NƏBƏ SURƏSİNİN TƏRCÜMƏ VƏ TƏFSİRİ - 1

:

“Nəbə” surəsi 40 ayədən ibarətdir və Məkkədə nazil olmuşdur. Ümumiyyətlə Quranın axır surələrinin çoxu Məkkədə nazil olmuşdur. Bu surələr məad və qiyamət, həmçinin cənnətlə müjdələmək və ilahi əzabdan qorxutmaq məsələlərindən ibarətdir.

İnsanları qəflət yuxusundan oyadır və ibrətlərlə doludur. Nəbə surəsi də bunlardan istisna deyil. Bu surə bir neçə məsələni özündə ehtiva edir:
1) Böyük hadisə – “Qiyamət” haqqında sualdan,
2) Allahın yer-göylərdə, insan həyatında olan qüdrət nişanələrindən, yer üzündəki təbiət hadisələrindən,
3) Qiyamət günü və onun başlanğıc əlamətlərindən,
4) Allahı inkar edənlərin cəzalandırılacağından, günahkar və zalımlara veriləcək dərdli əzablardan söhbət acır.
5) Sonda isə cənnət nemətləri haqqında açıqlamalar verir. Allahın əmrlərinə itaət edənlərin içində növbənöv nemətlərin olduğu Cənnətə gedəcəklərindən danışır.
Bu surənin “Nəbə” adlandırılmasının səbəbi 2-ci ayədə qeyd olunan “Nəbəin-Əzim” ibarəsidir. Bəzən də bu surə ilk ayəyə görə “Əmmə yətəsaəlun” surəsi adlanır.

NƏBƏ SURƏSINI OXUMAĞIN FƏZILƏTI (SAVABI)
1. Həzrət Rəsul (s) buyurur: "عم یتساءلون" surəsini oxuyan şəxsi, Allah-taala qiyamət günündə sərin və dadlı içkilərlə sirab edər.” ("Məcməul-bəyan” təfsiri, c.10, səh. 420)
2. İmam Sadiq (ə) buyurur: “Hər gün davamlı olaraq “Əmmə” surəsini oxuyan şəxs, ili tamam olmamış Allah evini ziyarət edər.” (“Məcməul-bəyan” təfsiri, c.10, səh. 420)
3. Həzrət Peyğəmbərdən (s) belə nəql olunur: “Bu surəni oxuyan və əzbərləyən şəxsin qiyamət günündəki hesab-kitabı bir namazın qılınması miqdarında olacaqdır.” (“Əl-Burhan” təfsiri, c.4, səh. 419)

NƏBƏ SURƏSININ TƏFSIRI

Bağışlayan və mehriban Allahın adı ilə.

Allah-taala ilk ayədə təəccüblə qarışıq sualla buyurur:

عَمَّ يَتَسَاءَلُونَ
1. (Kafirlər) bir-birlərindən nə haqqında soruşurlar?
Sonra isə cavab gözləmədən buyrur:

عَنِ النَّبَإِ الْعَظِيمِ
2. Böyük bir xəbər (Qiyamətin gəlməsi, yaxud Quranın haqq olması) haqqında.

الَّذِي هُمْ فِيهِ مُخْتَلِفُونَ
3. Elə bir xəbər ki, onun barəsində ixtilafdadırlar (bəzisi onu qeyri-mümkün, bəzisi onu az ehtimal olunan, bəzisi şəkk-şübhə etmiş və bəzisi də bunu bilmələrinə baxmayaraq inkar etmişlər).

Nəbə (نباء) kəlməsi barədə açıqlama:
“Əhəmiyyətli”, “faydalı” və “insanın ona elmi və ya gümanı olduğu” xəbərə “nəbə” deyilir. Bu 3 məna bir yerdə olmasa “nəbə” (böyük xəbər) sayılmaz.
Sual: “Nəbəin-əzimdən” (نبا ء عظیم) məqsəd nədir?
Cavab: Bu barədə təfsir alimləri müxtəlif fikirlər irəli sürmüşlər:
a) Qiyamət günü.
b) Quranın nazil olması.
c) Üsulid-din.
d) Bəzi rəvayələrdə isə vilayət və imamət məsələsinə işarə olunur.
Amma qiyamət və məad haqqında olması daha məqsədə uyğundur. Çünki müşrik və kafirlər ən çox məad məsələsi ilə müxalifət edirdilər.
Sual: Əgər böyük xəbərdən məqsəd qiyamətdirsə, kafirlər axı onu inkar edirdi. Bəs nə üçün 3-cü ayədə buyurulur: “Elə bir xəbər ki, onun barəsində ixtilafdadırlar.”?
Cavab: İlk olaraq, məad və qiyamətin inkar edilməsi kafirlərin yanında qəti şəkildə deyildi, çünki onların çoxu ruhun bədəndən ayrıldıqdan sonra yaşamasına inanırdılar. Başqa sözlə desək, onlar ruhani məada inanır, lakin cismani məadı inkar edirdilər.

