HƏZRƏT FATİMƏ(sə)NIN MÖCÜZƏLƏRİ
ANA BƏTNİNDƏ DANIŞMASI
Həzrəti Xədicə (sə) hamilə idi. Bətnindəki uşaq dünya qadınlarının xanımı Fatimeyi-Zəhra (sə) idi. Fatimə (sə) həmişə ana bətninin içindən anası ilə danışar və onu səbr etməyə tövsiyə edərdi. Xədicə (sə) bətnindəki uşaq ilə söhbət etməyi, Peyğəmbərdən (s) gizlədirdi. Bir gün Peyğəmbər (s) Xədicənin (sə) Fatimə (sə) ilə danışmasını eşitdi. Həzrət Mühəmməd (s) buyurdu: Xədicə! Cəbrail mənə xəbər verdi ki, bətnindəki uşaq qızdır. O pak və mübarək övladdır ki, Allah-təala mənim nəslimi ondan qərar verəcək. Ondan imamlar dünyaya gələcək Allah-təala məndən sonra onları yer üzərində özünün xəlifələri qərar verəcək.1
FATİMƏNİN (sə) ÇADRASININ NURU
Əli (ə) bir yəhudidən, bir miqdar arpa borc aldı. O da bu borcun müqabilində girov istədi. Əli (ə) Fatimənin (sə) yun çadrasını onun yanında girov qoydu. Yəhudi çadranı alıb, evinə apardı. Onu otaqların birində qoydu. Gecə vaxtı oldu. Yəhudinin arvadı, çadra olan otağa getdi. Bir nurun yuxarı hissəyə saçıb, hər tərəfi işıqlandırdığını müşahidə etdi. Ərinin yanına qayıdıb, müşahidə etdiyini ona dedi. Yəhudi təəccüb etdi. Amma Xanım Fatimənin (sə) çadrasının onun evində olmasını unutdu. Sürətlə həmin otağa getdi. Çadranın nurunun hər tərəfə yayılmasını müşahidə etdi. Elə bil bu nur, işıqlı aydan da yaxında işıq salırdı. Təəccüblü halda, çadra olan yerə diqqət etdi. Bu nurun Fatimənin (sə) çadrasından olmasını başa düşdü. Bu zaman, yəhudi kişi öz tayfasının yanına, yoldaşı isə öz tayfasının yanına gedib, onları bu təəccüblü nuru görməyə dəvət etdilər. 80 nəfər yəhudi oraya toplandı. Nuru görüb, hamısı bu möcüzədən müsəlman oldular.2
CƏNNƏT PALTARLARI
Yəhudilərdən bir qrupu, toy məclisi keçirmək istəyirdilər. Həzrət Peyğəmbərin (s) hüzuruna gəlib dedilər: Bizim sizin boynunuzda qonşuluq haqqı vardır. Sizdən istəyirik ki, Fatiməni (sə) bizim toy şənliyinə göndər. Onun olması toya daha da şövkət və gözəllik verər. Yəhudilər bu istəklərində çox israr etdilər. Peyğəmbər (sə) buyurdu: O Əli ibn Əbitalibin (ə) həyat yoldaşıdır. Əlidən (ə) icazə alın.
Yəhudilər, Peyğəmbərdən (s) istədilər ki, o, Əlidən (ə) Fatiməni (sə) onların toy şənliyinə göndərməsini istəsin.
Yəhudi qadınları özlərini cürbəcür zinətlərlə bəzəmişdilər. Güman edirdilər ki, Fatimə (sə) sadə və qiymətsiz paltar ilə toya gələcək və onlar da xanımı belə paltarla təhqir etmək istəyirdilər. Elə bu zamanda Cəbrail (ə) Fatimə (sə) üçün cənnətdən paltar və zinətlər gətirdi. O paltar və zinətlərin misli (bərabəri) görünməmişdi. Fatimə (sə) o paltarı geyib, özünü elə bəzədi ki, başqa qadınlar onu görüb və onun gözəl ətrindən heyran qaldılar.
Fatimə (sə) onların toy məclisinə daxil olan zaman, yəhudi qadınları Xanımın gözəl behişt paltarını görüb elə heyran qaldılar ki, ona təzim etdilər. Onlardan bir qrupu isə, Xanımın bu möcüzəsindən müsəlman oldular. 3
ƏL DƏYİRMANININ FIRLANMASI
Peyğəmbər (s) Salmanı (rə) bir iş üçün Fatimənin (sə) hüzuruna göndərdi. Salman deyir: Mən Fatiməyə (sə) salam vermək üçün, evin qapısının ağzında durdum. Eşitdim ki, Həzrət evin içində Quran oxuyur və həyətdə isə əl dəyirmanı heç kim fırlamadan, öz-özünə hərəkət edirdi.
