BRAHMAN AYİNİ - 1

:

VEDA AYİNİNDƏKİ DƏYİŞİKLİKLƏR
Miladdan əvvəl 8-9-cu əsrlərdə brahmanlar (veda ayininin ruhaniləri) veda ayinində çox dərin dəyişikliklər etdilər. Bu dəyişikliklər əsasən həmin ayinin iki əsas aspektində baş vermişdi:

Birincisi ideologiya sahəsində idi, bu ayinin ardıcılları özlərini xilas etmək və tanrılarının güclənməsi üçün çoxsaylı allahlara sitayişdən, onların hüzurunda qurbanlıq kəsməkdən üz döndərərək bütün əşyaların vəhdətinə inam yaratmağa meyl etdilər. İkinci dəyişiklik isə dinin ictimai yönümü baxımından baş verdi. Onlar bu ayin ardıcılları arasında sinfi quruluş formalaşdırmağa başladılar. Bu quruluşda brahmanlar ən yüksək ictimai mövqeyə sahib oldular.
Bu dəyişikliklərdən sonra veda dövrünün klassik anlayışı öz yerini brahman ayininə verdi və bu cərəyan rəsmi olaraq öz çiçəklənmə dövrünü başladı. Brahman ayinində müqəddəs veda kitablarının öz əvvəlki etibar və dəyərini saxlamasına baxmayaraq, əsas meyar brahman və upanişad kitabları idi. Buna əsasən brahman ayinini üç əsas istiqamətdə araşdırmalıyıq:
1. İdeoloji dəyişikliklər;
2. İctimai proseslər;
3. Müqəddəs kitablar.

İDEOLOJİ DƏYİŞİKLİKLƏR
Brahmanların veda ayinində yaratdıqları ən mühüm ideoloji dəyişiklik onların nicat və qurtuluş anlayışına verdikləri yeni tərif idi.
Veda ayininin tərifinə uyğun olaraq insanların nicat və qurtuluşu məbudların, xüsusilə atəş allahı olan Aqninin razılığını əldə etməklə müyəssər olur. Bu da qurbanlıq mərasiminin təşkil olunması ilə mümkündür. Yeni tərifin müddəalarına görə isə brahmanlar nicat və qurtuluşun aləmin həqiqət və ruhuna qovuşmaqla, brahmanları tanımaqla müyəssər ola biləcəyi fikrindədirlər. Buna əsasən veda dinində zahiri və əyani olaraq keçirilən qurbanlıq mərasimi brahmanizmdə öz yerini batini mərasimə verdi.
Brahman ayininin əsas ideoloji prinsipləri aşağıdakılardır:
1. Brahmana etiqad;
2. Atmənə etiqad;
3. Karma;
4. Tənasüx;
5. Mukşa (nicat yolu).

1. BRAHMANA ETİQAD
Brahman, yaxud brahma veda ayini baxımından varlıq aləminin özü, həqiqəti, zatı, başlanğıcı və sonudur. O, əbədi və həmişəlikdir, hər yerdə vardır, onun vücudunda səma və yer, maddi və ya qeyri-maddi olmasından asılı olmayaraq dünyanın bütün varlıqları əhatə olunmuşdur.
Upanişadda brahman belə təqdim olunur: “Odur fənaya uğramayan əbədi allah! Elmli, hər yerdə olan və dünyanın gözətçisi! Odur varlıq aləminin hökm verəni!”
Başqa bir yerdə isə belə deyilir: “O vahid və sonu olmayan fərd aləmi yuxudan oyatdı.” “Əslində dünyanın əvvəlində brahman idi. Onun dörd tərəfdən heç birində ucu-bucağı yoxdur; ruhu sonsuz bir zatdır ki, doğulmamışdır və ağlın gücü ilə dərk oluna bilməz. O, göyün, kainatın ruhu idi və dünya fənaya uğradığı vaxtda yalnız o qalacaqdır....

