YEDDİNCİ HİDAYƏT GÜNƏŞİNİN QÜRUBU

:

İMAM MUSA KAZİM (Ə)
  İmam Cəfər Sadiqin (ə) övladı,  şiələrin yeddinci imamı Hz. Musanın (ə) məşhur ləqəbi “Kazim”dir. O Həzrətin anası Həmidə adlı çox fəzilətli bir qadın olmuşdur. Əbva adlı Mədinə kəndlərinin birində hicrətin 128 (yüz iyirmi səkkiz)-ci ilində İmam Kazim (ə) dünyaya gəlmişdir.

 Mehribanlıq və məhəbbət nümunəsi 9-cu məsum,  ibadət və Allaha itaətdə zəmanəsində misilsiz olduğu üçün “Saleh bəndə” ləqəbi almışdı. “Hacətlər qapısı” (Babəl-həvaic) ləqəbi ilə də möminlər arasında şöhrət qazanmış Allah Rəsulu Hz. Muhəmmədin (s) nəslindən olan pak imamların yeddincisi hicrətin 148-ci ilində “imamət” məqamına çatmışdır. 20 yaşında ümmətə rəhbərliyi öhdəsinə almış İmam Museyi Kazim (ə), Mənsur Dəvaniqi və Harun Ər-Rəşid kimi zalım Abbasi xəlifələrinin dövründə yaşamışdır.
 "Tarixül-xüləfa" (səh.259) kitabının materialına əsasən Mənsur Dəvaniqi elə xəlifələrdən idi ki, hakimiyyətini qorumaq və dayaqlarını möhkəmləndirməkdən ötrü günahsız insanları belə qətlə yetirməkdən çəkinmirdi.
Müxalif sandığı sünni və şiə olmasına baxmayaraq hər kəsi məhv etməyə qadir olan Mənsur sünni məzhəbindən alim və fəqihlərin də bir neçəsinə işgəncələr vermişdi. Belə ki, Əbu Hənifəni Mənsurun əleyhinə fətva verdiyi üçün şallaqlayıb həbs etmişdi. İmam Əli (ə) övladlarını Abbasilər sülaləsi üçün ciddi rəqib hesab edən Mənsur Dəvaniqi İmam Sadiq (ə) və İmam Kazimi (ə) çox ciddi nəzarət altında saxlayırdı. Ondan sonra da onun yerini tutmuş övladları Əhli-Beytlə (ə) oxşar və bəzən də daha şiddətli davranırdılar.
   Zahirdə siyasi olaylara qoşulmadan,  İmam Baqir (ə) və İmam Sadiq (ə) tərəfindən yaradılmış elm mərkəzinin idarəsi ilə məşğul olmasına baxmayaraq, zaman-zaman İmam Kazim (ə) dövrünün zalım hökmdarlarının təzyiqinə məruz qalırdı. Ələvilərin (İmam Əli (ə) övladlarının) ictimai və siyasi məsələlərdə hakimiyyətin İslam dininə zidd və insaniyyətdən kənar əməllərinə qarşı mövqelərindən rahatsız olan Abbasi hökmdarları məsələnin həllini İmam Musanın (ə) həbsində və sonda isə aradan götürülməsində gördülər.
   Nəhayət uzun illər həbsdə ömrünü sürən İmam Kazim (ə) hicrətin 183-cü (başqa bir versiyaya görə 186) ilində, 35 il imamətdən sonra Harunun əmri ilə Rəcəb ayının 25-də zəhərləndirilərək məzlumcasına şəhid edildi.
19 oğul, 18 qız atası İmam Kazim (ə) şəhid olduqdan sonra Bağdadın ətrafında yerləşən “Qüreyş qəbiristanlığı”nda dəfn edilmişdir.

NƏSIHƏT
   İmam Kazim (ə) dostluq və mehribanlığı bərəkət və artım mənbəyi sanır və hər kəsə tövsiyə edirdi. Yaqub və dostu Şüeyb həcc səfərindən sonra istirahət, həm də ziyarət etmək məqsədilə İmam Kazimin (ə) yanına gəldilər. İmamın (ə) evinə daxil oldular. İmam (ə) salam və xoşgəldindən sonra Yaquba üzünü tutub buyurdu:
  "Ey Yaqub! Sən dünən Mədinəyə gəldin, qardaşınla filan məhəllədə görüşdün. Lakin tutaqlaşdınız və bir-birinizi söydünüz. Siz heç zaman belə xoşa gəlməz işlər görməməlisiniz. Söymək mənim və atalarımın üslubundan deyil və bizim şiələrimizə də yaraşmaz ki, dilə söyüş gətirsinlər.
  Ey Yaqub! Bu əməlinizə görə ölüm aranızda ayrılıq salacaq. Qardaşın İshaq evinə çatmamış elə səfərdə dünyadan köçəcək. Sən də gördüyün işdən peşman olacaqsan. Allah ömrünüzü qısaldacaqdır."
Özünü itirmiş Yaqub İmamdan (ə) soruşdu:
" Qurbanınız olum! Mənim əcəlim nə vaxt çatacaq?"
İmam (ə) buyurdu:
" Sənin də əcəlin çatmışdı, lakin filan yolüstü karvansarada yoldaşına xidmət göstərdin və hədiyyə ilə onu sevindirdin, ona görə Allah da sənin ömrünü daha 20 il uzatdı." 
Heyrətlə İmam Kazimin (ə) söhbətini dinləyən Şüeyb, müəyyən müddətdən sonra Yaqubu Məkkədə görüb, qardaşı haqda soruşdu.
O, cavab verdi ki, İmam Musanın (ə) buyurduğu kimi qardaşım evinə çatmamış rəhmətə getdi. Elə yolda dəfn olundu və ailəsini də heç zaman görə bilmədi.

   Əziz möminlər! İmam Museyi Kazimin (ə) şəhadəti münasibətilə öndə əza sahibi Həzrət İmam Zamana (ə. f), sizlərə və bütün Əhli-Beyt (ə) sevərlərə başsağlığı veririk.

Rizvan.net saytı bu münasibətlə o həzrətin haqqında geniş məqalələri sizlərə təqdim edir.

Mətni səsləndirdi: ZÜLFİYYƏ BABAYEVA
You must have the Adobe Flash Player installed to view this player.

İMAM MUSA İBNİ CƏFƏR(ə)İN HƏYATI - 1

İMAM MUSA İBNİ CƏFƏR(ə)İN HƏYATI - 2

 

Tags: ƏHLİ-BEYT (ə), İMAM KAZİM (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!