Salman bu xəbəri Peyğəmbərə (s) çatdırdı. Həzrət (s) təbəssüm edib buyurdu: Ey Salman! Allah-təala qızım Fatimənin (sə) qəlbini və bütün üzvlərini Allahın ibadəti üçün boş olsun deyə iman ilə doldurmuşdur.4
MİSİLSİZ YEMƏK
Bir gün İmam Əli (ə), Fatiməyə (sə) dedi: yemək üçün evdə bir şey varmı? Fatimə (sə) cavab verdi: Xeyr! Əli (ə) evdən çıxıb, evə lazım olan şeyləri almaq üçün 1 dinar borc etdi. Ailəsinin evdə ac olduğunu və özü isə pul qazanmaq üçün çalışan Miqdadı görür. Borc aldığı 1 dinarı miqdada verib məscidə getdi. Zöhr və əsr namazını Peyğəmbər (s) ilə qıldı. Namazdan sonra Peyğəmbər (s) Əlinin (ə) əlini tutub, Fatimənin (sə) evinə tərəf hərəkət etdilər. Xanım namaz və ibadətlə məşğul idi. Onun arxa tərəfində böyük bir qazanın içində yemək qaynayırdı.
Fatimə (sə) atasının səsini eşidib, onun qabağına çıxıb salam verdi. Peyğəmbərin (s) yanında ən əziz şəxsiyyət, Fatimə (sə) idi. Peyğəmbərdə (s) onun salamının cavabını verib, əlini onun başına çəkib dedi: Bizim üçün yemək gətir. Fatimə (sə) yemək qabını onların qabağına qoydu. Peyğəmbər (s) sual etdi: Fatimə! bu yeməyi haradan gətirmisən? Mən belə rəng və belə gözəl qoxuda yemək görməmişəm. Bundan pak yemək yeməmişəm.
Əli (ə) deyir: Peyğəmbər (s) əlini mənim çiynimə qoyub, buyurdu: Bu yemək Miqdada verdiyin 1 dinarın əvəzidir. Allah-Təala hər kim istəsə, hesabsız ruzi verir.5
FATİMƏNİN (SƏ) NURU
Əban ibni Təğlib deyir: İmam Sadiqdən (ə) soruşdum: Yəbnə Rəsulillah! Niyə Zəhra (sə), Zəhra adlandırılıb?
İmam (ə) buyurdu: Çünki gün ərzində Əli (ə) üçün üç dəfə nur saçır və parıldayırdı.
Zəhranın (sə) üzünün nuru, sübh namazı vaxtı parlayır, işıq saçırdı. Bu zaman camaat öz yatağında yuxuda idilər. Bu nurun şüası Mədinə evlərinə yetişir və onları işıqlandırırdı. Camaat təəccüb edir, Peyğəmbərin (s) hüzuruna gəlib, gördükləri nur barəsində sual edirdilər. Peyğəmbər (s) onları Fatimənin (s) evinə göndərərdi. Onlar gəlib, Fatiməni (sə) namaz mehrabında görürdülər. Başa düşürdülər ki, nur onun mübarək çöhrəsindən qalxır və müşahidə etdikləri nur, Fatimənin (sə) nurudur. Bu nurun ətrafa yayılması, günorta və axşam vaxtında da baş verirdi. 6
MƏLƏK İLƏ DANIŞMASI
İmam Sadiq (ə) buyurmuşdur: Fatimənin (sə) «mühəddisə» adlanmasının səbəbi, mələklərin asimandan gəlib İmranın qızı Məryəmə nida etdikləri kimi ona da nida edib, onunla söhbət etməsidir.
Mələklər nida edib, deyirdilər: Ey Fatimə! Allah-təala, səni seçib, pak etmişdir. Səni dünya qadınlarının içindən seçib, səni onların xanımı qərar vermişdir. Ey Fatimə! Allaha itaət, səcdə və ruku et! ***
Sonra Fatimə (sə) mələklərlə söhbət edir. Həmçinin onlar da Fatimə (sə) ilə söhbət edirdilər. 7
Hazırladı: Rəsul Mahmudzadə
1. Biharul-Ənvar, 43-cü cild, səh.2.
2. Biharul-Ənvar,43-cü cild, səh. 30.
3. Biharul-Ənvar, 43-cü cild, səh. 30.
4. Dəlailul-imamə, səh. 48.
5. Biharul-Ənvar, 43-cü cild, səh. 29.
6. Biharul-Ənvar, 43-cü cild, səh. 78.
7. Biharul-Ənvar, 43-cü cild, səh. 78
Tags: HƏZRƏT ZƏHRA (s)