2. ATMƏN
Atmən təkcə insanın düşünüb-daşınan ruhu, zehni-düşüncəsi deyil (brahmanın simvolu), eynilə brahmanın özüdür. Bu əqidəyə əsasən brahma ilə atmən arasında ortaq şəxsiyyət və tam vəhdət vardır. Bütün nəfslər - insani nəfs və ya heyvanların, həşəratın və bitkilərin ruhu, hər canlı varlığın nəfsi olmasından asılı olmayaraq – özlərinin bütün formaları ilə birgə başqa bir şey deyil, məhz brahmanın özündən ibarətdir.
Upanişad bu barədə belə deyir: “Brahmanın zühur və təcəllisi, hər bir şeyin ruhu məhz sənin ruhundur”. Sonra deyilir: “Onun  yerlərdə, sularda, odda, havada, zəif küləkdə, səmada, günəşdə, fələkin dörd bir tərəfində, ulduzlarda və ayda, zülmətdə və nurda olan hər bir şeylə birgə, eyni zamanda hər bir şeydən fərqlidir...
Bu ifadələrdən belə məlum olur ki, atmən-brahman dini nöqteyi-nəzərdən bütün varlıqların müştərək ruhu sayılır. Ruh dedikdə, göz önündə insan ruhu canlansa da, diqqət yetirmək lazımdır ki, su, od, hava, səma, günəş və s. barəsində də həmin ifadə, yəni “sənin ruhun” sözü işlədilmişdir.
Başqa sözlə, brahman ayinində insanlar üçün xüsusi bir ruh nəzərdə tutulmuşdur və ona atmən deyilir. Həmçinin bu dində atmənlə tam vəhdətdə olan kainatın ruhu, və ya “dünyanın canı” da mövcuddur. Upanişadlarda sonuncu məna sanskrit dilində “tet tom isi” kimi verilmişdir ki, bu da “sən odsan” deməkdir.
Atmən ilə brahman arasında müəyyən mənada ayrılmaz birlik vardır və onun müddəalarına görə bu iki varlıq müqəddəs nəfs və əbədi həqiqətdən ibarətdir. Brahman-atmən yozumu bu vəhdətin isbatı ola bilər. Upanişadda yuxarıdakı ifadə barədə belə oxuyuruq:
“Mənim qəlbimin daxilində olan ruh - düyü dənəsindən, yaxud buğda dənəsindən, yaxud xardal dənəsindən, yaxud ərzən dənəsindən, yaxud ərzən dənəsinin məğzindən daha kiçikdir. Qəlbimin içindəki ruh yerdən-göydən böyük, səmadan və bütün dünyadan əzəmətlidir. Bu mənim qəlbimin daxilində olan brahmadır!”
Brahman ayininin yuxarıda qeyd olunan fəlsəfəsi əsasları üzərində tədqiqat aparan alimlər brahmanla atmən arasında vəhdəti-vücudun olmasını bəyan etdikdən sonra, irfan sahəsinə daxil olaraq bu ayinin ardıcıllarına tövsiyə etmişlər ki, nəfsi kamilləşdirmək üçün nirvana - fəna mərhələsinə keçsinlər. Yəni, insanın ruhu dünyəvi ruhla vəhdət təşkil edib qovuşma mərhələsinə çatdıqdan, brahma ilə birləşdikdən sonra bu vüsalın özündən agah olur; bu birlik və agahlığın özü də onun daxilində bir növ cazibə, coşqunluq və məftunluq yaradır. Ondan sonra insan yəqin mərhələsinə çatdığı üçün təsvirəgəlməz səadət və ləzzətə nail olur. Sözlər və ifadələr onun həqiqi mənasını şərh etməkdə acizdir, əql onu dərk edə bilmir. Artıq bundan sonra arif şəxs brahmaya qovuşmuş hesab olunur və eyni halda onu mütləq sükunət və nəzarət bürüyür. Yəqin gözü ilə özünün brahma ilə olan ruhani vəhdətini hiss edir. Belə ki, öz ətrafında mövcud olan və hiss olunan əşyaları başqa bir şey kimi deyil, vahid bir vücuda malik olan halda görür. Arif insan bu halətdə özünü hər biri vahid və əzəli varlığın ayrı-ayrı təzahürləri olmalarına baxmayaraq onun yanında olan ağacla bir görür. Brahman dinində varlıqlar brahmanla vəhdətdə olmaqla eyni zamanda brahmandan ayrılır və seçilir. Zahirdə bütün aləm çoxluqlardan təşkil olunmuşdur, gerçəkdə isə belə deyildir. Çoxluqlar varlıq aləminin bəsit və fərdi həqiqətindən ayrılıq və əksliklərin təzahürləridir. Buna görə də öz özlüyündə nöqsana, şərlərin meydana gəlməsinə və kamaldan uzaq düşməsinə səbəb olurlar. Əgər bu müxtəliflik və çoxluq olmasaydı əzab-əziyyətin, çətinlik və kədərin mənası olmaz, aradan gedərdilər. Buna görə də insan fəna mərhələsinə yetişdikdə çoxluqdan yaxa qurtardıqda qurtuluş, səadət, xoşbəxtlik və kamala çatmaq hissi keçirir.
Brahmanların etiqadına görə atmən (yəni, varlığın ruhu və məğzi, insani mahiyyəti və batini) əzəli və əbədidir. Yaradılış və xilqətin bir dövrünə şamil edilən dünya dövranlarından hər biri (brahmanlar ona karpa deyirlər) bir gün sona çatacaqdır. Həmin gün bütün varlıqların ruhu öz cəsədlərindən ayrılacaq, asılı və sükunətdə olacaqlar. Uzun bir müddəti qət etdikdən sonra “pralaya” adlandırılan sükunət, yoxluq başa çatacaq, xilqət və yaradılış yenidən başlanacaq, yox olmuş aləm təzədən yaranacaqdır. Bu zaman ruhlar ətalət və donuqluq vəziyyətindən çıxacaq, yenidən hərəkətə, canlanmaya gələcəklər. Bütün kainat - bitkilər, canlılar, insanlar, şeytanlar və məbudların hamısı - yeni bədənlərdə öz həyatına başlayacaqlar. İctimai sinif və təbəqələr yenidən təşəkkül tapacaq və yeni karpa başlanacaqdır. Bu dövr də özünün yekun nöqtəsinə doğru hərəkət edəcəkdir. Beləliklə, dünyanın mövcudluq tarixi əzəli, əbədi şəkildə yeniləşmə və təkrarlanmaqdadır.

Kitabın adı: Dinlərlə tanışlıq
Tərcümə edən: A. Mehdiyev

Ardını buradan oxuyun

 

Tags: DİNLƏR VƏ MƏZHƏBLƏR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!