ƏHMƏDİYYƏ FİRQƏSİNİN ƏQİDƏLƏRİ

:

Tarixi mənbələrdə və öz əlyazmalarında Mirzə Qulam Əhmədin peyğəmbərlik iddiası sübuta yetirilsə də, onun bu iddiası xoş xəyal və xülyadan başqa bir şeyə bənzəmir.

Qulam Əhmədin Hindistan kimi çoxtəriqətli və yoqa ayininə mənsub olan bir məntəqəsində bəzi şəxslərin özlərini əzab və çətinliklərə vadar etdikdən sonra camaatı öz ətrafına yığaraq yeni məzhəb yaratması, bəlkə də, onun peyğəmbərlik iddiası etməsinə öz təsirini göstərmişdir.

Belə ki, o, iyirmi beş yaşından bir guşəyə çəkilərək ibadətə qapılmış və özünü bir çox çətinliklərə vadar etmişdir. Məlum olduğu kimi o, əvvəllər özünün Məsih, sonra imam Zaman Mehdi, daha sonra isə Tara Krişna olduğunu iddia etmişdir. Krişnanın məzhəriyyət (Allahın insanın vücudunda zühur etməsi) iddiası etməsi isə hinduizm etiqadından qaynaqlanmışdır. Bunun səbəbi də Hindistanda fəaliyyət göstərməkdə olan üç dinin (tarixi kökü olan hinduizm, İslam və ingilislərin oraya gətirdikləri məsihiyyətin) özlərinə tərəfdar yığmaları olmuşdur. Lakin deyilənlərdən belə məlum olur ki, Qulam Əhmədin peyğəmbərlik iddiası heç də ciddi və əsaslı olmamışdır. Əvvəla ona görə ki, onun peyğəmbərliyi özünün iştirak etdiyi cümə namazında müfti tərəfindən elan olunmuşdur. Belə ki, əgər onun peyğəmbərlik iddiası ciddi olsaydı, əvvəlki şəriətlə fərqli olan şəriət gətirər və orada bəzi dəyişikliklər apararaq özünün yeni şəriətini təbliğ edərdi. Bir halda ki, orada müsəlmanların şəriəti ilə fərqli olan (bir qədər sonra işarə edəcəyik) elə bir dəyişiklik nəzərə çarpmır. Digər tərəfdən də, peyğəmbərlik iddiası edən şəxslər Allah tərəfindən onlara vəhy nazil olduğunu və bəşəriyyətə yeni asimani kitab gətirdiklərini iddia etmişlər. Bab və Bəhaullahı buna misal çəkmək olar. Lakin Qadiyani ayinində heç bir müqəddəs kitabdan söz açılmır. Belə ki, Qadiyanilər (əhmədiyyəlilər) əqidələrinin sübuta yetirilməsində daim Qurana istinad etmişlər. Hərçənd Quran ayələrini öz əqidələrinə əsasən, təhlil və təfsir etmişlər. Bunu da nəzərdən qaçırmamalıyıq ki, İslam nöqteyi-nəzərindən peyğəmbərlərin sonuncusu həzrət Mühəmməddən (s) sonra kiminsə peyğəmbərlik iddiası etməsi tamamilə əsassız və eyni zamanda həmin şəxsin dindən çıxması deməkdir. Bu səbəbdən də, istər sünni, istərsə də şiə alimləri Qulam Əhmədin dindən çıxmasına dair fətva vermişlər. Əllamə İqbal Lahuri isə Qulam Əhmədin peyğəmbərlik iddiasını həzrət Mühəmmədin (s) peyğəmbərliyinə qarşı mübarizə və İslamdan xaric olmuş müstəqil məslək adlandırmışdır. Qulam Əhmədin başqa bir əqidəsi həzrət İsa Məsihlə əlaqəli idi. O, belə bir əqidədə idi ki, Məsih dara çəkilməmiş, düşmənlərinin əlindən qaçaraq Hindistana gəlmiş və Kəşmirdə sakin olub orada İncili təlim və təbliğ etmişdir. Yüz iyirmi il yaşadıqdan sonra orada vəfat etmiş, Kəşmirin mərkəzi Səringərdə dəfn olunmuşdur və dəfn olunduğu yer hal-hazırda “Yazasəf” adlanır.

Qulam Əhməd cihadı rədd edərək deyir: Yaşadığımız dövrdə cihad silah yolu ilə olmamalıdır. Bəlkə sülh və əmin-amanlıqla məzhəbin əsaslarını insanlara təlim etmək lazımdır. Belə bir hökmün Qulam Əhməd tərəfindən verilməsi və Qadiyaniyyə firqəsinin meydana gəlməsi İngiltərə istismarı ilə sıx əlaqəlidir. Çünki belə bir nəzəriyyə İslam ölkələrinin böyük bir hissəsini İngiltərə dövləti tərəfindən istismar olunduğu bir dövrdə irəli sürülmüşdür və təbii ki, belə bir şəraitdə cihad hökmünün götürülməsi İngiltərə dövlətinə böyük kömək göstərə bilərdi. İngilislər müsəlmanlar arasında belə bir ideologiyanı yaymaqla onların üzərində öz hakimiyyətini çox asanlıqla bərqərar edə bildi. Bu səbəbdən də Qadiyaniyyə firqəsinin müxalifləri belə hesab edirlər ki, Qulam Əhməd ingilislərdən asılı bir şəxs idi və bu cərəyan onların təşəbbüsü ilə meydana gəlmişdir 

Bu nəzəriyyənin düzgün olub-olmaması dəqiq şəkildə məlum olmasa da, bu iş nəticə etibarı ilə eyni təsirə malik idi. Çünki Qadiyaniyyə firqəsinin meydana gəlməsi ingilislərin mənafeyinə tamamilə uyğun olmuşdur. Çünki istismarçı qüvvələr müsəlmanlar arasında təfriqə və xürafi əqidələr yaymaqla daim öz siyasətlərini həyata keçirmişlər. Təbii ki, Qadiyaniyyə ideologiyasının yayılması və cihad hökmünün aradan götürülməsi İngiltərə kimi imperialist bir qüvvənin öz məqsədinə çatmasında yaxından kömək göstərmişdir. Qulam Əhmədin İngiltərə dövləti tərəfindən yüksək “Ser” ləqəbi ilə təltif olunmasının səbəbi də məhz bu idi.

Qulam Əhməd ona iman gətirməyən müsəlmanları kafir hesab edirdi. Bu səbəbdən də, Qadiyaniyyə firqəsinə mənsub olmayan imam-camaata iqtida etməyi, vəfat etmiş şəxsə meyit namazı qılmağı, müsəlmanların Qadiyaniyyə qəbristanlığında dəfn olunmasını, Qadiyaniyyə qadınlarının müsəlman kişilərlə evlənməsini və Allahdan bu firqəyə mənsub olmayanların bağışlanmasını diləməyi düzgün hesab etməmişdir.

Kitabın adı: İslam məzhəbləri ilə tanışlıq

Tərcümə edən: Ağabala Mehdiyev

 

Tags: DİNLƏR VƏ MƏZHƏBLƏR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!