MATURİDİNİN ƏŞƏRİ VƏ ƏHLİ-HƏDİS MƏZHƏBLƏRİ İLƏ İXTİLAFI

:

Aşkar şəkildə nəzərə çarpır ki, Maturidi əhli-hədis və əşəri məzhəblərinin bəzi etiqadi nəzərləri ilə müvafiq idi. Əks halda, burada orta mövqe seçməyə heç bir əsas olmazdı. Amma bununla belə, onun bu iki məzhəblə bir neçə əsaslı məsələdə ixtilafı var idi. Bunlar aşağıdakılardır:

1. Allah barəsində ümumi anlayış və mərifət;
2. İlahi sifətlər;
3. Cəbr və ixtiyar;
4. Əşyaların hüsn və qübhü (insan ağlının yaxşı və pisi ayırd etməyə qadir olub-olmaması);
5. İnsanların bacarıqlarından artıq işlərə əmr olunması;
6. Böyük günahlara mürtəkib olanların hökmü.
Qeyd etmək lazımdır ki, Maturidinin əhli-hədis və əşəri məzhəbləri ilə ixtilaf və fərqləri təkcə yuxarıdakı altı məsələdə bitmir. Onların arasında digər ixtilaflı məsələlər də vardır ki, onların araşdırılması elə əhəmiyyət daşımır. Bu haqda əlavə məlumat əldə etmək istəyənlər müfəssəl kəlam və fəlsəfə kitablarına müraciət edə bilərlər.
1. Allah barəsində ümumi anlayış və mərifət:
Allahı tanımaq və Onun barəsində mərifət kəsb etməyin zəruri və lazım olması barədə heç bir ixtilaf yoxdur və bütün firqələr bunun vacib olduğunu təsdiq etmişlər. İxtilaf yalnız mərifətin vacib olmasının necə isbat olunmasındadır. Əşərilər Allah barəsində mərifət kəsb etməyin, yalnız nəqli yolla vacib olmasına inanırlar. Onun üçün qeyd etdikləri dəlillərdən biri bu ayədir:
De ki, bir gör göylərdə və yerdə nələr var. Lakin iman gətirməyən bir tayfaya ayələr və peyğəmbərlər heç bir fayda verməz.” (“Yunus” surəsi, ayə: 101)
Allah Taala bu ayədə nəzər salmağı (mərifət kəsb etməyi) əmr edir.
Əşərilərin qarşısında maturidiçilər inanırlar ki, Allah barəsində mərifət kəsb etməyin vacib olması əqli yolla isbat olunur. İnsan azacıq da olsa, təfəkkür etməklə Allahın vücudu bərəsində mərifət kəsb etməyin vacib olması, tövhid, ilahi iradə, qüdrət və elm, aləmin hadis olması, möcüzənin peyğəmbərlərin doğruluğuna dəlaləti, Allaha küfr və Onu təkzib etməyin haram olması kimi məsələlərə vaqif olacaqdır. Bu nəzərdə maturidiçilər mötəziləçilərlə müvafiqdirlər. Çünki mötəziləçilər də Allah barəsində mərifət kəsb etməyin məhz əqli cəhətdən vacib olmasına inanırlar.
2. İlahi sifətlər:
İlahi sifətlər barəsində Maturidinin nəzəri üç halda (bunlar məzhəblər arasında ixtilaflı sayılan ən mühüm məsələlərdəndir) araşdırılmalıdır.
a) Allahın zati sifətləri:
Əbu Muin Nəsəfinin nəql etdiyi kimi, Əbu Mənsur Maturidi Allahın zatı ilə sifətlərinin eyniyyət təşkil etdiyinə inanır və sifətlərin zata artırılmasına etiqad bəsləyən əşərilərin və əhli-hədisin nəzərini rədd edir. O, bu barədə deyir: Allah Öz zatı ilə alimdir, Öz zati ilə diridir, Öz zati ilə qadirdir. Bu bəyan Əhməd ibn Hənbəlin həmin əqidənin izahında gətirdiyi ifadələrin qarşısında gətirilmişdir.
