MÖMİNİN BEŞ ƏLAMƏTİNDƏN BİRİ OLAN ƏRBƏİN ZİYARƏTİ

:

Bildiyiniz kimi, mühüm bir əyyamı yaşayırıq. Elə bir əyyam ki, Hüseyn ibn Əlinin Ərbəin günüdür. O, bütün ənbiyaların, övliyaların içində yeganə adamdır ki, ona qırx mərasimi nəzərdə tutulub, bu, Hüseyn (ə) ibn Əlidir. Bizim dini mədəniyyətimizdə heç bir Peyğəmbərə şəhadətinin 40-cı gün mərasimi nəzərdə tutulmayıb. Hətta kainatın əşrəfi olan sevimli Allah Rəsulu üçün belə 40 mərasimi keçirilmir. Eləcə də İmam Hüseyndən (ə) başqa Əhli-beyt imamlarından heç birinə qırx nəzərdə tutulmayıb.

 İmam Hüseynin (ə) qırx mərasiminin dini maarifçiliyimizdə özünəməxsus yeri var. Bu gün özünəməxsus hadisələri ilə tarixdə qalıb.
1. İmam Hüseynin şəhadətinin qırxıncı günü, Allah Rəsulunun (s) səhabəsi Cabir ibn Abdullahi Ənsari Ətiyyə ilə Kərbəlaya -İmam Hüseynin ziyarətinə varid oldular. Tarixdə İmam Hüseynin (ə) ilk zəvvarı Cabir ibn Abdullah Ənsaridir. O, ilk insan idi ki, Hüseyn ibn Əlinin qəbrini qırxıncı gün ziyarət etdi.
Nəql olunub ki, Cabir ibn Abdullah Ənsari Ətiyyə ilə Fəratın suyunda yuyundulər, qüsul etdilər. Qüsul etdikdən sonra Ətiyyənin köməkliyi ilə qətilgaha gəldi, İmam Hüseynin (ə) dəfn olunduğu yerin yaxınlığına qədər yaxınlaşdı. Ətiyyə Cabirin əlindən tutub gətirirdi. Ama gəlib elə bir yerə çatdılar ki, orada Cabir Ətiyyənin Əlini buraxdı və özü irəlilədi. Gəlib bir yerdə oturdu, başladı ağlamağa. Orada İmam Hüseynə (ə) salam verdi. Ətiyyə soruşdu, sən haradan bilirsən ki, bura Hüseyn ibn Əlinin qəbrinin yeridir? Cabir dedi, Ətiyyə, məgər hiss etmirsən ki, həbibim Hüseynin ətri buradan gəlir? Ondan sonra durdu, İmam Hüseynə (ə) salam verdi. Sonra buyurdu, bəs nədən mənə cavab vermirsən? Heç ola bilər ki, dost da dostun salamını cavabsız qoya? Ardınca ağlaya-ağlaya öz-özünə cavab verdi: “Bəli sənin bədənin para-paradır, ona görə sən mənə cavab verə bilmirsən. Sən Allah Rəsulunun sözündə, əmrində, bəyanında və Allahın beyətində gəlib burada şəhid oldun və Rəbbinə ləbbeyk dedin."  Allah Rəsulunun səhabəsi olan Cabir ibn Abdullah Ənsari Ərbəinin ilk zəvvarıdır.
2. Nəql olunub ki, Əhli-beyt Ərbəində İmam Hüseynin (ə) ziyarətinə gəlib. Əhli-beytin ora daxil olması barəsində tarixdə müxtəlif yanaşmalar var. Bəziləri belə hesablayırlar ki, bəlkə də Əhli-beytin daxil olduğu gün İmam Hüseynin (ə) birinci qırxı deyildi. Bəlkə də ola bilsin İmam Hüseynin  (ə) ikinci ilki qırx mərasimi olsun. Bəzi tarix yazan alimlərin də nəzəri budur ki, yox elə Əhli-beyt birinci Ərbəin günündə ora daxil olub. Çünki  bunlar elə şeylərdir ki, tarixi köklərə əsaslanır. Hətta deyirlər, Əhli-beyt orada Cabir ilə görüşüb.
Hər halda istəyir onlar oraya Aşuranın birinci qırx günlüyündə gəlsinlər, istəyir növbəti qırxda, hətta tarixin bu hissəsi qaranlıq olsa belə, Allah Rəsulunun səhabəsi Cabirin ora varid olması qətidir və həmin ildən bu günə qədər şiələrin dünyasında, şiələrin düşüncəsində Ərbəin günü Kərbəlaya daxil olub, oranı ziyarət etmək bir sünnət kimi tarixə düşdü. Hətta İmam Həsən Əskəridən (ə) olan hədisdə də nəql olunur ki, möminin beş əlaməti var, onlardan biri Hüseyn ibn Əlini Ərbəin günü, yəni Aşuradan 40 gün keçmiş ziyarət etməkdir.

Məllif: Sərdar Hacıhəsənli.
Hazırladı: Rəsul Mahmudov

 

Tags: İMAM HÜSEYN (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!