ƏHLİ-BEYTİN (Ə) MƏSUMU, HƏZRƏT MƏSUMƏ (S)

:

O uşaqlıq dövündə atasını itirmişdi. Atasının şəhadətindən sonra qardaşı həzrəm İmam Rzanın (ə) himayəsi və tərbiyəsi ilə böyüdü. Hicrətin 200-cü ili Məmun Abbasinin israr və təhdidlərindən sonra həzrət İmam Rzanın (ə) Mərv şəhərinə sürgün tipli səfəri başladı.

O həzrət ailəsindən kimsəni özü ilə götürmədən Xorasana doğru yola düşdü. Qardaşının hicrətindən bir il sonra həzrət Məsumə (s) qardaş məhəbbətinin şövqündən, həzrət Zeynəbə (s) xas risaləti əda etmək və vilayət mesajını insanlara çatdırmaq üçün qardaşları və qardaş oğulları ilə Xorasana doğru hərəkət etdi. Hər bir şəhərə çatanda camaat onları qarşılayır və ehtiram göstərirdilər.
Belə olduğu təqdirdə o həzrət böyük bibisi həzrət Zeynəb (s) kimi qardaşının qürbət və məzlumiyyətini müsəlmanlara çatdırır, özünün və ailəsinin Bəni Abbasın hiyləgər və batil hakimiyyəti ilə müxalif olduğunu açıqlayırdı. Bu minvalla həzrətin karvanı İranın Savə şəhərinə yetişdi. Hökümət məmurlarına sadiq olan və Əhli-beyt (ə) düşmənlərindən bir dəstə, karvanın yolunu kəsərək həzrət Məsumə (s) ilə birlikdə olanlarla döyüşməyə başladı. Nəticədə karvanda olanların təqribən hamısı şəhid oldu. Hətta bəzi rəvayətlərə əsasən həzrət Məsuməni (s) orada zəhərlədilər.
Hər halda ya bu matəmin qəm-qüssəsinin şiddətindən yaxud zəhərlənmənin təsirindən, həzrət Məsumə (s) xəstələndi və daha Xorasana tərəf getmə imkanı olmadığı üçün Qum şəhərinə getməyi qərara aldı. Soruşdu: bu Savə şəhərindən Qum şəhərinə neçə fərsəng yoldur? Məsafəni o həzrətə dedikdən sonra buyurdu: Məni Qum şəhərinə aparın, çünki atamdan belə buyurduğunu eşitdim: Qum şəhəri bizim şiələrimizin yeridir.
Beləliklə, karvan Quma tərəf hərəkət etdi. Qum şəhərinin böyükləri xanımın Quma gəlməsini eşitdikdə şad oldular və o Həzrətin görüşünə çıxdılar. Əşəri sülaləsinin böyüyü Musa ibn əl-Xəzrəc o alicənab qadının dəvəsinin yüyənindən tutub aparmağa başladı. Xanım camaatın gurultulu və şad səs-küyü ilə şəhərə daxil oldu və Musa ibn əl-Xəzrəcin evində onun üçün ayrılmış mənzilə yerləşdi. Xanım on yeddi gün vilayət və imamət şəhəri olan Qumda ibadətə və itaətə, Allah-taala ilə minacata məşğul oldu. O Həzrət bərəkətli ömrünün son günlərini də böyük Yaradanın hüzurunda ibadətlə keçirtdi. Lakin Fatimə (ə) nəslindən olan belə fəzilətli bir xanımın şəhərə gəlməsindən sevinən ürəklər tezliklə qəm-qüssəyə qərq oldu və müqəddəs xanımın vəfatı Əhli-beyt aşiqlərini hüznə, əzaya və matəmə qərq etdi.
Beləliklə Xanım vəfat etdi. Ona qüsl verib, kəfənə bürüdülər, lakin dəfn etmək istədikdə gördülər ki, xanımı dəfn etmək üçün ona məhrəm olan kimsə yoxdur. Çox götür-qoydan sonra Qadir adlı təqvalı və pak bir qocanı bu iş üçün məsləhət gördülər. Lakin nə Qadir, nə də başqa mömin və saleh müsəlmanlar bu əzəmətli xanımı dəfn etməyə layiq deyildilər. Çünki Əhli-beytin (ə) Məsuməsini məsum imam dəfn etməli idi. Camaat həmin saleh qocanın gəlməsini gözləyirdi ki, birdən qumsallıqdan iki süvarinin onlara tərəf gəldiyini gördülər. Cənazəyə çatanda atdan düşüb, cənazəyə namaz qıldılar və Rəsulullahın (s) reyhanəsinin pak cismini əvvəlcədən hazırlanmış sərdabədə dəfn etdilər. Sonra isə heç kimlə bir kəlmə də kəsmədən atlarına minib getdilər və onları heç kəs tanımadı.
Dəfndən sonra Musa ibn əl-Xəzrəc qəbrin üzərində həsirdən bir kölgəlik düzəltdi. O kölgəlik imam Cavadın (ə) qızı həzrət Zeynəb (ə) qəbrin üzərində hicrətin 252-ci ilində kərpicdən bir türbə düzəldənə qədər dururdu. Beləliklə də, o böyük İslam banisinin pak türbəsi Əhli-beyt aşiqlərinin qəlbinin qibləsinə çevrildi və vilayət vurğunlarının şəfa evinə döndü.
Bəli əziz və dəyərli möminlər. Gəlin həzrət Məsumənin (s) müsibət dolu və qəlb dağlayan vəfatının il dönümü münasibəti ilə ağamız, sahibimiz, mövlamız həzrət Sahəbəzzaman İmam Məhdiyə (əc) dərin hüznlə başsağlığı verib o cənabın nazənin qəlbinin bizdən razı olmasından ötrü Peyğəmbərimizə (s) və pak ailəsinə salavat göndərək. Fürsətdən istifadə edərək rəhbərimiz Ayətullah Xamenei cənablarına və siz əziz möminlərə də rizvan.net saytının əməkdaşları adından başsağlığı verir, Uca Alldahdan diləyirik ki, bizləri Quran və Əhlibeytdən (ə) ayrı salmasın.

DİQQƏT! Həzrət Məsumə (s) haqqında ətraflı məlumatları rizvan.net saytı siz dəyərli izləyiciləri üçün aşağıdakı linklərdə hazırlamışdı.

HƏZRƏT MƏSUMƏ(əs)NİN HƏYATI

HƏZRƏT MƏSUMƏNİN (əs) FƏZİLƏTLƏRİ

HƏZRƏT MƏSUMƏNİN (əs) KƏRAMƏTLƏRİ

NƏ ÜÇÜN HƏZRƏT MƏSUMƏYƏ (S) MƏSUMƏ ADI VERİLDİ?

HƏZRƏT MƏSUMƏNİN (Ə) ZİYARƏTNAMƏSİ

HƏZRƏT MƏSUMƏ (əs) və QUM ŞƏHƏRİ HAQDA 3 HƏDİS

Tags: ƏHLİ-BEYT (ə), MƏQALƏLƏR, TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!