Maturidi daha sonra feli sifətlərlə zati sifətlər arasındakı fərqi rədd edir və feli sifətləri də zati sifətlər kimi əzəli hesab edir. Bu nəzərə əsasən, Allah-taala xəlq etməzdən əvvəl də, sonra da Xaliqdir. Bu söz də aləmin əzəli olmasını çatdırmır. Çünki elm və qüdrət əzəli sifətlər olduğu kimi, məlumat və müqəddərat da məxluqdur, təkvin də əzəli sifətdir, lakin “mükəvvənat” məxluqdur.
b) Xəbəri sifətlər:
Maturidi xəbəri sifətlər barəsində Allah ilə insanın sifətləri arasında heç bir təşbihi qəbul etmir və nəzərini “Şura” surəsinin 11-ci ayəsinə istinad etməklə sübut etməyə çalışır: “Allah-taala Öz məxluqatının heç biri ilə müqayisə edilməz və onlara təşbih oluna bilməz.”
Maturidi nəinki əhli-hədisin təşbihə inanan bir dəstəsinin nəzərini, hətta əşərilərin “xüsusiyyətsiz isbat” nəzəriyyəsini də rədd edir. O, mötəzilə məzhəbinin yozumunu da qəbul etməyərək deyir:
“Hər bir yozum ehtimali nəzəriyyə olduğu üçün onun həqiqətin əksinə olması da mümkündür.” Məhz bu səbəbdən də, Maturidi xəbəri sifətlərə iman gətirməklə yanaşı, bu sifətlərin mənalarını Allahın elminə həvalə etmişdir.
c) İlahi kəlam:
Maturidi inanır ki, Allahın kəlami sifəti sair ilahi sifətlər kimi əzəli və misilsizdir; o, bəşər kəlamına təşbih edilməməlidir. Deməli, Allah kəlamı hərf və səslərdən təşkil olunmamışdır; Allah kəlamı kəlmələrlə ifadə olunan bir sıra mənalardan ibarətdir. Nəticə etibarı ilə qeyd olunmalıdır ki, məxluqun kəlam hərfləri və kəlmələri Allahın zati və əzəli kəlamının göstəricisidir və Allah kəlamının yalnız məxluq kəlamı vasitəsi ilə eşidilmək və düşünülmək imkanı vardır.
3. Cəbr və ixtiyar:
Maturidi qəzavü-qədər, eləcə də cəbr və ixtiyar məsələsində həm əhli-hədisin və əşərilərin, həm də mötəzilənin nəzərini rədd edir. O inanır ki, Allahla insanlar arasındakı rabitə Allahla sair cismlər və varlıqlar arasındakı rabitə kimi deyildir. Allah insana əql qüvvəsi, haqqı batildən ayırd etmək qüdrəti, idrak, hiss, iradə, mühakimə yürütmək və qərara almaq kimi qüvvələr vermiş, bəşərin hidayəti üçün peyğəmbərlər və səmavi kitablar göndərmişdir. İnsan öz nəzərinə görə, faydalı olan bir şeyə meyl edir, zərərinə olan şeylərdən isə çəkinir. Bu zaman əql və dərk qüvvəsindən istifadə edərək, bir əməlin müxtəlif yollarından birini seçir və onun özü yaxşı və ya pis əməllərinin məsuliyyətini daşıyır. O, bütün bu mərhələlərdə azad və seçməkdə ixtiyar sahibidir; heç vaxt xarici bir amilin onu vadar etməsini hiss etmir. Həmçinin Allah-taala insanı müəyyən işlərdən çəkindirmiş və ya əmr etmiş, onu öz əməlinin məsulu, cavabdehi təyin etmişdir.
İnsan öz əməlinə görə müəyyən savab, yaxud əzaba layiq olur. Əgər insanın əməli Allahın məxluqu olsaydı, Allahın Özü savab və ya cəzaya layiq olardı. Allahın, Özü xaliqi olduğu işləri bəndənin adına yazıb, qiyamətdə onu cəzalandırması ilahi ədalətə layiq deyildir.
