İMAM MEHDİNİN (ƏC.) ÜMUMDÜNYA İNQİLABI (1)

:

İmam Mehdinin (əc.) qiyam günü haqqında bir çox müхtəlif rəvayətlər vardır. Bəzi rəvayətlərdə Aşura günü qiyamın ilk günü olacağından xəbər verilir. Bir neçə rəvayətlərdə qiyamın şənbə, bəzilərində isə cümə günündə təyin edildiyi söylənir.

Lakin İmam Mehdinin (əc.) qiyamının istər Aşura, istərsə də şənbə, yaxud cümə günündə baş verməsi heç də əsaslı problem yaratmır. Çünki bütün bu hədislərin etibarlı olduğunu qəbul etdiyimiz təqdirdə, bizi cümə gününün zühur, şənbəni isə qiyam günü kimi qəbul etməyə vadar edir. Yəni cümə günü zühur edəcək, şənbə günü isə qiyama qalxacaq.
Rəvayətlərdə eyniliklə şənbə gününün “qiyam” günü kimi təyin edilməsi, ilahi qanunların bərpası və müxalif qüvvələrin məhv edilməsi mənasını daşıyacaq.
Qeyd etmək lazımdır ki, qiyamın şənbə günündə baş verəcəyini təkid edən rəvayətlərin sənədləri haqqında tədqiqat aparmaq da pis olmazdı. Lakin qiyamın cümə günündə olacağını deyən hədislərdə bu baxımdan heç bir irad nəzərə çarpmır.
Bu barədə bir rəvayətə diqqət edin. İmam Sadiq (ə) buyurubdur: “Biz Əhli-beytin (ə) Qaimi (əc.) cümə günü zühur edəcək.”1
İmam Baqir (ə) bu barədə buyurub: “Elə bil ki, həzrət Qaimin (əc.) Aşura və şənbə günü “məqam”la “rükn” arasında və Cəbrayılın (ə) da оnun qabağında dayanıb camaatı оnunla beyət etməyə çağırdığını görürəm.”2
İmam Baqirdən (ə) belə nəql edilir: “İmam (ə.c) Aşuranın şənbə gününə düşdüyü və İmam Hüseynin (ə) şəhid olduğu bir gün qiyam edəcək.”3
İmam Sadiq (ə) buyurub: “23-cü gecə, İmam Mehdinin (ə.c) adı ilə nida ediləcək və Aşura günü, yəni Hüseyn ibn Əlinin (ə) şəhid olduğu gündə qiyam edəcək”.4

Zühurun elan оlunması
İmam Mehdinin (əc.) zühuru ilk öncə səmadan gələn səs vasitəsi ilə elan ediləcək. Bu hadisə İmam Mehdinin (əc.) Kəbə arxasında dayanıb haqqa dəvət edərək özünün zühurunu elan etdiyi zaman baş verəcək.
Əmirəl-möminin Əli (ə) buyurur: “Göy üzündən bir səda eşidiləcək: Haqq Ali-Məhəmmədlədir! Hidayət yoluna və səadətə qovuşmaq istəyirsinizsə, Ali-Məhəmmədin ətəyindən yapışın, İmam Mehdi (əc.) zühür edəcək!”5
İmam Baqir (ə) bu barədə belə buyurub: “İmam Mehdi (əc.) Məkkədə xiftən namazı zamanı zühur edəcək. Bu zaman onun əlində bir bayraq, Peyğəmbər Əkrəmin (s) köynəyi və qılıncı olacaq. O, İşa namazını qıldıqdan sonra belə deyəcək: Ey camaat! Sizi Allah-Təalanı zikr etməyə çağırıram və qiyamət günü Onunla üzbə-üz gələcəyinizə əmin edirəm. O Böyük Allah, siz insanlara öz Höccətini (bu dünyada) tamamlamış, peyəmbərlərini sizin üçün məbus etmiş (göndərmiş) və sizin üçün Qurani-Kərim nazil etmişdir. Allah-Təala sizə Ona şirk etməmək və göndərdiyi peyğəmbərlərinə itaət etməyi əmr edibdir. Оnun nazil etdiyi Quranda verdiyi əmrlərdən biri də dirçəltmək lazım оlan şeyləri yerinə yetirmək və məhv ediləcək şeylərin isə aradan qaldırılmasıdır. Bu əmrlərə əməl edin, hidayət yolçularının yardımçısı olun, təqvalı və pərhizkarlarla həmkarlıq edin. Çünki fasiq dünyanın sonu yetişmiş və onunla vidalaşmaq zamanı gəlib çatıbdır.
Mən sizi Allaha, Onun Rəsuluna (s) itaətə və kitabındakı qanunlara əməl edib, Peyğəmbərinin (s) gözəl rəftarlarını dirçəltməyə və batil işləri məhv etməyə tərəf dəvət edirəm. Bu sözləri dedikdən sonra İmam Mehdi (əc.) üç yüz оn üç nəfər yaхın sirdaşları ilə zühur edəcək.”6

 

 

İKİNCİ HİSSƏNİ BURADAN OXUYUN


1. “İsbatul-Hudat”, səh. 496; “Biharul-ənvar”, 52-ci cild, səh. 279.
2. “Qeybət”, Tusi, səh. 274; “Kəşful-Ğəmmə”, 3-cü cild, səh. 252; “Biharul-ənvar”, 52-ci cild, səh. 290.
3. “Kəmalud-din”, 2-ci cild, səh. 653; “Qeybət”, Tusi, səh. 274; “Ət-Təhzib”, 4-cü cild, səh. 333; “Mulazul-Əxyar”, 7-ci cild, səh. 174; “Biharul-ənvar”, 52-ci cild, səh. 285.
4. “Qeybət”, Tusi, səh. 274; “Biharul-ənvar”, 52-ci cild, səh. 290.
5. “Əlhavi lil-Fətava”, 2-ci cild, səh. 68; “İhqaqul-Həqq”, 13-cü cild, səh. 324.
6. “Fitən”, İbn Həmmad, səh. 95; “Əqdud-Durər”, səh. 145; “Ləvaih”, Səfarini, 2-ci cild, səh. 11; “Mulahim”, İbn Tavus, səh. 64; “Siratul-Mustəqim”, 2-cic icld, səh. 262.

 

Tags: İMAM ZAMAN (ə), DİNLƏR VƏ MƏZHƏBLƏR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!