BRAHMAN AYİNİ - 2

:

3-4. KARMA VƏ TƏNASÜX
Brahmanların etiqadına uyğun olaraq atmən əzəli və əbədi olmaqla brahmanla vəhdət təşkil edir. Onun zatına azacıq belə olsa, nöqsan, şər və əzab-əziyyət yol tapmamışdır. Bu nöqsan, şər və əzab-əziyyət insanın rəftarındakı əməllərin nəticəsi, yaxud karmadır.

Karma atməni özünə tabe edərək onun ruhunu müəyyən şəklə salmış insani əməl və rəftarlardır.
Bu etiqada əsasən insan murdar və pis əməllər törətməsə öldükdən sonra ruhu brahmana qovuşur və xoşbəxtliyə çatır. Əgər çirkin və yaramaz əməl - karma törətmiş olsa, yaxud gələcəkdə belə işlər görsə onun ruhu heyvan və ya insanların cisminə, yaxud sair əşyalara keçərək yenidən həyat sürəcəkdir. İxtiyari deyil icbari olan bu yeni həyat insanın bir daha əzab-əziyyətləri, müsibətləri yenidən təcrübədən keçirməsinə səbəb olur. Bu  proses terminologiyada “samsara”, yaxud tənasüx və ya hülul adlandırılır.
Karma prinsipi əsasında, insan ruhu onun törətdiyi əmələ uyğun olaraq ölümündən sonra özündən yuxarı və ya aşağı cəsədə keçir və nəticədə öz əməlinin bəhrəsini görür. Upanişadlar bu barədə deyirlər: “Həyatlarında gözəl və bəyənilən əməl sahibi olanların ruhları ölümdən sonra pak və bəyənilən bətndə bir brahman (Brahman ayinində ictimai sistemin ən yüksək təbəqəsidir.) qadının, yaxud da kşatriyə (Brahman ayinində ictimai sistemin ikinci təbəqəsidir) və yaxud da visiyə (Brahman ayinində ictimai sistemin üçüncü təbəqəsidir) qadının bətnində özünə yer tapır. Amma şər işlər görən şəxslərin ruhları isə çox bəyənilməz bətnlərdə yerləşir.” (İtin, canavarın, donuzun qarnında, yaxud cəmiyyətin aşağı təbəqəsindən olan bir qadının bətnində.)
Samsara prinsipinə uyğun olaraq, qeyd etdiyimiz üslubda olan keçid, tənasüx və nəsil artımı ardıcıl surətdə insan əməlinə münasib şəkildə təkrar olunur. Cəmiyyətin aşağı təbəqəsindən olan yaxşı əməl sahibi olan insanın ruhunun ölümündən sonra brahmanın, yaxud cəmiyyətin yüksək təbəqəsindən olan bir şəxsin bədəninə keçməsi də mümkündür və bunun əksi də ola bilər.

5. MUKŞA (NİCAT YOLU)
Brahmanların etiqadına görə insan dünyada çirkin əməllərlə məşğul və şeytan xislətli olarsa, hökmən öz həyatının yeni dövrünü daha aşağı bir varlığın bədənində başlamalı, daha ağır əzab-əziyyət və müsibətlərə dözməlidir. Yaxşı əməl sahibləri isə öz həyatlarını daha üstün bir varlığın bədənində davam etdirəcəklər. Ancaq bilmək lazımdır ki, bundan əvvəl də qeyd olunduğu kimi, çoxluq aləminə yenidən qayıdış hər halda əzab-əziyyətlə müşaiyət olunacaqdır. Çünki həmin aləmin xüsusiyyətləri bunu tələb edir. Buna görə də  nə saleh, nə də çirkin əməl nicat və qurtuluşa səbəb olmur. Brahmanların nəzərinə görə nicat və qurtuluş yalnız mukşanın vasitəsilə mümkündür. Mukşa maddi meylləri tərk edib fəna yoluna qədəm qoymaqdan ibarətdir. İnsan var-dövlət sevgisi və dünyəvi istəklərdən əl çəksə brahmana qovuşar və əbədi rahatlıq tapar. Bu barədə Upanişad elmi iki mərtəbəyə - daha ali və daha aşağı dərəcəyə böldüyü (Aşağı elm dedikdə brahmanin təzahürlərini tanımaq və ona necə ibadət etməyi bilmək nəzərdə tutulur.) hissədə belə deyir:
“Daha ali elm – azadlıq elmi atməndə (yaxud insan varlığının həqiqəti və ruhu) bütün maddi meyllərdən və varlığı tələb edən şəraitlərin hamısından azad olmaqdır. İnsan bu məqama yetişməklə mukşaya, yəni nicat və qurtuluş yoluna çatacaq, atmən-brahmanın bir olmasını dərk edəcəkdir. Bu zaman vəhdətin şadlığında, əzəliyyət və əbədiyyət nəşəsində qərq olacaq,  aləmdəki daimi dəyişikliklərdən və köçmələrdən, samsaranın qeyri-ixtiyari həyat dəyişmələrindən həmişəlik xilas olacaqdır.”

Kitabın adı: Dinlərlə tanışlıq
Tərcümə edən: A. Mehdiyev

Ardını buradan oxuyun

 

Tags: DİNLƏR VƏ MƏZHƏBLƏR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!