كَلَّا سَيَعْلَمُونَ
4. Xeyr, belə deyildir (onların düşündüyü kimi deyil). Tezliklə biləcəklər. (Qiyamətin haqq olduğunu)

ثُمَّ كَلَّا سَيَعْلَمُونَ
5. Yenə də xeyr, belə deyildir. Onlar tezliklə biləcəklər.
Bu iki ayə «böyük xəbər»i inkar edənlər üçün bir təhdiddir. Qiyamətdə ilahi əzab onları əhatə edən zaman, həqiqətin nə olduğunu başa düşəcəklər və dünyaya qayıtmağı, yaxşı əməllər etməyi arzu edəcəklər, lakin artıq gec olacaq. Onlara bir daha dönüş izni verilməyəcək!
Sual: Nə üçün “məad” məsələsi üzərində bu qədər təkid olunur?
Cavab: İnsanları islah etmək üçün ilk addım ondan ibarətdir ki, onlar hesab-kitab, sorğu-sual və bir məhkəmənin olduğunu bilsinlər. İnsan bilməlidir ki, o məhkəmədə ədalət hökm sürür və rüşvət, qohumbazlıq yoxdur. Orada heç kəsə zülm olunmur. İnsan bütün bunlara diqqət etdikdə, yatmış ruhu və vicdanı qəflət yuxusundan ayılır, onda məsuliyyət hissi yaranır. Etdiyi hər əmələ görə (istər yaxşı, istərsə də pis) cavab verəcəyini anlayır. Belə bir iman onu hər növ günahdan saxlayır. Bu səbəblərə görə məad məsələsinə diqqət olunur və əhəmiyyət verilir.

Hər şey insanlar üçün...
Növbəti ayələrdə Allahın hikmət əsasında olan yaradılış aləmi, bu nizam-intizam və saysız-hesabsız nemətləri haqda açıqlamalar verilir. Onlar insan həyatında böyük təsirlərə malikdir. Bütün bunlar, Allahın qüdrət sahibi və hər şeyə qadir olmasına aydın dəlildir. Eyni zamanda isə işarə edir ki, bu hikmətli yaradılış və onda olan nizam-intizam bihudə deyildir və əbəs yerə yaradılmamışdır. Əgər maddi dünya həyatı hər şeyin sonu olarsa, onda bütün bunlar hamısı mənasız olar. Halbuki, belə deyil, Allah-taala hər şeyi hikmət əsasında və müəyyən hədəflər üçün yaratmışdır!

Təfsir edəcəyimiz növbəti 11 ayədə Allah-taala 12 böyük nemətə işarə edir.

İlk olaraq yerdən başlayır:

أَلَمْ نَجْعَلِ الْأَرْضَ مِهَادًا
6. “Məgər Biz yeri rahat beşik (döşək) etmədikmi?
“Mihad” kəlməsi lüğət də hazır, hamar və səliqəli yer mənasındadır. Bu ibarənin yer üçün seçilməsi özündə çoxlu dərin mənalar daşıyır. O cümlədən;
Birincisi, yerin böyük hissəsi yumşaq, hamar və səliqəlidir, insan orada ev tikib bağ-bağça sala bilər. Həmçinin əkinçiliklə məşğul ola bilər.
İkincisi, insanın ehtiyacı olduğu şeylər onun üzərində, yaxud daxilində (mədənlərdə) xammal olaraq mövcuddur.
Üçüncüsü, yer, tullantı maddələri, mikrobları məhv edir.
Dördüncüsü, yer özünün sabit və sürətli hərəkəti ilə öz oxu və günəş ətrafında fırlanır, gecə-gündüzü və insan həyatında böyük əhəmiyyətə malik olan 4 fəsli yaradır.
Beşincisi, onun üzərinə yağan qar və yağışları, ehtiyat olaraq özündə saxlayır, bulaq və kəhriz olaraq bayıra göndərir.
Ümumiyyətlə bu beşikdə (yataqda) bütün rahatlıq vasitələri Adəm övladları üçün hazırdır.

Yerin əhəmiyyətini vurğuladıqdan sonra dağların əhəmiyyəti və onun həyati rolu haqqında danışır:

