XANIM XƏDİCƏNİN HƏYATINA QISA BİR BAXIŞ

:

Həzrət Xədicə (s.ə) Qüreyş qəbiləsindən idi və hicrətdən 68 il qabaq dünyaya göz açmışdır. Atası Xüvəylid və anası Zaidə xanım idi. Hər ikisi ərəblərin Hicaz məntəqəsində əsil-nəcabətli insanlarından sayılırdı. Xanım Xədicənin atasının soykökü bu ardıcıllıqla tarixdə qeyd olunub:

Xüvəylid ibn Əsəd ibn Əbdül Üzza ibn Qissi ibn Kəlab, Qüreyşin tanınmış və möhtərəm tayfasından idi. Xüvəylid cahiliyyət dövründə öz tayfasının böyüklərindən idi.O İkinci ficar döyüşündə Qüreyş tərəfdən döyüşdə tayfasına başçılığı öhdəsinə götürmüşdür.
Xanım Xədicənin (s.ə) övladlarının sayı haqqında tarixçilər arasında müxtəlif nəzərlət mövcuddur. Məşhur tarixi qeydlərə əsasən xanımın Həzrət Peyğəmbərlə (s) evliliyinin səmərəsindən altı övlad dünyaya gəlmişdir. 1- Haşim, 2- Abdullah (bu ikisinə Tahir və Təyyib deyirdilər), 3- Rüqəyyə, 4- Zeynəb, 5- Ümmü Külsüm, 6- Fatimə (s.ə)
Ən böyük qızları Rüqəyyə idi.Zeynəb, Ümmü Külsüm və Fatimə ardıcıl olaraq Rüqəyyədən sonra dünyaya gəlmişlər. Xanımın iki oğlu Peyğəmbərin (s) besətindən (peyğəmbərliyindən) əvvəl dünyadan getmiş,amma qızları Peyğəmbərin (s) besətini görmüşlər.
Bəzi tədqiqatçıların nəzərinə əsasən: Qasim və Peyğəmbərin (s) bütün qızları besətdən sonra dünyaya göz açmışlar və Peyğəmbərin (s) Mədinəyə köç etməsindən bir neçə gün sonra onlar da Mədinəyə hicrət etmişlər.
Xanım Xədicə (s.ə) İslamın zühurundan öncə Qüreyşin görkəmli xanımlarından sayılırdı və iffətli olduğuna görə onu Qüreyşin Tahirəsi (pak qadın) və Seyidəsi (xanımlar başçısı yaxud xanımlar xanımı) adlandırırdılar. Allahın peyğəmbəri ilə ailə həyatı qurmamışdan öncə Əbu Halə Hind ibn Nəbaş ibn Zürarə və ondan sonra Bəni Məxzumdan olan Ətiq ibn Aiz ilə evlənmişdir. O,Əbu Halədən iki oğul və Ətiqdən isə bir qız sahibi olmuşdur. Bunlar xanım Fatimeyi Zəhranın (s) ana bir bacı və qardaşları idi.
Bundan sonra xanım Xədicə (s.ə) gözəl və var dövlət sahibi olmasına,həmçinin çoxlu elçi gəlməsinə baxmayaraq heç kimlə evlənməmiş və ixtiyarında olan var-dövlət ilə ticarət etmişdir. Nəhayat Əbu Talib öz qardaşı oğlu həzrət Muhəmməddən (s) istədi ki, o da xanım Xədicə (s.ə) üçün işləsin, Şama ticarətə getsin və belə də oldu. Bu ticarətdən sonra xanım Xədicə (s.ə) həzrət Muhməmməd (s) peyğəmbərə aşiq oldu və onunla evlənmək qərarına gəldi. Tarix yazarlar arasında məşhur nəzərlərdən biri də budur ki, xanım Xədicə həzrət ilə evlənən zaman qırx yaşında idi.Amma bu izdivacdan xanıma nəsib olan övladların sayına əsasən demək olar ki, tarixçilər qırx yaş kamil bir ədəd olduğu üçün bu yaşı seçmişlər. Bu məşhur ədəd müqabilində İbn Səd öz sənədi ilə İbn Abbasdan nəql edərək qeyd edir ki, evlənən zaman xanım Xədicənin (s.ə) evlənən zaman, iyirmi səkkiz yaşı var idi.

İLK MÜSƏLMAN QADIN

Əli ibn İbrahimin nəql etdiyi rəvayətə əsasən Hicr surəsinin 94-cü ayəsinin təfsirində belə qeyd edir: Bu ayə Məkkə şəhərində və Allah Rəsulunun (s) peyğəmbərliyindən üç il keçdikdən sonra nazil olmuşdur. Peyğəmbərlik məqamı həzrət Muhəmmədə (s) bazar ertəsi günü nazil oldu və imam Əli (ə) səhəri gün İslamı qəbul etdi və bundan sonra xanım Xədicə də İslam dinini qəbul etdi. Seyid ibn Tavusun “Əl-Mənaqib” kitabında qeyd etdiyi sənədə əsasən İmam Cəfər Sadiqdən (ə) nəq edir ki, Allah Rəsulu (s) o ikisini (İmam Əlini (ə) və xanım Xədicəni (s.ə)) birgə İslama dəvət etdi və ikisi birlikdə iman gətirib İslamı qəbul etdilər.1