Buna əsasən, insanın felləri onda Allah tərəfindən vücuda gətirilən və insanın özünə mənsub edilən ixtiyar və qüdrət vasitəsi ilə yerinə yetirilir. (“Ət-tövhid”, Əbu Mənsur Maturidi; “Üsuli-din”, Əbu Yüsr)
Maturidi ilahi qəzavü-qədərlə insanın ixtiyar və azadlığı arasında heç bir ziddiyyət görmür. Onun əqidəsinə görə, insanın bütün əməlləri ilahi-əzəli elmlə lövhi-məhfuzda yazılmasına baxmayaraq, insan cəbrə məhkum edilməmişdir. Çünki Allah-taalanın əzəldən bildiklərini insan öz ixtiyar və iradəsi ilə, azad şəkildə yerinə yetirir. İnsan ilahi qəzavü-qədəri bəhanə edərək, öz məsuliyyətlərini inkar edə bilməz. İnsan mütləq ixtiyar sahibi olmasa da, Allah-taala onun vəzifəsi ilə mütənasib azadlığı ona əta etmişdir. Buna görə də, insanın əməlləri ilə bağlı olan ilahi qəzavü-qədər təbiət aləmi ilə əlaqədar olan ilahi qəzavü-qədərlə eyni hesab edilməməlidir. (“Tarixi fəlsəfə dər İslam”, Miyan Məhəmməd Şərif, 13-cü fəsil)
4. Əqli hüsn və qübh (insan ağlının yaxşı və pisi ayırd etməyə qadir olub-olmaması):
Maturidi ardıcılları əşyaların (əqli) qübh və hüsnünə etiqad bəsləyirlər. (Yəni insan ağlının yaxşı və pisi ayırd etməyə qadir olmasına inanırlar.) Hüsnü mədh və savaba, qübhü isə məzəmmət və əzaba layiq olmaq mənasında bilirlər. Onlar inanırlar ki, əql hüsn və qübhün ayırd edilməsində müstəqildir və Allah-taala Öz ədaləti əsasında yaxşı əməl sahiblərinə mükafat, günahkarlara isə əzab verəcəkdir.
5. İnsanı bacarığından artıq işlərə əmr etmək:
Maturidi ardıcılları insanın qüdrət və bacarığından artıq işlərə əmr edilməsini caiz bilmirlər. Əbu Mənsur Maturidi belə deyir: “İnsanın bacarığından artıq işlərə əmr edilməsi, onların bu işlərə qüdrətinin olmamasına görə, yaxud felin əncam verilməsi şərti olmadıqda caiz deyildir.
Əlbəttə, Maturidi müəyyən bir işi əvvəlcədən yerinə yetirməyə qüdrəti olmayan şəxslərlə öz qüdrətini aradan aparan şəxslər arasında fərq qoymuşdur. Birinci qisim də bacarıqdan artıq vəzifəli edilməyi qadağan, ikinci halda isə caiz hesab edir.
6. Böyük günahlara mürtəkib olanların hökmü:
Maturidi böyük günahlara mürtəkib olanları mömin hesab edir və inanır ki, imanın zahiri hökmləri onlarda qüvvədədir. Əlbəttə, əgər tövbə etməsələr, qiyamətdə şəfaətə nail olmazlar və onlara əzab veriləcək; amma əbədi olaraq əzabda qalmayacaqlar.
Maturidiçilərin nəzərində iman “qəlbi etiqad” və “təsdiq”dən ibarətdir. Başqa sözlə desək, imanın ən azacıq mərhələsi “qəlbi etiqad” və “təsdiq”lə gerçəkləşir, hökmlərə əməl etmək isə imanın tərkib hissəsi deyildir. Buna əsasən, bir kəs qəlbi etiqadda iman şərtlərinə malik olsa və ilahi hökmləri inkar etməsə, şeytanın vəsvələri ilə qurşandığı günahlara görə möminlər cərgəsindən çıxmaz.

Kitabın adı: İslam məzhəbləri ilə tanışlıq
Tərcümə edən: A. Mehdiyev

 

 

Tags: DİNLƏR VƏ MƏZHƏBLƏR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!