وَالْجِبَالَ أَوْتَادًا
7. Dağları (onun səthində) mıxlar – (dirək) etmədikmi?
Dağlar yerin dərinliklərində köklər atmış və orada bir-birinə sıx bağlanmışdır.
Əli ibn Əbu Talib əleyhis-salam buyurur: “Dağlar mıx kimi yer kürəsini saxlayır. Əgər dağlar olmasaydı, yer kürəsi parça-parça olardı.”
Dağlar yerin üst qabığını (qatını) yerin daxilində olan əriyici maddələrin təzyiqindən, ayın yerin üzərində qoyduğu dalğaların təsirindən qoruyan qalxan hökmündədir.
Həmçinin güclü tufan və küləklərin qarşısında divara bənzəyir. Əgər onlar olmasaydı, insanların həyatı tufan və küləklər qarşısında dözülməz olardı.
Eyni zamanda dağlar öz daxilində suları toplayır, müxtəlif qiymətli mədənlərə sahibdir.
Bunlardan əlavə, alimlər deyir ki, əgər yer üzünün hamısı düzənlik olsaydı, onun üzərində hərəkət edən hava kütləsi (axını) çətinliklərlə qarşılaşar, o havanın hərəkətində sürüşmələr yaranar və nəticədə böyük tufanlar, qasırğalar əmələ gələr. Həmçinin yer kürəsi (üzəri) o qədər isti və yandırıcı olar ki, yaşamaq mümkün olmaz.
Yer kürəsinin öz ətrafında fırlanması da çox təəccüblüdür. Bunların hamısını, yer kürəsinin müxtəlif hərəkətləri ilə yanaşı nəzərə alsaq görərik ki, dağlar olmasaydı yer kürəsində heç bir əmin-amanlıq, sabitlik olmazdı.

İki böyük təbiət nişanə və nemətlərini bəyan etdikdən sonra, insan vücudunun daxili nemətlərinə işarə edərək buyurur:

وَخَلَقْنَاكُمْ أَزْوَاجًا
8. Biz sizləri (kişi və qadın olmaqla) cüt-cüt yaratdıq.
“ازواج” [əzvac] sözü “زوج” [zəvc] sözünün cəm formasıdır və adətən erkək və dişi cinslərin cütlüyünə deyilir. Ərəb dilində “زوج” [zəvc] sözü adətən erkək və dişi cinslərə deyilir. Bu baxımdan bitkilər və ya heyvanat aləmi arasında fərq qoyulmur. Əgər həmin ifadəni daha geniş mənada götürsək bütün mənfi-müsbət yükləri əhatə edir
İnsan da bu iki cütdən yaranmışdır. Bu iki cüt bir-birinin yanında cismi və ruhi baxımdan aramlıq tapır. Allah-taala bu barədə “Rum” surəsi 21-ci ayədə buyurur: “Onların yanında aramlıq tapasınız deyə sizin üçün öz cinsinizdən zövcələr yaratmağı və sizin aranızda (ər-arvadın, yaxud insanların arasında) dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması onun nişanələrindəndir, həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın tövhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır.”
Başqa sözlə desək, qadın və kişi bir-birinin maddi və mənəvi ehtiyaclarını təmin edir və nöqsanlarını aradan qaldırırlar.
“Əzvac” sözü lüğətdə “təbəqə”, “növ” mənalarında da işlədilmişdir. Bəzi təfsirçilər deyir ki, bu ayə müxtəlif insan təbəqələrinə və onların arasında olan fərqlərə, o cümlədən; (rəng, soy, ruhiyyə və istedadlara) işarə edir. Bunların özü də Allahın qüdrət və əzəmət nişanələrindəndir.

Sonrakı ayədə Allahın digər nemətlərindən olan “yuxu”ya işarə edərək buyurur:

وَجَعَلْنَا نَوْمَكُمْ سُبَاتًا
9. Yuxunuzu (bədəninizin) rahatlıq vasitəsi etdik.
“Subat” bir işin tətil edilməsi, yəni istirahət mənasında işlədilir. Subat kəlməsi bu ayədə çox incə bir məqama işarə edir, belə ki, yuxu zamanı insanın ruhi və cismi fəaliyyətlərinin böyük hissəsi istirahət edir. Bu qısa müddətli tətil və fasilə bədən üzvlərinin istirahət etməsinə, yenidən qüvvə toplamasına, ruh və cismin güclənməsinə, insanın şadlanmasına səbəb olur.
İnsan omrünün 1/3 hissəsinin yuxuda keçməsinə baxmayaraq, hələ də onun sirr və mahiyyəti lazımi qədər tanınmamışdır. Hətta məlum deyil ki, hansı amil insanın beyninin müvəqqəti olaraq fəaliyyətdən dayanmasına, gözlərinin yumulmasına səbəb olur.
Buna baxmayaraq, yuxunun insan həyatında və onun sağlamlığında böyük rolu danılmazdır. Buna görə də pixoloqlar ilk növbədə xəstələrinin yuxu məsələsini (proqramını) tənzimləməyə çalışırlar.
Təbii və normal şəkildə yatmayan insanlar aşağıda qeyd olunan problemlərlə qarşılaşırlar: yorğunluq, narahatlıq, əsəb gərginliyi, qəmgin olmaq, solğunluq və.s
Lakin qaydasında yatanlar yuxudan şad, enerjili qalxırlar. Aram bir yuxudan sonra mütaliə etmək çox faydalı olur. Belə yuxudan sonra insan elmi və fikri işlərində müvəffəqiyyətə tez nail ola bilir. Bütün bunlar hamısı yuxunun insan həyatındakı böyük rolunu və əhəmiyyətini çatdırır.

Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!