ƏHMƏDİYYƏ FIRQƏSI

:

Qadiyaniyyə kimi məşhur olan və bəzi tərəfdarları özlərini Mirzaiyyə də adlandıran Əhmədiyyə firqəsi Mirzə Qulam Əhməd Qadiyani tərəfindən təsis olunmuşdur.

Qulam Əhməd təqribən hicrətin 1255-ci (1839-cu miladi) ilində Hindistanın Pəncab vilayətində yerləşən Qadiyan şəhərinin Qurdaspur məntəqəsində dünyaya gəlmişdir. Atası Mirzə Qulam Mürtəza, Əmir Teymur Qurqaninin əmisi Əmir Bərlasın nəslindən idi. Əmir Teymur, Əmir Bərlasın ixtiyarında olan Kiş vilayətini ələ keçirdikdən sonra o, ailəsi ilə birlikdə əvvəlcə Xorasanda, sonra isə hicrətin 10-cu əsrinin sonunda Hindistana gəlib, Bəpas çayının kənarında məskunlaşdı. Əmir Bərlasın maddi və ictimai mövqeyinin yüksək olması Hindistandakı İngiltərə dövlətinin diqqətini özünə cəlb etmişdi.

Qulam Mürtəzanın sənəti təbabət idi və deyilənlərə görə o, İngilis dövləti ilə səmimi münasibətdə olmuş və neçə illər onlara xidmət etmişdir. Qulam Əhməd ibtidai təhsilini başa vurduqdan sonra islami elmlərə yiyələnməyə başlayır. Lakin az sonra İngiltərə dövləti onu 1860-cı ildən 1865-ci ilədək “Səyalkut” şəhərində dövlət idarələrinin birində xidməti vəzifəyə götürür. Lakin həmin il işini atıb, vətəni “Qadiyana” qayıdır. Bir neçə il təklikdə ibadətlə məşğul olur. 1880-cı ildən etibarən camaat tərəfindən rəğbətlə qarşılanan “Bərahinul-Əhmədiyyə” adlı kitabı yazıb nəşr etdirir. Bu da Qulam Əhmədin ictimai mövqeyinin güclənməsinə səbəb olur.

Cavanlıq illərindən mənəviyyat və ruhi tərbiyə naminə özünü çətinliklərə vadar edən və həmin dövrlərdə Allah tərəfindən peyğəmbərliyə göndərildiyini və ona vəhy olunduğunu iddia edən Qulam Əhməd əlli yaşına çatdıqda, camaatdan beyət almaq icazəsini alır. O, Peyğəmbərin (s) hədisinə istinad edərək özünü “İslam dininin islahatçısı” kimi qələmə verib deyirdi: Mən İsa ibn Məryəmdən daha üstünəm və hind, müsəlman, məsihi və zərdüştlərin intizarında olduqları həmin sonuncu ilahi rəhbərəm.

Sonralar peyğəmbərlik iddiası etmiş və Səyəlkutun müftisi 1900-cu ildə cümə namazındakı xütbəsində onun peyğəmbərliyini rəsmi şəkildə elan edərək demişdir: “Həqiqətən, Mirzə Əhməd Allah tərəfindən göndərilmiş və ona iman gətirmək hər bir şəxsə vacibdir.

Mirzə Əhməd Qadiyani peyğəmbərlik iddiasından təqribən səkkiz il sonra, yəni 1908-ci ildə Qadiyan şəhərində vəfat etdi və elə oradaca dəfn olundu.

Kitabın adı: İslam məzhəbləri ilə tanışlıq

Tərcümə edən: Ağabala Mehdiyev

 

Tags: DİNLƏR VƏ MƏZHƏBLƏR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!