DİNİ CƏMİYYƏTLƏRDƏ PARÇALANMANIN SƏBƏBLƏRİ - 1

:

Bütün dinlər, məktəblər və etiqadi ayinlər daim öz inkişaf yolunda bir neçə firqəyə, məzhəbə bölünmüşdür. Bir məktəbin və ya dinin yaranmasından nə qədər çox zaman fasiləsi keçirsə, onun firqə və məzhəblərinin sayı da, bir o qədər çox olur.

Aydınlaşdırmaq lazımdır ki, din və məktəblərdə parçalanmanın, onun ardıcıllarının neçə-neçə dəstələrə bölünməsinin əsas səbəbi nədir?

Etiqad, din, məktəb və məzhəb ardıcıllarının müxtəlif dəstələrə bölünməsinin ən mühüm səbəbləri kimi, aşağıdakı amilləri qeyd etmək olar:

1. BƏŞƏR DÜŞÜNCƏSİNİN XÜSUSİYYƏTİ

İdeologiya və məktəblərdə bir neçə dəstənin yaranmasının ilkin amili kimi, bəşər düşüncəsinin özünəməxsus təbiətini qeyd etmək lazımdır. Yəni insanlar hər bir fikri-nəzəri məsələ barədə dərindən düşündükdə, müxtəlif nəticələr əldə edirlər və bu zaman müxtəlif nəzəriyyə və fikirlər meydana çıxır. Bu qanunauyğunluq riyaziyyat kimi dəqiq elmlərdən başqa, nəzəri məsələlərin hamısında doğrudur. Çünki, adətən iki alim tapmaq olmaz ki, bir nəzəri məsələ barədə ayrı-ayrılıqda fikirləşib, dəqiq şəkildə vahid bir nəzəriyyə irəli sürsünlər.

Bu amil ilahi dinlər barəsində “fikri məktəblər” adı ilə daha qabarıq şəkildə büruzə gəlmişdir. Bildiyiniz kimi, dinlər nəzəriyyə, dünyagörüşü və ideologiyadan ibarət olan prinsiplər məcmuəsidir ki, bunlar da dini alimlərin vasitəsi ilə təfsir və təhlil olunmuşdur. Dini-nəzəri prinsiplər nə qədər çox və rəngarəng olsalar, bir-birindən fərqli olan təhlillərin yaranması üçün meydan daha da genişlənir. Bundan əlavə, din insanlara kütləvi şəkildə müraciət edir və onların həyatının bütün yönləri ilə maraqlanır. Buna görə də, insanların hamısı bir növ özlərinə haqq verir ki, dini əsaslar və prinsiplər barədə nəzəriyyə irəli sürüb onları təhlil etsinlər. Din və məktəblərdə müxtəlif nəzəriyyələri analiz edib dəyərləndirmək, nəticədə müştərək qərar çıxarmaq üçün sabit və hamının qəbul etdiyi bir meyar olmadığından, ardıcılların mövcud meyarlar əsasında yiyələndikləri nəzəriyyələr bir-birindən fərqlənir. Buna görə də, ixtilaf və çəkişmələrin, eləcə də qarşıdurma və cəbhələşmənin qarşısını almaq mümkün deyildir.

2. İCTİMAİ DƏYİŞİKLİKLƏR

Məlum olduğu kimi, cəmiyyət daim dəyişiklik və inkişafdadır; bəşər həyatında vaxtaşırı yeni ictimai şəraitlər meydana gəlir. İctimai dəyişikliklər də dini ayinlərə, etiqad və inanclara yenidən baxılmaq zərurətini yaradır. Belə bir prosesdə alimlər və ideoloqlar din barəsində yeni-yeni təhlil və təfsirlər çıxararaq, etiqadi ayinləri yeni ictimai şəraitlə uyğunlaşdırmağa çalışır, bununla da öz məktəblərinin ümumbəşəri tərəqqidən geri qalmamasını istəyirlər. Onlar öz əqidə üsullarının dövri tələbata cavab vermədiyini gördükdə, başqa sözlə, bu ayinlərin öz ardıcıllarının səadət və xoşbəxtliyini təmin etmədiyini müşahidə etdikdə, öz din və məktəbləri barədə yeni-yeni təhlillər təqdim etməyə başlayırlar. Bu da, adətən dində yeni nəzəriyyənin meydana gəlməsi və nəhayətdə, yeni məzhəb və firqənin yaradılması ilə nəticələnir.

Cəmiyyətdə müşahidə olunan əsaslı yenilik və tərəqqi din aləmində yeni-yeni şübhə və suallar doğurur. Hətta, bəzən etiqadi məsələlərlə bağlılığı olmayan texniki inkişaf da dini nöqteyi-nəzərdən təhlil olunmaq məcburiyyətində qalır. Məsələn, din alimlərindən yenicə kəşf olunmuş tibbi ləvazimat, metod və dərmanlar haqda soruşurlar, dinin bu məsələlərlə əlaqədar cavab və mövqeyini bilmək istəyirlər. Bu kimi hallarda da, din alimləri və ideoloqlarının tutduqları mövqe, üslub və cavab din barədə müxtəlif fikir və nəzəriyyələrin büruz etməsinə səbəb olur.

Kitabın adı: İslam məzhəbləri ilə tanışlıq

Tərcümə edən: A. Mehdiyev

Ardını buradan oxuyun

 

Tags: MƏQALƏLƏR, DİNLƏR VƏ MƏZHƏBLƏR, TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!