XANIM XƏDİCƏNİN (S.Ə) VƏFATI

Xanım Xədicənin (s.ə) həzrət Peyğəmbərə (s) xüsusi eşqi və əlaqəsi var idi. O həzrət peyğəmbərliyə (s) seçildikdə, xanım Xədicə (s.ə) bütün var dövlətini o həzrətin ixtiyarında qoydu ki, İslam dinin inkişafı uğrunda xərcləsin. O,xanımlar içində ilk müsəlman qadın olması ilə yanaşı İslam uğrunda çoxlu əziyyətlərə səbr edərək bir çox imtahanlarla üzləşdi.2
O, həyatda olduğu müddət ərzində həzrət Peyğəmbərə (s) yar və yavər olmaqla yanaşı həm də həzrətin nazənin qəlbi onun varlığı ilə təsəlli tapırdı. Müsəlmanların Əbu Talib dərəsində mühasirə dövründə bir an da olsa belə o həzrəti tək qoymaz və bütün vücudi ilə ona dəstək olurdu.
Nəhayət, bu fədakar xanım, bir ömür çalışaraq 25 il Allahın Peyğəmbərinə (s) və İslam dininə xidmət etdikdən və Qüreyşin müsəlmanların mühasirəsi dövrünü bitirərək Məkkəyə geri dönüşündən sonra besətin onuncu ili mübarək Ramazan ayının onunda canını tapşıraraq,pak ruhu Uca Allahın dərgahına pərvaz etdi.
Həzrət Peyğəmbər (s) qısa müddət ərzində iki ən əziz köməyini yəni əmisi Əbu Talibi və xanımı Həzrət Xədicəni (s.ə) əldən verdi. Bu səbəbdən olduqca qəmgin və matəm içində çətin günlər yaşadı.Besətin həmin ilini “Amul Huzn” yəni, hüzn və qəm ili adlandırdılar.
Həzrət Peyğəmbər (s) xanımın pak bədəninə qüsl verib kəfənlədikdən sonra Məkkənin Həcun məntəqəsində yerləşən qəbiristanlıqda dəfn etdi.3
Həzrət Peyğəmbər (s) xanım Xədicə (s.ə) haqqında buyurub: Allaha and olsun, Rəbbim Xədicədən daha yaxşısını mənə nəsib etmədi. Çünki, camaat küfr edəndə o mənə iman gətirdi, camaat məni inkar edəndə o məni təsdiq etdi, camaat məni məhrum edəndə o,var dövlətini mənimlə bölüşürdü və Allah ondan mənə övladlar əta etdi.Hansı ki, digər həyat yoldaşlarımdan belə bir nemət mənə nəsib olmadı.4

HAMINIZA BAŞSAĞLIĞI VERİRİK

Nəql olunan rəvayətə əsasən İmam Hüseyn (ə), Həcc və Ümrə mərasimini yerinə yetirmək üçün 25 dəfə piyada Məkkə şəhərinə getmişdir. Bu səfərlərin birində Ənəs ibn Malik də o həzrətlə birlikdə səfər edirdi. İmam Hüseyn (ə) xanım Xədicənin (s) qəbri kənarına gələrək orada (xanımın fədakarlığını xatırlayaraq çəkdiyi zülmlərə) ağladı və sonra mənə buyurdu: Məndən uzaq dur! Mən də kənara çəkildim və ona yaxın bir yerdə gizləndim. Həzrət namaza başlayaraq namazı bir qədər uzatdı, eşitdim ki, o həzrət namazında belə dua edirdi:
Ey Pərvərdigar və Rəbbim, Sən mənim mövlam və başçımsan. Pənahı sən olan aciz bəndənə rəhm elə. Ey cəlal və kəmal sifətlərə sahib olan Allah, Sənə söykənirəm. Xoş o kəsin halına ki, Sən onun başçısı və mövlasısan. Xoş o kəsin halına ki, Səndən qorxur və şikayətlərini, giriftarçılığının həll olmasını Səndən diləyir. Belə şəxsin giriftarçılığı heç də eşqindən çox deyildir (əslində Səni sevdiyi üçün dərdini Sənə danışır). (Belə birisi) Hər zaman Allah dərgahından onun müşküllərinin həll olmasını istəsə Allah onun istəyini yerinə yetirir və onun diləyinə müsbət cavab verir...5
Əziz və mömin qardaş və bacılarımız! Yuxarıda qeyd etdiyimiz İmam Hüseynin (ə) xanım Xədicənin (sə) qəbri kənarında etdiyi duasından ilham alaraq Allahdan xanım Xədicənin (sə) hörmətinə diləyirik ki, İmam Zamanın (əc) zühurunu tezləşdirsin və hamımızı o mövlaya köməkçi qərar versin. Fürsətdən istifadə edərək möminlər anası xanım Xədicənin (sə) vəfatının ildönümü münasibətilə öndə İmam Zaman (əc) və haqq naibi rəhbərimiz Ayətullah Xamenei cənablarına, sonra siz əziz möminlərə başsağlığı veririk.


1 Hawzah.net
2 Ramazan dər tarix, s72
3 Yəqubi Tarixi, c2, s35
4 Təzkirətul Xəvas, s273
5 Mənaqibi Ali Əbi Talib, c4, s69, Biharul Ənvar, c44, s193

Tags: TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!