NƏ ÜÇÜN HƏZRƏT MƏSUMƏYƏ (S) MƏSUMƏ ADI VERİLDİ?

:

Xanım Məsumə (s) hicri təqvimilə 173-cü il Zil-qədə ayının ilk günü İmam ailəsində Mədinə şəhərində dünyaya göz açmışdı. Atası Hz. İmam Kazim (ə), babası Hz. İmam Sadiq (ə), qardaşı Hz. İmam Rza (ə) və anası Nəcmə Xatunun əhatəsində Xanım, İslam əxlaqı ilə zinətlənmiş və “elm ocağı”nda dini biliklərə yiyələnmişdi.

İmamətə son dərəcə inam və etiqad bəsləyən Xanım Məsumə (ə.s) qardaşı İmam Rzanın (ə) hüzurunda olmaq üçün Mədinəni Xorasan məqsədilə tərk edir. Yol boyu İranın Savə şəhərindən keçməli olan Xanım Məsumənin (ə.s) karvanı düşmənlər tərəfindən hücuma məruz qalır. Nəticədə döyüşdə çoxlu itki verən karvan Xanım Məsumə (ə.s) başda olmaqla özünü yaxınlıqda yerləşən Qum şəhərinə çatdırır. Əhli-Beyt (ə) ardıcıllarının İranda mərkəzi sayılan Qum şəhərinin əhalisi Xanımın pişvazına çıxıb, yüksək səviyyədə karvanı qarşılayırlar. Səfər boyunca çoxlu məlalətlər görmüş və əzizlərinin günahsız qətlinə şahid olmuş Hz. Məsumə (ə.s) 17 gün Qum şəhərində yaşadıqdan sonra qardaşı İmam Rzanı (ə) görmədən Rəbbinin dəvətini qəbul etmiş hələ çox cavan ikən dünyasını dəyişmişdir.
Xanım Məsumənin (ə.s) vəfatı hicri təqvimi ilə 201-ci il Rəbiüs-sani ayının 10-u və yaxud 12-sinə təsadüf etmişdir.

NƏ ÜÇÜN HƏZƏT MƏSUMƏYƏ (S) MƏSUMƏ ADI VERİLDİ, O HƏZRƏT MƏSUM (GÜNAHSIZ) İDİ?
Cavab: Xanım Məsumənin (ə.s) adı, Fatimədir. Hədis və tarix kitablarında o həzrətin adı Fatimə binti Musa İbn Cəfər (ə) kimi qeyd olunur. Lakin yüz illərdir ki, o həzrət bu ləqəb ilə məşhurdur və bu ləqəb camaat arasında ada çevrilib.
Həzrət Məsumə (ə.s), Peyğəmbər (s) və İmamlar (ə) kimi məsum deyildi. Lakin ruhi paklığı və mənəvi kamillikdə yüksək idi. Necə ki, zəvvarları Cənnət vədəsi ilə müjdələnibdir.
Qeyd etmək yerinə düşər ki, Həzrət Məsumənin (ə.s) isməti nisbi bir ismətdir, Peyğəmbər (s) və məsum İmamların (ə) isməti kimi yox deyil lakin o xanımın haqqında və şənində olan hədislərə nəzər saldıqda ismətin bir mərtəbəsini o xanıma aid etmək olur. Bu məsələ bu xanım haqqında təəccüblü bir şey deyil. Çünki dediyimiz ismətin bu hədddi günahdan uzaq olma mənasındadır. Hansı ki, elə İslamın böyük alimlərinin həyatında da bunu müşahidə etmək olur.
Əziz oxucular! Əhli-Beyt (ə) Kəriməsi1 Hz. Məsumənin (ə.s) vəfatı münasibətilə o həzrəti sevib hörmət bəsləyənlərə dərin hüznlə başsağlığı deyirik.

Əlavə məlumat üçün: HƏZRƏT MƏSUMƏNİN (əs) HƏYATI


1. Kərim (kişi cinsi) - kərimə (qadın cinsi) Azərbaycan dilinə tərcümədə “alicənab” deməkdir.

Tags: SUALLARA CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!