, sələmin halal olduğunu elan etmişdir. O, bu barədə deyir: Allah hər iki tərəfin razılığı ilə alış-verişi halal etmişdir. Tacirlərə, bu günlər onların arasında adi hal almış sələmçiliyə də izn vermişdir

8. HİCAB VƏ NAMƏHRƏMƏ BAXMAQ
Bab hicab hökmünü götürmüş, qadın və kişilərin bir-birlərinə baxmalarını halal etmişdir.
Yusif surəsinin təfsirində deyir: “Qadınlara cənnət huriləri kimi ipək paltar geyib, özlərinə bəzək-düzək vermək və evlərindən camaat arasına çıxıb oturacaqlarda hicabsız oturmaq icazəsi verildi.” Özünün “Bəyan” kitabında yazır: “Allah “Bəyan” kitabında mömin kişilərə qadınlara, qadınlara da bəyəndikləri kişilərə baxmağa icazə vermişdir. Lakin Allahın istəyi olmayan şeylərə baxmamalıdırlar. Allah istəyir ki, cənnətdə olduqları kimi, kişi və qadınlar necə istəyirlərsə, eləcə də azad olsunlar. Bab bundan da artıq özünə cəsarət verərək ərləri xədim olan qadınlara uşaq dünyaya gətirmək üçün ərlərinin icazəsi ilə başqa kişilərlə cinsi əlaqədə olmaq icazəsi də vermişdir. O bu hökmü “Bəyan” kitabının 15-ci babının 4-cü vahidində və 15-ci babın 8-ci vahidində vermişdir.

Kitabın adı: İslam məzhəbləri ilə tanışlıq
Tərcümə edən: Ağabala Mehdiyev

 

Tags: DİNLƏR VƏ MƏZHƏBLƏR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!